Məhkəmə qərarları › İş №1(010)-229/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-229/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-229/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 29 avqust 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2022ci il tarixli qərarı ilə barəsində əvvəli 11 fevral 2022-ci ildən hesablanmaqla “həbs" növündə qətimkan tədbiri seçilmiş (sonradan həbsdə saxlanılması müddəti müvafiq məhkəmə qərarları ilə uzadılıb) və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 06 (altı) ədəd bükümdə qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroini 30 (otuz) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, həmçinin xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 08 (səkkiz) bükümdə qəhvəyi rəngli maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 (qırx) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahid2 küçəsi, 30 ünvanına, yəni “X4 Çay” evinin qarşısına gətirmiş və narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 15:50 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahid2 küçəsi, 30 ünvanına, yəni “X4 Çay” evinin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 12 (on iki) bükümdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram, 0,238 qram, 0,066 qram, 0,168 qram, 0,039 qram, 0,037 qram, 0,060 qram, 0,362 qram, 0,075 qram, 0,226 qram, 0,006 qram, 0,018 qram ümumi təmiz çəkiləri 1,511 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin kütlələri, həmçinin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 02 (iki) ədəd bükümdə ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram və 0,045 qram ümumi təmiz çəkiləri 0,094 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək (özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1ci maddəsi ilə təqsirli bilir) qeyd etmişdir ki, 09 fevral 2022-ci il tarixdə saat 1-ə işləmiş 132 nömrəli avtobusdan düşərək piyada hərəkət edərkən “Hövsan” marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşdıqdan sonra təzyiq altında onu xidməti avtomobilə əyləşdirərək polis bölməsinə aparıblar. Həmin vaxt üzərində şəxsi istifadəsi üçün 4 büküm heroin və 2 büküm metamfetamin olmuşdur. O, narkotik vasitəni həmin gün Əhmədli qəsəbəsində əldə etmişdir. Narkotik vasitəni əldə etdikdən sonra isə heç bir yerə getməmişdir. Saat 10 radələrində narkotik vasitəni əldə etmiş və saat 1 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələrə təxminən 40 manat pul vermişdir. O, narkotik vasitədən 2-3 gündən bir istifadə edir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər və təsirlər olmuşdur. O, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı heç kimə məlumat verməmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və X1 ibarət əməliyyat qrupu yaradılıb. Həmin gün saat 15:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şahid2 küçəsi 30 ünvanında yerləşən “X4” çay evinin qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət ediblər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibindən 12 ədəd gümüşü folqaya və 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş ümumilikdə 14 ədəd bükümü və əynindəki qış gödəkcəsinin sol cibindən isə bir ədəd qara rəngli “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələrin 06 ədəd bükümünü 08 fevral 2022-ci il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən cəmi 30 manata, qalan 08 ədəd bükümü isə 10 fevral 2022-ci il tarixdə saat 14 radələrində Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən cəmi 40 manata satış məqsədilə olmadan öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 14 ədəd büküm və 01 ədəd “Nokia” markalı mobil telefon götürülərək qablaşdırıldı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir başqa əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilib və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirilməsi zərurətini bildirərək yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşuldu. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə onu yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirildi. Baxış zamanı həmin mənzildən əldə edilməsi, saxlanması və daşınması qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmayıb. Şahid qismində dindirilmiş X2 da Şahid2 oğlunun məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi izahatlar və s. sübutlarla təsdiq olunur. 12 fevral 2022-ci il tarixli 6/868 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs qismində saxlanılmış vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram, 0,238 qram, 0,066 qram, 0,168 qram, 0,039 qram, 0,037 qram, 0,060 qram, 0,362 qram, 0,075 qram, 0,226 qram, 0,006 qram və 0,018 qram, ümumi təmiz çəkiləri 1,511 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 12 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,045 qram, ümumi təmiz çəkiləri 0,094 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. 17 mart 2022-ci il tarixli 1357 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərlə yanaşı qeyd olunur ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi izahatlarında ondan ittiham aktının nəticəvi hissəsində göstərilən bükümlərin aşkar olunduğunu etiraf etmiş, həmçinin bildirmişdir ki, polis orqanında ona qarşı hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. İttiham aktının nəticəvi hissəsində göstərilən sayda bükümlərin təqsirləndirilən şəxsin üzərindən aşkar olunması halı həmçinin iş materiallarına əlavə olunmuş kompakt diskdəki videoyazı ilə də təsdiq olunur. Beləliklə, təqsirləndirilən şəxsin ondan ümumilikdə 4 büküm heroin və 2 büküm metamfetamin aşkar olunduğuna dair bildirdikləri iş materiallarına əlavə edilmiş sübutlarla təkzib edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş bükümlərin sayını, müxtəlifliyini (göründüyü kimi, təqsirləndirilən şəxsdən heroin və metamfetamin aşkar edilib), həmin maddələrin təqsirləndirilən şəxs tərəfindən müxtəlif yerlərdən alındığını və işin digər faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmədiyini bildirdikləri həqiqəti əks etdirmir, işin həqiqi hallarını gizlətməklə və təhrif etməklə daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,074 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 1,391 təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 11 fevral 2022-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,074 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 1,391 təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar