Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-249/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1967-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi olaraq mühafizəçi işləyən, 1-ci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi üzvü, Şəki rayonu, Bolludərə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə nömrəsiz evdə yaşamış, 27 yanvar 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 14 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev adına X12 istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Buta Palace” şadlıq sarayının qarşısında olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozub, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə riayət etməmiş, yolun sağında “Toyota Prius” markalı avtomobilinə yanacaq doldurmaqda olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs baş-beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, hər iki baldır və dirsək sümüklərinin açıq sınıqları, sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən həmin gün saat 21:45 radəsində ünvan 1 ünvanında yerləşən X11 ölümünə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki rayonu, Bolludərə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə nömrəsiz evdə yaşayır. Ailəlidir və üç övladı var. Övladları böyükdür və ailəlidir. Həyat yoldaşı ilə birlikdə yaşayır. Təxminən 40 ildən artıqdır ki, avtomobil idarə edir. X5 məxsus olan “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, ailəsini maddi cəhətdən təmin etmişdir. 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində taksi şirkəti olan “Uber” şirkətindən daxil olan təyinat üzrə X7 Hava Limanının 1-ci Terminalından üç nəfər qadın müştəri götürmüşdür. Həmin sərnişinlərdən biri ön sərnişin oturacağına, digər iki sərnişin isə arxa sərnişin oturacağında əyləşmişdilər. O, Hava Limanından çıxıb üzü şəhər istiqamətində hərəkətinə davam etmişdir. Təxminən saat 20:20 radəsində “Buta Palace” şadlıq sarayı tərəflərdə həmin saraya çatmağa az qalmış yerüstü piyada keçidinin yaxınlığında yol döngəli olduğu üçün hərəkət sürətini azaldıb sağdan birinci hərəkət zolağına keçmiş və həmin hərəkət zolağı ilə 70 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman avtomobilin ön hissəsinə yerləşdirdiyi mobil telefonuna nəzər yetirərək hərəkət istiqamətinə baxmışdır. Elə bu anda diqqəti mobil telefonda olduğu üçün avtomobilə nəsə dəydiyini eşitmiş və nəsə avtomobilin ön şüşəsinə dəyib, onu sındıraraq yerə düşmüşdür. Özünü itirmiş və həmin anda əyləci sıxaraq avtomobili saxlamışdır. Avtomobildən yerə düşəndə bir nəfər cavan oğlanın sağ tərəfi üstə avtomobilindən təxminən 2 metr irəlidə yerdə uzanmış halda olduğunu görmüşdür. Öz avtomobilinə nəzər yetirdikdə isə ön şüşəsinin sındığını və avtomobilin ön hissəsinin biraz əzildiyini gördü. Bu anda idarə etdiyi avtomobil ilə həmin piyadanı vurduğunu başa düşmüşdür. Vurduğu piyadaya yaxınlaşan zaman həmin piyadanın başının üstündə dayanmış bir qadın və bir oğlan özlərini piyadanın qohumu kimi təqdim etmişlər. Onlardan baş vermiş hadisəyə görə üzr istəmiş və onlara tez vurduğu piyadanı xəstəxanaya aparmağı təklif etmişdir. Onlar da razılaşmış və o, öz avtomobilində olan müştəriləri yerə düşürüb vurduğu piyadanı yaxınları ilə birlikdə idarə etdiyi avtomobilinə əyləşdirərək X13 aparmışdır. Orada hadisənin onun tərəfindən törədildiyini bildirmiş və vurduğu piyadanı həkimlərə təhvil vermişdir. Daha sonra, avtomobili xəstəxananın həyətində saxlamış və özü könüllü olaraq polisə gəlib hadisə barədə məlumat verərək yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Sonda isə əməlindən peşman olmasını, 1-ci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi üzvü olmasını, ailə vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, Bakı şəhərində imkansızlıq ucbatından kirayədə yaşadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 14 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi “Buta Palace” şadlıq sarayının yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 14 oktyabr 2023-cü ildə xəstəxanada ölmüş xx xxxx 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. Şahid, 2 oğlu, 1 qızı, gəlini, nəvəsi və yoldaşı ilə birlikdə bir evdə yaşamışlar. Zərərçəkmiş şəxs Milli Aviasiya Akademiyasında keçdiyi kursda kəsrləri olduğuna görə, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs səhər saat 6 radələrində evə gəlib yatır, axşamlar saat 20 radələrində isə taksi fəaliyyəti ilə məşğul olmağa gedirdi. 14 oktyabr 2023-cü il tarixdə, təxminən saat 21 radələrində arvadı və oğlu Rəvan ona məlumat vermişdir ki, “Buta Palace” şadlıq sarayının yaxınlığında Əzimi maşın vurmuş, o xəsarət alaraq Sabunçu 3 saylı şəhər klinik xəstəxanasına aparılmışdır. Oğlu Rəvan onu götürmək üçün iş yerinə gəlmiş və onlar birlikdə 3 saylı xəstəxanaya getmişlər. Oraya çatan zaman oğlunun artıq vəfat etdiyini öyrənmişdir. Məhkəmə-tibbi ekspertizası müayinəsindən sonra meyiti qəbul edib həmin gün qəbiristanlıqda dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs “Buta Palace”-ın yaxınlığında avtomobilində benzini qurtardığı üçün məcburən yol kənarında avtomobilini saxlamış, digər oğlu Rəvandan ona benzin gətirməsini xahiş etmiş, o, da benizini gətirib Əzimə vermiş, Əzim yol kənarında avtomobilinə yanacaq dolduran zaman arxadan gələn avtomobil onu avtomobil vurmuşdur. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə hazırda barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə 22 may 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. 14 oktyabr 2023-cü il tarixdə qardaşı Əzim ona zəng edərək avtomobilində yanacağının olmamasını, ondan yanacaq gətirməsini istəmişdir. Onunla danışmış və Əmircan qəsəbəsində yerləşən “Ağ Petrol” YDM-dən 2 litr yanacaq alaraq Əzimlə əlaqə saxlamışdır. Əzim ona “Buta Palace”-in qarşısına gəlməyini bildirdiyi üçün oraya getmişdir. Əzim yolun digər tərəfində avtmobilini saxladığı üçün yanacağı götürüb yolun ortasında olan dirəklərin-məhəccərin yanına gəlmişdir. Əzim də digər tərəfdən həmin dirəklərin yanına gəlmiş və yolun ortasında o, Əzimə yanacağı vermişdir. Daha sonra, Əzim avtomobilinə geri qayıtmış və yanacağı doldurmağa başlamışdır. Həmin vaxt yolda avtomobillər hərəkətdə olmuşdur. O, üzünü çevirib geri qayıdan zaman arxadan möhkəm bir toqquşma səsinin gəldiyini eşitmiş, geriyə döndükdə “Toyota Prius” markalı avtomobilin Əzimi və onun avtomobilini vurmasını, Əzimin də yerə düşməsini görmüşdür. O, dərhal yolu keçmiş və Əzimin yanına gəlmişdir. Əzimin baş nahiyəsi və üzü qanayırdı. Hadisəni törətmiş sürücü onu dərhal öz avtomobilinə yerləşdirmiş və 3 saylı xəstəxanaya aparmışdır. Hadisə zamanı anası Nəzakət onun avtomobilində olmuşdur. Onlar birlikdə 3 saylı şəhər klinik xəstəxanasına getmişlər. Xəstəxanada olan zaman isə Əzimin vəfat etdiyini öyrənmişdir. Hazırda hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə oğlu Əzim digər oğlu Rəvana zəng edərək yanacağının olmadığına görə, ona yanacaq gətirməsini istəmişdir. Rəvan Əmircan qəsəbəsində yerləşən “Ağ Petrol” YDM-dən 2 litr yanacaq alaraq Əzimlə əlaqə saxlamışdır. Əzim onun “Buta Palace”-in qarşısına gəlməsini istəmişdir. Rəvan yolun digər tərəfində avtomobilini saxlayıb, yanacağı götürüb yolun ortasında olan dirəklərin yanına getmiş, həmin vaxt isə o, avtomobildə Rəvanı gözləmişdir. Rəvanın harada olmasına baxmaq üçün avtomobildən düşmüşdür. Daha sonra, bir avtomobilin Əzimi vurmasını, Əzimin də yerə düşməsini görmüşlər. Dərhal yolu keçmiş və Əzimin yanına gəlmişdir. Əzimin baş nahiyəsi və üzü qanamış idi. Hadisəni törətmiş sürücü onu dərhal öz avtomobilinə yerləşdirmiş və o da onlarla birlikdə 3 saylı xəstəxanaya getmişdir. Hazırda hadisəni törətmiş Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 14 oktyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis leytenantı X9 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 14 oktyabr 2023-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Hava limanı istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətinə olan yerdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt, vəziyyəti isə qurudur. Yol örtüyünün eni 16,5 metr, hərəkət zolağının sayı 4-dür. Hərəkət hissənin eni 16 metrdir, həmin hissədə qarşıqarşıya gələn nəqliyyat axınını ayıran dəmir səddir. Sağda “Buta Palace”, solda boş sahə mövcuddur. Hərəkət ümumi qaydada nizamlanır. Yol nişanları hərəkət hissəsinin daxilində yerləşir. Yol elektrik işığı ilə işıqlandırılır. 1 nəfər piyada vurulmuşdur. Piyada hərəkət hissənin sağ tərəfində avtomobili saxlayıb əlində olan qabla yanacaq doldurmaq istəmişdir. Şin və tormoz izləri yoxdur. Xüsusi qeydlər: piyada 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “Toyota Prius” markalı avtomobili idarə edərək Heydər Əliyev prospektində şəhər istiqamətində olarkən yanacaq qurtardığından “Buta Palace”-ın yaxınlığında avtomobili sağ hərəkət zolağında dayandırıb yanacaqla dolu qabı götürüb özü avtomobilin sol tərəfində dayanıb yanacaq dolduran zaman sürücü Təqsirləndirilən şəxs “Toyota Prius” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə şəhər istiqamətində idarə edərkən yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə ehtiyyatsızlıqdan vurmuşdur. Piyada xəstəxanada ölmüşdür. Hadisə yerinin sxemi protokola əlavə edilmişdir. (iş.v. 5-11) 15 oktyabr 2023-cü il tarixli, 2/39145 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 13) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-DV-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, buraxılış ili 2007-ci il, qeydiyyat şəhadətnaməsi nömrəsi BD298338 olan nəqliyyat vasitəsi X3 Təqsirləndirilən şəxs 08 il 09 ay 12 gün müddətə, yəni 19 iyul 2032-ci il tarixədək etibar edilmişdir. (iş.v. 19) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus olan BC191214 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 18) 16 oktyabr 2023-cü il tarixli, “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə, saat 20:20 radələrində “Buta Palace” şadlıq sarayının yaxınlığında həmin saraya çatmağa az qalmış yerüstü piyada keçidinin yaxınlığında yol döngəli olduğu üçün hərəkət sürətini azaldıb sağdan birinci hərəkət zolağına keçmiş və həmin hərəkət zolağı ilə 70 km/saat sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman avtomobilin ön hissəsinə yerləşdirdiyi mobil telefonuna nəzər yetirərək hərəkət istiqamətinə baxmışdır. Elə bu anda diqqəti mobil telefonda olduğu üçün avtomobilə nəsə dəydiyini eşitmiş və nəsə avtomobilin ön şüşəsinə dəyib, onu sındıraraq yerə düşmüşdür. Özünü itirmiş və həmin anda əyləci sıxaraq avtomobili saxlamışdır. Avtomobildən yerə düşmüş və bir nəfər cavan oğlanın sağ tərəfi üstə avtomobilindən təxminən 2 metr irəlidə yerdə uzanmış halda olduğunu görmüşdür. Öz avtomobilinə nəzər yetirdikdə isə avtomobilin ön şüşəsinin sındığını və ön hissəsinin biraz əzildiyini görmüşdür. Bu anda idarə etdiyi avtomobil ilə həmin piyadanı vurduğunu başa düşmüşdür. Vurduğu piyadaya yaxınlaşan zaman həmin piyadanın başının üstündə dayanmış bir qadın və bir oğlan özlərini piyadanın qohumu kimi təqdim etmişlər. Onlardan baş vermiş hadisəyə görə üzr istəmiş və onlara tez vurduğu piyadanı xəstəxanaya aparmağı təklif etmişdir. Onlar da razılaşmış və o, öz avtomobilində olan müştəriləri yerə düşürüb vurduğu piyadanı yaxınları ilə birlikdə idarə etdiyi avtomobilinə əyləşdirərək X13 aparmışdır. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs protokola əlavə edilməsi üçün istintaq hərəkətində iştirakı zamanı “ 02 “ ədəd fotoşəkli çəkilmişdir. (iş.v. 22-23) Suraxanı RPİ-nin İŞ-ə ünvanlanan 07 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, X6 cinayət işi üzrə mərhum oğlu Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş, digər ailə üzvlərinin də buna etirazı olmadığını qeyd etmişdir. (iş.v. 29) 07 noyabr 2023-cü il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə X6 hadisə nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (iş.v. 30) Zərərçəkmiş şəxsin anası məhkəmə şahid qismində dindirilmiş X2 məhkəməyə 22 may 2024-cü il tarixdə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. 13 noyabr 2023-cü il tarixli, 134 saylı meyitin ekspertizasının nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş-beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, hər iki baldır və dirsək sümüklərinin açıq sınıqları, sağ dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 14 oktyabr 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur, ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 10-14 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, ilkin zərbə bədənin ön-sağ səthinə yetirilə bilərdi, avtomaşının bədən üzərindən keçməsinə xas olan xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Suraxanı RPİ-nin DYPŞ-nin İTÜ baş inspektoru, polis mayoru Cavid İsgəndərzadə tərəfindən Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis leytenantı Tural Səfiyevin ********* nömrəli cinayət işi üzrə verdiyi sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BC191214 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (iş.v. 43) 15 yanvar 2024-cü il tarixli 8/3683 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (iş.v. 50-53) Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ bəndinin 3)-cü hissəsinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 54-55, 77-78) Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin 32078 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 1997-ci il tarixdə həmin vəsiqə ondan ötrü verilmişdir ki, həmin vəsiqənin sahibi həqiqətən Azərbaycanın ərazi bütovlüyü uğrundan döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. Şəki rayon Hərbi Komissarlığı tərəfindən 13 mart 2001-ci il tarixdə verilmiş, 048971 saylı müddətsiz vəsiqədən görünür ki, vəsiqənin sahibi Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri və meyitin məhkəmə tibbi ekspertizasının rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsi tərəfindən 29 mart 2005-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (iş.v. 38) CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə. Göründüyü kimi, onun məhkumluğu ödənilmiş və götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, 1-ci Qarabağ müharibəsi iştirakçısı olması, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi üzvü olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 43-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Cəzaların İcrası Məcəlləsinin 118.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər və bu Məcəllənin 70.2.3 və 70.2.4-cü maddələrində nəzərdə tutulmuş qaydada ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslər cəza çəkirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməklə, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş və alternativ cəza qeyd olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmənin əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmənin əvvəli hökm elan olunduğu tarixdən, yəni 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-249/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-249/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver