Məhkəmə qərarları › İş №1(010)-243/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-243/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-243/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Mirili kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 20 – 22 sentyabr 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Cəbrayıl adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 19 sentyabr 2024-cü il tarixdə gecə saat 23:00 radələrində dövlət əhəmiyyətli olan “X4 S.A” şirkətinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mühafizə olunan 3 saylı neft və qaz çıxarma sahəsinə qanunsuz daxil olmaqla həmin sahədə yerləşən istismarda olmaqla təmirə dayanan RO-12 saylı neft 1.130 manat dəyərində 65x180x350 təzyiqə davamlı, neft quyularında quyuağzı armaturların yığılmasında istifadə edilən, dəmir metaldan olan 1.250 manat dəyərində olan 1 ədəd yararlı uçboğaz (176729 inventar nömrəli) və 65x210 təzyiqə davamlı istismarda olan neft quyularının quyuağzı armaturların yığılmasında istifadə edilən dəmir metaldan olan istifadəyə yararlı 1.130 manat dəyərində 1 ədəd siyirtməni (403955 inventar nömrəli) idarə etdiyi Rusiya istehsalı olan “VAZ 2107” markalı 10-**-591 dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşarkən “X5 S.A” şirkətinin əməkdaşları tərəfindən qeyd olunan 3 saylı neft və qaz çıxarma sahəsində aşkar edilib saxlanıldığı üçün bilavasitə cinayət törətməyə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla “X5 S.A” şirkətinə məxsus, ümumilikdə 2.380 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə heç bir idarə etmə hüquqi olmadan idarə etdiyi Rusiya istehsalı olan “VAZ 2107” minik markalı, 10-**-591 dövlət qeydiyyat nişanlı avto maşınla təxminən 19:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Suraxanı OYL” ərazisində gəzən zaman qazılmış torpaq sahəsində qazıntıdan yararsız hala düşmüş 2 metr, digər isə uzunluğunu bilmədiyi bir-birinə birləşmiş 02 ədəd trubanı yükləmiş, idarə etdiyi avtomaşının arxa yük hissəsinə, digər trubanı isə uzun olduğu avtomaşının dam hissəsindəki yük qoyma yerinə yükləyərək bağlamış və 15 dəqiqə müddətində oradan çıxaraq evə gəlmişdir ki, telefonunu götürsün və götürdükdən sonra evin qarşısında əvvəllər tanıdığı “Totu” ləqəbli Cəbrayıl adlı şəxsi görmüş və kömək istəyərək Dərnəgüldə yerləşən “Şeşbeş” deyilən yerə aparaq, orada sataraq qayıtsınlar. Qayıtdıqları zaman mühafizə xidmətinin əməkdaşlarının idarə etdiyi 10-**-135 dövlət qeydiyyat nişanlı “Niva” markalı avto maşınla onlara yaxınlaşmışdır. Bu zaman o, götürdüyü trubaları həmin şəxslərə göstərmişdir. Bundan sonra ona bildirmişlər ki, haradan götürübsə yerini göstərsin. Bu zaman Cəbrayıl düşüb getmiş və oda həmin mühafizə xidmətinin əməkdaşlarına trubaları haradan götürdüyünü göstərmişdir. Bundan sonra isə ona demişlər ki, baş idarəyə gedərək oradan ona yararsız truba verəcəklər. Daha sonra həmin işçilərlə birikdə deyilən kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən baş idarəyə gəlmiş və oradan trubaları boşaltdıqdan sonra onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə təhvil vermişlər. Onun oğurluq etdiyini bildirmişlər. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə verilmiş suallara cavab olaraq bildirmişdir ki, mühasibatlıq qiymətləndirib zərəri, istintaqa təqdim etmişlər. Oğurlanmağa cəhd olunan əşyaların dəyəri 2.380 manat təşkil etmişdir. Oğurlanmağa cəhd olunan əşyalar yararlı olmuşdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayının 19-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən “X5 Company S.A”ya ərazidə oğurluq edilməsi barədə hüquq departamentinə müraciət daxil olmuşdur. Həmin müraciət hüquq departamentində araşdırılaraq oğurluq barədə məlumat vermiş şəxsə DİN-in 102 xidmətinə məlumat verməsi barədə göstəriş verilmişdir. Bundan sonra “X5 Company S.A”ya məxsus ərazidən olan oğurluq hadisəsi zamanı RO- 12 saylı neft quyusundan 2.380 manat dəyərində müxtəlif növ ehtiyyat hissələrinin oğurlandığını müəyyən etmişlər. Həmin oğurluq etmiş şəxsin kimliyini bilməmişdir. Oğurluq 19 sentyabr 2024-cü il tarixdə tərəflərindən aşkar edilmişdir. Oğurluq həmin tarixdə təxminən 1 saat ərzində baş vermişdir. Ərazidə oğurluq faktı ilə əlaqədar çəkilmiş foto şəkilləri təhqiqat araşdırması zamanı təqdim edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərni törətməsi kifayət qədər sübut edilmişdir. Təqsirləndirilən şəxsin tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs olmaqla özgəsinə məxsus olan sahəyə qanunsuz daxil olmaqla dövlət əhəmiyyətli təbii qaz və neft kəmərlərinə münasibətdə özgənin əmlakını talayıb oğurlamağa cəhd etməklə dövlətin və hüquqi şəxsin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurmağa cəhd etməsini, əvvəllər də oğurluq cinayətləri törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsinə baxmayaraq islah olunmadan yenidən eyni cinayətləri törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrinin məcmusu ilə barəsində azadlıqdan məhrum etmə cəzasına məhkum olunma növündə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi ərazidə görmüş və oradan tanımışdır. Dəfələrlə əraziyə girib dəmir aparmaq istəmiş, ərazidən kənarlaşdırmışlar. Hadisə baş verən günün gecə vaxtı ərazidə olan müşahidə postu ratsiya vasitəsi ilə məlumat vermişdir ki, quyunun yanı işıqlandırılır, maşın dayanmış, kənar şəxslər əraziyə daxil olmuşlar. Dərhal ərazi üzrə ekipajlar və o, hadisə yerinə yaxınlaşmışlar. Uzaqdan maşının hadisə yerini tərk etdiyini görmüş və ərazidə həmin maşını axtarmağa başlamışlar. Təqsirləndirilən şəxsin maşınını görmüşlər. Suraxanı ərazisində saxlayaraq baxış keçirəndə maşının içərisində quyuya aid olan işlək vəziyyətdə avadanlıq, üstündə isə boru aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avadanlıq onların quyusuna aid deyil. Rəhbərliyə məruzə etmişlər. Tapşırıqla təqsirləndirilən şəxsi idarəyə gətirmişlər. Mədən müdiri gəlmiş, avadanlığın üzərindəki invertar yazı yoxlanılmış və onların şirkətinə aid olduğu məlum olmuşdur. Rəhbərliyin göstərişi ilə polisə məlumat verilmiş və polis əməkdaşları gəlib təqsirləndirilən şəxsi aparmışlar. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, elə ərazi var hasarlanmış, elə ərazi var boş sahədir. Yanında bir nəfər şəxs olmuş, o da qaçmışdır. Elnur onları tanıyır, maşını axtarmışlar, demişdir ki, içərisindəki mal onlara məxsus deyil, onlarda dedilər ki, yoxlasınlar, məxsus deyilsə çıxıb getsinlər. Əvvəllərdə Elnur ərazidən dəmirlər götürmüş, saxlayıb əlindən alıb, ərazidən uzaqlaşdırmışlar. Onlar Elnura dəmir verməmişlər. Detalın qiymətindən xəbəri yoxdur. Hadisənin olduğu yer hasarlanmış ərazidir. Hasarın üzərindən və aşağı hissəsindən içəri keçmək mümkündür. Aparılan əmlaklar istifadəyə yararlı əmlaklardır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə öz xidməti növbəsində olduğu zaman 13 saylı müşahidə postu 23 radələrində rabitə vasitəsilə məlumat verərək bildirmişdir ki, naməlum avtomaşın işıqları sönük halda RO12 saylı quyu istiqamətində hərəkət edir. Bundan sonra o digər ekipajlara məlumat vermiş və bildirmişdir ki, bütün mühafizəçilər həmin əraziyə cəlb olunsun. Bundan sonra o, ərazidə hərəkət edib onlara yaxınlaşmaq istədikdə həmin şəxslər avtomaşına əyləşərək oradan uzaqlaşmışlar və orada yaşayış evlərinin arasına girərək gözdən itmişdir. Buna baxmayaraq onlar axtarışı davam etdirdikdə həmin şəxslər yaşıl rəngli maşınla Yeni Suraxanı istiqamətində getdiyi görmüşlər və süni tixac yaradaraq həmin şəxsləri yeni Suraxanı qəsəbəsinə çatmalarına az qalmış saxlamışlar. Dərhal maşından düşüb həmin şəxslərə yaxınlaşmışdır. Maşının içərisində Elnur adlı şəxs və “Totu” ləqəbli adını bilmədiyi şəxsi görmüşdür. Maşına nəzər saldıqda isə üst yük hissəsində enli və uzun dəmir turba, arxa yük hissəsində isə RO12 saylı quyuya məxsus ehtiyyat hissəsinin olması, həmin şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bu zaman həmin şəxslər oğurluq etdiklərini etiraf etməmişlər. Bu zaman isə o, həqiqətən həmin şəxslərin günahını isbat etmək üçün Mədən müdirinə məlumat vermiş və oğurluq hadisəsi baş verən ünvana yaxınlaşmış, mədən müdiri ora gəlmiş, təsdiq etmişdir ki, bəli oradan oğurlanmış və oğurlanmış inventarın üzərində quyunun nömrəsi olmasıda öz əksini tapmışdır. Bu hadisədən sonra isə öz işlərini görmək və sənədləşdirməkdən ötrü həmin şəxsi avtomaşınla birlikdə Qaraçuxur qəsəbəsində yerləşən baş idarəyə apardıqları zaman və həmin maşında əyləşən “Totu” ləqəbli şəxs həmin maşından hərəkətdə olan zaman düşüb qaçmış, onlar məcbur olaraq idarəyə çatdıqdan sonra 102 xidmətinə məlumat verilmiş və həmin şəxsidə polisə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 İsrafil oğlu ifadəsində bildirmişdir ki, müşahidə postunda xidmət apararkən 12 saylı quyuda şübhəli şəxs görmüşdür. Ərazi üzrə ekipaja məlumat vermiş, həmin gün ərazi üzrə ekipaj Kəramət və Amil olmuşlar. Həmin şəxslər əraziyə baxış keçirmişlər, sonra onlardan öyrənmişdir ki, şəxsi yolda saxlamışlar, quyudan oğurluq olmuş, maşından quyunun ağızlığı çıxmış, məsafə uzaq olduğu üçün özü şəxsən baxış keçirməmişdir. Məhkəmə iclasında Şahid4 İsrafil oğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, uzaq məsafə olduğu üçün şəxsin üzünü, maşının markasını görə bilməmişdir. Maşını hərəkətdə olanda görmüşdür. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 İsrafil oğlu ifadəsində göstərmişdir ki, 2007-cü ildən etibarən Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “Suraxanı OİL Şirkəti”ndə sürücü, nəzarətçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə xidməti növbədə olduğu 13 saylı müşahidə qülləsindən saat 23 radələrində RO 12 saylı neft quyusunun yaxınlığında şübhəli avtomobilin hərəkətsiz halda dayandığını görmüşdür. Olduğu nəzarət qülləsindən məsafənin əraziyə görə bir qədər uzaq olması səbəbindən, yəni görüntü məhdudiyyəti yarandığından o, avtomobilin markasını və qeydiyyat nişanını görməmişdir. Daha sonra o, bu barədə rabitə vasitəsilə digər əməkdaşları məlumatlandırmışdır. Bir qədər sonra 11 saylı ekipaj rabitə vasitəsilə həmin əraziyə yaxın olduğlarını bildirmiş, əraziyə yaxınlaşmalarını məlumat vermişlər. Bir qədər sonra o, ərazini müşahidə etdikdə ekipajın ora yaxınlaşmasına az qalmış şübhəli avtomobilin ərazidən uzaqlaşdığını görmüşdür. Hadisə ilə bağlı gördüyü bunlar olmuşdur. Digər təfərüatlar barəsində isə hadisənin sonunda məlumatlandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 12 ildir, həmin ərazidə işləmiş, Elnuru dəfələrlə görmüşdür. Həmin günü xidmətdə olmuşdur. Məlumat daxil olmuşdur ki, 12 saylı quyu istiqamətində hərəkət var. Yaxınlaşaraq heç kimi görə bilməmiş, yola çıxanda qaraçı maşınını görmüşlər. Növbə rəisinə məlumat verərək maşını təqib etmişlər. Yanacaq doldurma məntəqəsinin yanında işarə vermiş, maşını saxlamış, növbə rəisi maşına yaxınlaşmış, maşına baxış keçirmişlər, maşından mədənə aid quyu ağızlığı çıxmış, növbə rəisinə təhvil verib, xidmətə davam etmişlər. Məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil yaşıl rəngdə “Vaz 2107” markalı maşın olmuşdur. Şəxs yaxınlaşanda tək olmuşdur. Maşını təqib etmiş, çəkiliş olmamışdır. O, təqsirləndirlən şəxsə metal verməmişdir. Şəxsin hadisə yerinə necə girməsini bilmir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “Suraxanı OİL Şirkəti”ndə sürücü, nəzarətçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə xidməti növbədə olduğu zaman 13 saylı müşahidə qülləsi saat 23 radələrində rabitə vasitəsilə məlumat verərək, RO 12 saylı neft quyusunun yaxınlığında şübhəli avtomobilin dayandığını bildirmişdir. Məlumatı aldıqdan sonra o və iş yoldaşı Şahid2la birlikdə idarə etdiyi xidməti avtomobil ilə qeyd olunan əraziyə yollanmışlar. Həmin ərazidə olan şübhəli avtomobil daha dəqiq nömrəsini xatırlamadığı “Vaz 2107” markalı yaşıl rəngli avtomobilin sürücüsü onların həmin avtomobilə yaxınlaşdığlarını görmüş, daha sonra dərhal avtomobilə əyləşib oradan uzaqlaşmış və orada yaşayış evlərinin arasına girərək gözdən itmişdir. Buna baxmayaraq onlar axtarışı davam etdirdikdə həmin avtomobilin Yeni Suraxanı istiqamətində getdiyini görmüş və süni tıxac yaradaraq həmin şəxsləri Yeni Suraxanı qəsəbəsinə çatmalarına az qalmış saxlamışlar. Onlarla birlikdə həmin yerə gələn növbə rəisi Şahid1 dərhal avtomobildən düşmüş, həmin şəxslərə yaxınlaşmışdır. Həmin vaxt onlara məlum olmuşdur ki, avtomobili idarə edən Elnur adlı şəxsdir. Daha sonra onlar avtomobilin içərisinə baxdıqda isə avtomobilin üst yük hissəsində enli və uzun dəmir turba, arxa yük hissəsində isə RO12 saylı quyuya məxsus ehtiyyat hissəsinin həmin şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Onlar bu barədə Elnur adlı şəxsə bildirmiş, daha sonra Elnur avtomobildə olan truba və digər ehtiyyat hissələrinin Ramana qəsəbəsində yerləşən neft mədəni ərazisindən götürdüyünü demişdir. Lakin onlar buna inanmayıb bu barədə həmin ərazi üzrə mədən rəisinə məlumat vermişlər. Daha sonra avtomobildə olan trubaların şəkillərini çəkib mədən rəisinə göndərmişlər. Bir qədər sonra Mədən rəisi olduğları əraziyə gələrək həmin ehtiyyat hissələrinin onların şirkətinə məxsus olmasını təsdiq etmişdir ki, oğurlanmış invertarın üzərində quyunun nömrəsi olmasıda öz əksini tapmışdır. Bu hadisədən sonra isə öz içlərini görmək və sənədləşdirməkdən ötrü həmin şəxsin atmobili və xidməti avtmobilləri ilə birlikdə Qaraçuxur qəsəbəsində yerləşən baş idarəyə apardıqları zaman həmin şəxs idarə etdiyi avtomobildən düşərək qaçmış, onlar baş idarəyə çatdıqdan sonra baş vermiş hadisə ilə bağlı aidiyyatı üzrə polisə məlumat vermişlər. Hadisə baş verən zaman oğurluğu törətmiş özünü Elnur kimi təqdim etmiş şəxs tək olmamışdır. Onların xidməti avtomobilləri onun olduğu yerə yaxınlaşan zaman yanında bir nəfər şəxs də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Mədən ərazisində yaşayır və oradan tanımışdır. Nəzarət qülləsindən məlumat verilmişdir ki, 12 saylı quyu istiqamətində şübhəli maşın olmuş, maşınla hadisə yerinə yaxınlaşmışlar, orada heç kimi görməmişlər. Yol istiqamətində maşının hərəkətini görərək izləmişlər və saxlatdırmışlar. Yük yerinə baxı keçirdikdə, quyu ağızlığını aşkar etmişlər. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, qaçıb gedən şəxsi təqib etməmişlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayından Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “Suraxanı OİL Şirkəti”ndə nəzarətçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 19 sentyabr 2024-cü il tarixdə xidməti növbədə olduğu zaman 13 saylı müşahidə qülləsi saat 23 radələrində rabitə vasitəsilə məlumat verərək, RO 12 saylı neft quyusunun yaxınlığında şübhəli avtomobilin dayandığını bildirmişdir. Məlumatı aldıqdan sonra o, iş yoldaşı Bayramov Aminin idarə etdiyi xidməti avtomobil ilə qeyd olunan əraziyə yollanmışlar. Həmin ərazidə olan şübhəli avtomobil daha dəqiq nömrəsini xatırlamadığı “Vaz 2107” markalı yaşıl rəngli avtomobilin sürücüsü onların həmin avtomobilə yaxınlaşdığını görüb dərhal avtomobilə əyləşib oradan uzaqlaşmış və orada yaşayış evlərinin arasına girərək gözdən itmişdir. Buna baxmayaraq onlar axtarışı davam etdirdikdə həmin avtomobilin Yeni Suraxanı istiqamətində getdiyini görmüşlər və süni tıxac yaradaraq həmin şəxsləri Yeni Suraxanı qəsəbəsinə çatmalarına az qalmış saxlamışlar. Onlarla birlikdə həmin yerə gələn növbə rəisi Şahid1 dərhal avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmışdır. Həmin vaxt onlara məlum olmuşdur ki, avtomobili idarə edən Elnur adlı şəxsdir. Daha sonra onlar avtomobilin içərisinə baxdıqda isə avtomobilin üst yük hissəsində enli və uzun dəmir truba, arxa yük hissəsində isə RO12 saylı quyuya məxsus ehtiyyat hissəsinin həmin şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Onlar bu barədə Elnur adlı şəxsə bildirsələrdə, Elnur avtomobildə olan truba və digər ehtiyyat hissələrinin Ramana qəsəbəsində yerləşən neft mədəni ərazisindən götürdüyünü bildirmişdir. Lakin onlar buna inanmayıb bu barədə həmin ərazi üzrə mədən rəisinə məlumat vermişlər. Daha sonra avtomobildə olan trubaların şəkillərini çəkib mədən rəisinə göndərmişlər. Bir qədər sonra mədən rəisi onların olduqları əraziyə gələrək həmin ehtiyyat hissələrinin onlara şirkətə məxsus olmasını təsdiq etmişdir ki, oğurlanmış invertarın üzərində quyunun nömrəsi olmasıda öz əksini tapmışdır. Bu hadisədən sonra isə öz işlərini görmək və sənədləşdirməkdən ötrü həmin şəxsin avtomobili və xidməti avtomobilləri ilə birlikdə Qaraçuxur qəsəbəsində yerləşən baş idarəyə apardıqları zaman həmin şəxs idarə etdiyi avtomobildən düşərək qaçmış və onlar baş idarəyə çatdıqdan sonra baş vermiş hadisə ilə bağlı aidiyyatı üzrə polisə məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hadisə baş verən zaman oğurluğu törətmiş özünü Elnur kimi təqdim etmiş şəxs tək olmamışdır. Onların xidməti avtomobilləri onun olduğu yerə yaxınlaşan zaman yanında bir nəfər şəxs də olmuşdur. Onlar Qaraçuxurda yerləşən baş idarəyə gedən zaman həmin şəxs avtomobildən düşüb qaçmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 sentyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan maliyyə departamentinin direktoru Şahin Şərifov və maliyyə departamentinin böyük mühasibi Cavid Nəsibli tərəfindən tərtib edilmiş 20 sentyabr 2024cü il tarixli arayışdan görünür ki, “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçilərinin 20 sentyabr 2024-cü il tarixdə tərtib etdikləriakta əsasən oğurlanmış əmlakın dəyəri siyirtmə 65x210 flyans, bolt, qayka ilə 01 ədəd 1.130 manat, üçboğaz 325 01 ədəd 1.250 manat, cəmi 2.380 manatdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və həmin xüsusatla bağlı sənədlərin surəti Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan AZE seriyalı 11786445 nömrəli, AZE seriyalı 18153909 nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2011-ci il təvəllüdlü X1, 24 oktyabr 2012-ci il təvəllüdlü X3 və 12 yanvar 2015-ci il təvəllüdlü X2 adlı uşaqları var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ailəli olmaqla himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, ailəni yeganə dolandıran şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin və şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 20 - 22 sentyabr 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 - 22 sentyabr 2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 18 (on səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 198 (yüz doxsan səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar