Məhkəmə qərarları › İş №1(010)-228/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-228/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-228/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda (Zəngibasar) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ünvanda yaşamış, Bakı Apellyasiya Məhməməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X4 Azərbaycan Respublikası Prezident Administrasiyasına sürücü kimi işə düzəltməkdə köməklik göstərməsi adı ilə Elman Abdulzadənin atası Zərərçəkmiş şəxs yalandan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs 17 avqust 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən “Mado” restoranında 3000 manat və bundan başqa Zərərçəkmiş şəxs 07 sentyabr 2023-cü il tarixdə saat 17:17-də ünvan 4 ünvanında yerləşən “Zəngəzur” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun adına olan "xxxx" ASC-yə aid 416973******6510 bank hesab nömrəsinə köçürmüş olduğu 1000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs 4000 manat ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ifadəsinin anket məlumatlarında göstərilən hissəsində qeyd edilən üvanda ailəsi ilə birlikdə yaşamış və hazırda məhkəmənin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-in 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır. Əvvəllər cinayət törətdiyinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Əqli və psixi cəhətdən sağlamdır və hər hansı bir xəstəxanada qeydiyyatda deyil. Onun Zərərçəkmiş şəxs 4000 manat pul almağı barədə Zahidin dedikləri düzdür, lakin o, Zərərçəkmiş şəxs 4000 manat pulu onun oğlu Şahid1 Azərbaycan Respublikası Prezident Administrasiyasına sürücü kimi işə düzəltmək adı ilə almamışdır. Belə ki, Zərərçəkmiş şəxs tanışı Şahid2 vasitəsilə 2023-cü ilin ilin avqust ayından tanımış və bu tanışlıqdan sonra onun Zərərçəkmiş şəxsla münasibəti yaranmışdır. Bu tanışlıqdan sonra Zahidlə görüşlərdən birində aralarında olan söhbət zamanı Zahidə demişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “X12” polad əritmə zavodunda bir nəfər tanışı var və Zahidə təklif etmişdir ki, həmin tanışının vasitəsilə həmin zavoddan ucuz qiymətə dəmir məhsulları alıb baha qiymətə satıb yaxşı qazanc əldə edə bilərlər. Zərərçəkmiş şəxs onun bu təklifini eşitdikdən sonra ona bildirmişdir ki, dəmir məhsullarının alınmasına görə ona 4000 manat pul verə bilər və ondan qazancının nə qədər olduğunu soruşduqda Zahidə demişdir ki, əgər ona 4000 manat pul verdiyi halda həmin pulun müqabilində bir aydan sonra onun qazancı 1000 manat olacaq və ona 4000 manat pulun üstündə əlavə olaraq 1000 manat da qazanc verəcək. Zahid onun bu təklifi ilə razılaşmış və 17 avqust 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən “Mado“ restoranında Zahid, Zahidin oğlu Elmar, Miqdar və o, görüşmüşdür. Restoranda görüşüb söhbət edən zaman Zahid bu işlərin görülməsi üçün ona 3000 manat vermişdir. 07 sentyabr 2023-cü il tarixdə isə Zahid onun “Kapital Banka” aid 416973******6510 bank hesab nömrəsinə 1000 manat da göndərmiş və o, həmin 1000 manat pulu Bakı şəhəri ərazisində hazırda ünvanı xatırlamadığı bank terminallarından birində çıxartmışdır. Zərərçəkmiş şəxs almış olduğu 4000 manat puldan 2500 manatını “X12” polad əritmə zavodunda işləyən şəxsiyyəti barədə ondan məlumat olmayan bir nəfər tanıdığı şəxsə vermiş və 1500 manatı isə özünə götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra “X12” polad əritmə zavodunda işləyən tanışı ilə əlaqə saxlaya bilmədiyi üçün dəmir məhsullarının alınması mümkün olmamış və həmin şəxsi bir daha görə bilmədiyi üçün 2500 manatı ondan ala bilməmişdir. İşləri alınmadığı üçün 4000 manat pulu Zərərçəkmiş şəxs qaytarmamışdır. “X12” polad əritmə zavodunda işləyən şəxsin kim olduğunu bilmir və həmin şəxsin anket məlumatlarını bilmədiyi üçün onun şəxsiyyəti barədə dəqiq məlumat verə bilməyəcək. Həmin şəxslə təsadüfən tanış olmuşdur, onun zavodla əvvəllər və bu məsələyə qədər heç bir iş birliyi olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 taksi sürücüsüdür və onunla taksidə tanış olmuşdur. Axşam “məclis”dən çıxanda “8555” nömrəli taksi xidmətinə zəng etmiş, sürücü kimi Miqdar gəlmişdir. Miqdar ifadəsində bildirir ki, həmin vaxt yanında onun dostu olmuş, Miqdar onların iş barəsində söhbətini eşitmişdir. Amma həmin vaxt yanında dostu olmamışdır. Bir müddət sonra Miqdar oğlunun əsgərlik mövzusuna görə ona zəng etmiş, o da bu işi düzəldə bilməyəcəyini bildirmişdir. Miqdarla onun arasında ona 4000 manat lazım olması barədə söhbət olmuşdur. Miqdar da dostu Zahidin ona 4000 manat verəcəyini demiş, o da həmin 4000 manat pulu, əlavə olaraq 1000 manat pulu Zahidə qaytaracağını demişdir. Zahidin oğluna iş düzəltmək barədə sonradan onlar arasında söhbət olmuşdur. O Zahidə oğlunu işə düzəldə biləcək tanışı olduğunu deyərək razılaşmışdır. Zahid özü də ona 5000 manat qaytarıldıqdan sonra oğluna iş düzəltmək barədə danışmalarını istəmişdir. İstintaqın gedişində müstəntiq ona bildirmişdir ki, onun Zahiddən 1000 manatı alması barədə qəbz var, o isə Zahiddən 1000 yox, 4000 manat pul almasını bildirmişdir. O heç kimi aldatmamışdır. Əgər aldatsaydı elə əvvəldən Miqdarı oğlunun əsgərlik işi ilə bağlı zəng edəndə aldadardı. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tutulduğundan Zahidə 4000 manat pulu qaytara bilməmişdir. Həmin pulu 15 gün – 1 ay ərazində qaytaracaq. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 3, mənzil 89-da ailəsi ilə birlikdə yaşayır. Şahid1 onun oğludur. Oğlu Elmar işsiz olduğundan ona münasib iş axtarmış və bu məqsədlə tanışlarına da xəbər vermişdir. Həmin tanışlarından biri də dostu Şahid2dur. Miqdarı 10 ilə yaxındır ki tanıyır. 2023-cü ilin avqust ayının əvvəllərində Şahid2la aralarında olan söhbətlərdən birində oğlu Elmarı işə düzəltməkdə ona köməklik etməsini xahiş etmiş və Miqdar da ona bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adında bir nəfər tanışı var və İsmayılın bu işlərlə məşğul olduğunu deyərək Miqdar İsmayılın istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrini ona vermişdir. O da həmin gün İsmayılın istifadəsində olan həmin mobil telefon nömrələrindən birinə zəng edib onunla danışmış və Miqdarın dostu olduğunu bildirib ondan oğlu Elmarı Abdulzadəni münasib işə düzəltməsini xahiş etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ondan oğlu Elmarın sürücülük vəsiqəsinin olubolmadığını soruşanda o, Elmarın sürücülük vəsiqəsinin olduğunu İsmayıla deyəndə İsmayıl ona demişdir ki, 4000 manat pulun müqabilində onun oğlu Elmarı Azərbaycan Respublikası Prezident Administrasiyasına aylıq əmək haqqısı 1200 manat olan sürücü işinə düzəldə bilər və belə razılaşmışlar ki, o, razı olduğu halda onunla görüşə bilər. Oğlu Elmarla bu barədə danışıb söhbət etmiş və Elmar İsmayılın təklifini qəbul edib sürücü kimi işləməyə razılaşmışdır. Bundan sonra əmək haqqı münasib olduğu və oğlu Elmar da razılaşdığı üçün belə qərara gəlmişdir ki, oğlunu İsmayılın vasitəsilə onun dediyi, yəni Azərbaycan Respublikası Prezident Administrasiyasına sürücü kimi işə düzəltsin. Beləliklə də, ilkin olaraq 3000 manat pul hazırlayıb əvvəlcədən danışdıqları kimi Təqsirləndirilən şəxsla 17 avqust 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən “Mado” restoranında görüşmüşdür. Həmin görüşdə o, oğlu Elmar, dostu Miqdarla getmiş və restoranda İsmayılla görüşüb söhbət edən zaman İsmayıl bir daha onun oğlu Elmarı 4000 manata Azərbaycan Respublikası Prezident Administrasiyasına aylıq əmək haqqısı 1200 manat olan sürücü işinə düzəldəcəyinə söz vermişdir. İsmayıla inanıb elə həmin gün “Mado” restoranında onun dediyi 4000 manat pulun 3000 manat hissəsini oğlu Elmarın və dostu Miqdarın yanında İsmayıla vermişdir. İsmayıl ondan 3000 manatı aldıqdan sonra işin tez həll edilməsi üçün 1000 manat pulu da qısa zamanda verməyini ona demiş və İsmayıl özünün adına olan “Kapital Banka'“ aid 416973******6510 bank hesab nömrəsini də ona vermişdir ki, 1000 manat pulu da həmin bank kart hesabına köçürsün. Bundan sonra sağollaşıb restorandan çıxıb getmişlər. Bu görüşdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə onunla mobil telefon əlaqəsi saxlayıb 3000 manat pulun 1000 manat hissəsini də ona göndərməyini demişdir. O da 07 sentyabr 2023-cü il tarixdə saat 17:17-də ünvan 4 ünvanında yerləşən “Zəngəzur” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs adına olan “Kapital Banka” aid 416973******6510 bank hesab nömrəsinə köçürmüşdür. Bir müddət sonra İsmayıl onunla telefon əlaqəsi salxayıb pulu götürdüyünü və onun oğlu Elmarın 20-25 gün sonra işə çıxacağını demişdir. İsmayıla inanıb onun dediyi tarixi gözləmiş, lakin həmin müddət gəlib çatdıqda İsmayıl müxtəlif bəhanələr gətirməyə başlamış və hər dəfə tezliklə oğlunun işə çıxacağını demişdir. Nəhayət, hiss etmişdir ki, İsmayıl onu aldadır və İsmayıldan 4000 manat pulunu tələb edəndə İsmayıl ona oğlunun işinin alınmadığını bildirib ondan aldığı 4000 manatı tezliklə qaytaracağını desə də qaytarmamışdır. O da məcbur qalıb bu barədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nə şikayət etmişdir. Daha sonra onun ərizəsi əsasında toplanmış material Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilmişdir. İsmayılın “Kapital Banka” aid 416973******6510 bank hesab nömrəsinə 1000 manat pulu “mpay” ödəmə terminalı ilə köçürməyini təsdiq edən qəbzi də araşdırma zamanı təqdim etmişdir. Bununla da, ona Təqsirləndirilən şəxs 4000 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs özünü ona vəzifəli şəxs kimi təqdim etməyib və yalnız vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Təqsirləndirilən şəxs onun oğlu Şahid1 Azərbaycan Respublikası Prezident Administrasiyasına tanışlarının vasitəsilə sürücü kimi işə düzəldəcəyini desə də, həmin tanışlarının adını və harada işləmələri barədə ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs onun oğlu Elmarın işə düzəlməsi ilə bağlı ondan aldığı 4000 manat pulu işi düzəldən şəxsə verəcəyini desə də, həmin şəxsin kimliyi barədə ona heç nə deməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs 4000 manat ona vurulmuş maddi ziyanın tutularaq ona ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğlu üç il idi ki, əsgərlikdən gəlmiş və işsiz olmuşdur. O, bütün dost-tanışına oğluna sürücü və ya mühafizəçi kimi iş axtarması barədə məlumat vermiş, dostu Miqdara da bu barədə demişdir. Miqdarın tanışı İsmayıl ona 4000 manat qarşılığında onu işə düzəldə biləcəyini təklif etmiş, Miqdarın pulu olmadığından bu işlə razılaşmamışdır. Miqdar onun oğluna iş axtarmasını bildiyindən bu barədə ona demiş o da razılaşmış, ilk olaraq Miqdarın telefonu ilə İsmayılla əlaqə saxlamış, növbəti zəngləri öz telefonu vasitəsilə etmişdir. İsmayıl və onun arasında borc mövzusu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şabran rayonu, Aygünlü kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 3, mənzil 89-da ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. İşsiz olduğundan atası ona iş axtarmış, buna görə də atası tanışlarına da ona iş axtarmaları barədə xəbər vermişdir. Şahid2 10 ilə yaxındır ki, onun atası ilə dostluq edir. 2023-cü ilin avqust ayının əvvəllərində atası ilə Şahid2 arasında olan söhbətlərdən birində atası Şahid2 onu işə düzəltməkdə köməklik etməsini xahiş etdikdə Şahid2 da onun atasına Təqsirləndirilən şəxs adında bir nəfər tanışının olduğunu və İsmayılın bu işlərlə məşğul olduğunu deyib Şahid2 İsmayılın istifadəsində olan mobil telefon nömrələrini atasına vermişdir. Atası da həmin gün İsmayılın istifadəsində olan həmin mobil telefon nömrələrindən birinə zəng edib onunla danışmış və atası İsmayıldan onu işə düzəltməsini xahiş etmişdir. Atası ilə söhbət zamanı Təqsirləndirilən şəxs atasından onun sürücülük vəsiqəsinin olub-olmadığını soruşanda atası da İsmayıla onun sürücülük vəsiqəsinin olduğunu dedikdə İsmayıl atasına onu 4000 manata Azərbaycan Respublikası Prezident Administrasiyasına 1200 manat əmək haqqı olan sürücü işinə düzəldə biləcəyini demişdir. Atası onunla bu barədə danışıb söhbət edəndə o, İsmayılın atasına verdiyi təklifi qəbul etmiş və sürücü kimi işləməyə razılaşmışdır. Bundan sonra atası onun İsmayılın vasitəsilə Azərbaycan Respublikası Prezident Administrasiyasına sürücü kimi işə düzəlməyinə razılıq vermiş və İsmayılla yenidən danışmışdır. 17 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanında yerləşən “Mado” restoranında o, onun atası və atasının dostu Şahid2 İsmayılla görüşmüşlər. Restoranda İsmayılla görüşüb söhbət edən zaman İsmayıl bir daha onu 4000 manata Azərbaycan Respublikası Prezident Administrasiyasına 1200 manat aylıq əmək haqqı olan sürücü işinə düzəldəcəyini onun atasına söz vermişdir. Onun atası İsmayıla inanıb elə həmin gün “Mado” restoranında İsmayılın dediyi 4000 manat pulun 3000 manatını İsmayıla vermişdir. İsmayıl onun atasından 3000 manatı aldıqdan sonra işin tez həll edilməsi üçün 1000 manat pulu da qısa zamanda ona verməyini deyib özünün adına olan "xxxx"a aid 416973******6510 bank hesab nömrəsini də atasına vermişdir ki, 1000 manat pulu da atası onun həmin bank kart hesabına köçürsün. Bundan sonra sağollaşıb restorandan çıxıb getmişlər. Bu görüşdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə atası ilə mobil telefon əlaqəsi saxlayıb 3000 manat pulun 1000 manatını də ona göndərməyini dedikdən sonra onun atası da 07 sentyabr 2023-cü il tarixdə saat 17:17-də ünvan 4 ünvanında yerləşən “Zəngəzur” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs adına olan “Kapital Banka” aid 416973******6510 bank hesab nömrəsinə köçürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs onun atası ilə telefon əlaqəsi salxayıb pulu götürdüyünü və atasına onun 20-25 gün sonra işə çıxacağını demişdir. Atası da İsmayıla inanıb onun dediyi tarixi gözləsə də, vaxt gəlib çatdıqda İsmayıl müxtəlif bəhanələr gətirməyə başlamış və hər dəfə tezliklə onun işə çıxacağını atasına demişdir. Atası İsmayılın onu aldatdığını görüb İsmayıldan 4000 manat pulunu tələb edəndə İsmayıl atasına onun işinin alınmadığını deyib 4000 manatı tezliklə qaytaracağını atasına desə də, qaytarmamışdır. Buna görə də onun atası məcbur qalıb Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim etməyib və yalnız vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Prezident Administrasiyasına tanışlarının vasitəsilə sürücü kimi işə düzəldəcəyini desə də, həmin tanışlarının adını və harada işləmələri barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs onun işə düzəlməyi ilə bağlı atasından aldığı 4000 manat pulu işi düzəldən şəxsə verəcəyini desə də, həmin şəxsin kimliyi barədə heç nə deməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İsmayılın kartına 1000 manat pulu ödəmə terminalı vasitəsilə o özü ödəmiş, sonra qəbzin şəklini atası Zahidə göndərmiş, atası da İsmayıla göndərmişdir. O, İsmayılla cəmi 1 dəfə, Nərimanovda yerləşən “Mado” restoranında görüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki tanıyır və onunla dost münasibətindədir. Şahid1 isə Zahidin oğludur. Zahidin oğlu Elmar işsiz olduğundan Zahid oğluna iş axtarmışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Zahidlə onun arasında olan söhbətlərdən birində Zahid oğlu Elmarı işə düzəltməkdə ona köməklik etməyini ona dedikdə Zahidə Təqsirləndirilən şəxs adında bir nəfər tanışının olduğunu və İsmayılın bu işlərlə məşğul olduğunu deyib İsmayılın istifadəsində olan 055 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələrini Zahidə vermişdir. Həmçinin İsmayılla da özü telefon əlaqəsi saxlayıb Zahid adında bir nəfər dostunun oğlunun işə düzəlməsi ilə bağlı ona zəng edəcəyini demişdir. Zahidin deməsinə görə o, İsmayılla danışıb ondan oğlu Şahid1 münasib işə düzəltməsini xahiş etmiş, Təqsirləndirilən şəxs ondan oğlu Elmarın sürücülük vəsiqəsinin olub-olmadığını soruşanda o da oğlu Elmarın sürücülük vəsiqəsinin olduğunu İsmayıla deyəndə İsmayıl ona deyib ki, 4000 manata onun oğlu Elmarı Azərbaycan Respublikası Prezident Administrasiyasına aylıq əmək haqqı 1200 manat olan sürücü işinə düzəldə bilər. 17 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 3 ünvanında yerləşən “Mado” restoranında o, Zahid və Zahidin oğlu Elmar İsmayılla görüşmüşlər. Restoranda İsmayılla görüşüb söhbət edən zaman İsmayıl Zahidə bir daha onun oğlu Elmarı 4000 manata Azərbaycan Respublikası Prezident Administrasiyasına aylıq əmək haqqı 1200 manat olan sürücü işinə düzəldəcəyinə söz vermişdir. Zahid həmin gün “Mado” restoranında İsmayılın dediyi 4000 manat pulun 3000 manatını İsmayıla vermişdir. İsmayıl Zahiddən 3000 manatı aldıqdan sonra işin tez həll edilməsi üçün 1000 manat pulu da qısa zamanda ona verməyini bildirib “Kapital Banka” aid bank hesab nömrəsini də Zahidə vermişdir ki, 1000 manat pulu da Zahid həmin bank kart hesabına köçürsün. Bundan sonra sağollaşıb restorandan çıxıb getmişlər. Bu görüşdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə Zahidin deməsinə görə onunla mobil telefon əlaqəsi saxlayıb 1000 manat pulu da ondan istəmiş və Zahid də 07 sentyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Zəngəzur” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs adına olan "xxxx"a aid hesab nömrəsinə köçürmüşdür. İsmayıl X3 20-25 gün sonra işə çıxacağını desə də, həmin müddət ərzində İsmayıl müxtəlif bəhanələr gətirməyə başlamış və hər dəfə tezliklə Zahidə oğlu Elmarın işə çıxacağını demişdir. İsmayıl Zahidin oğlunu işə düzəltmədiyindən Zahid İsmayıldan 4000 manat pulunu tələb etməyə başlamış, lakin İsmayıl Zahidə 4000 manatı pulu qaytarmamışdır. Zahid də məcbur qalıb bu barədə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim etməyib və yalnız vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası Prezident Administrasiyasına tanışlarının vasitəsilə sürücü kimi işə düzəldəcəyini desə də, həmin tanışlarının adını və harada işləmələri barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs Şahid1 işə düzəlməsi ilə bağlı Zahiddən aldığı 4000 manat pulu işi düzəldən şəxsə verəcəyini desə də, həmin şəxsin kimliyi barədə heç nə deməmişdir. Onun bu işdə heç bir maddi marağı olmayıb və İsmayıl Zahiddən almış olduğu 4000 manat puldan ona heçnə verməyib. O yalnız Zahidi İsmayılla tanış etmişdir və onun başqa heç bir məqsədi olmayıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, taksi sürücüsü işləmiş, Zərərçəkmiş şəxs da taksi sürücüsü kimi işləyəndə tanımışdır. Təqsirləndirilən şəxs ilə müştəri kimi tanış olmuşdur, belə ki, gündüz vaxtı o, İsmayılı müştəri kimi taksi ilə götürmüş, İsmayılı təxmini 4-5 saat ərzində bir neçə məkana aparmışdır. Bu vaxt İsmayılın dostu da taksidə olmuş, onların iş barədə söhbətlərini eşitmişdir. İsmayıl həmin gün ona taksi xidmətinə görə yaxşı pul ödədiyindən onun nömrəsini götürmüşdür. O, bundan təxmini yeddi-səkkiz ay sonra oğlunun əsgərlik işi ilə bağlı İsmayıla zəng etmiş, İsmayıl bu işi həll edə bilməyəcəyini demişdir. Bu vaxt İsmayıl 4000 manat qarşılığında onu işə düzəldə biləcəyini demiş, o isə pulu olmadığından təklifi qəbul etməmişdir. Sonra o bu barədə dostu Zahidə demiş, Zahid borc götürərək bu pulu ödəyə biləcəyini, oğlunu işə düzəltməsini xahiş etmişdir. Zahid razılaşdıqdan sonra ilk olaraq İsmayıla o özü zəng etmiş, sonradan İsmayıl və Zahid arasında əlaqə yaranmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01-02); götürmə və baxış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və qəbzin surətindən görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Seymur Poladov tərəfindən Zərərçəkmiş şəxs “mpay” elektron ödəmə terminalına aid xx.xx.2023-cü il tarixli ödəmə qəbzi götürülmüş və həmin qəbzə baxış zamanı Zərərçəkmiş şəxs oğlunu işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs vermiş olduğu 4000 manat pulun 1000 manat hissəsini 07 sentyabr 2023-cü il tarixdə saat 17:17-də ünvan 4 ünvanında yerləşən “Zəngəzur” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan "xxxx"a aid 416973******6510 bank hesab nömrəsinə köçürdüyü müəyyən edilmişdir (i.v. 12-13); hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, “Mado” restoranında keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsı tanımış və oğlunu işə düzəltməyi üçün həmin şəxsə 3000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” restoranında, qalan 1000 manat pulu Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Zəngəzur” marketdə ödəniş terminalı ilə göndərmişdir. Hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 14-15); materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material ərazı aidiyyəti üzrə Suraxanı RPİ-yə göndərilmişdir (i.v. 16); cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-də icraata qəbul edilmişdir (i.v. 28); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 30); şəxsin məcburi gətirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə istintaq hərəkətləri aparılmasından ötrü Bakı şəhəri Suraxanı RPİnin İŞ-nə gətirilməsi qərara alınmışdır (i.v. 41); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi dayandırılmışdır (i.v. 51); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 58); cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi dayandırılmışdır (i.v. 69); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v. 74); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 1(005)-489/2022 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş; Təqsirləndirilən şəxs hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması; Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; cəzasının əvvəlinin 21 sentyabr 2023-cü il tarixdən hesablanması; hökmün apellyasiya protestinə münasibətə qalan hissələrdə dəyişdirilmədən saxlanılması; hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması; qərarın qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır (i.v. 78-87); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və Şahid2 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 94- 96); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 97-100); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş və Şahid1 və Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatları bir daha üzləşdirmə zamanı təsdiq etmişlər (i.v. 101-103); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində 02 il müddətinə şərti sınaq müddəti təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən CM-nin 70-ci maddəsinə dair müddəalar xaric edilmiş və o, iclas zalından həbs edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 09 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanununa uyğunlaşdırılmış, Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.4-cü maddəsinə, CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və CM-nin 178.1, 178.2.2, 178.2.4 və 66.2-ci maddələrinə əsasən cəzası 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş və cəzasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 05 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 il 21 gün hissəsi 500 manat miqdarında cərimə cəzası ilə əvəz olunaraq Təqsirləndirilən şəxs cəzadan azad edilmiş və 500 manat cəriməni ödədiyi üçün xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib ona 7000 manat cərimə cəzası təyin edilmiş və CMnin 69.4-cü maddəsi tətbiq edilərək üzərində 6000 manat cərimə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v. 104-105); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi; ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penilensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində həbsdə saxlandığı nəzərə alınması; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 311, 310 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi; 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİnin 17-ci PŞ-nin təlıqiqatçısı, polis mayoru Seymur Poladov tərəfindən Zərərçəkmiş şəxs götürülmüş “mpay” elektron ödəmə terminalına aid xx.xx.2023-cü il tarixli ödəmə qəbzi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi; Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilməsi; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid2 Əhmədxan oğlu iş materiallarında Şahid2 kimi oxunması; Təqsirləndirilən şəxs şahid qismində dindirilən zaman Zərərçəkmiş şəxs 4000 manat pul vəsaitini sonuncunun oğlu Şahid1 Azərbaycan Respublikası Prezident Administrasiyasına sürücü kimi işə düzəltmək adı ilə yox, Zərərçəkmiş şəxsla birlikdə “X13” polad əritmə zavodundan dəmir məhsullarını ucuz qiymətə alıb sataraq qazanc əldə etmək adı ilə alması barədə ifadəsində göstərdikləri xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və cinayət işi üzrə vermiş olduğu vəsatəti təmin edilməyərək rədd edilməsi qərara alınmışdır (i.v. 106-116); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 126-127); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-in 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı nəzərə alınmışdır (i.v. 138-140); Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X5 adlı iki övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 6.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzanı yüngülləşdirən halı və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzaçəkmə müddətinin başlanğıcının və cəzanın hansı rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 199/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilmiş olması nəzərə alınmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalı və cəzaçəkmə müəssisəsinin növünün “ciddi rejim” kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilən 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 (iki) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə nəzərə alınmış həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-199/2023 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 15 (on beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 90 (doxsan) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar