Məhkəmə qərarları › İş №1(010)-242/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-242/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-242/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1989-cu ildə Kürdəmir rayonu, Şüşün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Köhünlü inzibati ərazi dairəsi, Şüşün kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu vağzalı adlanan ərazidə kirayədə yaşayan, 08 – 10 yanvar 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə saat 22 radələrində yaşayış sahəsi hesab edilən, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evin həyətinə dəmir giriş qapısının daxili kilidini sındıraraq qanunsuz olaraq daxil olmuş, sonra isə həyətdə yay fəsli üçün inşa edilmiş mətbəxin nəfəsliyinin üzərindəki dəmir barmaqlığı sındırıb, nəfəslikdən qanunsuz içəri daxil olaraq, oradan 200 manat dəyərində 02 ədəd 50 litr tutumlu alüminium qazanlardan ibarət qazan dəstini, 100 manat dəyərində 01 ədəd «Marquis» markalı MKP60-1 modelli 370 W mühərrik su nasosunu, 200 manat dəyərində 01 ədəd 5 litr su tutumlu odun samovarını və 200 manat dəyərində 01 ədəd «Sohl» markalı MMA-200 modelli qaynaq aparatını gizli talayıb mətbəxin qapısının kilidini içəri tərəfdən laqunda ilə kəsib oradan çıxıb yayınmaqla Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi Kürdəmir rayonu, Köhünlü inzibati ərazi dairəsi, Şüşün kəndində yaşayır. O, ailəsini dolandırmaq üçün işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində müxtəlif yerlərdə fəhlə işləmiş və Sabunçu vağzalının yaxınlığında günü 2 manata kirayə verilən evlərdə qalmışdır. Atası isə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. 09 dekabr 2021-ci il tarixdə o, atasının yaşadığı ünvana getmiş və atasının evində qalaraq gecələmişdir. Səhəri günü atası çıxıb işə getmişdir. O, evdə tək qalıb darıxdığından kafeyə gedib yemək yemiş və spirtli içki qəbul etmişdir. Həmin gün, yəni 10 dekabr 2021-ci il tarixdə pula ehtiyacı olduğundan Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış olmayan evlərdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə saat 22 radələrində nömrəsi olmayan bir evin qarşısından keçərkən görmüşdür ki, evin işıqları yanmır. Evdə yaşayışın olmadığını başa düşərək elə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin evin həyətinə daxil olmaq üçün nəzərdə tutulmuş balaca dəmir qapının yerdən tapdığı dəmir parçası ilə daxili kilidini sındırıb həyətə daxil olmuşdur. Həyətdə ayrıca olaraq inşa edilmiş mətbəxin nəfəsliyinin üzərində olan dəmir barmaqlığı tapdığı dəmir parçası ilə sındıraraq, nəfəsliyin pəncərəsini itələyib açaraq oradan içəri daxil olmuş və içəridə işığı yandıraraq içəriyə nəzər salmışdır. Sonra oradan 01 ədəd su nasosunu, 01 ədəd qaynaq aparatını, 01 ədəd 5 litrlik samovarı və 02 ədəd iri tutumlu alüminium qazanları oğurlamışdır. Oğurluğu edib çölə çıxdıqda qabağına gələn bir taksi ilə oğurladığı əşyaları kirayə qaldığı evə aparıb gizlətmişdir. Səhəri günü oğurladığı əşyaları satmaq üçün Sabunçu bazarına çıxarmış və 02 ədəd qazanları tanımadığı bir şəxsə 50 manata satmışdır. Qalan əşyaları sata bilmədiyi üçün taksi ilə Hövsan qəsəbəsinə gətirib atasının yaşadığı evin həyətində olan əl damında gizlətmişdir. Bu barədə heç kimə, həmçinin atasına söz deməmişdir. 07 yanvar 2022-ci il tarixdə o, polis əməkdaşları tərəfindən tutularaq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılmış, orada oğurluq etdiyini etiraf edərək izahat vermişdir. Sonra isə atasının yaşadığı ünvana gedərək, orada olan əl damında oğurlayıb gizlətdiyi 01 ədəd samovarı, 01 ədəd qaynaq aparatını və 01 ədəd su nasosunu polis əməkdaşlarına təhvil vermişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmiş və götürülmüş əşyaların fotoşəkilləri çəkilmişdir. Əməlindən peşmandır. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən fərdi həyət evi ona məxsusdur. Həmin ev iki mərtəbəlidir və 20 sot torpaq sahəsində inşa edilib. Ev hər tərəfdən mişar daşı ilə hasara alınmışdır. Həyətə daxil olmaq üçün dəmir darvazası, həmçinin insanlar üçün daxil olmaqdan ötrü balaca dəmir qapısı da vardır. Qeyd edilən evdə ailəsi ilə birlikdə yaydan-yaya gəlib yaşayır və buna baxmayaraq vaxtı olan zaman gedib evə baş çəkir. Sonuncu dəfə 06 yanvar 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində gəlib evə baş çəkdikdə, balaca dəmir qapının üzərində olan daxili kilidin sındırılmış və qapının açıq örtülü vəziyyətdə olduğunu görmüşdür. Həyətə daxil olduqda isə həyətdə ayrıca inşa edilmiş yay üçün nəzərdə tutulmuş mətbəxin nəfəsliyinin üzərində olan dəmir barmaqlığın sındırılmış və nəfəsliyin açıq vəziyyətdə olduğunu görmüşdür. Mətbəxin qapısına yaxınlaşdıqda, qapının açıq olduğunu və içəri tərəfdən laqunda ilə kilidin kəsildiyini aşkar etmişdir. Mətbəxə nəzər saldıqda, oradan 200 manat dəyərində 02 ədəd 50 litrlik alüminium qazanlardan ibarət qazan dəstinin, 100 manat dəyərində 01 ədəd «Marquis» markalı su nasosunun, 200 manat dəyərində 01 ədəd 5 litrlik samovarın və 200 manat dəyərində 01 ədəd «Sohl» markalı qaynaq aparatının oğurlanmasını, ümumilikdə ona 700 manat məbləğində maddi ziyanın vurulmasını aşkar etmişdir. Mətbəxdən oğurluğun baş verməsini müəyyən etdikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirərək sənədləşdirmə aparmışlar. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət olduqda, orada ona məlum olmuşdur ki, oğurluğu edən şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam olaraq ödənilib. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları ilə təsdiq edilir. 31 iyul 2022-cı il tarixli 9/1519 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin noyabr ayına olan orta baza qiyməti ilə ümumi dəyəri təxminən 320,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd sarı-göy rəngli “Sohl” markalı, MMA-200 model qaynaq aparatı istifadədə olub normal vəziyyətdədir-160,00 manat, 01 ədəd 5 litr su tutumlu odun samovarı istifadədə olub normal vəziyyətdədir-100,00 manat, 01 ədəd göy rəngli “Marquis” markalı, MKP60-1 model, 370 W mühərrik (su nasosu) təzə vəziyyətdədir-60,00 manat. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, cinayət nəticəsində vurduğu zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Marquis» markalı MKP60-1 modelli 370 W su nasosu, 01 (bir) ədəd 5 litrlik su tutumlu odun samovarı və 01 (bir) ədəd «Sohl» markalı MMA-200 modelli qaynaq aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 – 10 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd «Marquis» markalı MKP60-1 modelli 370 W su nasosu, 01 (bir) ədəd 5 litrlik su tutumlu odun samovarı və 01 (bir) ədəd «Sohl» markalı MMA-200 modelli qaynaq aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun sərəncamına qaytarılmış hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar