Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-235/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs ondan xəbərsiz mobil telefon istifadə etdiyindən şübhələnərək onunla mübahisə etmiş və qəsdən cibində gəzdirdiyi, əlamətləri təhqiqata məlum olmayan bıçaqla bir dəfə sonuncunun sol ayağın bud hissəsindən, bır dəfə burun nahiyəsindən vurmuş, həmçinin yumruqla baş, sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 1999-cu ildə ailə həyatı qurmuş və birgə nikahlarından iki övladı doğulmuşdur. Son vaxtlar arvadı ilə münasibətləri pozulub. Buna səbəb isə özündən asılı olmayaraq hər şeyə görə onu qısqanmasıdır. 06 may 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən arvadı Rənanın ondan gizlin mobil telefon işlətdiyindən şübhələnmiş və Rənadan niyə ondan icazəsiz mobil telefon işlətdiyini soruşmuşdur. Arvadı mobil telefon istifadə etdiyini inkar etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbiləşib cibində gəzdirdiyi tutacaq hissəsi qara rəngdə olan bıçağı çıxardıb arvadının bir dəfə sol bud nahiyəsindən vurdu. Həmçinin bıçağı əlində yellədən zaman bıçaq onun burun nahiyəsinə dəydi. Həmin zaman evdə olan oğlu Şahid gələrək onu sakitləşdirdi və bayıra çıxardı. O, evdən aralaşaraq Zərərçəkmiş şəxs vurduğu qara saplı, açılıb-bağlanan bıçağı harasa tullamışdı. Bıçağı dəqiq hara atdığını bilmədi. Bundan sonra həmin gün polis idarəsinə gələrək etdiyi əməli etiraf etdi. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, son zamanlar əri Təqsirləndirilən şəxsla münasibətləri pozulub, səbəb isə ərinin əsasız olaraq əlində heç-bir sübut olmadığı halda onu şərləyərək guya xəyanət etdiyini deməsidir. 06 may 2022-ci il tarixdə, saat 15 radələrində yaşadığı evin birinci mərtəbəsində əri Təqsirləndirilən şəxs ona “sən məndən gizli olaraq mobil telefon istifadə edirsən” dedi. Eminə telefonu yoxdur desə də, sonuncu onunla mübahisə etməyə başladı. Əri onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi və əsəbiləşərək üstündə gəzdirdiyi qara saplı açılıb-bağlanan bıçağını cibindən çıxardaraq sol ayağının bud hissəsindən vurdu. Həmçinin bıçağı əlində yellədən zaman bıçaq onun burun nahiyəsinə dəydi. Əri bundan sonra yumruqla onun başından, sifətindən və bədəninin müxtəlif nahiyələrdən vuraraq döydü. Bu vaxt evdə olan oğlu Şahid gələrək onu Eminin əlindən alaraq onu küçəyə çıxardı. Hazırda təqsirləndirilən şəxslə barışmayıb və ona qanunla müəyyən edilmiş cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 07 may 2022-ci il tarixli 505 nömrəli ekspert rəyinin nəticəvi hissəsində 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsi ilə bağlı qeyd olunur ki, “Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən, burun və sol gözaltı nahiyələrin kəsilmiş səthi yaraları iti kənarlı əşya (alət), ola bilsin bıçaq təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 06 may 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. P.H.Fərmanovada aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü-özünə yetirməsi, eləcə də yıxılması zamanı əmələ gəlməsi inandırıcı deyildir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz əməlini etiraf etdiyini və peşman olduğunu, cinayətin ailə-məişət mübahisəsi zəminində törədildiyini iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə vəziyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-235/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-235/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver