Məhkəmə qərarları › İş №1(010)-25/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-25/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-25/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1996-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(003)-209/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 7(010)-554/2024 saylı qərarı ilə barəsində "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz evdə yaşamış, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 430/2022 nömrəli iş üzrə 16 iyul 2022-ci il tarixli qərarına əsasən əvvəli 14 iyul 2024-cü ildən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarları ilə həbsdə saxlanılma müddətləri uzadılmış), Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 23 fevral 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyəti ilə 06 iyul 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə açar seçmə yolu ilə evin giriş qapısını açaraq qanunsuz daxil olaraq həmin evdən 940 manat “Hidroterm” markalı 1 ədəd 170 manat dəyərində drelin, 1 ədəd 110 manat dəyərində laqondanın, 600 manat dəyərində bir neçə top elektrik naqillərinin və 60 manat dəyərində müxtəlif hamam aksesuarların oğurlandığını gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 ümumilikdə 940 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyəti ilə 13 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinə podval qapısını sındıraraq açmaq yolu ilə qanunsuz daxil olaraq həmin evdən 1.000 manat dəyərində elektrik naqillərini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda olarkən oğurluq etmək qərarına gəlmiş və bu səbəblə təxminən saat 20:00 radələrində yaşadığı evdən çıxmışdır. Evinin yaxınlığında gəzərkən tikintisi tamamlanmış, lakin yaşayış olmayan kürsülü ev görmüşdür. Evin yan hasarından aşaraq həyətə daxil olmuş, həyətdə heç nə tapmadığından evin podvalına girmək qərarına gəlmişdir. Podvalın balaca dəmir qapısını açıb podvala daxil olduqda evin pol taxtalarının olmadığını və podvaldan evə rahatlıqla girə biləcəyini görüb evə göz gəzdirmişdir. Evin elektrik naqillərini kəsib götürmüşdür. Bundan başqa evdə heç nə olmadığından kəsdiyi elektrik naqillərini götürüb gəldiyi yol ilə evi tərk etmişdir. Bundan başqa 06 iyul 2022-ci il tarixində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz evdə olarkən oğurluq etmək məqsədi ilə küçəyə çıxmışdır. Yaşadığı evə yaxın küçələrdə gəzərkən bir mərtəbə kürsülü, tikintisi tamamlanmış, lakin yaşayış olmayan ev görmüşdür. Evin ətrafında dolaşdıqdan sonra yan tərəfdən divardan aşıb həyətə daxil olmuş, həyətə ümumi baxış keçirdikdən sonra həyətdə oğurlamağa bir şey tapmayıb əvvəlcədən üzərində gətirdiyi açarlardan birinin köməyi ilə evin giriş qapısını açaraq evə daxil olmuşdur. Evin koridorunda 1 ədəd drel, onun yanında təxminən 2 metr uzunluğunda udlinitel görərək götürmüşdür. Daha sonra evdən həyətə çıxmış və həyətə yenidən göz gəzdirmişdir. Həyətdə təxminən 3 metr uzunluğunda elektrik naqili görüb onu da götürüb evdən götürdüyü əşyaların yanına qoymuşdur. Sonra evə yenidən daxil olmuş, evdə olan zaman ev yiyəsinin səsini eşitmiş və evin hamamının pəncərəsindən çıxıb qaçmışdır. Evdən çıxıb qaçarkən götürmək istədiyi əşyaları evin içində atıb qaçmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən kürsülü, birmərtəbəli, 3 otaqlı, tikintisi tamamlanmış, evindən 01 iyul 2022-ci il tarixdə çıxmışdır. Təxminən 13 iyul 2022-ci il tarixdə evinə qayıdaraq evin qapısını açarla açdıqda evin koridorunda olan “Hidroterm” markalı 1 ədəd drelin, 1 ədəd laqondanın, bir neçə top elektrik naqillərinin və müxtəlif hamam aksesuarlarının oğurlandığını görmüşdür. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinə ərizə ilə müraciət etmiş və ona 940 manat maddi ziyan dəydiyini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyaların hamısı onun özünə məxsus olmuş və nəticədə ona konkret olaraq 940 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən kürsülü, birmərtəbəli, 4 otaqlı, tikintisi tamamlanmamış evindən 03 iyul 2022-ci il tarixdə çıxmışdır. Təxminən 10 gün sonra evinə qayıtdıqda evin podvalının qapısının sındırıldığını və evin bütün elektrik naqillərinin oğurlandığını görərək bu barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona 1.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-430/2022 nömrəli iş üzrə 16 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 iyul 2022-ci ildən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-601/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 14 dekabr 2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-709/2022 nömrəli iş üzrə 14 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 03 yanvar 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 23 fevral 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 9/5319 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 2 ölçülü elektrik naqillərinin 1 metrinin və 1 ədəd “Hidroterm” markalı drelin 2022-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 31,30 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir (qırmızı rəngli 5 mm damarlı mis elektrik naqili, 1 metr, qiyməti 0,70, ümumi qiyməti 0,70; göy rəngli 4 mm damarlı mis elektrik naqili 1 metr, qiyməti 0,60, ümumi qiyməti 0,60; “Hidroterm” markalı drel 1 ədəd, qiyməti 30, ümumi qiyməti 30; cəmi 31,30 manat). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Qaraqoyunlu kəndində qeydiyyatdadır və anası 13 avqust 1976-cı il təvəllüdlü X3 ibarət ailə üzvləri var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Xəzər Rayon Məhkəməsinin 1(003)-209/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli hökmündən və Suraxanı Rayon Məhkəməsinin 7(010)-554/2024 nömrəli iş üzrə 24 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs barəsində "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi xx.xx.2022-ci il tarixə (şəxsin barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) 10 ay 25 gün müddət təşkil etdiyindən və cəzasını çəkib bitirmiş hesab edildiyindən, o, dərhal Xəzər Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(003)-209/2021 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini və digər iş materiallarını da sübut növü kimi qəbul edir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd göy rəngli drel, müxtəlif ölçüdə göy və qırmızı elektrik naqilləri Zərərçəkmiş şəxs1 qaytarılması, müxtəlif ölçüdə göy və qırmızı elektrik naqilləri Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd göy rəngli drel, müxtəlif ölçüdə göy və qırmızı elektrik naqilləri Zərərçəkmiş şəxs1 qaytarılması, müxtəlif ölçüdə göy və qırmızı elektrik naqilləri Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 (iyirmi beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 150 (yüz əlli) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar