Məhkəmə qərarları › İş №1(010)-232/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-232/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-232/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1973-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 23 – 25 sentyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 25 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 23 sentyabr 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022-ci ildə saat saat 12:30-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,275 qaram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə təxminən saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də üzərində şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə etməli olduğunu bildirdilər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə getdikdən sonra şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə aparan polis əməkdaşlarının iştirakları ilə video çəkilişlə təhqiqatçı tərəfindən xidməti otaqda üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, maddə olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki boz rəngli parça şalvarının sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümü təqdim etmiş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə tanımadığı şəxsdən 10 manata aldığını və özünün istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, zərfin üzəri imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik maddədən istifadə etməyə imkanı olmamışdır. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilərkən və polis bölməsində olan zaman ona qarşı fiziki təzyiqlər və zorakılıq halları olmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 Nurədin oğlu bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 23 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30 radələrində ünvan 3 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsi görüb, ona yaxınlaşaraq onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında və daşımasında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını, ona görə də onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. 31-ci polis bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçı X1 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onların iştirakları ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli kütlə olduğu görünən bir ədəd gümüşü bükümü, bir ədəd qara rəngli “Nokia” markalı, bir ədəd “KGTEL” markalı mobil telefonları çıxarıb təqdim edərək, təqdim etdiyi bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisindəki kütlənin narkotik vasitə olduğu güman edilən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X1 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPMnin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması” haqqında” 23 sentyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümə bükülmüş büküm, “KGTEL” və “Nokia” markalı mobil telefonları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan gümüşü rəngli bükümə bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 25 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. 24 sentyabr 2022-cı il tarixli 6/5494 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 09 dekabr 2022-cı il tarixli 7484 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,050 qram olmaqla, qalıq 0,225 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,225 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən biz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – 25 sentyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.30-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,225 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən biz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar