Məhkəmə qərarları › İş №1(010)-246/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-246/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-246/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 11 aprel 2023-cü il tarixdə, saat 14:05-də, Bakı şəhərində, xx xxxx 1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonu Xıllı kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 1,768 qram - şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə saat 15:00 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2vanında yerləşən Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə dəvət edilmiş və orada həmin şöbənin təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılarkən əynində olan hərbi geyimə oxşar şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,768 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 10 oktyabr 2022-ci ildə, saat 15 radələrində yaşadığı ünvan 1də olarkən sonradan Suraxanı Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları olduqların öyrəndiyi mülki geyimli şəxslər yaşadığı evə daxil olub zorla X7 İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Şöbədə olarkən üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar olunmamasına baxmayaraq, polis əməkdaşları ona bir bükümdə narkotik vasitə verib, bunun özünə məxsus olmasına dair etirafedici ifadə verməsini tələb etmişlər. Sonuncular tərəfindən döyüldüyü üçün narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə vermişdir. Lakin polis əməkdaşlarının hərəkətlərindən heç bir səlahiyyətli orqan və ya şəxsə şikayət etməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 21 fevral 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı RPİ-nin 30-ci Polis Bölməsinin əməliyyat-müvəkkili, polis polkovnikleytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 oktyabr 2022-ci ildə Suraxanı rayonu, Hövsan qəsəbəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat qrupunun üzvü, şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2lə birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu Hövsan qəsəbəsi, Məktəbli küçəsinə yollanmışlar. Saat 15 radələrində Təqsirləndirilən şəxs nömrəsiz evin yaxınlığında görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Sonuncu etiraz etmədən birlikdə polis şöbəsinə gəlmiş, həmin şəxsin xx xxxx 1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Şahin Mikayılova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş etməklə üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman sonuncu özü könüllü olaraq əynində olan hərbi formaya oxşar şalvarının sol yan cibindən bir bükümdə narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, həmin bükümdə olan maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, bundan başqa qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək zərfin üzərini baxışda iştirak edən şəxslər, həmçinin Kənan özü imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Kənan özü imza etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş elməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, sonuncu əynindəki hərbi geyimə bənzər şalvarının sol yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Xətai rayonu Əhmədli metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli 6/5858 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi «”şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,768 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 1,768 olan heroinin 0.1 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1,668 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan hərbi geyimə oxşar rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, 1 gün əvvəl Əhmədli metrosunun yaxınlığında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manat aldığını bildirir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının xx.xx.2022-ci il tarixli, 6044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin oşlmasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibəti olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis şöbəsində polis əməkdaşları tərəfindən döyüldüyündən narkotik vasitənin özünə məxsus olmasına dair etirafedici ifadə verməsinə dair ifadəsi işdə olan sübutlarla, o cümlədən şahidlərinin ifadəsi ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən bir ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroini falqa arasında çəkmək yolu ilə qəbul edir. 10 oktyabr 2022-ci ildə, saat 15 radələrində Hövsan qəsəbəsi, Məktəbli küçəsində tək dayandığı zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərkən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin işçiləri olduğunu bilmişdir. X7 İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət edərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin idarənin təhqiqatçısı kimi özünü təqdim edən polis kapitanı Şahin Mikayılov tərəfindən üzərində şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona hüquq və vəzifələri izah olunmuş, təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, əynində olan hərbi geyimə oxşar şalvarının sol yan cibindən 01 ədəd bükümü masanın üzərinə qoyaraq polisə təqdim etmişdir. Sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” kimi tanıdığı heroindir. Heroini 09 oktyabr 2022-ci il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata almışdır. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarınin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyulub, qablaşdırılmış, möhürlə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən ona təqdim olunmuş 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığı və aidiyyəti üzrə Suraxanı RPİ-nin istintaq şöbəsinə göndərilməsi barədə məlumatlı olmuşdur. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, adını, soyadını, atasının adını, ünvanını bilmir. Həmin narkotik vasitədən heç kimə satmamış və ya hədiyyə verməmiş, özü istifadə etmək üçün əldə etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən döyülməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət vermək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 12 oktyabr 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,668 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu 11 aprel 2023-cü il tarixdən, saat 14:10-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 1,668 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 08 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar