Məhkəmə qərarları › İş №1(010)-250/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-250/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-250/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırkı iş üzrə 15 – 17 may 2024-cü il və 20 – 22 avqust 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 02 iyun 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,140 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruduluş marixuana əldə edib üzərində gəzdirməklə daşıyaraq saxlamış, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübariz Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 15 may 2024-cü il tarixdə saat 18:30 radələrində həmin Bölmənin əməkdaşlarının Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 20:15 dəqiqədən 20:25 dəqiqəyədək olan vaxt ərzində üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,140 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 6-7 ay olar həbsdən çıxmışdır. Hadisə günü evdə olmuş, onu çölə çağırmışlar. Çıxaraq görmüşdür ki, “Qadir” adlı sahə inspektoru və yanında iki nəfər şəxs olmuşdur. Atasına demişlər ki, o, həbsdən çıxmış, sənədlərə qol çəkməlidir, odur ki, şöbəyə getməlidir. Şöbəyə getmişdir. Orada ona demişlər ki, 5 kilo nəşəyə qol çəkməlidir. Ona qarşı təzyiq edərək döymüşlər. Lakin o, boynuna götürməmiş, tələb etmişdir ki, onu testə aparsınlar. Arxay olmuşdur ki, heç nə çıxmayacaqdır, çünki narkotik maddə istifadə etməmişdir. Sonra 6 qram nəşə gətirmişlər, məcburiyyət qarşısında boynuna götürmüş, qol çəkmiş, çünki dözə bilməmişdir. Göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həbsdən çıxandan sonra istifadə etməmiş, arada bir toyda bir iki tüstü çəkmişdir. Evə 3 nəfər gəlmiş, ittiham aktında onların adları yoxdur. Ona yaxınlaşanlar, sahə inspektoru Qadir və iki nəfər olmuş, iki nəfəri üzdən tanımışdır. Onu şöbədə döymüşlər, təhqir etmişlər, üzərində xəsarət olmamışdır. Şikayət etməmiş, çünki baxılmayacaqdır. Müdafiəçi şöbədə ona döyülməyi barədə sual verəndə o, bildirmişdir ki, oxşamır döyülənə, çünki köynəyi cırıq-cırıq idi. O, qorxmuşdur ki, müdafiəçi gedəndən sonra onu yenə döyərlər. Onu döyənləri üzdən tanıyır. Onu şöbəyə aparanlardan ancaq Qadir müəllimi tanıyır. Narkotik vasitəni arxasınca gələnlər gətirib stola qoymuşar, həmin şəxslər çəkilişdə olmamışdır. Sonuncu dəfə 4 gün qabaq ad günündə nəşə çəkmişdir. Əvvəllər heroin istifadə etmiş, həbsdən çıxandan sonra isə istifadə etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin “kakos” adlanan heroin və “nəşə” adlanan qurudulmuş marixuana növündən istifadə edir. Belə ki, narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını Salyan rayonu, Xələc kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssəsində çəkmişdir. 21 sentyabr 2023-cü il tarixdə azadlığa buraxılmışdır. Narkotik vasitələri tərgitmək üçün arada bir “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə edir. Marixuananı siqaretə doldurub yandırmaqla tüstüsünü qəbul edir. Təxminən 2 ay əvvəl 2024-cü ilin mart ayının axırlarında Bülbülə qəsəbəsində dəmir yolu xəttinin kənarı ilə piyada hərəkət edən zaman yerdən bir ədəd sellofan büküm olmasını görmüşdür. Həmin bükümün içərisinə baxan zaman içərisində marixuana olmasını görmüşdür. Bundan sonra həmin sellofan bükümü götürüb özü ilə evə gətirərək öz otağında gizlətmişdir. Bəzi vaxtlarda həmin marixuanadan istifadə edir. 15 may 2024-cü il tarixdə saat 18:30 radələrində yaşadığı evin qarşısında dayanmışdır. Həmin vaxtı tək olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuana da üzərində olmuşdur. Bu zaman qəfildən yanında xarici markalı avtomobil dayanmışdır. Avtomobildən iki nəfər mülki geyimdə olan şəxslər düşərək dərhal ona yaxınlaşıb Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməliyyatçıları olduqlarını bildirərək üzərində narkotik vasitə gəzdirməyi barəsində məlumat aldıqlarını və buna görə də onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da polislərə etiraz etməyərək üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu öz avtomobillərinə mindirərək Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, Bakı şəhər 9 saylı Vəkil Bürosundan Müdafiəçisi kimi çağırılaraq müdafiəçisi olaraq təyin olunmuşdur. Bundan sonra müvafiq sənədləşmə işləri aparıldıqdan sonra üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman özü əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş qurudulmuş marixuananı təqdim edərək ona məxsus olduğunu və Bülbülə qəsəbəsi ərazisində dəmir yolu xəttinin yaxınlığından tapdığını və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. İstər saxlanılan zaman istərsə də polis şöbəsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, əməliyyat məlumatı daxil olmuşdur ki, Süleyman adlı şəxs narkotik maddənin istifadəsində şübhəlidir. Ondan və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bülbülə qəsəbəsinə gedib şəxsə yaxınlaşaraq özlərini təqdim edib Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət etmişlər. Çəkilişlə üzərinə baxış keçirərək, bir büküm narkotik maddə təqdim etmiş və bildirmişdir ki, öz istifadəsi üçündür üzərindədir. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, şəxsi əvvəllər tanımamışdır. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxsin döyülmə barədə dedikləri yalandır. Mənbə ilə bağlı məlumat yoxdur. Təqsirləndirilən şəxsi Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində saxlamışlar. Heç bir müqavimət, təzyiq olmamışdır. Belə ki, ilkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, dalan 7 A, ev 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 15 may 2024-cü il tarixdə Süleyman adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Süleyman adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar RPİ-nin 31-ci polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun rəhbərliyi altında Suraxanı RPİ-nin 31-ci pş-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət etməsini görüb saat 18:30-da əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsdən üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirmişlər. Suraxanı RPİ-nin 31-ci polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ot şəkilli kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni iki ay əvvəl Bülbülə qəsəbəsində dəmir yolu stansiyasının kənarından tapdığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Suraxanı RPİ-nin NMB-nə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 31ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Suraxanı NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı RPİ-nin 31-ci pş-nin təhqiqatçısı, polis baş leytenantı Pərvin İbrahimov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Pərvin İbrahimov şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu və vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Daha sonra təhqiqatçı Pərvin İbrahimov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki təsir olubolmadığını soruşduqda sonuncu ona qarşı fiziki təsir olmadığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqda sonuncu narkotik vasitələrdən istifadə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub olmadığını soruşduqda sonuncu əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə nəşə adlanan qurudulmuş marixuana olduğunu bildirir. Bükümə baxış keçirilən zaman ot şəkilli olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni iki ay əvvəl Bülbülə qəsəbəsində dəmir yolu stansiyasının kənarından tapdığını bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün 195 saylı möhürü ilə möhürlənərək götürülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/757 nömrəli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza...” yazıları olan bir ədəd zərfdə olan 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi 6,614 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-6,140 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-6,090 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5802 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 6,140 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 6,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmiş, 12 iyul 2024cü il tarixdə barəsində axtarış elan olunmuş, 20 avqust 2024-cü ildə tutularaq MSY-nə yerləşdirildiyindən cinayət işi üzrə icraat təzələnmiş və 22 avqust 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 04 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 04 iyun 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPMin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən cinayət işi üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin 1(001)-599/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-604/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 15 – 17 may 2024-cü il və 20 – 22 avqust 2024cü il tarixləri üzrə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 iyun 2025-ci ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,090 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 may 2024-cü il və 20 – 22 avqust 2024-cü il tarixləri üzrə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 iyun 2025-ci ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,090 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar