Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-230/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş və götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirib qaçırmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs1 məxsus, sonuncunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi 117 saylı binanın qarşısında saxladığı «Nissan Sunny minik markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmaqla avtomobili idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi 117 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prius» minik markalı ** HT *** dövlət qeydiyyati nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 1260 (bir min iki yüz altmış manat) məbləğində Zərərçəkmiş şəxs2 isə 935 (doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra həmin ünvanda DİN-nin ƏÇPA-nin 7-ci polis bölüyünün əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir,10 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə tanışları ilə yemək yeyib spirtli içki olan araq qəbul etmişdir. Təxminən 300 qram araq içdikdən sonra pivə içmək qərarına gəlmiş, təxminən 2-3 bokal pivə içdikdən sonra saat 22 radələrində kafeni tərk etmişdir. Həmin vaxt çox sərxoş olduğu üçün bundan sonra baş verənləri dəqiq xatırlamamışdır. O ayılıb özünə gəldikdə 33-cü polis bölməsində olduğunu görmüşdür. Bölmədə ayılıb özünə gəldikdə ona avtomobil qaçırmaq istədiyini və həmin avtomobillə başqa bir avtomobilə dəyərək qəza etdiyini bildirmişlər. O hadisəni törətsə də olanları detalları ilə tam xatırlamır. Onun avtomobili idarə etmək üçün sürücülük hüququ yəni sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, hadisə baş verən vaxt spirtli içkili olmuş, avtomobili qaçırtmamış, öz avtomobili olduğunu hesab edərək sürmüşdür. O, moykada işlədiyini, öz maşını olmadığını, maşınları yuyulması üçün sürərək içəri saldığını, həmin gün də öz maşını olduğunu düşündüyü üçün sürdüyünü bildirdi. O, oraya avtobusla gəlmiş, hadisəni törətmədən əvvəl araq və pivə içmiş, içki təsirində olmuşdur. Avtomobilin açarı üstündə olmuş, 1-2 metr getmişdir. O, subay olduğunu, anası və qardaşı ilə qaldığını, əməlindən peşman olduğunu, törətdiyi qəzaya görə zərəri ödədiyini, şəxslə arasında barışıq əldə edildiyini bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən «Nissan Sunny» markalı **-UO- *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur və həmin avtomobili özü idarə edir. 10 oktyabr 2024-cü idi tarixdə o həmin avtomobili idarə edib «Azpetrol» yanacaqdoldurma məntəqəsinə gələrək avtomobili Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117 saylı binanın yanında saxlayıb bankomatdan pul çıxarmışdır. Avtomobilin mühərrikini işə salma açarı üstündə qalmış, mühərriki söndürmüşdür, lakin qabarit işıqları yanmışdır. Pul çıxardandan sonra takkıltı səsi eşitmiş, baxdıqda ona məxsus avtomobil o saxladığı yerdən təxminən 60-70 metr qabaqda «Toyota Prius» markalı avtomobili arxadan vurmuş və zədələmişdir. Bu zaman onun avtomobilini idarə edən şəxs avtomobili sürüb qaçmaq istəmiş, qaçaraq ona çatmış, həmin şəxsdən nə üçün bunu etdiyini soruşmuş, həmin şəxs “çəkilin burdan bu mənim avtomobilimdir” sözlərini demişdir. O da bu avtomobilin həmin şəxsə məxsus olmadığını, “avtomobilin sahibi mənəm” demişdir. Lakin həmin şəxs avtomobildən düşüb qaçmaq istəyərkən o və ətrafdakı tanımadığı şəxslər onu saxlamış, polis çağırmış, mobili qaçıran şəxsin X3 olduğu müəyyən edilərək Polis bölməsinə aparılmışdır. Hadisə nəticəsində idarə etdiyi “Nissan Sunny” markalı, **-UO-*** diyyat nişanlı avtomobilə təxminən 1000 (bir min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, maşını işlək vəziyyətdə yolun kənarında saxlamış və banka düşərək pul çıxarmışdır. Həmin vaxt səs eşitmiş və baxdıqda maşının sürülmədiyini, içərisində başqa şəxs olduğunu görmüşdür. Maşın 50-60 metr getmiş saxlamışdır, bu zaman o, maşını müşayiət etmiş, maşın dayananda 102 xidmətinə zəng etmişdir. Maşına yaxınlaşanda isə Təqsirləndirilən şəxs ona öz maşını olduğunu demiş, onun içkili vəziyyətdə olduğunu görmüşdür. Hazırda şəxs maşına dəymiş ziyanı tam ödəmişdir, onunla arasında barışıq əldə edilib, heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir və “Toyota Prius (Hibrid)” markalı, 77-HT-35 qeydiyyat nişanlı avtomobili idarə edir. 10 oktyabr 2024-cü il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 117 saylı binanın yanında dayanıb avtomobilin içrəisində sərnişin gözləmişdir. Bu zaman yol ilə «Azpetrol» Yanacaq doldurma məntəqəsi tərəfdən gələn “Nissan” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onun dayanmış vəziyyətdə olan avtomobilinin arxa-sol tərəfdən vurmuş, sonra avtomobili arxaya verib sürüb çıxıb getmək istəmişdir. Bu zaman bir nəfər onlar tərəfə qaçaraq gəlmiş, avtomobilin ona məxsus olduğunu, avtomobilini qaçırdıqlarını demişdir. Bu zaman həmin avtomobilin sahibi və digər tanımadığı şəxslər «Nissan» avtomobilini sürüb onun avtomobilini vuran şəxsi adı ona sonradan məlum olmuş X2 tutmuşlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib həmin şəxsi tutub aparmışlar. Hadisə nəticəsində idarə etdiyi «Toyota Prius (Hibrid)» markalı, 77-HT-35 qeydiyyat nişanlı avtomobilə təxminən 1000 (bir min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, öz maşınını yol kənarında hərəkətsiz vəziyyətdə saxlamışdır. Daha sonra başqa maşın onun maşınına dəymiş, dəydikdən 10-20 saniyə sonra içərisindəki şəxs düşmüşdür. Bu zaman başqa şəxs qaça-qaça gələrək onun maşınını qaçırdığını demişdir. Maşını idarə edən şəxsin içkili oldğunu görmüşlər və ona köməklik etmişlər. Bundan sonra onlar polisi çağırmışlar. Hazırda ona dəymiş zərər tamamilə ödənilmiş, barışıq əldə edilmiş və heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində avtopatrulla xidmətdə olarkən avtomobillərin toqquşduğunu görüb onlara yaxınlaşmışdır, həmin vaxt müəyyən etmişlər ki, bir nəfər şəxs avtomaşın qaçırıb. Onlar dərhal həmin şəxsi saxlayıb Suraxanı RPİ-nin 33-cü polis bölməsinə aparmışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sərxoş olmuş və hadisəni xatırlamamışdır. Onlar Rəhimin ayılmasını gözləmişlər. O ayıldıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə tanışları ilə yemək yeyib spirtli içki olan araq qəbul etmişdir. Təxminən 300 qram araq içdikdən sonra pivə içmək qərarına gəlmiş, təxminən 2-3 bakal pivə içdikdən sonra saat 22 radələrində kafeni tərk etmişdir. Həmin vaxt çox sərxoş olduğu üçün bundan sonra baş verənləri dəqiq xatırlamamışdır. O, ayılıb özünə gəldikdə 33-cü polis bölməsində olduğunu görmüşdür. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində onun hərəkətsiz vəziyyətdə olan maşınına dəymiş zərəri tam şəkildə ödəmişdir. Şəxs ilə barışdığını, hazırda şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir tələbi olmayacağını bildirərək ərizəsinin nəzərə aınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində onun avtomobilinə xəsarət yetirmiş, maşınına dəymiş zərəri tam şəkildə ödəmişdir. Şəxs ilə barışdığını, hazırda şikayət və tələbi olmadığını, gələcəkdə də heç bir tələbi olmayacağını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin 20-ci vərəqində olan xx.xx.2024-cü il tarixli, 2/56104 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən Təqsirləndirilən şəxs hadisədən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş, hadisə vaxtı orta dərəcədə sərxoş olması müəyyən edilmişdir. Cinayət işinin 30-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən AR CM-nin 234.1-ci maddəsində təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) aya azaldılıb. Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərar ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 68-69-cu vərəqələrində olan təqsirləndirlən şəxs qismində cəlb etmək haqqında 13 oktyabr 2024-cü il tarixli qərara əsasən, Ələkpərov X1 Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirlən şəxs kimi cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham edlan edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 77-78-ci vərəqində olan 13 oktyabr 2024-cü il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-230/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutulduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı rayon Məhkəməsinə 21 may 2025-i il tarixdə daxil olmuş, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli ərizəyə əsasən, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti, tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs" qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından buraxılsın. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (bir yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-230/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-230/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver