Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-228/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 2003-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməməknövündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən parkın daxilində fəaliyyət göstərən “Tumurcuq” adlı kafedə heç bir əsaslı səbəb olmadan, yəni zərərçəkmiş şəxsin qəbul etmədiyi zarafatlar edərək Zərərçəkmiş şəxs ilə mübahisə yaratmış, mübahisə zamanı isə ilkin olaraq yumruqla sonra isə baş nahiyəsi ilə Zərərçəkmiş şəxs burun və üz nahiyəsindən zərbələr vuraraq nəticədə sonuncuya tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yer dəyişən sınığı, burun kökünün şişkinliyi, hər iki göz ətrafı yumşaq toxumaların qançırı, alt dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. «Tumurcuq» kafesində ümumi ara vermək şərti ilə 1 ilə yaxın ofisiant kimi işləmişdir. Kafedə işlədiyi vaxtlardan Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Kamal da «Tumurcuq» kafesində ofisiant kimi işləmişdir. 20 iyun 2022ci il tarixdə saat 14:00 radələrində Kamal «Tumurcuq» kafesində müştəri kimi təklikdə oturub “pepsi” içkisi sifariş etmişdir. O, Kamalı görərək onunla zarafat etməyə başlamışdır. Kamal isə ona cavab verməmişdir. Buna əsəbləşərək Kamala yumruqla sonra isə kəllə ilə zərbə endirmişdir. Bundan sonra Kamal çıxıb getmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 20 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən parkın içərisində fəaliyyət göstərən “Tumurcuq” kafeyə dönər almaq üçün getmişdir. Həmin kafedə 2021-ci ilin yay ayında ofisiant olaraq işləmişdir. “Tumurcuq” kafesinə çataraq dönər sifariş edən zaman kafedə işlədiyi vaxtlardan tanıdığı Ceyhun adlı şəxsi görmüşdür. Ceyhun əvvəllər həmin kafedə ofisiant kimi işlədiyindən Ceyhunu oradan tanımışdır. O, dönər sifariş edən zaman Ceyhun onunla şit zarafatlar etməyə başlamışdır. O, ilkin olaraq baş qoşmasa da sonradan Ceyhuna cavab qaytarmışdır. Bu zaman Ceyhun ona yumruqla, sonra isə burnundan kəllə ilə zərbə endirmişdir. Bundan sonra onları kafenin işçiləri aralaşdırmışdır. O, sanitar qovşağına daxil olaraq əl üzünü yumuş və çıxıb evinə getmişdir. Hadisə barədə atasına məlumat vermişdir. Atası isə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət etmişdir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Tumurcuq” adlı kafedə 2022-ci ilin yay aylarında ofisiant olaraq işləmişdir. O, daimi olaraq “Tumurcuq” kafesində işləməmiş, ancaq kafenin administratoru olan Məmməd ara sıra zəng edib onu çağırdıqda o, günü 10 manata ofisiant kimi işləmişdir. Hadisə baş verən gün, yəni 20 iyun 2022-ci ildə o işdə olmuşdur. Kafenin içərisində olan zaman Kamal və Ceyhunun zarafatlaşdıqlarını görmüşdür. Bir az sonra Kamalın burnunu tutaraq sanitar qovşağına girməsini görmüşdür. Bu zaman Kamala yaxınlaşıb nə baş verməsini soruşmuş, Kamal isə ona getməsini bildirmişdir. O, Ceyhuna yaxınlaşaraq nə baş verməsini soruşduqda, bu zaman Ceyhun ondan Kamalın yanına getməsini və burnuna nə olmasını öyrənməsini istəmişdir. Bu zaman Kamal Ceyhunun onu vurmasını bildirmiş və kafedən çıxıb getmişdir. İşin məhkəmə baxışı zamanı Qanuni nümayəndə2 Oktay qızının iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, təxminən 4 il olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Tumurcuq” adlı kafenin administratoru vəzifəsində işləyir. İşi işçi qəbul edib və ya vəzifəsindən azad etməkdən, işçilərin maaşını verməkdən, kafenin bazarlığını etməkdən, kafenin iş rejimini tənzimləməkdən və digər hərəkətlərdən ibarətdir. 20 iyun 2022-ci il tarixdə normal iş qrafikinə uyğun olaraq işi ilə məşğul olan zaman təqribən saat 14:00 radələrində kafenin çöl hissəsində oturub müştərilərə və işçilərə baxmışdır. Bu zaman Kamal və Ceyhunun kafedə olmasın görmüşdür. Həmin şəxslər əvvəllər onun işlətdiyi kafedə işlədiklərindən Ceyhun və Kamalı tanımışdır. Bir qədər sonra Ceyhun və Kamalın kafedən ayrı-ayrı çıxaraq getdiklərini görmüşdür. Bu zaman Kamalın burnu əzildiyindən, burnuna nə olması barədə soruşmuşdur. Kamal ona cavab olaraq bildirmişdi ki, burnu divara dəymişdir. O, Kamala inanmasa da Kamalın nə baş verməsini bildirmək istəmədiyini anladığından çox sorğu suala tutmamışdır. Sonradan ona Ceyhun və Kamalın dalaşdıqları məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2022-ci ilin may ayından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Tumurcuq” adlı kafedə dönərçi olaraq işləmişdir. Həmin işə başladıqdan sonra orada daha əvvəldən də ofisiant kimi işləmiş Ceyhun və Kamal adlı şəxsləri tanımışdır. 20 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində Kamal və Ceyhun kafedə olmuşlar, bu zaman Ceyhun onun yanında dayanaraq söhbət etmişlər, Kamal isə müştərilər üçün nəzərdə tutulmuş yerdə dayanmışdır. Görmüşdür ki, Kamal və Ceyhun aralarında zarafat edirlər. Bildirmişdir ki, getsinlər zarafatlarını başqa yerdə eləsinlər. Özü isə sifariş olunan dönəri düzəltmək üçün arxasını həmin şəxslərə tərəf döndərmişdir. Bu zaman Kamalın üzünü tutub ayaqyoluna getdiyini görmüşdür. Kamalın ayaqyoluna gedən zaman nə baş verməsini Ceyhundan soruşduqda, Ceyhun Kamalı vurduğunu bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyun 2022-cı il tarixli 703 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, burun kökünün şişkinliyi, hər iki gözətrafı yumşaq toxumların qançırı, alt dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni 20 iyun 2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər». Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuşvə ya ümumiəmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəliüsulla və ya xuliqanlıqniyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildənbeş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 19-cu bəndinə əsasən, Sağlamlığın qısa müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 (iyirmi bir) gündən – 3 (üç) həftədən az olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 20-ci bəndinə əsasən, Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid edilə bilərlər: 1) Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 (bir) qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; 2) burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; 3) əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); 4) stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 5) baş beyin silkələnməsi. Qeyd: a) həyat üçün təhlükəli olmayan baş beyin əzilmə və silkələnmələrinin zərər vurma dərəcəsinin təyinində bu zədələrə dair metodik tövsiyə rəhbər tutulmalıdır; b) əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cavan olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-228/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-228/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver