Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-239/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 03 – 05 fevral 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram təşkil edən maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 03 fevral 2022-ci il tarixdə saat 11:00-da Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,360 qram təşkil edən maddə kütləsi – kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 03 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 14 nömrəli binanın qarşısında dayandığı vaxt polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmayıb. Lakin polis bölməsində ona təzyiq göstərilərək bir büküm narkotik vasitəni üzərinə götürməsini tələb etdilər. Bununla bağlı heç bir yerə şikayət etməmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə edib üzərində daşıması və narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 03 fevral 2022-ci il tarixdə saat 11 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, yəni Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 14-ün qarşısında müəyyən edərək, ona özlərini təqdim etmiş və Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə Suraxanı RPİ-nin 33-cü polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X1, 33-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunaraq üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olub-olması və əgər varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə içərisində tozşəkilli, qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa əşyanın olub-olmaması barədə soruşduqda başqa əşyanın olmadığını bildirməsinə baxmayaraq onun üzərinə baxış keçirilmiş, lakin qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə barədə soruşduqda 1 ədəd bükümdə içərisində tozşəkilli, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olmasını və üzdən tanıdığı, ancaq adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə alıb üzərində daşımasını bildirmişdir. Sonra aşkar olunmuş maddə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o, və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq olunmuşdur. Şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Şahidlər bildirirlər ki, istər saxlanıldığı vaxt, istərsə də bundan sonra təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq göstərilməyib. O, polis bölməsində üzərində saxladığı narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt diskdəki videoyazı, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 03 fevral 2022-cı il tarixli 6/687 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №171” möhür əksi, Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,360 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 22 aprel 2022-cı il tarixli 2001 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxsin məhkəməyə bildirdikləri isə bildirdikləri isə reallıqda baş vermiş hadisələri təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,310 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 – 05 fevral 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,310 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-239/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-239/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver