Məhkəmə qərarları › İş №1(010)-240/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-240/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-240/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxx 2002-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-342/2022 nömrəli iş üzrə 05 iyun 2022-ci il tarixli qərarı ilə əvvəli 04 iyun 2022-ci il tarixindən hesablanmaqla 04 sentyabr 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, 21 dekabr 2022-ci il tarixində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-341/2022 nömrəli iş üzrə 05 iyun 2022ci il tarixli qərarı ilə əvvəli 04 iyun 2022-ci il tarixindən hesablanmaqla 04 sentyabr 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, 21 dekabr 2022-ci il tarixində barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 iyun 2022-ci il tarixdə saat 03:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən 84 saylı tam orta məktəbin yanında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlləri ilə itələyib yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs boyun nahiyəsindən yumruqla vurub sonuncuya sağ bud nahiyəsinin qançırı, sağ saidin səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra o özü Zərərçəkmiş şəxs sinəsindən yerə sıxıb tərpənməyə imkan verməmiş, yaranmış fürsətdən istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynindəki şalvarının sağ yan cibində olan 540 manat nağd pulu açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 iyun 2022-ci il tarixdə saat 03:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən 84 saylı tam orta məktəbin yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlləri ilə itələyib yerə yıxmış, o özü isə Zərərçəkmiş şəxs boyun nahiyəsindən yumruqla vurub sonuncuya sağ bud nahiyəsinin qançırı, sağ saidin səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sinəsindən yerə sıxıb tərpənməyə imkan verməmiş, o isə yaranmış fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs əynindəki şalvarının sağ yan cibində olan 540 manat nağd pulu açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi avtoyuma məntəqəsinin yanından keçən zaman Zərərçəkmiş şəxs onu görüb yaxınlaşaraq gedib birlikdə yemək yeyib içki içməyi təklif etmişdir. Əvvəlcə razılaşmamış və üzərində nağd pulunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə hər şeyi özünün alacağını və narahat olmamağını demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxslə razılaşaraq birlikdə yaxınlıqda yerləşən marketə daxil olmuşlar. Zərərçəkmiş şəxs təxminən 14-15 manatlıq bazarlıq etmişdir. Zərərçəkmiş şəxslə birlikdə moykaya gəlmişlər. Moykada bir neçə saat Zərərçəkmiş şəxslə yemək yeyib spirtli içki qəbul etmiş və bir-birilərinə dərdlərini açıb danışmışlar. Həmin vaxt ikisi də sərxoş olmuşdur. Sonra o, Zərərçəkmiş şəxs təklif etmişdir ki, birlikdə Əmircan qəsəbəsinə gedərək orada yaşayan dostu X1 da evlərindən götürüb Əmircan qəsəbəsində kafelərdən birində oturub yeyib içməyə davam edib,əylənsinlər. O, özü kartında olan 50 manat pul ilə qonaqlıq vermək istəyir, Zərərçəkmiş şəxs razılaşmışdır. Sonra Zərərçəkmiş şəxslə birlikdə tanımadığı bir taksi tutub Əmircan qəsəbəsinə gəlmişlər. Vasif taksi pulunu verdikdən sonra taksidən düşmüş və Təqsirləndirilən şəxs1 yaşadığı evə tərəf getmişdir. O, Kamranı evlərinin qabağından çağırmış və Kamran çölə çıxıb yanına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs isə bir az kənarda dayanıb gözləmişdir. Kamranla birlikdə Vasifin cibində məbləği tam bilməsə də cox pul olması barədə danışıb ona yaxınlaşmış və Vasiflə Kamranı tanış etmişdir. Bundan sonra onlar birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsində olan 84 saylı orta məktəbə tərəf piyada hərəkət etmişlər. Bu zaman Zərərçəkmiş şəxs arxadan siqaret çəkmək üçün ondan kobud şəkildə danışaraq alışqan istəmiş və o, da Vasifə alışqan lazım olduğunu və özünün ona yaxınlaşıb alışqanı götürməsini demişdir. Onun bu sözündən əsəbiləşən Zərərçəkmiş şəxs ünvanına söyüş söymüş, o, da əsəbiləşib Vasifə yaxınlaşaraq əli ilə onun sinəsindən vurub yerə yıxmış, lakin yerdə onu vurmamışdır. Bu vaxt Zərərçəkmiş şəxs üstündə olan bıçağı çıxarıb onlara tərəf tutmuş və o, tez əli ilə Vasifin əlindəki bıçağı tutub alaraq bıçağı kənara atmışdır. Bundan sonra yerdə Vasifi sinəsindən və müxtəlif yerlerindən vurmuş və Vasifdən cibində olan pulu verməsini istəmişdir. Vasif də ona belə etməməsini, cibindəki pulun avtoyuma məntəqəsinin sahibinə verməli olduğunu bildirmişdir. Elə bu zaman Kamran Vasifin başının arxasından yumruqla vurmuşdur. O, Kamrana Vasifin cibindən pulu götürməsini demiş, Kamran da Vasifin şalvarının sağ yan cibində olan pulu götürərək birlikdə oradan uzaqlaşmışlar. Yolda həmin pulu sayıb 540 manat olmasını görmüşdür. Törətdiyi cinayət əməlinə görə peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 03 iyun 2022-ci il tarixdə gecə yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs2 ona zəng edərək bir tanışı ilə Əmircan qəsəbəsinə yeyib-içmək üçün gəldiyini, indi açıq kafe tapmaq mümkün olub-olmayacağını demişdir. O, da problem olmadığını, açıq kafe tapa biləcəklərini bildirmişdir. Təxminən gecə saat 02-03 radələrində evdə yatan zaman Raulun səsinə oyanmış və çölə çıxdıqda Raulun yaşadıqları evin qarşısında dayanıb onu səslədiyini görmüşdür. O, paltarını geyinib Raulun yanına gəlmiş və Raul bir az aralıda dayanmış Vasifi onunla tanış etmişdir. Bundan sonra onlar açıq kafe tapmaq üçün piyada getməyə başlamış, həmin vaxt o, özü Raul ilə bir az qabaqda söhbət edə-edə gedirdi. Vasif isə onlardan bir neçə addım arxada gəlirdi. Suraxanı rayonu, Əmircan qəsəbəsində olan 84 saylı orta məktəbin yanına çatanda arxadan Vasif Rauldan bir az kobud şəkildə alışqan istəmiş, Raul isə ona kobud şəkildə cavab verərək alışqanın ona lazım olduğunu və özünü gəlib götürməsini bildirmişdir. Bu vaxt Vasif Raulun ünvanına nalayiq ifadə işlətmişdir. Raul da əsəbiləşib əli ilə Vasifin sinəsindən vurub yerə yıxmış, lakin yerdə onu vurmamışdır. Bu vaxt Vasif üstündə olan bıçağı çıxarıb onlara tərəf tutmuş və Raul tez əli ilə Vasifin əlindəki bıçağı tutub alaraq, bıçağı kənara tullamışdır. Bundan sonra Raul Vasifdən cibində olan pulu verməsini istəmiş, Vasif də ona belə etməməsini, cibindəki pulun avtoyuma məntəqəsinin sahibinə verməli olduğunu bildirmiş və ayağa qalxmaq istəyən zaman onun boynun arxasından yumruqla vurmuş və Vasif yerə yıxılmışdır. Bundan sonra o, özü Vasifin əynindəki şalvarının sağ yan cibindən pulu götürüb Raulla birlikdə oradan uzaqlaşmışdır. Yolda həmin pulu sayıb 540 manat olmasını görmüşdür. Əlavə olaraq bildirir ki, o, Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 02 iyun 2022-ci il tarixdə gecə təxminən saat 23:30 radələrində avtoyuma məntəqəsini bağladıqdan sonra orada bir az spirtli içki qəbul etmişdir. Daha sonra yenə yemək və içki qəbul etmək istədiyi üçün yaxınlıqda yerləşən mağazaya doğru getmişdir. Bu zaman həmin mağazaya çatmamış Təqsirləndirilən şəxs2 görmüş və onunla salamlaşdıqdan sonra birlikdə gedib yemək və spirtli içki alaraq içməyi təklif etmişdir. Raul əvvəlcə razılaşmayaraq üstündə pul az olduğunu bildirmişdir. O, da problem olmadığını, onun hər şeyi alacağını demiş, bundan sonra Raul razılaşmışdır. Onlar birlikdə mağazaya gedərək yemək və spirtli içki almış, cəmi 14 manatlıq bazarlıq etmiş, pulun hamısını da özü vermişdir. Sonra onlar avtoyuma məntəqəsinə qayıtmışlar, içəridə yemək yeyərək spirtli içki qəbul etməyə başlamışlar. Onlar sərxoş olmuş və bir az dərtləşdikdən sonra Raul ona birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsinə getməyi, orada olan Təqsirləndirilən şəxs1 adlı dostunu götürməyi və qonaqlıq verəcəyini demişdir. O, da Raulla razılaşdıqdan sonra tanımadığı bir taksi saxlatdırmış və onlar Əmircan qəsəbəsinə gəlmişlər. Orada Raul tanımadığı küçələrin birində hansısa həyət evinə yaxınlaşaraq kimisə çağırmışdır. Bu zaman bir oğlan evdən çıxmış və Raulla görüşdükdən sonra ona yaxınlaşıb özünü Kamran adı ilə tanış etmişdir. Piyada tanımadığı küçə ilə hərəkət etməyə başlamışlar. Raul və Kamran öndə bir neçə addım qabaqda gedirmiş, o, özü isə arxada gəlirmiş.Onların ikisinin pıçıldaşdığını hiss etdiyini və Raula siqaret çəkmək üçün yandıran verməsini demiş, Raul isə bəhanə edərək ona yaxınlaşıb gözlənilmədən kəllə zərbəsi vuraraq onu yerə yıxmışdır. Bu zaman sağ qolundan xəsarət almışdır. Həmin vaxt Raul onu yerdə də sinəsindən tutub vurmaq istəyərkən o, buna imkan verməmiş və belində olan mətbəx bıçağını çıxartmışdır ki, bunları qorxutsun ki, onu vurmasınlar. Raul isə tez əlini atıb onun qolundan tutmuş və əlindəki bıçağı alıb kənara atmışdır. Raul bu vaxt sağ dizini onun sinəsinə qoyub sıxaraq cibində olan pulu ona verməsini istəmiş, çünki Raul o, Nərimanov rayonunda işlədiyi yerin yaxınlığında yerləşən mağazadan alış-veriş edərkən onun cibində pul olduğunu görmüşdür. Raul ondan pul istədiyi üçün yalvarmışdır ki, belə etməsin. Ayağa durmaq istəyən zaman Raulun tanışı Kamran onun boynundan vurub yerə yıxmışdır.Kamran eynilə yerdə olarkən bir neçə zərbə təpiklə dəfələrlə onu vurmuşdur. Raul isə Kamrana bildirmişdir ki, pulu onun cibindən götürsün. Kamran da onun şalvarının sağ yan cibində saxladığı 540 manat pulu çıxarıb cibinə qoyaraq oradan qaçaraq uzaqlaşmışdırlar. Sonra isə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Əlavə olaraq ərizə təqdim edərək bildirir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti yoxdur, lakin tələbi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyanın tanınmaya təqdim edilməsi barədə" 04 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd bıçaq tanınması üçün təqdim edilmiş, tanınma zamanı təqdim olunan bıçağı dəstəyinin ağ-yaşıl rəngli olmasından tanımış, əşyanın tanınmaya təqdim edilməsi zamanı ərizə və şikayət daxil olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 4(010)-341/2022 nömrəli iş üzrə 05 iyun 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 04 iyun 2022-ci il tarixindən hesablanmaqla 04 sentyabr 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması” haqqında 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. “Şəxsin könüllü gəlməsi” haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq istintaqa gəlmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə”növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-342/2022 nömrəli iş üzrə 05 iyun 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 04 iyun 2022-ci il tarixindən hesablanmaqla 04 sentyabr 2022-ci il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. “Məcburi gətirilmə” haqqında 18 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırlması” barədə 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə istintaq müddətinin lüzumsuz axınının qarşısını almaq məqsədi ilə icraat dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaq gəldiyi üçün və cinayət işi üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından, cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilərək istintaq aparılmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə”növündə qətimkan tədbiri seçilmişdir. 06 iyun 2022-ci il tarixli 622 nömrəli canlı şəxsin ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bud nahiyəsinin qançırı, sağ saidin səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 03 iyun 2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir”. 08 sentyabr 2022-ci il tarixli 3/1168 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir”. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən eyni əməllər insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarada qeyd olunmuşdur ki, bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-nin 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin həmin qərarda qeyd edilir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4 maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.)başa düşülməlidir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 öz cinayət əməlini etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 186, 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 04 iyun 2022-ci il tarixindən 04 sentyabr 2022-ci il tarixinədək «ev dustaqlığında» olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 06 mart 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 04 iyun 2022-ci il tarixindən 04 sentyabr 2022-ci il tarixinədək «ev dustaqlığında» olduğu 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 06 mart 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar