Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-246/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1993-cü ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, fərdi evdə kirayədə yaşayan, Xəzər Rayon Məhkəməsinin 1(003)- 23/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq olunmaqla 02 (iki) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-124/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarı tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış (azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş hissəsi 02 (iki) ay 24 (iyirmi dörd) gün təşkil edir), Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 07 mart 2022-ci il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,426 qram təşkil edən narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla, daşımış, 07 mart 2022-ci il tarixdə saat 16:15-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində özünü şübhəli aparması səbəbindən Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,426 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, mağazaya özünə paltar almağa getmişdir. Paltarı almış və ödənişini etmişdir. Lakin mağazada satıcılar paltarın ödənişini etmədiyini bildirdilər. Bu səbəbdən aralarında kiçik mübahisə yaranmışdır. Daha sonra mağazanın işçiləri polis əməkdaşlarına bu barədə məlumat verəcəklərini bildirmiş, o, isə bununla razılaşaraq polis əməkdaşları gələnədək mağazada gözləmişdir. Həmin vaxt əlini zədələdiyi üçün əli sarğıda idi. Polis əməkdaşları mağazaya gəlib onunla kobud rəftar etməyə başlamış və qolundan tutduqları üçün əli qanamağa başlamışdır. Sonra polis əməkdaşları onu saxlayaraq polis bölməsinə apardılar. Polis bölməsində olan zaman polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. O, özünü pis hiss etdiyi üçün özündən getmiş və ayılan zaman polis əməkdaşları üzərindən əvvəlki cəzası ilə bağlı olan qolbaq və narkotik vasitə aşkar olunduğunu bildirdilər. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq ona ittiham olunan cinayət əməlini işin məhkəmə baxışı dövründə faktik olaraq etiraf etməmişdir. Eyni zamanda o, əməlindən peşman olduğunu da bildirir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Suraxanı RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. 07 mart 2022-ci il tarixdə saat 16:15 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə onlara təhkim olunmuş 56/50 saylı avtopatrulla Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində xidməti ərazidə xidmət aparan zaman bir nəfər şəxsin onları görüb özünü itirərək istiqamətini dəyişdiyini gördülər. Həmin şəxsin özünü şübhəli aparması səbəbindən həmin vətəndaşa yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini istədilər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onu sorğu-sual edən zaman üzərində narkotik vasitə olmasını və bu səbəbdən də onları gördüyü zaman özünü itirib yolunu dəyişdiyini etiraf etmişdir. Bu zaman ona üzərində şəxsi axtarış aparılması zərurətini izah edərək ərazi üzrə Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etdilər. Təqsirləndirilən şəxs də razı olaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. 31-ci polis bölməsində Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edildi. Daha sonra videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirildi. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, öz deməsinə görə ev dustaqlığı ilə bağlı “Attenti” GPRS aparatını, sol qolundan üzərində “Emporio Armani” yazısı olan saat və sağ qolunda olan gümüşü rəngli qolbağı açaraq təqdim etmiş və üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və bu zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin büküm açıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümü əşya kimi düşünmədiyi üçün təqdim etmədiyini, həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olmasını, onu Suraxanı rayonu ərazisində yerləşən “Araz” marketin yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs özünü qismən təqsirli bilir. Buna baxmayaraq, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş hesab olunmalıdır. Bu fakt şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 08 mart 2022-cı il tarixli 6/1376 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,426 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir». 19 may 2022-cı il tarixli 2630 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı təvəllüdlü Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrində, həmçinin üzərinə videoçəkilişlə baxış keçirilərkən də etiraf etmişdir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi reallıqda baş vermiş hadisəni təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirməsini iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-23/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 69.3-cü maddələri tətbiq olunmaqla 02 (iki) il 01 (bir) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-124/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarı tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş hissəsi 02 (iki) ay 24 (iyirmi dörd) gün təşkil edir. Məhkəmə yuxarıda pöstərilənlərlə yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində tam çəkilməiş cinayət cəzası olduğuna baxmayaraq, əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıra biləcək başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,376 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xəzər Rayon Məhkəməsinin 1(003)-23/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli hökmünə və Xəzər Rayon Məhkəməsinin 7(003)-124/2022 nömrəli iş üzrə 14 yanvar 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 02 (iki) ay 24 (iyirmi dörd) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hesablansın, alınan 01 (bir) ay 12 (on iki) gün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yuxarıda göstərilən 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 mart 2022-ci il ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,376 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-246/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-246/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver