Məhkəmə qərarları › İş №1(010)-248/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-248/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-248/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyasının Mixaylovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,391 qram psixotrop maddə olan metamfetamin əldə edib, əynindəki idman şalvarının sağ yan cibində saxlamaqla daşımış və 29 aprel 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə, saat 14 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi 24 ünvanının qarşısında saxlanılıb, ünvan 3 ünvanında yerləşən Bakı şəhər Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış həyata keçirilən zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,391 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ay ərzində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən psixotrop maddə olan metamfetamin əldə edərək istifadə etmişdir. 28 aprel 2021-ci il tarixdə günorta saatlarında o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində dəqiq xatırlamadığı küçə ilə piyada gedərkən, yerdə gördüyü bir ədəd kağız bükümü açıb içərisinə baxdıqda, bükümün içərisindəki “şüşə” kimi tanıdığı metamfetamin olduğunu görmüş, bu psixotrop maddəni münasib vaxtda istifadə etməsi üçün əynində olan idman şalvarının cibinə qoymuş və üzərində saxlamışdır. Lakin həmin gün psixotrop maddə olan metamfetamindən istifadə etməsi üçün fürsət yaranmadığından, daha sonra istifadə etməyi üçün növbəti gün yaşadığı evdən çıxdıqda, onu üzərində götürmüşdür. 29 aprel 2021-ci il tarixdə, saat 14 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi ilə gedərkən, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmiş, üzərində narkotik və psixotrop maddələri saxlayaraq daşımaqda şübhəli olduğu üçün onu saxladıqlarını qeyd edərək, onu Suraxanı RPİ-nin 32-ci Polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən, sonunlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra, dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxtı polis əməkdaşı onun üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməsini bildirdikdə, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı, içərisində “şüşə” kimi tanıdığı metamfetamin olan bir ədəd siqaretin kağızına bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin kağız bükümə baxış keçirildiyi zaman, içərisində kristal formasında maddənin nə olması və haradan əldə etdiyi soruşulduqda o, həmin maddənin metamfetamin olduğunu, onu 28.04.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dəqiq xatırlamadığı küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun da tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. O, yerdən taparaq, şəxsi istifadəsi üçün üzərində daşıdığı psixotrop maddə olan metamfetamini satmaq fikri olmamış, üzərindən aşkar edilmiş metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış, üzərində psixotrop maddə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məqsədlə ondan və Suraxanı RPİnin 32-ci PB-nin Cinayət Axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis sercantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14 radələrində ünvan 5 ünvanın qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, özünü təqdim etdikdən sonra, həmin şəxsin şəxsiyyəti müəyyən edilərək, sonuncuya narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını sonuncuya bildirmiş və onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs bu təkliflə razılaşaraq, onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə, onun təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən, hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və özünə məxsus olduğunu, həmin psixotrop maddəni 28 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. (səh 21-22) İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 30 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (səh 50) İş materiallarında olan qərardan müəyyən olunur ki, 30 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (səh 70-72) İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 29 aprel 2021-ci il tarixli 6/1724 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,391 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına aiddir. (səh 38-41) İş üzrə təyin edilmiş məhkəmə narkoloci ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloci X6 X3 X4 Komissiyasının verdiyi 26 may 2021-ci il tarixli 1596 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. (səh 94-95) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12.12.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2, 264, 66.3 və 66.4-cü maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 02 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. 28.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (səh 83-84) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metamfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,341 qram qalmış narkotik vasitə olan metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 29.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 31 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloci dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,341 qram qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar