Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-228/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1974-cü ildə Ağdam rayonu, Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, “Boru təmiri” zavodu, məcburi köçkünlər düşərgəsində yaşayan, Nərimanov Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu tətbiq edilərək üzərində yuxarıda göstərilən hökm üzrə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış və 29 may 2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırkı iş üzrə 09 – 10 dekabr 2021-ci il tarixləri üzrə tutulmuş, 10 dekabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, hazırda Xəzər Rayon Məhkəməsinin icraatında olan başqa bir cinayət işi ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, göstərilən hal nəzərə alınaraq barəsində hazırkı iş üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 25 may 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və digər qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,292 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 09 dekabr 2021-ci il tarixdə saat 06:45-də Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Bazarstore” mağazasının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq həmin polis bölməsinə aparılmış, üzərində keçirilən şəxsi axtarış, götürmə istintaq hərəkəti zamanı əynindəki, qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,292 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 2 – 3 ildir kakos və şüşə kimi tanıdığı maddələrdən çəkmək yolu ilə istifadə edir və bununla bağlı Respublika Narkoloji Dispanserində müalicə alıb. Narkotik maddələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə edirdi. 08 dekabr 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən dəmir-metal əşyalar toplayan zaman 2 ədəd büküm tapmış və açıb içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu görmüşdür. Həmin bükümləri götürüb münasib vaxt olanda istifadə etmək məqsədi ilə üzərində saxlayıb, bir neçə saat küçədə gəzib metal yığdıqdan sonra 09 dekabr 2021-ci il tarixdə səhər saatlarında Yeni Günəşli qəsəbəsində yerləşən “Bazarstore” mağazasının yaxınlığında olan zaman mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilərək üzərində şəxsi axtarış aparılması üçün 33-cü polis bölməsinə dəvət olunmuşdur. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə 33-cü polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah edildi, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin olundu, sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildi. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması və təqdim etməyi bildirildikdən sonra o, üzərində olan 2 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqdan sonra həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulduqda o, həmin bükümlərin içərisində kakos kimi tanıdığı narkotik maddə olduğunu, hər iki bükümü gecə Yeni Suraxanı qəsəbəsində yerdə metal axtaran zaman tapıb sonra istifadə etməyi üçün üzərində saxladığını bildirdikdən sonra ondan aşkar edilmiş 2 büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlənərək, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin cinayət axtarış üzrə YYÇ üzrə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edib üzərində daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 09 dekabr 2021-ci il tarixdə saat 06:45-də daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə rəisi Şahid3 ilə birlikdə xidmətdə olan vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Bazarstore» marketin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edildi, ona özlərini təqdim edərək Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə getdi, sonra 33-cü polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin təhqiqatçısı X4, 33-cü polis bölməsinin sahə rəisi Şahid3 və 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olması və əgər varsa təqdim etməsi bildirildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə içərisində qəhvəyi rəngli, kristal formada maddəni təqdim etdi. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olubolmaması barədə soruşduqda başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq onun üzərinə baxış keçirilmiş, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr barədə soruşduqda 2 ədəd bükümdə içərisində qəhvəyi rəngli, kristal formada maddənin el arasında «kakos» kimi adlanan narkotik vasitə heroin, digər bükülüdə isə el arasında «patı» kimi adlanan metafetamin olmasını və Suraxanı qəsəbəsi ərazisində metal toplayan vaxtı yerdən tapıb özü istifadə etmək məqsədi ilə üzərində daşımasını bildirdi, sonra aşkar olunmuş maddələr qablaşdırılaraq zərfə qoyulub möhürləndi, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxundu, o və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olundu. İş üzrə şahid qismində dindirlmiş Şahid1, X1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx.xx.2021-ci il tarixli 6/5427 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...’’ və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,02 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,292 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in siyahısına (Siyahı İ); Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli 1639 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD nömrəli Qanunu tətbiq edilərək üzərində yuxarıda göstərilən hökm üzrə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış və 29 may 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,242 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,01 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 – 10 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 31 avqust 2022-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin icraatında olan başqa cinayət işi ilə əlaqədar “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınsın və barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,242 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq çəkisi 0,01 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-228/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-228/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver