Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-244/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdən yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koropavirus (Covid-19) infeksiyasmın insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yolxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 07 yanvar 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 31 saylı binanın 86 nömrəli mənzilini tərk edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 355 ünvanda yerləşən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, ünvan 3 Şəhər Xəstəxanasına gedərək, vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə piyada olaraq sərbəst hərəkət edib, karantin recimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında əri ilə birlikdə yaşayır. 2020-ci ilin dekabr ayının 20-dən sonra özünü yaxşı hiss etməmiş, belə ki, onu üşütmə tutmuş və kürək nahiyəsində güclü ağrılar olmuşdur. Həmin gündən dərmanlar alıb müalicəyə başlamışdır. 05 yanvar 2021-ci il tarixdə sahə həkimi ilə əlaqə saxlayaraq, “Covid 19” virus infeksiya xəstəliyi ilə əlaqədar test vermək istədiyini bildirmişdir. Sahə həkimi terst götürən həkimin nömrəsini verərək, əlaqə saxlamasını tapşırmışdır. 05 yanvar 2021-ci il tarixdə yaşadığı mənzilə həkim gəlmiş və ondan “Covid 19” virus infeksiya xəstəliyi ilə əlaqədar test götürmüşdür. Həmin günü gecə saatlarında testin cavabı bəlli olmuşdur. Belə ki, testin cavabı pozitiv çıxmış, yəni onda “Covid 19” virus infeksiya xəstəliyi aşkar olunmuşdur. Həmin vaxtdan etibarən telefonuna SMS gəlmiş, o, və ailə üzvlərinin yaşadığı mənzildən çölə çıxmağın qadağan olunması, çölə çıxdığı halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbardar edilmişdir. Bir neçə il əvvəl ağ ciyərində problemlər olduğundan “Covid 19” virus infeksiya xəstəliyinə yoluxmasına görə qorxuya düşmüş və sahə həkimi ilə əlaqə saxlamışdır. Sahə həkiminə “Covid 19” virus infeksiya xəstəliyinə yoluxmasını və bir neçə il əvvəl ağ ciyərində problemlər olmasını bildirmişdir. Sahə həkimi Şəbnəm adlı qadın rentgendən keçməsi üçün avtobusa əyləşməmək şərti ilə, təcili tibbi yardım vasitəsilə poliklinikaya gəlməsini demişdir. Həmin poliklinika yaşadığı evdən təxminən 50 metr məsafədə yerləşmişdir. 07 yanvar 2021-ci il tarixdə, saat 08:30 radələrində o, təcili tibbi yardıma müraciət etmədən, özü mütəqil olaraq, tibbi maskadan istifadə etməklə yaşadığı evdən çıxaraq, poliklinikaya getmişdir. Poliklinikada həkimlər tərəfindən yoxlanılmış və rentgendən keçmişdir. Heç bir problem olmadığı üçün yaşadığı evə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Onun maddi vəziyyəti qənaətbəxş olmadığından və heç bir yerdə işləmədiyindən, barəsində cərimə növündə cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı birləşmiş xəstəxanada iki il müddətdir ki, terapevt işləyir. ünvan 5 ünvan ona təhkim olunmuş və inzibati sahəsidir. Həmin sahədə yaşayan və “Covid 19” virus infeksiya xəstəliyinə yoluxmuş xəstələrin müalicəsi ilə bağlı tədbirlərin görülməsi, onların mütamadi olaraq nəzarətdə saxlanılması və nəticəsi barədə aidiyyəti qurumlara məlumat verilməsi ona həvalə edilmişdir. Xəstə barədə ona məlumat verildikdən sonra onlarla əlaqə saxlayaraq, onların ailədə neçə nəfər olduqları və ailədə neçə nəfərlə kontakda olduqlarını soruşmuşdur. Bundan başqa onlarda olan simptomları soruşaraq, onlara müalicə təyin etmişdir. 05.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid 19” virus infeksiya xəstəliyinə yoluxması barədə və həmin şəxin inzibati ərazisində yaşaması barədə məlumat daxil olmuşdur. O, dərhal Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq, onun vəziyyəti barədə ondan məlumat almışdır. Təqsirləndirilən şəxs əvvəl keçirdiyi xəstəliklər barədə soruşmuş, sonuncu da əvvəllər iki dəfə ağ ciyərinin plevriti xəstəliyini keçirməsini demişdir. Səidə adi qripdən belə qorxduğunu və ciyəri üçün təhlükə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs müalicə olunması üçün dərmanlar təyin etmişdir. Təqsirləndirilən şəxs ağ ciyəri üçün də müalicə təyin etməsini xahiş etmiş, lakin sonuncuya rentgen müayinəsindən keçməsə, ona hər hansı bir müalicə təyin edə bilməyəcəyini bildirmiş və təcili tibbi yardım vasitəsilə poliklinikaya gələrək, rentgendən keçməsini məsləhət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə danışmamışdır. Sonradan Səidə rentgen çəkilişlərinin fotoşəkillərini mobil telefon vasitəsilə ona göndərmiş, həmin şəkillərə baxıb, heç bir panikaya ehtiyac olmadığını demiş və sonuncuya müalicə təyin etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, 2014-cü ildən X3, 2020-ci ildən isə Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 yanvar 2021-ci il tarixdə, saat 16:50 dəqiqədə xidmətdə olan zaman, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs “Covid 19” virus daşıyıcısı olduğu halda yaşadığı ünvanı tərk edərək, karantin recimini pozmaqla koronavirus pandemiyasmın yayılması üçün real təhlükə yaratması barədə rayon Polis İdarəsinə siyahı daxil olmuşdur. Bundan sonra o, ünvan 6 ünvanına gəlmişdir. Orada Təqsirləndirilən şəxs ilə görüşüb, ona özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə virus infeksiya xəstəliyinə yoluxması və bununla bağlı yaşayış yerini tərk etməməli olduğu halda, 07 yanvar 2021-ci il tarixdə yaşadığı ünvanı tərk edərək, poliklinikaya getməsi barədə onunla sorğu sual edərək, videoçəkiliş aparmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs ağ ciyərində problemlər olduğu üçün “Covid 19” virus infeksiya xəstəliyinə yoluxduğu üçün rentgendə yoxlanmaqdan ötrü yaxınlıqda yerləşən poliklinikaya getməsini demişdir. İş materiallarına əlavə edilmiş İTS.GOV.AZ-dan Təqsirləndirilən şəxs mobil telefonuna gəlmiş SMS-in mətnindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixində “COVİD-19” ilə bağlı verdiyi testin nəticəsi POZİTİVDİR. Xahiş olunmuşdur ki, Təqsirləndirilən şəxs və ailə üzvləri yaşayış yerini tərk etməsin. Karantin recimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İXM və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Çərkəz Pənahovun 08.01.2021-ci il tarixli qərarına əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, onun icraatına qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsdən daxil olmuş 22 aprel 2021-ci il tarixli 04-17/2226-2021 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2021-ci il tarixdə test götürülmüş və həmin tarixdə onda “COVİD-19” virus xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və PA Birliyi” Publik Hüquqi şəxsin 09.06.2021-ci il tarixli KEŞ-553 saylı rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05.0l.2021-ci il tarixdə yeni növ virus infeksiyasmm (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasnın daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyi yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasmm inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq sağalma müddəti müxtəlif olur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, 17 iyun 2021-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Çərkəz Pənahov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyən olunur ki, 17 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MKTİ-nin 181 nömrəli MTK tərəfindən verilmiş 04.07.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Hal-hazırda işləmir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin recimini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması özü etirafı, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli 450 №-li Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 28 dekabr, saat 06:00-dək uzadılmışdır. «Sanitariya-epidemioloci salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və recimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları»na əsasən karantin nəzarəti yoluxucu xəstəliyə yoluxma faktının erkən aşkar edilməsi və həmin xəstəliyə xas olan əlamətlərin müşahidə olunması məqsədilə yoluxduğu güman edilən və təmasda olan şəxslərin digər şəxslərdən təcrid edilməsindən ibarətdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən karantin müəssisəsinə yerləşdirilən şəxs ÜST-nin tövsiyələri nəzərə alınmaqla və Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena qaydalarına və normalarına uyğun olaraq laboratoriya müayinəsindən keçirilir. Laboratoriya müayinələrinin keçirilməsi zərurəti, onların sayı və keçirilməsi tezliyi yoluxucu xəstəliyin xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən şəxslər üzərində tibbi müşahidə ərazi ambulator-poliklinika müəssisəsi tərəfindən gündəlik olaraq telefon vasitəsilə həyata keçirilir. Həmiq Qaydaların 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən karantin nəzarətinə götürülmüş şəxslərin karantin yerini tərk etməsi və kənar şəxslərin onları ziyarət etməsi (“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilməsi halları istisna olmaqla) qadağandır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə recimin, sanitariya-gigiyena və ya karantin recimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, təqsirləndirilən şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah –tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materialları ilə müəyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinin tələblərinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxsin heç bir yerdə işləməməsini, həmçinin, onun əmlak vəziyyəti barəsində məlumatın olmamasını əsas götürərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cəza növü olaraq cərimə cəzasının müəyyən edilməsi nəticə etibarı ilə sonuncunun vəziyyətinin tənasübsüz olaraq ağırlaşmasına səbəb olar. Məhkəmə onu da nəzərə alır ki, təyin olunacaq cəza rəal icra olunmalıdır, yəni cəzanın icrası konstitusion mahiyyət daşıyan və məhkəmə hakimiyyəti aktı olan ittiham hökmünün icrasını təmin etmək üçün nəzərdə tutulmuş tədbir vasitəsidir. Məhkəmə göstərilənləri nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsinin sanksiyası daxilində aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-244/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-244/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver