Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-253/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2024cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd şəffaf sellofan bükümdə 5,97 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib əynində olan sarı rəngli gödəkçənin qabaq sol yan cibində saxlamış və daşımış, 24 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçənin qabaq sol yan cibindən 01 (bir) bükümdə 5,97 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmiş, xeyli müddətdir ki, narkotik vasitə heroindən istifadə etmiş, 24 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş və birlikdə şöbəyə getmişlər. Şöbənin inzibati binasında təhqiqatçı Akşin Vəliyevin xidməti otağında şübhəli şəxs qismində saxlanılmış, saxlanıldıqdan sonra, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, o cümlədən narkotik vasitə varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bundan sonra, əynində olan sarı rəngli cins gödəkçənin qabaq sol yan cibindən 01 (bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümü çıxarıb təhvil vermiş, bükümün içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmin büküm daha sonra qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, daha sonra o, polis əməkdaşlarına narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etdiyini və narkotik vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. 24 yanvar 2024-cü il tarixdə 11 nəfər polis əməkdaşı tərəfindən həmin ünvanda yerləşən evində məhkəmə qərarı olmadan baxış və axtarış həyata keçirilmişdir. Həmin vaxt evdə ondan başqa həyat yoldaşı da olmuşdur və həyat yoldaşı onkoloji xəstədir. O, yoldaşını qorxutmamaq üçün onları gülərək qarşılamış, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə razılaşmış və onu şöbəyə aparmışlar. Polis əməkdaşları tərəfindən ona psixi və ya fiziki zorakılıq tətbiq edilməmiş, o da həmçinin polis əməkdaşlarına qarşı hər hansı bir müqavimət göstərməmişdir. Sonda isə, törətdiyi əməldən peşman olmasını, ağciyər çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, həyat yoldaşının onkoloji xəstə olmasını, ailəsini tək özünün dolandırmasını, oğlunun yaxın günlərdə hərbi xidmətə yola salınacağını və ailə vəziyyətini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 24 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, həmin gün saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayramov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də razı olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və baxış keçirilməsinə razılıq verməsinə dair ərizə təqdim etmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmiş, ilk öncə, ona üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin qabaq sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş, həmin 01 (bir) ədəd büküm açılaraq içərisinə baxış keçirildikdən sonra, təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində marixuana kimi tanıdığı narkotik vasitə vardır və həmin büküm onun özünə məxsusdur. Həmin narkotik vasitəni həmin gün, yəni 24 yanvar 2024-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerdən tapdığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, aşkar edilmiş həmin büküm götürülərək qablaşdırılmış, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilərək həmin protokol iştirakçılar və özü tərəfindən imzalarla təsdiq edilmişdir. Suallara cavab olaraq bildirdi ki, həmin vaxt mobil telefonu yanında olmamış, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, təqsirləndirilən şəxsin evinə daxil olmamış, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, sonuncu tərəfindən də onlara qarşı müqavimət göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 25 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 24 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. (iş.v. 8) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədəri könüllü surətdə verməsi təklif edilmişdir. O, könüllü olaraq əynindəki sarı rəngli gödəkçənin qabaq sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan bükümü, əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən üzərində ***-***-**-** saylı nömrə olan “Nomi” markalı mobil telefon çıxararaq təqdim etmişdir. Davam edən şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçənin iç sol cibində özünə məxsus şəxsiyyət vəsiqəsi və iç sağ cibində 01 (bir) ədəd qırmızı rəngli alışqan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sarı rəngli gödəkçənin qabaq sol yan cibindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan kütlənin nə olduğundan xəbərsiz olduğunu, həmin bükümü parkın yanından tapdığını bildirmişdir. Daha sonra, davam edən şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Davam edən şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (iş.v. 33-34) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan sarı gödəkçənin qabaq sol yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan marixuanadır və narkotik vasitə marixuananı 24 yanvar 2024-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerdən taparaq saxlayıb gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla qadağan edilmiş başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/140 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfədə 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 5,97 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: 1) Tədqiqatlar «Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar» Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodla aparıldı; 2) marixuananın təmiz çəkisi – 5,97 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 5,92 qram. (iş.v. 42-44) Ambulator məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 599 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 92-93) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına cavab olaraq ünvanlanan 02 mart 2024cü il tarixli, ********* saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (iş.v. 83; 95) 04 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 5,97 qram, tədqiqatdan sonra qalıq qalmış 5,92 qram olan narkotik vasitə - marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 04 mart 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (iş.v. 96-102) İş materialların əlavə edilmiş Bakı şəhəri 4 saylı vərəm əleyhinə Dispanserin 16 mart 2024-cü il tarixli, 519 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli Pasiyentin 12 oktyabr 2019-cu il tarixli, xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin infretrativ vərəmi xəstəliyindən əziyyət çəkir. (iş.v. 65-66) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 03 avqust 2015-ci il tarixli, 4 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4 uzun müddətdir ki, sağ süd vəzi xərçəngi (İ mərhələ) xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 04 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 96-102) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, saat 17:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 26 yanvar 2024-cü il tarixdə, saat 10:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 26 yanvar 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 24, 53-54, 67-73) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasının a) bəndinə əsasən təmiz halda 5 qram narkotik vasitə qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan-qurudulmuş marixuananın ümumi təmiz çəkisi 5,97 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X6 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmiş, polis əməkdaşları tərəfindən məhkəmə qərarı olmadan evinin içərisindən tutulduğunu bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Həmin narkotik vasitə qurudulmuş marixuananı yolun kənarından tapdığını, polis əməkdaşları tərəfindən də elə bu zaman tutulduğunu qeyd etmişdir. Həmin videoçəkilişdə evinə polis əməkdaşlarının gəlib onu tutması ilə bağlı heç bir ifadə bildirməmişdir. Bu fakt isə onun evinin içərisindən tutulmadığını aşkar şəkildə təsdiq edir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq tətbiq edilməmiş, bədəni üzərində hər hansı xəsarət olması müəyyən edilməmişdir. Onun evinin yaxınlığından deyil, evinin içərisindən tutulması məsələsində məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, həmin görüntülərin əks olunduğu CD disk və toplanmış digər sübutlarla onun evinin içərisində tutulması faktı mötəbər dəlillərlə təkzib olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut növü qismində qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 29 aprel 2016-cı il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (iş.v. 79-81) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 29 aprel 2016-cı il tarixdən hazırki iş üzrə cinayət əməlini törətdiyi 24 yanvar 2024-cü il tarixədək iki ildən artıq müddət keçdiyindən məhkumluğu ödənilmiş və götürülmüş şəxs hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olması, ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsi, həyat yoldaşının onkoloji xəstə olması və ailənin yeganə qazanc gətirəni olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, daimi yaşayış yerinin olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,92 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,92 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-253/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-253/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver