Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-237/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları Suraxanı Rayon Məhkəməsinə 25 may 2022-ci ildə daxil olub. İş üzrə məhkəmənin hazırlıq iclası 01 iyun 2022-ci il tarixinə təyin olunmuşdur. Sadələşdirilmiş icraat materialları üzrə yekun protokolun nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 23:45 radələrində yaşadığı ünvan 2 ünvanında birlikdə yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sol göz ətrafı yumşaq toxunmaların şişkinlik və qamçırı (hematoması), alm nahiyəsinin qamçın, şişkinlik və qançırı, sıyrığı, sol bazunun, sağ bazu oynağının,sağ kürək nahiyəsinin, sol əlinin arxa səthinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı sadələşdirilmiş icraat materialları Suraxanı Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin tələbləri pozulmayıb. Hazırda iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşıdır. Qeyri-rəsmi nikahlarından 24.12.2015-ci il tarixdə qızı Nərmin Şükürova, 08.01.2017-ci il tarixdə qızı Səfiyə Şükürova, 30.06.2022-ci il tarixdə qızı Tülay Şükürova və 17.09.2020-ci il tarixdə oğlu Araz Şükürov dünyaya gəlmişdir. Münasibətləri daim yaxşı olmuşdur. 09 may 2022-ci il tarixdə o, işdə olarkən həyat yoldaşı Firəngizə məxsus olan mobil telefonuna zəng etmiş, lakin Firəngizin telefonu məşğul olduğu üçün evə gələrək ondan kiminlə danışdığını soruşmuşdur. Həyat yoldaşı Firəngiz anası ilə danışdığını bildirmiş lakin o, sonuncuya inanmamışdır. 10 may 2022-ci il tarixdə, saat 23:45 radələrində o, işdən evə gəlmiş, evin mətbəxinə keçərək həyat yoldaşı Firəngizdən çay istəyərək evin kirayə pulunun hazır olduğunu və ev yiyəsinə zəng etməyini istəmişdir. Lakin Firəngiz ona məxsus olan telefona baxaraq nömrə axtardığı üçün, telefonda olan nömrələrə çox baxdığından sonuncunu qısqanmış və əsəbləşərək evin mətbəx otağında əl zərbələri ilə vuraraq Firəngizin bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra o, yaşadığı evi tərk etmişdir. Dava-dalaş zamanı yaşadıqları evdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşıdır. Qeyri-rəsmi nikahlarından 24.12.2015-ci il tarixdə qızı Nərmin Şükürova, 08.01.2017-ci il tarixdə qızı Səfiyə Şükürova, 30.06.2022-ci il tarixdə qızı Tülay Şükürova və 17.09.2020-ci il tarixdə oğlu Araz Şükürov dünyaya gəlmişdir. Münasibətləri daim yaxşı olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs son vaxtlar ailədə yaranmış narazılıqlara görə, yəni qısqanclıq səbəbindən onunla kobud rəftar etməsinə baxmayaraq, heç bir şikayət etməmişdir. 10 may 2022-ci il tarixdə, saat təxminən 23:45 radələrində yoldaşı Səbuhi evə gəlmişdir. Səbuhi evə gələndən sonra onun mobil telefonun nə səbəbdən məşğul olduğunu bildirib ona irad tutmuş, evin mətbəx otağına keçmiş və ondan çay istəmişdir. O, yoldaşı Səbuhiyə çay verərkən Səbuhi ona evin pulunun hazır olduğunu və sonuncuya məxsus olan telefondan ev sahibinə zəng etməyini bildirmişdir. O, Səbuhinin telefonunu götürüb ev yiyəsinə zəng etmək istəmiş, mobil telefonu əlindən almış və telefon siyahısına baxaraq ev sahibinin nömrəsini axtarmağa başlamışdır. Lakin Səbuhi onu qısqandığı üçün mübahisə etmiş və onu təhqir edərək əl zərbələri ilə evin mətbəx otağında döyərək xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin izahatı, istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyinin” Suraxanı rayon şöbəsinin canlı şəxsin 11 may 2022-ci il tarixli «520» saylı ekspertizası rəyində görünür ki. 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- sol göz ətrafı yumşaq toxunmaların şişkinlik və qançırı (hematoması), alın nahiyəsinin qamçın, şişkinlik və qançırı, sıyrığı, sol bazunun, sağ bazu oynağının, sağ kürək nahiyəsinin, sol əlinin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10 may 2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300, 305, 306, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-237/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-237/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver