Məhkəmə qərarları › İş №1(010)-24/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-24/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-24/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 02 may 2023-cü il tarixdə, saat 11:30-da, Bakı şəhərində, xx xxxxxx 1996-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında sosial evdə yaşayan, 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2021-ci il tarixdə barəsində şübhəli şəxs statusu ləğv edilmiş, 01 oktyabr 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, 04 mart 2022-ci il tarixdə tutulmuş, 06 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-218/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qabaqcadan aralarında olan razılaşmaya əssasən o, küçədə gəlib gedənləri izləmək üçün Natiq Əhmədəvun idarə etdiyi “Opel Vectra” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə pusquda dayanmış, Şahid2 isə 15 aprel 2021-ci il tarixdə səhər saat 09:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını divara bərkidilmiş yerindən əli ilə dartıb çıxarmış və sonradan özü ilə gətirdiyi avtomobilin təkərinin açılmasında istifadə olunan dəmirdən olan açarla plastik pəncərəni açıb qanunsuz olaraq evə daxil olub evin qonaq otağındakı divanın saxlanc yerindən 11.600 manat nağd pul vəsaitini, ümumi dəyəri 20 manat olan 3 ədəd qadın əl kremini, 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 15 manat dəyərində 100 ml həcmli ətiri, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 40 manat dəyərində 100 ml həcmli ətiri və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan istifadədə olmamış 8,00 manat dəyərində 100 qram kosmetik duzu gizli olaraq talayıb ümumililikdə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs cəmi 11683 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Natiqi hadisə baş verməmişdən bir müddət əvvəl sərnişin kimi tanımışdır. Belə ki, o, həmin vaxtlar avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş və Kəmalə ilə qeyri-rəsmi münasibətdə idi. 14 aprel 2021-ci il tarixdə Kəmalə ilə birlikdə Natiqdən idarə etdiyi avtomobili idarə etmək üçün istədikdə Natiq ona “Opel” markalı **-LN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vermişdir. O, səhəri gün, yəni 15 aprel 2021-ci il tarixdə Kəmalə ilə birlikdə Natiqin yaşadığı ünvana gedərək Natiqi evindən götürmüşlər. Bundan sonra o, anasından pul almaq üçün bacısının yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində yerləşən nömrəsiz ünvana yollanmışlar. Həmin ünvana çatdıqda erkən saatları olduğundan havanın bir qədər açılmasını gözlədikdə bu zaman Kəmalə avtomobildə yuxuya getmişdir. O, bir qədər gözlədikdən sonra bacısının evinə daxil olmuşdur. Evə gedib heç kimdən pul tapa bilməyib avtomobilə qayıtmışdır. Bu zaman Natiq Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evlərindən birinə daxil olmuş, o, həyətdə gözləmiş, az sonra Natiq geri qayıtmış, lakin həmin evdən oğurluq etdiyinə dair ona heç nə deməmişdir. Daha sonra avtomobil ilə Hövsan qəsəbəsinə getmişlər və Hövsanda Natiq ona 3800 manat pul vermiş, həmin pulu onlar Binə qəsəbəsində olarkən daxil olduğu evdən oğurladığını bildirmişdir. Həmçinin ifadəsində onu da göstərmişdir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs hazırki iş üzrə ona qarşı irəli sürdüyü mülki iddianı qəbul etmir və mülki iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxs və mülki cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ki, 15 yanvar 2021-ci il tarixdə valideynləri ilə birlikdə yaşadığı evdən çıxıb qohumlarıgilə getmişlər və həmin vaxt evdən sonuncu dəfə onun özü çıxmışdır. Bundan sonra həmin gün təxminən saat 16:30 radələrində onlar evə qayıtmış və evə daxil olan zaman evin mətbəxinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu, evin pəncərəsinin üzərindəki dəmir barmaqlığın yerindən çıxarılaraq divara söykənildiyini görmüşdür. Evə daxil olduqda valideynlərinin qaldığı yataq otağının dağınıq halda olmasını müşahidə etmiş və tez qonaq otağında divanın altında açılıb-bağlanan yerinə baxmış və orada olan ona məxsus 11600 manat dəyərində nağd pulunun və 120 manat dəyərində kosmetik əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib evə baxış keçirmişlər və o, hadisə barədə ərizə yazmışdır. Oğurluq hadisəsi nəticəsində ona məxsus olan cəmi 11600 manat dəyərində nağd pulu və 120 manat dəyərində kosmetik əşyaları oğurlanmışdır. Buna görə də, o, hadisə nəticəsində ona vurulmuş maddi ziyanı ümumilikdə 11720 manat miqdarında qiymətləndirmişdir. Ona məxsus 3 ədəd qadın əl kremini, 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 100 ml-lik qadın ətirini, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 100 ml-lik qadın ətirini və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan istifadədə olmamış kosmetikanı görsə tanıyar. Ətirlər və kremlər az istifadə edilmişdir. Ətirləri və kosmetikanı markalarına görə tanıyır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 mülki iddianı müdafiə edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus mənzildən oğurlanmış 11.600 (on bir min beş yüz) manat pulu oğurlayanlar Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmin şəxslər tutulduqdan sonra həmin məbləğin yalnızca 6.900 (iki min dörd yüz) manatı mənə qaytarılmışdır. Şübhəli şəxs kimi Şahid2 , Şahid3 , Təqsirləndirilən şəxs və Şahid1 tutulmuşdur. Həmin şəxslər tutuldan sonra Zərərçəkmiş şəxs ilə görüşdürülmüş, həmin vaxt qeyd etmişdirlər ki, sonuncunun evindən oğurlanan pulu aralarında bölüşdürülmüşdür. Həmin puldan 5.000 manatını Şahid3 verildiyi sonuncu tərəfindən təsdiq edilmişdir. Həmçinin qalan pulun 3.800 manatını X2, qalan puldan təxminən 1.000 manatını Şahid1 verildiyini Şahid2 və həmin şəxslərin özləri təsdiq etmişdir. Qeyd olunanlara əsasən, Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə 4700 (dörd min yeddi yüz) manat məbləğində pulun Təqsirləndirilən şəxsdan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Natiqi bir neçə aydır ki, tanıyır və Natiqin avtomobilini taksi kimi istifadə etdiyi üçün onların arasında münasibət yaranmışdır, Mübariz və Kəmaləni isə bir ildən artıqdır ki, tanıyır. 17 aprel 2021-ci il tarixdə o, Neftçilər metrostansiyasınm yaxınlığında yerləşən avtomobil təmiri yerində Natiqi görmüş və Natiqə taksi avtomobilə onu aparmasını bildirdikdə Natiq də onunla razılaşmışdır. Bundan sonra Natiqin idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** lövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçilər metrostansiyasmdan üzü Əhmədli metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Yolda Natiq ondan meyvə alıb yaşadığı evə verdikdən sonra ünvana getməyi təklif etdikdə o, da Natiqlə razılaşmışdır. Bundan sonra Natiq yolda meyvə almış və avtomobili yaşadığı evin qarşısına tərəf sürüb saxlamış, sonra avtomobildən düşüb əlində meyvə ilə yaşadığı evə getmişdir. Onun özü isə avtomobildən düşüb siqaret çəkməyə başlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və oğurluq olunmasında şübhəli olduğunu ona deyərək avtomobilin sahibini ondan soruşmuşlar. O, avtomobilin sürücüsünün Natiq adlı şəxs olduğunu və taksi işlədiyini, hazırda da evinə girdiyini və indi gələcəyini polislərə demişdir. Bir neçə dəqiqə sonra Natiq yaşadığı evdən çıxmış və polis əməkdaşları onarın ikisini də polisə dəvət etmişlər. Natiqlə birlikdə və ya başqa hər hansı bir şəxslə o, heç bir oğurluq cinayət əməli törətməmişdir. Natiqin oğurluq etdiyini polis əməkdaşları tərəfindən saxlanılan zaman bilmişdir. O, Şahid2 polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl əlində olan hansısa bir miqdarda pulu idarə etdiyi avtomobilin altına atmasının şahidi olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, icarə əsasında işlətdiyi “Opel Vectra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, bununla da ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs bir neçə aydır ki, taksi sürücüsü kimi tanımışdır. Kəmaləni isə Mübarizin vasitəsilə, Şahini isə taksi sürücüsü işlədiyi üçün bir neçə dəfə avtomobilə sərnişin qismində əyləşdiyi üçün tanımışdır. Arada bir Mübariz gəlib onun idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş və dolanmışdır. 14 aprel 2021-ci il tarixdə o, Mübariz və Kəmalə ilə görüşmüş və axşam saatlarında onlardan ayrılan zaman, Mübariz ondan avtomobili sürmək üçün istədikdə, o, da avtomobili Mübarizə idarə etməsi üçün verib, öz evinə gəlmişdir. 15 aprel 2021-ci il tarixdə, saat 09:30 radələrində tezdən Mübariz Kəmalə ilə birlikdə onun icarə əsasında idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib, onu yaşadığı evdən götürmüşlər və həmin vaxt avtomobili Mübariz idarə etmişdir. Mübariz pulu olmadığı üçün gedib Binə qəsəbəsində yaşayan bacısının qonşusunun evindən oğurluq etmək təklifini vermiş, onların oğurluq etmək fikirlərindən isə Kəmalənin xəbəri olmamışdır, çünki Kəmalə arxa oturacaqda yatmışdır. Həm də Mübarizin öz bacısından pul götürmək fikri olmuşdur. Həmin vaxt adı istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs və sonunjunun ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən çıxıb qapını bağladıqlarını və çıxıb getdiklərini görmüşlər. Mübarizlə onun arasında olan danşığa görə o, evə daxil olmalı idi, Mübaiz isə maşında oturub, gəlib gedənlərə nəzarət etməli idi və gələn olduğu halda, Mübariz onun mobil telefon nömrəsinə zəng edib, ona məlumat verməli idi. Mübarizin evə girməməsində səbəb Mübarizin bacısının həmin küçədə yaşaması, bu səbəbdən onu tanıya biləcəkləri ehtimalı olmuşdur. O, maşından düşüb, evini həyətyanı sahəsinə hasardan keçib, evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını divara bərkidilmiş yerindən əli ilə dartıb çıxartmış və sonradan özü ilə gətirdiyi avtomobilin təkərinin açılmasında istifadə ediyi dəmirdən olan açarla plastik pəncərəni açıb, evə daxil olub, evi axtarmışdır. Qonaq otağındakı divanın altından sandıqçadan əskiyə bükülü olan 11.600 manatı, həmçinin, 2 ədəd ətiri, kosmetika qabını və üç ədəd əl krerimini götürüb, evdə daxil olduğu pəncərədən və sonra hasardan aşıb maşına gəlmişdir. Həmin vaxt Kəmalənin yuxudan oyandığını və Mübarizlə söhbət etdiklərini görüb, Kəmalə bilməsin deyə Mübarizə hələ heç nə deməmişdir. Maşında Mübarizin qulağına pıçıldayaraq, evdən 11.600 manat nağd pul vəsaitini oğurladığını demişdir. Ancaq bundan Kəmalənin xəbəri olmamışdır. Hövsan qəbəsində o, Mübarizə oğurladığı pulun bir hissəsini vermişdir. Daha sonra Hövsanda kafelərdən birində oturub yemək yemişlər. Daha sonra kafedən çıxıb, maşınla “Neftçilər” metrosunun yanına gəlmişlər. O, orada lombarda girov qoyduğu telefonu pul verib götürmüşdür. Bundan sonra onlar Əhmədli qəsəbəsinə gəlib, orada Şahid3 ilə görüşmüşlər. Daha sonra Kəmalə və Mübariz çıxıb getmişlər. O, Şahinə evdən Mürbaizlə oğurluq etdiyini bildirmiş və avtomobilini Şahinə verib, çıxıb getmişdir. Həzi Aslanov metrosunun yanına gəlib, orada olan lombarda 860 manat ödəmiş və qızılları bir gün sonra gəlib götürməyini ona lombardda demişlər. Həmin günü saat 15 radələrində Şahin maşınla gəlib onu evindən götürmüş və bir qədər maşınla gəzmişlər. O, Şahinə hər şeyi olduğu kimi danışmışdır. Şahin və Kəmalə onlarla birlikdə oğurluqda iştirak etməmişlər. Çayxanada olan zaman o, Şahinə saxlamaq üçün 5000 manatı vermişdir. Bir gün sonra Şahinlə görüşüb şəhərdə gəzmişlər, axşam saat 22 radələrində o, evə gəlmiş və aldığı bazarlığı evə qoyub evdən çıxanda, onu və Şahini polis işçiləri saxlamışlar. Həmin vaxt 5000 manat pulu Şahin ona qaytarsa da, o, Şahindən pulu almayıb, Şahinə pulu sonra ondan götürəcəyini demişdir. Elə həmin vaxt 5000 manat Şahində qalmışdır. Onları polis bölməsinə gətirən zaman Şahində 5000 manat pul aşkar olunmamışdır, Şahinin deməsinə görə polis onları tutan zaman, sonunju həyətdə 5000 manatı atmışdır. O, 2 ədəd ətiri, kosmetika qabını Kəmaləyə hədiyyə etmiş və Kəmalənin həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Üç ədəd əl kremini isə lazım olmadığı üçün küçədə atmışdır. O, Kəmaləyə oğurluq pul verməmiş, Mübarizi isə satmamaq üçün, sonuncunun oğurluqda iştirak etmədiyini demişdir. Hansı ki, oğurluq etməyi ona Mübariz təklif etmişdir. Mübariz sonradan ona dəstək olmadığına görə o, hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. O, ilk olaraq Şahini və Mübarizi bu məsələyə daxil etmək istəməmişdir. Belə ki, onların vicdanlı hərəkət edərək, pulları qaytaracaqlarını düşünmüşdür. Lakin onlar pulları qaytarmadıqları üçün, o, məcbur qalıb, hadisəni olduğu kimi danışmaq qərarına gəlmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Mübarizi təxminən 2 ildən artıqdır ki, tanıyır və Mübarizlə qeyri-rəsmi ailə münasibəti vardır. Natiqi Mübarizin vasitəsilə bir neçə gündür ki, tanımışdır. Şahini isə bir ildən artıqdır ki, Mübarizin vasitəsilə tanımış və onların arasında normal münasibətləri olmuşdur. 14 aprel 2021-ci il tarixdə o, Mübariz ilə birlikdə gedib Natiqlə görüşmüş və axşam saatlarında Mübariz Natiqdən idarə etdiyi avtomobili ona sürməsi üçün verməsini dedikdə Natiq də həmin avtomobili Mübarizə vermişdir. Biraz onlar avtomobildə gəzdikdən sonra Mübariz həmin avtomobillə onu yaşadığı bibisinin evinə aparmışdır. Səhəri gün Mübariz gəlib təxminən saat 08:00 radələrində onu evdən götürmüş və onlar gəlib Natiqlə yaşadığı evin qarşısında görüşmüşlər. Onların pulu olmadığı üçün Mübariz onlara birlikdə Binə qəsəbəsinə gedib bacısının qızından borca 20- 30 manat pul almasını dedikdən sonra Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evinə gəlmişlər. Həmin evin yaxınlığında Mübariz avtomobili saxlamış və avtomobildən düşüb bacısının evinə yaxınlaşmış, Natiqlə o isə avtomobildə qalmışdır. Bir-iki dəqiqə sonra Mübariz gəlib avtomobildə oturmuş və bacısı qızını gözləməyi bildirmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Natiq Mübarizə buranın bacısıgilin məhəlləsi olduğunu və gedib heç olmasa bacısının adına nisyə yazdıraraq siqaret, şirin su və yeməyə nəsə almağını bildirdikdə Mübariz də razılaşmış və Natiq avtomobildən düşüb onları burada gözləyəcəyini demişdir. O, Mübarizlə birlikdə Natiqin avtomobili ilə gedib yaxınlıqda yerləşən mağazadan siqaret, şirin su və yeməyə bir neçə şey almışlar və təxminən 10-15 dəqiqə sonra Mübarizin bacısının yaşadığı evə yaxınlaşmışlar. Həmin vaxt Natiqin onları gözlədiyini görmüşlər. Onlar Natiqə yaxınlaşmış və Natiq sonra avtomobilə əyləşmişdir. O, həmin vaxt avtomobilin arxasında oturduğu üçün və gecə az yatdığı üçün bir az yuxuya getmiş və maşında yatmışdır. Natiqlə Mübariz isə mağazadan alınan sudan və şirniyyatdan istifadə etmişlər və onun onların nədən söhbət etdiklərindən xəbəri olmamışdır. Birdən avtomobilin qapısı açılmış və Natiq maşına oturan kimi Mübarizə maşını sürməyi demişdir. Onlar Binə qəsəbəsindən Hövsan qəsəbəsinə gəlmişlər, kafedə yemək yemişlər və avtomobildə yanacaq az olduğu üçün Natiq yanacaq doldurma məntəqəsinə girməyini Mübarizə bildirmişdir. Daha sonra Yeni Günəşli qəsəbəsində yerləşən evə gəlmişlər. Orada o, maşından düşərkən Natiq ona maşında əşyaların saxlandığı yerdən iki ədəd qadın ətirini və kosmetika qabını çıxarıb hədiyyə vermişdir. Həmin ətirləri və kosmetikanı Natiqin haradan almasından onun xəbəri olmamışdır. O, evə gedib ətirləri və kosmetikanı evə qoyub yenidən sonuncuların yanına gəlmişdir. Oradan da onlar Əhmədli metrostansiyasının yaxınlığına gəlmişlər və orada Natiqlə sağollaşıb ayrılmışlar. Bundan sonra o, Mübarizlə birlikdə Günəşli qəsəbəsində yerləşən otellərdən birinə getmiş və orada istirahət etmişlər. Həmin gün axşam təxminən saat 21:00 radələrində Mübariz onu aparıb bibisigilə düşürmüşdür. O, Hövsan qəsəbəsində sosial evlərdə yerləşən evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və ona oğurluqda şübhəli olduğunu bildirərərk onu polisə gətirmişlər. 2 ədəd ətri və kosmetika qabını o, polisdə olan zaman oğurluq olduğunu bildikdən sonra təhvil vermişdir. O, Natiq və Mübarizlə və ya başqa hər hansı bir şəxslə heç bir oğurluq cinayət əməli törətməmişdir. Onların oğurluq etmələrindən onun xəbəri olmayıb və nə də oğurluq etdiklərini görməmişdir. Həmin vaxt o, maşında yatmışdır və Natiqin haradan gəldiyini bilməmişdir. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Götürmə aparılması” haqqında protokoldan görünür ki, Şahid2 1800 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli “Götürmə aparılması” haqqında protokoldan görünür ki, Şahid1 Əzəz qızı 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan 100 ml həcmli, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, 100 ml həcmli ətirləri və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan 100 qram kosmetik duzu polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli “İfadənin yerində yoxlanması” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin yanında Natiq Əliyev evdən oğurluq edərkən özünün pusquda durduğu yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan “Əşyanın tanınması” haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs ifadəsində oğurlandığını bildirdiyi əşyaları tanıması təklif olunmuş, sonuncu 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan 100 ml həcmli , 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, 100 ml həcmli ətirlər və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan 100 qram kosmetik duzu tanıyaraq ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2590 nömrəli rəyindən göründüyü kimi 1 ədəd üzərində “X7 de Cologne” yazıları olabn şəffaf rəngli, az istifadə olinmuş 100 ml həcmli ətirin qiyməti 15 manat, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli. Az istidasə olunmuş 100 ml həcmli ətirin qiyməti 40 manat və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan istifadədə olmamış 100 qram kosmetik duzun qiyməti 8,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 30 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən isə 03 il 10 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 16 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə mərkəzdə təkrar stasionar müalicəyə qəbul olunmuşdur. Hal-hazırda müalicəsi davam edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Natiqin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evlərindən birinə daxil oğurluq məqsədi ilə daxil olmasından xəbərinin olmaması, ümumiyyətlə bu barədə Natiqə heç bir kömək göstərməməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 14 aprel 2021-ci il tarixdə Kəmalə ilə birlikdə Natiqdən idarə etdiyi avtomobili idarə etmək üçün istədikdə Natiq ona “Opel” markalı **-LN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vermişdir. O, səhəri gün, yəni 15 aprel 2021-ci il tarixdə Kəmalə ilə birlikdə Natiqin yaşadığı ünvana gedərək Natiqi evindən götürmüşlər. Bundan sonra o, anasından pul almaq üçün bacısının yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində yerləşən nömrəsiz ünvana yollanmışlar. Həmin ünvana çatdıqda erkən saatları olduğundan havanın bir qədər açılmasını gözlədikdə bu zaman Kəmalə avtomobildə yuxuya getmişdir. O, bir qədər gözlədikdən sonra bacısının evinə daxil olmuşdur. Evə gedib heç kimdən pul tapa bilməyib avtomobilə qayıtmışdır. Bu zaman Natiq Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə daxil olmuş, o, həyətdə gözləmiş, az sonra Natiq geri qayıtmış, lakin oğurluq etdiyinə diar ona heç nə deməmişdir. Daha sonra avtomobil ilə Hövsan qəsəbəsinə getmişlər və Hövsanda Natiq ona 3300 manat pul vermişdir. Onun həmin vaxt məhkəmədə inzibati işi olduğundan həmin işi bağlamaq üçün pulu Natiqdən almışdır. Bundan sonra onlar birlikdə Neftçilər metrostansiyasının yaxınlığına getmişlər. Orada Natiq lombarda ödəniş edərək evin qızıllarını götürmüşdür. Bundan sonra birlikdə Əhmədli metrostansiyası yaxınlığına getmişlər, o və Kəmalə orada Natiqlə sağollaşaraq getmişlər. Bundan təqribən 2 gün sonra polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu PŞ-nə aparılmışdır. Polis Şöbəsində üzərində olan 1800 manat pulu Natiqə vermişdir ki, zərərçəkmişə təqdim etməsi üçün polisə təhvil versin. Natiq onu satmadığı üçün istintaq orqanı tərəfindən azadlığa buraxılmışdır. İstintaqın çağırışlarına gəlməməyində səbəb isə yerdə qalan 2000 manatı düzəldə bilməməyi olmuşdur. Belə ki, o, həmin pulu düzəldə bilmədiyi üçün qorxmuş və bu səbəbdən istintaq orqanından gizlənmişdir. Hazırda verdiyi ifadə həqiqəti əks etdirir və ilkin ifadələrində Natiqlə oğurluq etmədiyi barədə dedikləri yalandır. Bundan başqa yuxarıda qeyd olunanlar cinayət işinin materiallarına əlavə edilmiş müvafiq istintaq hərəkətlərinin gedişatında tərtib edilmiş protokollar və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzalarının da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 aprel 2021-ci il tarixli protokoldan, şübhəli şəxs statusunun ləğv edilməsi barədə 19 aprel 2021-ci il tarixli, axtarış elan olunması barədə 01 oktyabr 2021-ci il tarixli, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 mart 2022-ci il tarixli qərardan, habelə təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd olunması haqqında Bakı şəhəri Suraxanı rayon prokurorunun 06 mart 2022-ci il tarixli qərarından və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından, həmçinin Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-218/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarından, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasının 06 mart 2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2021-ci il tarixdə barəsində şübhəli şəxs statusu ləğv edilmiş, 01 oktyabr 2021-ci il tarixdə barəsində axtarış elan edilmiş, 04 mart 2022-ci il tarixdə tutulmuş, 06 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, 06 mart 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 03 mart 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 06 mart 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respubilikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı Təcridxanasına təhvil vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək, 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 mart 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 4.700 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1038/2022 saylı, 24 may 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, ibtidai araşdırma zamanı 1.800 manat pul cinayət işində iştirakı ehtimal olunan şəxsin üzərindən götürülərək zərərçəkmiş şəxsə təqdim edilmiş, 800, 1.400, 2.000 manat pul Şahid2 valideyni tərəfindən qaytarılmış, zərərçəkmiş şəxsin nümayəndəsi ümumi ziyandan 6.000 manat ödənildiyini bildirmişdir. Apellyasiya baxışı zamanı məhkum tərəfindən ziyandan 500 manat əlavə ödəniş edilmişdir. 11.600 manat məbləğində maddi ziyandan 6500 manat hissəsinin ödənilməsi nəzərə alınmaqla mülki iddia qismən təmin edilmiş, mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsi tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyulmaqla Şahid2 5.100 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, eyni zamanda Şahid2 digər şəxslərin barəsində cinayət təqibinə xitam verildiyi halda onlara qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnun izah edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1038/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməmiş 5.100 manat hissəsi Şahid2 tutulduğundan hazırki iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın əvəzi olaraq 4.700 manat məbləğində pulun Təqsirləndirilən şəxs onun xyerinə tutulmasına dair mülki iddiasının baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1.800 manat məbləğində pulun, 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan 100 ml həcmli, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, 100 ml həcmli ətirlərin və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan 100 qram kosmetik duzun Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 136 (yüz otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək, 04 mart 2022-ci il tarixdən 06 mart 2022-ci tarixədək tutulduğu ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyanın əvəzi qismində 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutulması barədə mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1800 manat məbləğində pulun, 1 ədəd üzərində “X7 de Cologne” yazıları olan 100 ml həcmli, 1 ədəd üzərində “X8” yazıları olan, qırmızı rəngli, 100 ml həcmli ətirlərin və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan 100 qram kosmetik duzun ibtidai araşdırma zamanı sahibi zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 22 (iyirmi iki) iş saatı üçün 136 (yüz otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar