Məhkəmə qərarları › İş №1(010)-232/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-232/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-232/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 4 mart 1971-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yerləşən 131 nömrəli yaşayış binasının arxasında əvvəllər qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu Zərərçəkmiş şəxs hərəkətdə olmasını görüb ona yaxınlaşaraq, yenidən birgə yaşamalarını təklif etməsi, sonuncunun isə onun təklifinə rədd cavabı verməsindən sonra qısqanclıq edərək, ünvanına təhqiredici sözlər deməsi səbəbindən, aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yaxasından yapışıb, Zərərçəkmiş şəxs sillə və yumruq zərbələri ilə, həmçinin üzərində olan bıçaqla sağ əlinə qəsdən vuraraq, sonunjunun sağlamlığına sağ əlin İİİ barmağının deşilmiş yarası, sol əlin, həmin əlin 1 əl barmağını əhatə etmiş qançır-şişkinlik halında əziyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 3 il bundan əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində tikintidə işləyərkən, həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuş və bu tanışlıq aralarında sevgi münasibətlərinin yaranmasına səbəb olmuşdur. Evli olmağına baxmayaraq, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Bir yerdə olduqları müddət ərzində aralarında şəxsi münasibətlərin pozulması zəminində müəyyən problemləri olmuş, lakin Elnarə ilə münasibətlərini bərpa edib, yenidən bir yerdə olmuşlar. 2020-ci ilin ortalarında o, Elnarə ilə birgə iş qurmaq istəsə də, Elnarə 6.000 manat pulunun onun tərəfindən ələ keçirilməsi barədə Suraxanı RPİ-nə şikayət etmiş və bu barədə araşdırma aparılmışdır. Bundan sonra Elnarə ilə münasibətləri soyumağa başlamışdır. 2021-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ona mesajlar yazaraq ayrılmaq istədiyini, daha onunla görüşməyəcəyini bildirmişdir. Bir müddət o, Elnarənin görüşmək istəməməsinə razı olsa da, lakin sonradan Elnarədən ayrı qala bilməyəcəyini başa düşmüş və bu səbəbdən də Elnarəni telefon vasitəsi ilə narahat etməyə başlamışdır. 22 mart 2021-ci il tarixdə, saat təxminən 16 radələrində o, işi ilə əlaqədar Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsində yeni tikilən binaların yanından keçərkən Elnarəni görmüşdür. Elnarənin yanında bir nəfər kişi də olmuşdur. O, Elnarəyə yaxınlaşdıqda, həmin orta yaşlı kişi kənara çəkilmişdir. O, Elnarəyə onu sevdiyini, ayrı yaşaya bilmədiyini demiş və bundan sonra onunla birlikdə olmasını, ayrı qalmamasını tələb etmişdir. Elnarə isə onu rədd edərək ünvanına təhqiredici sözlər demiş və aralarında qızğın mübahisə düşmüşdür. Elə başa düşmüşdür ki, Elnarə onu bir başqasına dəyişərək xəyanət etmişdir. Mübahisə zamanı o, hirsli olduğu üçün əlini cibinə atıb, həmişə üstündə olan balaca 3-4 sm uzunluğunda olan bir tərəfi kəsici, açılıb-qatlanan cib bıçağını çıxarıb Elnarəni qorxutmaq istəmiş və digər əli ilə Elnarənin yaxasından yapışmışdır. Elnarə sağ əli ilə onu itələmək istədikdə, əlindəki bıçağı ona tərəf istiqamətləndirmiş və bu zamaq bıçaq Elnarənin sağ əlini kəsmişdir. Elnarənin ona xəyanət edib-etməməsini yoxlamaq üçün əlini atıb Elnarənin şubasının cibində olan «Samsung» markalı mobil telefonu götürüb, mesajlara baxmaq istəmişdir. Elnarə telefonu əlindən almaq istəyərkən, mobil telefon yerə düşüb sınmışdır. Elnarənin xəsarətlənməsini görərək, həm də münaqişənin böyüməsindən ehtiyat edərək, oradan çıxıb getmiş və yolda əlindəki bıçağı xatırlamadığı bir yerə tullamışdır. Elnarə ilə aralarında baş vermiş münaqişə zamanı əsəbləşib özündən çıxdığından, bıçağa əl atmış, lakin Elnarəyə ciddi bir xəsarət yetirmək məqsədi olmamışdır. Zərərçəkmiş şəxs vatsap nömrəsinə ***-***-**-** nömrəsndən «bil ki mənim olmasan, sənin başını kəsəcəm, öldürəcəm, bunun sonu ölümdür biləsən, ağlını başına yığ, sənin sonun pis olacaq, yəni səni öldürəcəm, üzünə kislota atıb yandıracam, heç kimə lazım olmayacaqsan, hər güzgüyə baxanda məni xatırlayarsan, nə polis, nə müstəntiqdən qorxmuram, ya qazanacam, yada ki öldürəcəm» məzmununda mesajlar yazmasını etiraf edir. Yazdığı mesajların məzmunundan ölümlə hədələmə görsənsə də, əsl həqiqətdə heç vaxt Zərərçəkmiş şəxs öldürmək və ona hər hansı bir xəsarət yetirmək məqsədi olmamışdır, həmin mesajları istəyinə cavab vermədiyinə görə acığından, hirsindən yazmışdır, sözdən başqa bir mənası yoxdur, heç bir real hədə-qorxu gəlmək niyyəti olmamışdır və ola da bilməzdi. Etdiyi əməldən peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 3 il əvvəl tanış olmuşdur. Təqsirləndirilən şəxslə tanış olduğu zaman, sonuncu yaşadığı ərazidə tikilən obyektin gözətçisi işləyirdi. Bundan sonra aralarında yaxın münasibətlər yaranmış və Təqsirləndirilən şəxs evli olmasını bilərək, onu başa salmışdır ki, öz şəxsi həyatında sərbəstdir. Müşfiq də başa düşməsini bildirmiş və onun rəsmi həyat yoldaşı olmamasını dərk etmişdir. Müşfiq onu rəsmi nigaha girməyə məcbur etsə də, buna etiraz etmişdir. Bir müddət sonra Müşfiq onu hədsiz dərəcədə qısqanmağa, hərəkətlərinə məhdudiyyət qoymağa başlamışdır. Eyni zamanda da onun arvadı Rəsmiyə və baldızı qızı Validə ona zəng edərək və mesajlar yazaraq təhqir etməyə, bir sözlə “gününü qara” etməyə başlamışlar. 2020-ci ilin ortalarında Müşfiq ondan 6.000 manat pul alaraq, Yeni Suraxanı qəsəbəsində torpaq sahəsini alıb birgə iş görməyi vəd etmiş və onu aldadaraq, pulunu qaytarmamışdır. O, Müşfiqdən pulunu tələb etdikdə, sonunju onu yataq şəkillərini paylaşmaqla hədələmişdir. Bu barədə Suraxanı RPİ-nin İŞ-də müraciəti əsasında araşdırma aparılmış və müstəntiq Çingiz Seyidov tərəfindən 19.10.2020- ci il tarixdə qərar qəbul edilmişdir. Müşfiq məsuliyyətdən qorxduğu üçün, pulunu tam ödəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaxınlıq vermək istəməsə də, sonuncu əgər görüşməsə, özünü öldürəcəyi, arvadına zəhər verib öldürəcəyi kimi ifadələr işlədərək, ondan əl çəkməyəcəyini bildirmişdir. Nəhayət 2021-ci il fevral ayının 12-də, yəni ad günündə o, Təqsirləndirilən şəxs mesaj yazaraq, ondan tamamilə ayrıldığını bildirmiş və bir daha onu narahat etməməsini tələb etmişdir. Həmin gündən etibarən Müşfiq ona hədələyici mesajlar yazaraq, onunla görüşməyi tələb etməyə başlamışdır. 22 mart 2021ci il tarixdə günortadan sonra onun mənzilində hamam-tualetin su sistemində problem olduğundan, tanıdığı santexnik-usta Mayisi evə çağırmışdır. Mais təzə duş almaq lazım olmasını bildirdiyinə görə, onunla birlikdə evdən çıxmış və bir qədər aralıda olan inşaat malları mağazasından lazım olanları alıb, evə qayıtmaq istəmişdir. Onlar yeni tikilməkdə olan binaların yanından keçərkən, Müşfiq uca səslə onu arxadan çağırmışdır. O, geri dönüb Müşfiqi görmüş və onun aqresiyasını hiss etdiyindən Maisə demişdir ki, qarışmasın. Mais buna görə kənarlaşıb, onu Müşfiqlə tək buraxmışdır. Mayis ondan aralaşan kimi, Müşfiq ona çatıb yaxasından yapışmış, onunla getməyi tələb etmiş və qışqıra-qışqıra «sən ancaq mənimlə olmalısan, heç kəs mənim qarşımı kəsə bilməz» sözlərini demişdir. O, əli ilə Müşfiqin əlini tutub yaxasından çəkmək istəyəndə, Müşfiq cibindən balaca bir bıçaq çıxardıb, bıçağı ona tərəf tutaraq, yenidən onunla münasibətləri bərpa etməyi tələb etmişdir. O, Müşfiqi özündən kənara itələmək istədikdə, Müşfiqin əlindəki bıçaq onun sağ əlini kəsmiş və buna görə də qışqırmışdır. Bu zaman Müşfiq görəndə ki, Mayis onlara yaxınlaşır, sol qolunu burmağa və əlinin üstünə yumruq zərbələri yetirməyə başlamışdır. Daha sonra Müşfiq əlini onun şubasının cibinə atıb, 300 manat dəyərində olan «Samsung J-3» markalı mobil telefon aparatını götürmüş və qısqanclıq göstərərək mesajlara baxmaq istəmişdir. O, telefonunu Müşfiqdən almaq istədikdə, Müşfiq telefonu yerə vurub sındırmışdır. Həmin vaxtı Mayis özünü onlara çatdırmışdır. Bu zaman Müşfiq onun yaxasından yapışmışdır. Mayis özünü onlara çatdırdıqda, Müşfiqi ondan ayırıb kənara çəkmişdir. Sonra Müşfiq adamların toplanmasını görüb, ehtiyat edərək çıxıb getmiş və əlində olan balaca qatlanan cib bıçağını özü ilə aparmışdır. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Sonra isə Suraxanı RPİ-nin 33-cü PB-nə gedərək baş vermiş hadisə ilə əlaqədar olaraq ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonunjuya ağır jəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki, tanıyır. O, Elnarənin mənzilində bir neçə dəfə santexnika işlərini görmüşdür. 22 mart 2021-ci il tarixdə günün birinci yarısında Elnarə ona zəng edib mənzilin hamamında duşun xarab olduğunu bildirərək, gəlib düzəltməyi xahiş etmişdir. O, Elnarənin xahişinə əsasən həmin günün ikinci yarısında Elnarənin yaşadığı ünvana getmiş, hamamda duş xarab olduğundan, təzəsini almaqdan ötrü sonunju ilə birlikdə mağazaya getmişlər. Yolda yeni inşa edilmiş binalara çatdıqda, birinci dəfə gördüyü bir kişi, hazırki iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşılarına çıxmışdır. Həmin şəxs Elnarəyə yaxınlaşdıqda, Elnarə ona demişdir ki, «sən qabağa get, sənlik deyil». O, kənara çəkilib dayanmış, Elnarə isə həmin şəxslə söhbət etməyə başlamışdır. Arasından təxminən 5-10 dəqiqə keçmiş səs-küy eşidib, arxaya çöndükdə görmüşdür ki, həmin kişi Elnarənin boğaz tərəfdən sol əli ilə yaxasından tutub və sağ əlində də açılıb-qatlanan bir cib bıçağının olmasını görmüşdür. O, tez özünü onların yanına çatdırıb, Elnarəni həmin şəxsin əlindən alaraq kənara çəkmişdir və həmin şəxs də bıçağı özü ilə götürərək çıxıb getmişdir. Həmin şəxsin kim olmasını Elnarədən soruşanda, sonunju bu şəxsin Müşfiq adlı şəxs olmasını və onunla əvvəllər qeyri-rəsmi olaraq ərarvad kimi yaşadığını bildirmişdir. Sonra baş vermiş hadisəyə görə heç bir yerə getməyərək, hərə öz evinə çıxıb getmişdir. Elnarəni Müşfiqin əlindən alandan sonra sonuncunun sağ əlinin kəsilib qanamasını, sol əlində isə şişkinlik görmüşdür. 3 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs müəyyən edilib saxlanılaraq gətirilib Suraxanı RPİ-nin İŞ-nə təhvil verilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs tərəfimdən tutularaq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə 03 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarından müəyyən olunur ki, 05 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmiş və həmin tarixdə də Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-nin publik hüquqi şəxsin 27 mart 2021-ci il tarixli, 260 №-li rəyindən görünür ki, “Zərərçəkmiş şəxs qızmdasağ əlin İİİ barmağının deşilmiş yarası iti uclu əşya (alət) təsirindən, sol əlin, həmin əlin İ əl barmağını əhatə etmiş qançır-şişkinlik halında əziyi bərk küt əşya (əşyaların) təsirindən törənmişlər. 22.03.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətlərin onun özü tərəfindən yetirilməsi az inandırıcıdır”. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin etirafediji izahatı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətdiyi jinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 03.06.2021-ci il tarixdən 05.06.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlıgın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar