Məhkəmə qərarları › İş №1(010)-236/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-236/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-236/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Ermənistan Respubilkasının Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 2, mənzil 12-də qeydiyyatda olmaqla yaşayır, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 08 yanvar 2024-cü il tarixdə saat 11:55-də Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması səbəbindən saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş, təmiz çəkisi 0,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısından keçərkən iki nəfər mülkü geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Suraxanı RPİ-nə aparmış və onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş,video çəkiliş aparılmaqla üstünə şəxsi axtarış keçirilmişdir. Onun üstünə şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş, bükülü və bir ədəd «Redmi 9S» markalı mobil telefonu çıxarıb təqdim etmiş, qadağan olunmuş bükülmüş bükülü açıldıqda içərsində açıq -qəhvəyi rəngli maddə spesfik iyə malik olan maddəni çıxararaq həmin maddənin heroin- olmasını etiraf edərək polis əməkdaşlarına təqdim etmiş və həmin maddə polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu «Yağmur» şadlıq sarayının yaxınlığından keçərkən yerdən tapmış tapdığı narkotik vastəni, əynində olan tünd qara rəngli idman şalvarın sağ yan cibində gizlətmişdir.Bundan sonra O,polis əməkdaşları protokol tərtib etmişlər, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyaraq qablaşdırmışlar və möhürləmişlər, tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa o göstərdiyi hallarla bağlı izahat vermiş və doğruluğunu imzası ilə təsdiq etmiş, izahatdakı və protokoldakı imzaların ona məxsus olmasını bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində şikəst bacısının olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Suraxanı RPİ-nin 32-ci PB-nin KMQ üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bayramov X2 rayonu Qaraçuxur qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olduğundan əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə Suraxanı RPİ-nin rəisinin 08 yanvar 2024-cü il tarixli əməliyyat qrupu yaradılmış və o, bölmənin kiçik əməliyyat müvvəkili Şahid2lə, həmin qrupa daxil edilmişdir. Əmrin icrası ilə əlaqədar olaraq 08 yanvar 2024-cü il tarixdə saat 11 radələrində ünvan 3 ünvanın qarşısından yolu keçərkən əməliyyat tədbirləri keçirən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Suraxanı RPİ- nin 32 PB-nə dəvət etmişlər. Polis bölməsinin inzibati binasında olan xidməti otaqların birində həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin gün onun üstünə video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açıldıqda içərsində qəhvəyi rəngli spesfık iyə malik bükümü və bir ədəd «Redmi 9S» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bükülü açıldıqda içərsində qəhvəyi rəngli spesfık iyə malik narkotik vasitə kokos olmasını etiraf etmiş və təhqiqatçıya təqdim etmişdir. Qeyd edilən maddə təhqiqatçı tərəfindən götürülümüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq göstərilməmiş və o, könüllü olaraq tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dinidirilmiş Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verərək eyni ilə təstiq etmişdirlər. Cinayət işinin 12-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 11:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 73-75-ci vərəqlərində olan 10 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Qasım Abbasovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-cı vərəqində olan 10 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 29-30-cu vərəqində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyinindəki olan tünd rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü açıldıqda içərisində qəhvəyi rəngli spesfik iyə malik bükümü təqdim etmiş narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Cinayət işinin 39-43-cü vərəqələrində olan cinayət işi üzrə təyin olunmuş məhkəməfiziki-kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/50 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,891 qram, tədqiqata istifadə olundu-0,050qram, qalıq- 0,841 qram olan açıq qəhvəyi rəngli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 92-93-cü vərəqələrində olan məhkəmə narkoloji ekspertizasının 11 fevral 2024-cü il tarixli 138 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə olunan Təqsirləndirilən şəxs Opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 11:55 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 33 saylı ünvanın qarşısında Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Suraxanı RPİ-ninİdarənin inzibati binasına gətirilmiş və saat 12:35 -dən saat 13:00-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş, narkotik vasitəni istifadə etdiyi üzərində aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Cinayət işinin 91-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı RPİnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD formatlı diskə baxış keçirilərkən əynində olan tünd qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş, təmiz çəkisi 0,891 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,891 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və şikəst bacısının olmasını cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 07 iyul 2024cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 07 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,841 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar