Məhkəmə qərarları › İş №1(010)-250/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-250/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-250/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-609/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 17 oktyabr 2022-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-18/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 06 fevral 2023-cü il tarixədək uzadılmış) və 17 oktyabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli hesab edilərək, ünvan 3 ünvanın qarşısında saxlanılaraq 31-ci polis bölməsinə gətirilmiş, orada üzərində axtarış və götürmə keçirilərkən əynində olan şalvarının sağ yam cibindən 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,618 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 3 ildir narkotikdən istifadə etmiş, çəkmiş və iynə vurmuşdur. Narkotik vasitəni tutulmamışdan 4-5 gün əvvəl almış, yarım qram almış, 0.1 istifadə etmişdir. Üzdən tanıdığı adını bilmədiyi şəxsdən Əmircan qəsəbəsindən almışdır. Onu evdən gəlib götürüblər, o, Maştağa qəsəbəsində müalicə alırdı. 3-4 gün sahə inspektoru əməliyyat müvəkkili ilə evə gəlib onu axtarırdı. O, narkotik istifadə etdiyi üçün polis əməkdaşlarından gizlənirdi. Qardaşı ruhi əsəb xəstəsi olduğu üçün sındırıb dağıdırdı və ona deyirdi ki, nəsə edib ki, onu axtarırlar. O, evdə olmurdu, anasına əziyyət verirdilər. Elə oldu ki, polis əməkdaşlarının qarşısına çıxdı, sahə inspektoru Elton və əməliyyat müvəkkili Həbib onu inzibati adı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etdilər, orada da məcburi olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəyə qol çəkmişdir. Təzyiq altında olmuşdur, 5-6 nəfər əməliyyatçı döyürdülər, lakin xəsarət almamışdır. Üstündə narkotik maddə olmayıb, çəkiliş zamanı üstünə qoydular, üzdən tanıyır həmin adamı. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 oktyabr 2022-ci il tarixdə saat 11:20 radələrində o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi «İlqar» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ə.Əsgərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirilmişdir. Orada məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı İ.M.Rəhmova təklif olunmuşdur ki, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd gümüş rəngli bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə heroindir, heroini saxlandığı gün səhər radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata almış və öz istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Bundan sonra narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat- axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamışdır, qeyd edilən xüsusatın müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs başqa bir cinayəti törətməsi barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir. İş üzrə şahid qismində dindirlmiş X2, X1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş kompakt disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin təhqiqatçısı X3 tərəfindən həmin protokol ona görə tərtib olunmuşdur ki, Azərbaycan Respublikası CPMnin 51, 86, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin cinayət axtarış şöbəsi üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ə.Əsgərov küçəsi yaşadığı evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin31-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “şəxsi axtarış və götürmə aparılması” haqqında 17 oktyabr 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında xidməti iş otağında 31-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd gümüş rəngli büküm təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd gümüş rəngli bükümün içərisində narkotik maddə sayılan heroin olduğunu, həmin gün Əmircan qəsəbəsində, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən səhər radələrində 10 manat dəyərində şəxsi istifadəsi üçün alaraq saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd gümüş rəngli bükümə bükülmüş büküm narkotik maddə sayılan heroinə oxşar maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 4(010)-609/2022 nömrəli iş üzrə 19 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 oktyabr 2022-ci ildən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-18/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 06 fevral 2023-cü il tarixədək uzadılmışdır. 18 oktyabr 2022-cı il tarixli 6/6034 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs – imza, iki imza; Tərtib etdi: P.İbrahimov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 0,618 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 08 dekabr 2022-cı il tarixli 7458 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». 11 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,618 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq 0,568 qram heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,568 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 17 oktyabr 2022-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,568 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar