Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-252/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1967-ci ildə Lerik rayonu, Murya kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər jurnalistika fəaliyyəti ilə məşğul olmuş, hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Toğrul Əmirov küçəsi, döngə 2, nömrəsiz evdə yaşayan, 09 mart 2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 27 may 2023-cü il tarixdə saat 15:30 radələrində, 14 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin QİŞ tərəfindən verilmiş “BC” kateqoriyalı AF № 024641 nömrəli sürücülük vəsiqəsi ilə özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 190” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti ilə üzü Heydər Əliyev adına Beynəlxalq hava limanı istiqamətində soldan üçüncü hərəkət zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olan zaman «X3» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin digər iştirakçıları üçün maneə yaratmadan yerdəyişmə və dönmə zamanı təhlükəsiz manevr etməli olduğu halda, həmin tələblərə riayət etməklə, hadisənin qarşısını almağa imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub soldan üçüncü hərəkət zolağından qəflətən həmin yolun dördüncü hərəkət zolağına keçərək, həmin zolaqda eyni istiqamətdə ondan arxada hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Tufan M50” mopedi ilə toqquşmuş, ehtiyatsızlıqdan sonuncunun idarə etdiyi “Tufan M50” markalı mopedində olan sərnişin Zərərçəkmiş şəxs2 sol mil sümüyünün yerinidəyişən sınığı, sol diz oynağının və sol baldırın qançır və sıyrığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmaqla, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, **-UM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” markalı avtomobil ona məxsusdur. Avtomobili idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin vəsiqəni 14 yanvar 2019-cu il tarixdə almış və 14 yanvar 2029-cu il tarixədək qüvvədədir. Əvvəllər nə məhkum olunmamış, nə də sürücülük hüququndan məhrum edilməmişdir. 27 may 2023-cü il tarixdə, saat 15:30 radələrindən Heydər Əliyev adına prospektlə Koroğlu metrostansiyasından yaşadığı Binə qəsəbəsi istiqamətində hərəkət etmişdir. İdarə etdiyi avtomaşında 4 nəfər, hər biri bir manat ödəməklə, Binə qəsəbəsinə getmək üçün “Koroğlu” metrostansiyasında avtomaşınına minmiş şəxslər olmuşdur. Saat 16 radələrində hava limanı istiqamətində soldan 3-cü zolaqla saatda 80 kilometr/saat sürətlə hərəkət etmişdir. Hərəkət etdiyi zolaqda 90 km/saat sürətə qədər icazə verilmişdir. Sağdakı sonuncu zolaq isə 70 km/saat sürətə qədər icazə verilən zolaq olmuşdur. Heydər Əliyev prospektində “Buta Palace” yaxınlığındakı yerüstü piyada keçidinin çıxışındakı köşkə yaxınlaşaraq su almaq qərarına gəlmişdir. O, 3-cü zolaqdan 4-cü zolağa, oradan da köşkə doğru keçməli olmuşdur. Təxminən köşkə 20 metr qalmış 3-cü zolaqdan 4-cü zolağa 90 km/saat sürətlə keçərkən arxadan gələn moped onun idarə etdiyi avtomobilin arxa sağ hissəsinə çırpılmışdır. O, dərhal idarə etdiyi avtomaşını saxlayıb düşmüşdür. Təxminən 20 yaşlı qızın və bir nəfər oğlanın yerdə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. O, dərhal təcili tibbi yardım maşını çağırmış və DİN-nin 102 çağrı mərkəzinə məlumat verdi. Suallara cavab olaraq bildirdi ki, hadisə nəticəsində onun avtomobilinə də ziyan dəymişdir. Zərərçəkmiş şəxsləri 3 saylı şəhər xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxslərin hər ikisinin başında qoruyucu dəbilqə-şlem olmuşdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə edə bilməmişdir. Sonda isə əməlindən peşman olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə, təxminən saat 15:40 radələrində tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi mopedin arxa oturacağında əyləşib Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkətdə olan zaman “Buta Palace”-dan bir qədər irəlidə, yerüstü piyada keçidinin yaxınlığında o, Atamoğlanın arxasında olan oturacaqda əyləşmişdir. Onlar hava limanına doğru hərəkət istiqamətində soldan sağa doğru olan 4-cü zolaqla 60 km/saat sürətlə hərəkət etmişlər. Həmin yolda sürət həddi 70 km/saat göstərilmişdir. Arxadan 3-cü zolaqla 90 km/saatlıq zolaqda hərəkət edən “Mercedes Benz 190” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək onlardan irəliyə keçmiş və anidən idarə etdiyi avtomobilin sürətini azaldaraq sağ zolağa, əyləşdiyi mopedin qarşısına sürmüşdür. Həmin avtomobil sağa manevr edərkən dönmə işıqlarından da istifadə etməmişdir. “Mercedes Benz 190” markalı avtomobilin sürücüsünün məqsədi təxminən 70 metr məsafədə olan dayanacağın qarşısında saxlamaq olmuşdur. Həmin “Mercedes Benz 190” markalı avtomobilin sürücüsü anidən sağ yana doğru hərəkət siqnalını yandırmadan onların qarşısına keçmişdir. Qarşısına keçəndə aralarında, ümumiyyətlə məsafə olmamışdır. Atamoğlan əyləci sıxmağa macal tapmadan idarə etdiyi moped həmin “Mercedes Benz 190” markalı avtomobilinin sağ arxa küncünə sonra isə avtomobilin sağdakı qapılarına sürtülərək və həmin avtomobilin sağ güzgüsünə dəyib sındıraraq aşmış və onlar yerə yıxılaraq bir neçə metr yerlə irəli hərəkət etmişlər. Qəza zamanı TTYS-nin həkimləri qəza yerinə gəlmişlər. Onu və Atamoğlanı 3 saylı ŞKX-na aparmışlar. Xəstəxanada onun sol qolunun 3-cü barmağında sınıq aşkar olunmuşdur. Atamoğlanın bədənində isə dərin sıyrıqlar aşkarlanmışdır. Hadisə zamanı onun və Atamoğlanın başında kaska olduğundan belə xəsarətlər almışlar. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmamışlar, ona dəymiş ziyan ümumiyyətlə, ödənilməmişdir. Ondan şikayətçidirlər, çünki təqsirləndirilən şəxs barışığın əldə olunması üçün ümumiyyətlə cəhd etməmişdir. Şikayətçi olmağı ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmamış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə təxminən saat 15:40 radələrində idarə etdiyi ona məxsus mopedlə saatda 50-60 km/saat sürətlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospektində hava limanı istiqamətində hərəkət istiqamətinin soldan dördüncü zolağı ilə hərəkət etmişdir. Həmin zolaqda sürət həddi maksimum 70 km/saat göstərilmişdir. Arxadan 3-cü zolaqla 90 km/saatlıq zolaqda hərəkət edən “Mercedes Benz 190” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edərək onlardan irəliyə keçmiş və anidən idarə etdiyi avtomobilin sürətini azaldaraq sağ zolağa doğru onun idarə etdiyi mopedin qarşısına manevr edib sürmüşdür. Həmin “Mercedes Benz 190” markalı avtomobilin sürücüsünün məqsədi təxminən 70 metr məsafədə olan dayanacağın qarşısında saxlamaq olmuşdur. “Mercedes Benz 190” markalı avtomobilin sürücüsü anidən yana doğru hərəkət siqnalını yandırmadan qarşısına keçmişdir. Qarşısına keçəndə aralarında, ümumiyyətlə məsafə olmamışdır. O, əyləci sıxmağa macal tapmadan idarə etdiyi moped “Mercedes Benz 190” markalı avtomobilin sağ arxa küncünə sonra isə avtomobilin sağdakı qapılarına sürtülərək və həmin avtomobilin sağ güzgüsünə dəyib onu sındıraraq aşmışıdr. Onlar yerə yıxılaraq bir neçə metr yerlə irəli sürütlənərək hərəkət etmişlər. Hadisə zamanı özü və idarə etdiyi mopedin arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Başlarında kaska olduğundan xəsarətləri ağır olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 16 dekabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 27 may 2023-cü il tarixli, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, H.Əliyev prospektidir. Yolun işlək hissəsi düz, örtüyün növü asfalt betondur. Yol örtüyünün eni 16 metr, hərəkət zolağının sayı 4-dür. İşlək hissənin eni 4 metr, ehtiyyat hissəsinin eni 1 metrdir. İşlək hissəyə sağdan səki, soldan isə dəmir nahiyyə birləşir. Şin və tormoz izləri yoxdur. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. Fotoşəkillərdən görünür ki, yol örtüyü düz və quru olmuş, hadisə vaxtı gündüz işıqlı vaxt olmuşdur. (iş.v. 5-13) İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin çıxarışından görünür ki, **-UM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190” minik markalı, sedan tipli, buraxılış ili 1990-cı il olan, **********8093 mühərrikli avtomobil alqı-satqı müqaviləsi əsasında 16 dekabr 2019-cu il tarixdən Təqsirləndirilən şəxs məxsusdur. (iş.v. 17) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası sürücülük vəsiqəsinin çıxarışından görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məxsus olan AF 024641 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. (iş.v. 18) 27 may 2023-cü il tarixli, 1/1867 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmamış, yoxlama zamanı ayıq olmuşdur. (iş.v. 19-20) 27 may 2023-cü il tarixli, 2/3283 nömrəli, “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 alkoqol sərxoşluğu vəziyyəti yoxdur. (iş.v. 23) İş materiallarına əlavə edilmiş 12 oktyabr 2022-ci il tarixli, “alqı-satqı” müqaviləsindən görünür ki, “Tufan M50” markalı, R55PCBL82NHL63785 ban nömrəli, qırmızı rəngli nəqliyyat vasitəsi Əli-zadə Abbas Hikmət oğlu tərəfindən Zərərçəkmiş şəxs1 satılmışdır. Məhkəmə iclasında TŞ 019-3 saylı təhlükəsizlik kamerasından götürülmüş müşahidə görüntüsü ilə əlaqədar qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospektində üzü hava limanı istiqamətində “Mercedes Benz” markalı avtomobil soldan dördüncü zolaqla hərəkətdə olur və sonradan, Yeni Suraxanı qəsəbəsində yerləşən dayanacağa az qalmış məsafədə “Mercedes Benz” markalı avtomobilin sürücüsü dördüncü zolaqdan üçüncü zolağa qəfil manevr edən zaman dönmə işıqlarını yandırmır, bu zaman moped idarəetməni itirdikdən sonra, “Mercedes Benz” markalı avtomobilin sağ arxa hissəsinə və sonra sağ yan güzgü hissəsinə çırpılır, qəza zamanı mopedin üzərində olan iki nəfər şəxs mopeddən yıxıldıqdan sonra vətəndaşlar onlara ilkin tibbi yardım göstərməyə çalışır. Videogürüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin mopedlə toqquşması nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almaları faktı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçması və yayınması faktı mövcud deyildir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 07 iyun 2023-cü il tarixli 451 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin və sol dirsək oynağının sıyrıqları, sol qalça darağı və qasıq nahiyəsinin hematoması və sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 27 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (iş.v. 38-39) Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 07 iyun 2023-cü il tarixli 450 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol mil sümüyünün yerinidəyişən sınığı, sol diz oynağının və sol baldırın qançır və sıyrığı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 27 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. (iş.v. 40-41) 07 iyun 2023-cü il tarixli, N-8/1621 saylı ekspert vəsatətinə cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 03 iyul 2023-cü il tarixli, ***-**** saylı cavab məktubundan görünür ki, toqquşma yerinin hərəkət hissəsinin kənarlarına nəzərən koordinatları-Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, hava limanı istiqamətində törədilən yolnəqliyyat hadisəsi zamanı toqquşma yerinin hərəkət hissəsinin ortasında olan qoşa xətdən sağa doğru 7 metr məsafədə “Tufan M50” markalı mopedin hərəkət zolağında yerləşir. “Tufan M50” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkəti üçün təhlükə “Mercedes Benz 190” markalı avtomobilin üçüncü zolaqdan dördüncü zolağa, yəni sağa doğru istiqamətləndiyi andan yaranmış və “Mercedes Benz 190” markalı avtomobil toqquşma yerinə kimi təxminən 5-6 metr məsafə qət etmişdir. 05 iyul 2023-cü il tarixli 8/1621 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası rəyinin nəticəvi hissəsində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Benz” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə Tufan M50 markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkət texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (iş.v. 45-48) 16 dekabr 2023-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində bildirdi ki, 27 may 2023-cü il tarixdə saat 15:30 radələrindən Heydər adına prospektlə Koroğlu metrostansiyasından yaşadığı Binə qəsəbəsi istiqamətində hərəkət edərkən maşında 4 nəfər, hər biri bir manat ödəməklə, Binə qəsəbəsinə getmək üçün Koroğlu metrostansiyasında maşına minmiş şəxslər olmuşdur. Saat 16 radələrində hava limanı istiqamətində 3-cü zolaqla saatda 80 kilometr sürətlə hərəkət edərkən, hərəkət etdiyi zolaqda 90 km/saat sürətə qədər icazə verilmişdir. Sağdakı sonuncu zolaq isə 70 km/saat sürətə qədər icazə verilən zolaq olmuşdur. Heydər Əliyev prospektində Buta Palace yaxınlığındakı yerüstü piyada keçidinin çıxışındakı köşkə yaxınlaşaraq su almaq qərarına gəlmişdir. O, 3-cü zolaqdan 4-cü zolağa, oradan da köşkə doğru keçməli olmuşdur. Təxminən köşkə 20 metr məsafə qalmış, 3-cü zolaqdan 4-cü zolağa 90 km/saat sürətlə keçərkən arxadan gələn moped maşınının arxa sağ hissəsinə çırpılmışdır. O, dərhal maşını saxlayıb düşmüşdür. Təxminən 20 yaşlı qızın və bir nəfər cavan oğlanın yerdə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Dərhal təcili tibbi yardım avtomobili çağırmış və DİN-in 102 çağrı mərkəzinə özünə məxsus olan 077 581 77 69 nömrəsindən zəng edərək məlumat vermişdir. İfadənin yerində yoxlanması istintaq hərəkətinin foto görüntüləri foto aparatla çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 57-59) 18 dekabr 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 71-72) 19 dekabr 2023-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 61-62) Azərbaycan Respublikası CPM-in 7.0.36-cı maddəsinə əsasən zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyan nəzərdə tutulur. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1 istifadə etdiyi nəqliyyat vasitəsinə cinayət əməli nəticəsində maddi, özünə isə fiziki ziyan dəymişdir. Buna görə də o, ibtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti vurulması hissəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün hökmün surəti aidiyyəti üzrə Suraxanı rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib hissəsi bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə yaranmış hesab edilir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 07 iyun 2023-cü il tarixli 451 nömrəli ekspert rəyinin nəticəvi hissəsində isə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 bədən səthindəki xəsarətlər dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin tərkib əlamətləri isə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda yaranmış hesab edilir. Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin iki obyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart 2022-ci il tarixli Plenum Qərarına əsasən hesab edilir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən zərərçəkmiş şəxslə barışdıqdan və cinayət məsuliyyətindən azad olunduqdan sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır, çünki bu hüquqi vəziyyət həmin prinsipin tətbiqi sahəsinə daxil deyil. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Hazırkı cinayət işi üzrə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış, Zərərçəkmiş şəxs1 isə hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Tərəflər arasında barışıq olmamış, əksinə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə verərək Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Qeyd olunan hadisə nəticəsində az ağır bədən xəsarəti alma faktı üzrə cinayət işi istintaq olunduğu halda, yüngül dərəcəli bədən xəsarəti alma faktı üzrə inzibati icraatın başlanılması zərurəti yaranmışdır. Həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan bir nəfərə həm az ağır həm yüngül bədən xəsarəti yetirməmişdir. Belə olan halda onun həm cinayət işi üzrə həm də inzibati xəta üzrə məsuliyyətə cəlb olunması eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır. Suraxanı RPİ-nin DYPŞ-nin İTÜ baş inspektoru, polis mayoru Cavid İsgəndərzadə tərəfindən Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Çərkəz Pənahovun cinayət işi üzrə verdiyi sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AF 024641 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (iş.v. 80-81) 09 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuş və daimi yaşayış yeri olması nəzərə alınaraq barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz 190" markalı avtomobilində sərnişin qismində olmuş 4 nəfər şəxs hadisə zamanı xəsarət almaları barədə müraciət etmədiklərindən və həmin şəxslərin yerlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığının verilməsinə baxmayaraq onların yerlərini müəyyən etmək mümkün olmadığından istintaq olunan cinayət işi üzrə həmin şəxslərin heç bir xəsarət almamaları səbəbindən onların zərərçəkmiş şəxs qismində tanınma zərurətinin aradan qalxması nəzərə alınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin materiallarına əlavə edilmiş TŞ 019-3 saylı təhlükəsizlik kamerasından götürülmüş müşahidə görüntüsü ilə əlaqədar qeydə alınmış videogörüntülər olan 01 (bir) ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(iş.v. 90-95) 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 97-99, 125) Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertiza rəylərini, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı cinayət işi üzrə tərəflər arasında barışıq olmamışdır. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X3» Qanunun məhz hansı normasının tələblərinin pozulması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. X3 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmamış və onlara dəymiş ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxs2 bu barədə məhkəmə istintaqı zamanı ərizə təqdim etmiş, Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması və əvvəllər məhkum olunmaması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. CM-nin 43.3-cü maddəsinə əsasən nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması əsas cəzasına və nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə əlavə cəzasına məhkum edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti vurulması hissəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün hökmün surəti aidiyyəti üzrə Suraxanı rayon Prokurorluğuna göndərilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçimüdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 (altı) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarəti vurulması hissəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün hökmün surəti aidiyyəti üzrə Suraxanı rayon Prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-252/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-252/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver