Məhkəmə qərarları › İş №1(010)-243/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-243/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-243/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Su Kanalında maşinist işləyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 may 2004-cü il tarixli, 1- 117/2004 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tuutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 iyun 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, 51 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 02 mart 2021-ci il tarixdən 16 mart 2021-ci il tarixə olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində 39T 420994.03 və 4469168.18 coğrafi koordinatlarda yerləşən dövlət mülkiyyətində olan, yəni Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin balansında olan 0.30 hektar torpaq sahəsini özbaşına hasarlamaqla qanunsuz olaraq özbaşına tutub torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 10 sot torpaq sahəsini 2016-cı ildə keçmiş Hövsan icra nümayəndəsi işləmiş Ağasəlim adlı şəxsdən 20.000 manata almış, torpaq sahəsini aldıqdan sonra maddi imkanı olmadığından orada tikinti işləri apara bilməmişdir. 02 mart 2021-ci il tarixdə həmin torpaq sahəsinin küçə tərəfini daş hasarla tikdirmək üçün X3 və Şahid3 torpaq sahəsinə dəvət etmiş, torpaq sahəsinə mişar daşlarını gətirmiş, Elman və Vüqar onun göstərişi ilə torpaq sahəsinin kənarına hasar çəkməyə başlamışlar. 16 mart 2021-ci il tarixdə sözügedən torpaq sahəsinin ətrafına daş hasar çəkdirdiyi zaman Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları həmin yerə gəlmiş, ondan torpaq sahəsinə aid sənəd tələb etdikdə torpağa aid heç bir sənədinin olmadığını, torpaq sahəsini icra nümayəndəsi işləmiş mərhum Ağasəlimdən aldığını bildirmişdir. Polis əməkdaşları izahatının alınması üçün onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. 30-cu Polis Şöbəsində gedərək izahat vermiş və evinə qayıtmışdır. Torpaq sahəsinin ona məxsus olması barədə heç bir sənədi yoxdur, lakin, həmin torpaq sahəsi üçün Bələdiyyəyə vergi ödəməsi ilə bağlı müvafiq qəbzləri var və qəbzlərin surətlərini istintaqa təqdim etmişdir. Həmin torpaq sahəsini 2016-cı ildə icra nümayəndəsi işləmiş mərhum Ağasəlimdən 20.000 manata almış, təhqiqatçı səhv başa düşərək 22.000 manata aldığını qeyd etmişdir. Torpaq alması ilə bağlı alqı-satqı müqaviləsi yoxdur. Torpaq sahəsini Ağasəlimdən şifahi olaraq almışdır. Torpağı alan zaman həmin torpağın sənədinin olmadığını bilmişdir. Qeyd olunan torpaq sahəsi üçün sənəd almaq məqsədilə 2018-ci ilin mart ayında Hövsan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin sədri Elburus müəllim onu qəbul etmiş və həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı bələdiyyənin heç bir səlahiyyətinin olmadığını demişdir. Torpaq sahəsi evinin yaxınlığında olduğundan həmin torpaq sahəsini də evinin həyətyanı sahəsi olmasını istəmiş, buna görə də həmin torpaq sahəsini mərhum Ağasəlimdən almışdır. Gələcəkdə başqa şəxslər tərəfindən həmin torpaq sahəsinin sahiblənəcəyini düşünmüş və ona görə də torpağın ətrafına daş hasar tikdirmişdir. Maddi imkanı yaxşı olan zaman da həmin torpaq sahəsi üçün öz adına çıxarış alacağını düşünmüşdür. Təhqiqat zamanı izahat verən zaman əsəbi olduğundan Samir müəllimin ondan rüşvət istəməsini bildirmiş, həqiqətdə isə Samir müəllim ondan rüşvət istəməmişdir. Həmin torpaq sahəsini daş hasara aldıran zaman neçə sot olmağını ölçməmişdir. Zərərçəkmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə məhkəmədə göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Sədərək kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs özü və digər ailə üzvləri ilə heç bir münasibəti yoxdur. Cari ilin mart ayında özbaşına tikinti işlərinin aparılmasının və torpaq zəbtinin qarşısının alınması məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədən kənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən keçirilmiş reyd zamanı Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi və qanunsuz tikinti aparması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özbaşına tikinti işlərini dayandırması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs tikinti işlərini dayandırmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edib tikinti işləri apardığı torpaq sahəsi dövlət mülkiyyətindədir və Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsidir. 05 may 2021-ci il tarixli məktubda X-420992 və Y-4469196 coğrafi koordinatlarda 4000,0 kv.m, 17 mart 2021-ci il tarixli məktubda X- 420992 və Y-4469196 coğrafi koordinatlarda 1000.0 kv/m göstərilməsi texniki səhv olmuşdur. Sözü gedən əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazrliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları baş məsləhətçimüfəttiş Şahid4, baş məsləhətçi Şahid5 və məsləhətçi Şahid6 tərəfindən baxış keçirilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 39T X420994.03; Y 4469168.18 nömrəli koordinatlarda yerləşən 0.30 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Zəbt edilərək tikinti işləri aparılan torpaq sahəsi 0.30 ha-dır və 39T X420994.03; Y 4469168.18 nömrəli koordinatlarda yerləşir. İş materiallarında olan baxış keçirilməsi haqqında 15 may 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən dövlət mülkiyyətində olan 0.30 ha torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin ünvan 2 ünvanına bitişik ərazidə yerləşdiyi və mişar daşları ilə hasara alındığı müəyyən edilmişdir. İş materialalrında olan ifadənin yerində yoxlanılması haqqında 05 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 10 sot torpaq sahəsini icra nümayəndəsi işləmiş mərhum Ağasəlimdən 2016-cı ilin sentyabr ayında 20.000 manata aldığını, 02 mart 2021-ci il tarixdə tanışı usta Elmanın və sonuncunun Vüqar adlı fəhləsinin onun göstərişi əsasında sözügedən torpaq sahəsinin ətrafını mişar daşı ilə hörməyə başladıqlarını, 16 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələrinin və polis əməkdaşlarının tikinti aparılan əraziyə gəldiklərini, sonra polis əməkdaşlarının onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət edib izahatını alaraq evə buraxdıqlarını bildirmişdir. Polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən ətrafına mişar daşlarından hasar çəkilmiş sahəni təqdim edərək, həmin ərazini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 may 2004-cü il tarixli, 1-117/2004 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tuutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyul 2021-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 iyun 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, onu tamamlayan və birbirinə uyğun gələn zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə verərək, barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs ərizəsini müdafiə edərək, təqsirləndirilən şəxsin barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını təklif etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 197-198, 344–348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar