Məhkəmə qərarları › İş №1(010)-230/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-230/2022

09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-230/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay, 13 gün vaxtından əvvəl şərti azad olunmuş və buna görə də, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 13, nömrəsiz ünvanda yaşamış, 11 fevral 2022-ci il tarixdə barəsində əvvəli 10 fevral 2022ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay, 13 gün vaxtından əvvəl şərti azad olunduqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 50 manat ödəməklə 02 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,097 qram və 0,745 qram olmaqla, ümumi çəkisi 1,842 qram qəhvəyi rəngli tözşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,253 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 10 fevral 2022-ci il tarixdə saat 14:05-də Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, 13-cü döngənin girişində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,097 qram və 0,745 qram olmaqla, ümumi çəkisi 1,842 qram qəhvəyi rəngli tözşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,253 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, kokos və şüşə kimi tanıdığı narkotik maddələrdən çəkmək yolu ilə istifadə edir. Həmin maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək istifadə edir. 04 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Göyərçin” deyilən heykəlin yanında Elnur adlı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 50 manata 02 ədəd büküm kokos və 01 ədəd büküm şüşə kimi tanıdığı narkotik maddələr almış, daha sonra həmin narkotik maddələrdən biraz istifadə etmiş və qalanını da üzərində saxlamışdır. 10 fevral 2022-ci il tarixdə saat 14 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, 13-cü döngənin girişində yaşadığı məhəllədə dayanan zaman mülki geyimdə yaxınlaşan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və üzərində narkotik maddələr saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O da razılaşıb etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı ona üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişlər. O, isə əynində olan qara rəngli cins şalvarın sağ cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O da həmin bükümlərin içərisində olan maddələrin kokos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, onları 04 fevral 2022-cin il tarixdə Sumqayıt şəhətində Göyərçin heykəlinin yanında Elnur adı ilə tanıdığı şəxsdən öz istifadəsi üçün 50 manat ödəməklə aldığını və birazı istifadə etdiyini, qalanını isə sonra istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Hazırda mobil telefondan istifadə etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü əvvəllər təqsirli bilərək, narkotik vasitədən istifadə etməsini və həmin cinayət əməlinin törədilməsini bildirsə belə, sonradan o, özünü təqsirli bilmədiyini, onu 09 fevral 2022-ci il tarixində saat 22:00 və 23:00 radələrində öz məhəllələrindən tutub apardıqlarını, tutulan zaman üzərinə baxış keçirdiklərini, lakin üzərindən heçnə çıxmadığını, onu bölmədə səhərə kimi döydüklərini, bundan sonra təzyiq altında qalaraq onu yüklədiklərini, video çəkiliş zamanı da bu səbəbə görə üzərindən narkotik vasitə çıxdığını, onu narkoloji testdən keçirmədiklərini, hal-hazırda o narkotik vasitədən istifadə etmədiyini bildirərək, məhkəmədən bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, göstərilən sübutlarla da təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 10 fevral 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 14:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, 13-cü döngənin girişində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək ondan özünü təqdim etməsini tələb etmişlər. Həm şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığım deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən ikisinin içərisində kokos və digər bir bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddə olduğunu və onları 04 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində olan göyərçin heykəlinin yanında “Elnur” adlı şəxsdən cəmi 50 manata öz şəsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işin materiallarının 34-35-ci vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 32ci PB-nə daxil olmuş məlumat əsasında 10 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 14:05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş/Y sahəsi döngə 13-ün girişində saxlanılaraq həmin gün saat 14:20 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 fevral 2022-ci il tarixli qərara əsasən Suraxanı RPİ-nin 32-ci PBnin binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İPHONE 7» markalı mobil telefonun videokamerasından istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 3 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm təqdim etdi. Təqsirləndirilən şəxs bildirdi ki, bu narkotik vasitənin iki bükümü kakosdur(heroindir), bir bükümü şüşədir(metamfetamin) və 4 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində olan Göyərçin heykərlinin yanında Elnur adlı şəxsdən ümumilikdə 50 manat müqabilində aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması, bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd gümüşü rəngli kağıza bükülmüş büküm narkotik vasitə heroinə bənzər maddə və bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm narkotik vasitə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürümüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə səhər vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmış, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Cinayət işin materiallarının 41-47 vərəqində olan materialların məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/835 saylı 10 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr...” yazı və imza olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,097 qram və 0,745 qram olmaqla, ümumi çəkisi 1,842 qram qəhvəyi rəngli tözşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,253 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işin materiallarının 74-cü vərəqində olan diskə baxış keçirilməsi haqqında 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzlərində saxlanması, daşınması və ya gəzdirilməsi, qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin 03 ədəd bükümlərdən 02 bükümün içərisində kokos və 01 ədəd bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddə olduğunu, onları 04 fevral 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən göyərçin heykəlinin yanında “Elnur” adlı şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 50 manata alaraq əldə etdiyini bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 aprel 2022-ci il tarixli, 2196 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işin materiallarının 101-103-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay, 13 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Cinayət işinə əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli protokoluna əsasən, təqsirləndirilən şəxs öz ifadəsində, 09 fevral 2022-ci ildə evə gedən zaman polis əməkdaşları yolda onu saxlamış, həmin vaxt onun üzərində balaca bükümdə narkotik vasitə metamfetamin olmuşdur. Polis əməkdaşları onu polis bölməsinə gətirdikdən sonra orada ona təzyiq və təsir göstərərək üzərində olan narkotik vasitənin midarından artığını onun boynuna qoydular. Əslində polis əməkdaşları onu saxlayan zaman onun üzərində qeyd etdikləri miqdarda narkotik vasitə olmamışdır. Bu səbəbləri nəzərə alaraq, ona həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Suraxanı Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb, işgəncələrə məruz qaldığını bildirməsinə dair Suraxanı rayon məhkəməsindən məlumat daxil olmuş və həmin məlumat qeydə alınaraq araşdırılması tapşırılmışdır. İzahatı alınmış Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022ci il tarixdə yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 13 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. PB-nə gətirilən zaman onun üzərində narkotik vasitə olmamışdır. PB-də olan zaman ona məxsus olmayan narkotik vasitəni onun üzərinə qoyaraq ona məxsus olmasına dair etiraf etməyə məcbur etmişlər. O polis əməkdaşları ilə razılaşmadıqda onu döyüb işgəncələr vermişlər. O da bu səbəbdən tanış olmadığı sənədlərə məcbur olub imza çəkmişdir. Onun bədəni üzərində heç bir xəsarət və ya xəsarət izi yoxdur, ekspertiza müayinəsindən keçməkdən imtina edir. Onu döyən polis əməkdaşlarının adlarını bilməsə də mülki formada olduqlarını, onu yumruq, təpik və dəyənəklə döydüklərini bildirmişdir. İzahatı alınmış Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 2010-cı ildən DİO-da, hazırki vəzifədə isə 2018-ci ildən isə Suraxanı RPİ-nin 32-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifəsi cinayətkarlığa qarşı mübarizə, baş verə biləcək cinayət hadisələrinin vaxtında qarşısının alınaraq bu istiqamətdə zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəldən tanımamış və aralarında heç bir ziddiyyət olmamışdır. 10 fevral 2022-ci il tarixdə əməliyyat məlumatı əsasında tədbir qurulmuş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi döngə 13 ünvanında saxlanılaraq 32-ci PB-nə gətirilmişdir. PB-də olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın cibindən 02 ədəd bükümdə heroin, 01 ədəd bükümdə isə metamfetamin aşkar edilərək götürülmüşdür. Saxlanılan zaman və PB-də olarkən nə o nə də ki, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. Suraxanı RPİ-nin 32-ci PB- də olarkən Rəşadla əməliyyat xarakterli söhbətlər aparılmışdır. Aparılmış araşdırma zamanı toplanmış materialda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülüb, qanunsuz hərəkətlərə məruz qalmasına dair xüsusatlar öz təsdiqini tapmamış, 135-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti maraqlı tərəflərə göndərilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs vəsatətinə əsasən sorğu edilmiş və sorğu əsasında "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli məktuba əsasən, ***-***- **-** nömrə ilə əlaqədar anten dairə məlumatlarına dair “DVD” disk göndərilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında tutulduğu zaman özünü təqsirli bilməməsi və döyülməsi barədə bildirsə belə, Suraxanı Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncunun polis əməkdaşları tərəfindən saxlanılarkən döyülüb işgəncələrə məruz bildirməsinə dair müraciətlə əlaqədar, 135-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Bununla da döyülmə faktı sübuta yetirilməmişdir. 09 fevral 2022-ci il tarixdə tutulmasını göstərsə belə, Təqsirləndirilən şəxs tərəfindən edilmiş vəsatətə əsasən ***-***-**-** nömrəyə uyğun "xxxx" MMC-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 14:00-radələrində tutulması təkzib olunmamış, əksinə sübuta yetirilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən edilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin təhlukəli residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il, 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay, 13 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Beləliklə də, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə CM-in 234.1-cİ maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin təhlükəli residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu gündən 02 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatəti və Bakı şəhər Suraxanı rayon prokurorunun təqdimatı əsasında Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdr. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,742 qram olan narkotik vasitə - heroin və 0,203 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci tarixində məhkəmə baxış iclasında yazılı ərizə ilə müraciət edərək, müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 imtina edərək, öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 10 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,742 qram olan narkotik vasitə - heroin və 0,203 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar