Məhkəmə qərarları › İş №1(010)-23/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-23/2024

29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-23/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi-Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonundan anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda pasport qeydiyyatında olub, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2024cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,774 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 19 avqust 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu,Əmircan qəsəbəsi T.Bayram küçəsi 101 saylı evin qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində boz rəngli cins şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0.774 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olduğunu və 2021-ci il tarixində həbsdən çıxmış olduğunu, səhər radələrində 31-ci Polis Bölməsinin əməkdaşları gələrək onu bölməyə apardıqlarını, bir nəfər şəxsi taparaq onun üzünə duraraq narkotik alverçisi olduğunu bildirdiyini, 5 saat onu döydüklərini, şüşə ilə özünü doğradığını, nə qədər təzyiq etsələr də qol çəkmədiyini, axırda satışla qeydiyyat etməsinlər deyə o da acığa düşmüş olduğunu və polislərə narkotik vasitəsini ona verilməsini və onların gözünün önündə qəbul etdikdən sonra boynuna aldığını, boynuna almadığı təqdirdə satışla qeydiyyat edəcəklərindən məcbur olduğunu, əvvəllər məhkum olunduğu üçün ona belə etdiklərini, halbuki həbsdən çıxdıqdan sonra onun barəsində heç vaxt şikayət belə olunmadığını, bundan başqa o, əvvəllər narkotik vasitəsindən istifadə etməmiş olduğunu, ilk dəfə idi ki, narkotikdən istifadə etmiş olduğunu, ekspertizadan keçərək analiz vermiş olduğunu, ekspertin ona “dünən istifadə etmisən” ifadəsinə cavab olaraq “iki gündür ki, MSY-də saxlanılıram, necə istifadə edə bilərəm” cavabını vermiş olduğunu, tutulan zaman üzərində heç bir narkotik vasitəsi olmadığını, onunla birlikdə 4 nəfər şəxsi həmin gün tutduqlarını, onların hamısını tutduqdan sonra ayrı-ayrı apardıqlarını bildirmişdir. İbtidai istintaq zamanı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o psixotrop maddə olan metamfetamindən istifadə edir. O, istifadə etdiyi metamfetamini Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 19 avqust 2022-ci il tarixdə saat təxminən 13:30 dəqiqədə yaşadığı evin qarşısında yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmiş, o polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşıdığı bjr büküm psixotrop maddə olan metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi bir büküm kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmiş. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı RPİ-nin 31-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 təyin olunmuşdur, bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış. Həmin gün əməliyyat qrupunun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 13:30 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi küçəsi, T.Bayram küçəsində Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nə inzibati binasına gəlmiş, Suraxanı RPİ- nin 31-ci Polis Bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuş. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuş. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı.01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə psixotrop maddə olan metamfetamindir və özü istifadə etmək məqsədildə Suraxanı rayonu Əmircan qəsəbəsindən tanımadığı şəxsdən 8 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin 24-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 71-73-cü vərəqlərində olan 21 avqust 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Raciv Almazovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi və qərarın sürəti icra olunması üçün Bakı şəhəri Suraxanı RPİ-yə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 74-75-ci vərəqlərində olan 21 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 35-36-cı vərəqində olan “şəxsi axtarış və götürmə aparılması” barədə 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında da və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynindəki boz rəngli cins ah arın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik maddə sayılan metanfetamin olduğunu tanımadı şəxsdən 8 AZN dəyərində şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirdi. Aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm narkotik maddə sayılan metanfetaminə oxşar maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Cinayət işinin 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 20 avqust 2022-ci il tarixli, 6/4424 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,774 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 Komissiyasının verdiyi xx.xx.2022ci il tarixli, 7231 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 22 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü -19 avqust 2022-ci il tarixli və 05 dəqiqə 27 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı RPİnin 31-ci PB-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd büküm kütləni təqdim edərək bildirir ki. təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədilə tanımadığı şəxsdən 8 manata almışdır. Cinayət işinin 97-ci vərəqində olan “qətimkan tədbirinin şərtlərini pozduğu üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 09 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda Suraxanı RPİ-nin X7 təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 105-ci vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə, saat 09:45-də tutulmuşdur. Cinayət işinin materiallarının 112-113-cü vərəqlərində olan 30 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 101-103-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamə sənədləri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş və 19 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 88-96-cı vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-186/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, ona qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Məmmədov X4 Rayon Polis İdarəsinin X7 xx.xx.2022-ci il tarixdə daxil olmuş tibbi-müayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 22 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq ƏN-in PX-nin 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində boz rəngli cins şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0.774 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,774 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, ibtidai istintaq zamanı toplanmış materiallar, o cümlədən şəxsi axtarış və götürmə haqqında protokolu, təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolu, ekspertiza rəylərini, məhkəmə istintaqı zamanı alınmış sorğuların cavablarını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiqdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-186/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 07 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasının sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2022-ci il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 29 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu 01 gün, ümumilikdə saxlanıldığı 03 gün müddət cəzasından çıxılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 22 iyul 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 21 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 29 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu 01 gün, ümumilikdə saxlanıldığı 03 gün müddət təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan, yəni 22 iyul 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,724 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan oğlunun üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar