Məhkəmə qərarları › İş №1(010)-235/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-235/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-235/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1976-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, heç yerdə işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 9 nömrəli evin 81 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkisi 0.850 qram, 0.837 qram, 0.040 qram olmaqla ümumi təmiz çəkisi 1.727 qram təşkil edən 03 (üç) ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ayrıayrılıqda təmiz çəkisi 0.191 qram, 0.146 qram olmaqla ümumi təmiz çəkisi 0.337 qram təşkil edən 02 (iki) ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib çiynindən asdığı qara rəngli dəri çantanın içərisində olan ağ-qara rəngli pul kissəsinin içərisində saxlayaraq daşımış, 02 may 2021-ci il tarixdə, saat 16:30da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində fəaliyyət göstərən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş, orada xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman ayrı-ayrılıqda təmiz çəkisi 0.850 qram, 0.837 qram, 0.040 qram olmaqla ümumi təmiz çəkisi 1.727 qram olan xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış 03 (üç) ədəd bükümdə narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkisi 0.191 qram, 0.146 qram olmaqla ümumi təmiz çəkisi 0.337 qram olan xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış 02 (iki) ədəd bükümdə psixotrop maddə - metamfetamin Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəri çantanın içərisində olan ağ-qara rəngli pul kissəsinin içərisindən aşkar edilərək, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 02 may 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin almış, onları daha sonra istifadə etmək məqsədilə üzərindəki qara rəngli dəri çantanın içərisində saxladığı pul kisəsinin içərisinə qoymuşdur. Həmin gün təxminən saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis bölməsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, üzərindəki qara rəngli dəri çantanın içərisində olan pul kisəsindən, şəxsi istifadəsi məqsədilə alıb üzərində saxladığı, içərisində metamfetamin və heroin olan bükümləri, bundan başqa əl çantasının içərsində narkotik vasitəni istifadə etmək üçün saxladığı bir ədəd qayçını, bir ədəd 2.5 ml həcmli şprisi, bir ədəd dırnaq üçün neştəri, bir ədəd üzərində “Novakain” sözü yazılmış sınmış şüşə ampulanı, bir ədəd içərisi boş olan şüşə borunu və bir büküm limon turşusunu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümlərdə olan olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yalnız üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X6 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 02 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və digər iş yoldaşından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat təxminən 16:30-da onlar, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində fəaliyyət göstərən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb yaxınlaşaraq özlərini təqdim etmişlər, ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da öz növbəsində etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Orada, xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əlində olan qara rəngli dəri çantanın içərisində olan ağ qara rəngli pul kisəsini çıxardaraq onun içərisindən şəffaf sellofana bükülmüş üç ədəd bükümü və bir ədəd sellofanın içərisində olan kağıza bükülmüş iki ədəd bükümü, bundan başqa bir ədəd qayçını, bir ədəd 2.5 ml həcmli şprisi, bir ədəd dırnaq üçün neştəri, bir ədəd üzərində “Novakain” sözü yazılmış sınmış şüşə ampulanı, bir ədəd içərisi boş olan şüşə borunu, bir büküm limon turşusunu təqdim etmiş və bildirmişdir ki, bükümlərdə olan olan maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 80 manata Tural adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əlində olan qara rəngli dəri çantanın içərisində olan ağ qara rəngli pul kisəsini çıxardaraq onun içərisindən şəffaf sellofana bükülmüş üç ədəd bükümü və bir ədəd sellofanın içərisində olan kağıza bükülmüş iki ədəd bükümü, bundan başqa bir ədəd qayçını, bir ədəd 2.5 ml həcmli şprisi, bir ədəd dırnaq üçün neştəri, bir ədəd üzərində “Novakain” sözü yazılmış sınmış şüşə ampulanı, bir ədəd içərisi boş olan şüşə borunu, bir büküm limon turşusunu təqdim etmiş və bildirmişdir ki, bükümlərdə olan olan maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 80 manata Tural adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Baxışın nəticələrinə dair tərtib edilmiş protokol baxışda iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 30 may 2021-ci il tarixli, 6/1777 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.191 qram, 0.146 qram, ümumi təmiz çəkisi 0.337 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.850 qram, 0.837 qram, 0.040 qram ümumi təmiz çəkisi 1.727 qram olan qəhvəyi rəngli maddə ustar üsulla hazırlanmış – narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd şüşə boruda psixotrop maddə olan metamfetaminin izləri vardır. Bir ədəd üzərində “Hovakain” göstəricisi olan sınmış şüşə ampulada narkotik vasitə olan heroinin izəri vardır. Heroin və metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və metamfetaminlə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Digər bir ədəd qayçıda, bir ədəd dırnaq üçün neştərdə və bir ədəd 2.5 ml həcmli şprisdə narkotik və ya psixtrop maddələrə aid izlər müşahidə edilməmişdir. Bir ədəd bükümdə təmiz çəkisi 1.075 qram olan ağ rəngli maddə - limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli müqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil deyildir. Ümumi təmiz çəkisi 1.727 qram olan heroinin 0.11 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.617 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.337 qram olan metamfetaminin 0.08 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.257 qram təşkil etmişdir. Təmiz çəkisi 1.075 qram olan limon turşusunun 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.975 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 04 may 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin inzibati binasında, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əlində olan qara rəngli dəri çantanın içərisində olan ağ qara rəngli pul kisəsini çıxardaraq onun içərisindən şəffaf sellofana bükülmüş üç ədəd bükümü və bir ədəd sellofanın içərisində olan kağıza bükülmüş iki ədəd bükümü, bundan başqa bir ədəd qayçını, bir ədəd 2.5 ml həcmli şprisi, bir ədəd dırnaq üçün neştəri, bir ədəd üzərində “Novakain” sözü yazılmış sınmış şüşə ampulanı, bir ədəd içərisi boş olan şüşə borunu, bir büküm limon turşusunu təqdim edir və bildirir ki, bükümlərdə olan olan maddə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Tural adlı şəxsdən 80 manata öz istifadəsi üçün almışdır. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülür. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2021-ci il tarixli, 1382 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 iyun 2021-ci il tarixli, 6/2192 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi TƏDQİQAT OBYEKTİ №65” dairəvi möhür əksi olan, “Ekspert rəyi 6/1777” yazı və imzalar olan paketdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0.151 qram və 0.106 qram metamfetamin öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə enyi, 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.810 qram, 0.797 qram. 0.010 qram heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Ümumi təmiz çəkisi 1.617 qram olan heroinin 0.015 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.602 qram təşkil etmişdir. Ümumi təmiz çəkisi 0.257 qram olan metamfetaminin 0.08 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.177 qram təşkil etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 may 2021-ci il tarixli məlumatından və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyun 2015-ci ildə isə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 02 may 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında və qətimkan tədbiri seçmək haqqında 04 may 2021ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 04 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilməklə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin təqsirlən şəxs Təqsirləndirilən şəxs on dörd yaşına çatmamış iki uşağını təkbaşına böyütdüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. İş materiallarında olan 09 yanvar 2008-ci il tarixli, AZ-İ seriyalı, 379242 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X9 arasında bağlanmış nikah, Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsində, nikahın bağlanması haqqında akt qeydləri kitabında, 17 oktyabr 2007-ci il tarixdə 1479 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 25 aprel 2012-ci il tarixli, AZ-İİ seriyalı, 884357 nömrəli və 18 avqust 2020-ci il tarixli, AZ-T seriyalı, 114889 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X10 ilə birgə nikahından 15 yanvar 2012-ci il təvəllüdlü X8 və 24 avqust 2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixli, AZ-İİ seriyalı, 050006 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 06 iyul 2019-cu ildə alimentar marazm səbəbindən ölmüşdür. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının 15 yanvar 2012-ci il təvəllüdlü X5 və 24 avqust 2016cı il təvəllüdlü X4 14 (on dörd) yaşına çatanadək təxirə salınmasını məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın təxirə təxirə salınmasını məqsədəuyğun hesab etsə də, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.602 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.177 qram olan metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 153 (yüz əlli üç) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 02 may 2021-ci il tarixdən 04 may 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə hökmün icrası Təqsirləndirilən şəxs təkbaşına böyütdüyü 15 yanvar 2012-ci il təvəllüdlü X8 və 24 avqust 2016-cı il təvəllüdlü X7 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi və materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 153 (yüz əlli üç) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.602 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 0.177 qram olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar