Məhkəmə qərarları › İş №1(010)-252/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-252/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-252/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1997-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə barəsində 02 il sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilmiş, Kürdəmir şəhəri, Koroğlu küçəsi, 59A nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını açıq talama məqsədi ilə 05 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən “Stop” adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes Benz C 200” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib sonuncuya onu yaşadığı ünvana aparmasını demiş, saat 15:50-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 ünvanın yaxınlığında yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısında avtomobili saxlatdırıb danışmaq adı ilə Zərərçəkmiş şəxs 300 manat dəyərində bir ədəd “Samsung” markalı, “A10” modelli mobil telefonunu üzərindəki qoruyucu çexolu və 05 manat dəyərində “Azecell” GSM nömrəsi ilə birlikdə alıb avtomobildən düşərək oradan uzaqlaşdıqda, mobil telefonunun ələ keçirildiyini başa düşmüş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs arxasınca getsə də, lakin sonuncu qaçıb oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 310 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 05 oktyabr 2020-ci il tarixdə, təxminən saat 14-15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olmuş, həmin vaxt Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsindəki kirayədə yaşadığı evə getmək üçün yolun kənarında dayanmış, dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı nəqliyyat vasitəsi ilə taksi fəaliyyət göstərən sürücüyə yaxınlaşmış, həmin sürücünün səthi tanıdığı Aftandil adlı şəxs olduğunu görmüşdür. Aftandilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsinə getmək istədiyini demiş, sonuncu qeyd etdiyi ünvana onu 08 manata aparacağını bildirmişdir. Bundan sonra o, sürücünün yanında, qabaq sərnişin oturacağında əyləşmiş və onlar yola düşmüşlər. Həmin günü, saat 15:50-də deyilən ünvana çatdıqda, üzərində pulunun olmadığını, gediş haqqını ödəmək üçün atasına zəng etməli olduğunu deyib Aftandildən mobil telefonunu istəmişdir. Aftandil də könüllü şəkildə “Samsung” markalı, “A10” modelli mobil telefonunu ona vermişdir. Mobil telefonu götürdükdən sonra atasına zəng etməsi təəsüratı yaratmaq məqsədilə telefonla danışa-danışa, əvvəlcə asta addımlarla, daha sonra qaçaraq yaxınlıqdakı binanın əsas girişinə daxil olub digər tərəfdən çıxaraq oradan getmişdir. Telefonun üzərində olan “sim” kartı sındırıb atmış, telefonu isə Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığındakı telefon alqı-satqısı ilə məşğul olan mağazalardan birində işləyən şəxsə, özünə məxsus olduğunu bildirib satmaq istədiyini bildirmiş, sonuncu telefonu 60 manat məbləğində dəyərləndirsə də, lakin şəxsiyyət vəsiqəsi təqdim edə bilmədiyi üçün telefonu almaqdan imtina etmişdir. Həmin vaxt mağazada olan tanımadığı bir müştəri, telefonu 40 manat müqabilində ala biləcəyini demiş, razılaşıb telefonu sonuncuya qeyd edilən məbləğə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində vurulmuş maddi ziyanı tam olaraq ödədiyinə görə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət tələbin olmadığını, faktiki nikah münasibətlərində olduğu şəxsin 13 həftəlik hamilə olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 02 sentyabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus “Mercedes Benz C 200” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. 05 oktyabr 2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Stop” adlı mağazanın qarşısında dayanıb müştəri gözləyərkən, adını sonradan bildiyi Orxan adlı şəxs yaxınlaşıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsinə onu hansı məbləğə apara biləcəyini soruşmuşdur. Qeyd etdiyi ünvana onu 08 manata apara biləcəyini dedikdə Orxan onun təklifi ilə razılaşıb yanında, qabaq sərnişin yerində əyləşmiş və onlar yola düşmüşlər. Yolda olarkən Orxan, onu tanıdığını demiş, lakin Orxanın onu hardan tanımasını bilməmiş və onu tanımamışdır. Deyilən ünvana çatdıqda, Orxan üzərində pulunun olmadığını, gediş haqqını ödəmək üçün atasına zəng etməli olduğunu deyib ondan mobil telefonunu istəmişdir. Buna görə də o, özünə məxsus “Samsung” markalı, “A10” modelli mobil telefonunu Orxana vermişdir. Mobil telefonu götürdükdən sonra atasına zəng etməsi təəsüratı yaratmaq məqsədilə telefonla danışa-danışa, əvvəlcə asta addımlarla, daha sonra qaçaraq yaxınlıqdakı binanın əsas girişinə daxil olub digər tərəfdən çıxaraq qaçıb oradan getmişdir. Orxanın ardınca getsə də, sonuncuya çata bilməmişdir. Cinayət hadisəsi nəticəsində Orxan onun 300 manat dəyərində bir ədəd “Samsung” markalı, “A10” modelli mobil telefonunu üzərindəki qoruyucu çexolu və 05 manat dəyərində “Azecell” GSM nömrəsi ilə birlikdə ələ keçirməklə ümumilikdə ona 310 manat maddi ziyan vurmuşdur. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan ifadənin yerində yoxlanması haqqında 14 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 25 ünvanın yaxınlığında yerləşən 9 mərtəbəli yaşayış binasının qarşısını göstərərək, 05 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olduğu nəqliyyat vasitəsini həmin yerdə saxlatdırdığını, danışmaq adı ilə ondan mobil telefonunu aldıqdan sonra qaçaraq həmin binanın əsas girişinə daxil olub digər tərəfdən çıxaraq hadisə yerindən uzaqlaşdığını bildirmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu isə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, X3 qarşı törədilmiş soyğunçuluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etmək üçün kifayət qədər sübutlar olmadığından Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, faktiki nikah münasibətində olduğu X4 13 həftəlik hamilə olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyun 2021-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 10 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən həmin cəzası şərti tətbiq edilməklə, barəsində 02 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 4(010)-273/2021 nömrəli qərarından görünr ki, Təqsirləndirilən şəxs barəsində 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bundan əlavə iş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 iyun 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 01 (bir) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 (iki) ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 iyun 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 01 (bir) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar