Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-254/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmiş, ibtidai istintaq zamanı həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınıb ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, cəzaşəkmənin əvvəli 09 iyul 2019-cu il tarixdən hesab edilərək 07 yanvar 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, 12 mart 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 10 manat pul müqabilində şəxsi istellak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz təmiz çəkisi 0,418 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin alaraq əldə edib üzərində saxlayıb daşımış və Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən üzərində narkotik vasitənin olmasını bildirməsi səbəbindən 13 mart 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən “Şüşəli bazar” deyilən yerdə saxlanılıb, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddət ərzində narkotik vasitə olan heroini inyeksiya və çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitəni yalnız istifadə etmək üçün əldə etmiş və narkotik vasitəni tanımadığı şəxslərdən pulla almışdır. 12 mart 2021-ci il tarixdə o, Hövsan qəsəbəsində olmuş, həmin vaxt adını bilmədiyi mağazanın yaxınlığında bir nəfər şəxs ilə rastlaşmış və sonuncu ilə söhbət edən zaman onun da narkotik vasitə istifadə etməsini bilmişdir. Həmin şəxsdən narkotik vasitə istəmiş, sonuncu da nə qədər pulunun olmasını soruşmuşdur. Həmin şəxsə 10 manat pulunun olmasını demişdir. Bundan sonra həmin şəxs bir ədəd büküm çıxarıb ona vermiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, 10 manat pulu həmin şəxsə vermiş və narkotik vasitəni istifadə etmək üçün almışdır. Bükümü açıb baxmadan cibinə qoymuş və yaşadığı evə gəlmişdir. Yaşadığı evdə bükümü açıb baxmış və içərisində qəhvəyi rəngli toz şəkilində “kakos” olmasını görmüşdür. Həmin narkotik vasitənin bir qismini inyeksiya yolu ilə qəbul etmişdir. Qalan qismini isə əynində olan şalvarının sağ yan cibinə qoymuş və üzərində saxlamışdır. 13 mart 2021-ci il tarixdə evdən çıxaraq, tanışının yaşadığı evə gəlmişdir. Digər tanışı Şahid4 oraya gəlmiş və onlar orada bir qədər olduqdan sonra, təxminən saat 17:00 raədələrində Hövsan qəsəbəsinin E.Məmmədov küçəsində olan “Şüşəli bazar” deyilən yerə gəlmişlər. Həmin vaxt narkotik vasitə üzərində olmuş, bazarın yaxınlığında olan zaman polis avtomobili görmüş və özündən asılı olmayaraq həyəcanlanmışdır. Şahid4 onun üzərində narkotik vasitə olmasının bilməməsindən ötrü, sonunjuya yalandan tələsməsini və bir qədər tez getmək lazım olmasını demişdir. Lakin polis avtomobilindən iki nəfər polis əməkdaşı düşüb onlara çataraq saxlamışlar. Polis əməkdaşları xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və onlara özlərini təqdim etmələrini xahiş etmişlər. Şahid4 özünü təqdim etmiş, bu zaman o, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və danışa bilməmişdir. Polis əməkdaşları ondan şübhələnib sorğu-sual etmişlər. O, məcbur olaraq, üzərində narkotik vasitə olmasını bildirmişdir. Polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, onlar da heç bir etiraz etməmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin və polis əməkdaşının iştirakı ilə videçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya vardırsa, onu təqdim etməyi təklif olunmuşdur. O, əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümdə nə, haradan və hansı yolla əldə etməyi barədə sorğu-sual etmişlər. Bu zaman o, bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan heroin vardır və narkotik vasitəni öz şəxsi istifadəsi üçün 12 mart 2021-ci il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış və verməmişdir. Həmin narkotik vasitəni də heç kimə satmamış və verməmişdir. Üzərində narkotik vasitə olması və gəzdirməyi barədə heç kimin məlumatı olmamış, bu barədə heç kimə deməmiş, heç vaxt Gülsurə ilə narkotik vasitə əldə etməmiş və onunla narkotik vasitə istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxil İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin PPXB-də polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. 13 mart 2021-ci il tarixdə o, xidməti avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində xidmət aparmışdır. Həmin vaxt onunla birlikdə iş yoldaşı, polis serjantı Şahid2 də xidmətdə olmuşdur. Saat 17 radələrində xidməti avtomobillə Hövsan qəsəbəsinin E.Məmmədov küçəsində yerləşən “Şüşəli bazar” deyilən yerdən keçən zaman, bir nəfər kişinin və bir nəfər qadının piyada getməsini görmüşlər. Həmin kişi xidməti avtomobili görən kimi yanında olan qadına nə isə deyib, hər ikisi iti addımlarla getməyə başlamışlar. Onların iti addımlarla getməsindən şübhələnmiş və avtomobili saxlayıb, onlara yaxınlaşmışlar. Həmin şəxslərə xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş, həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmişlər. Qadın özünü Şahid4 kimi təqdim etmiş, kişi isə özünü təqdim etməyib, verilən suallara cavab verə bilməmiş, belə ki, kişi həyəcanlanmışdır. Həmin şəxsdən nə səbəbə görə həyəcanlanmasını soruşmuşlar. Həmin şəxs isə bir qədər dayanıb, daha sonra üzərində narkotik vasitə olmasını demişdir. Onlar həmin şəxsləri yaxınlıqda olan 30-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxslər də heç bir etiraz etməmişlər. Bundan sonra xidməti avtomobillə qadını və kişini 30-cu PŞ-nə gətirmişlər. Bu barədə raport yazıb polis şöbəsinin rəisinə məruzə etmişlər. Həmin günü qadını və kişini polis şöbəsinə təhvil vermişlər və polis şöbəsindən çıxaraq xidmətlərini davam etdirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxil İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Suraxanı RPİ-nin 30-cu PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 13 mart 2021-ci il tarixdə polis şöbəsində xidməti iş otağında olmuşdur. Həmin günü axşam saatlarında Suraxanı RPİ-nin Post Patrull Xidməti Bölüyünün əməkdaşları tərəfindən Polis Şöbəsinə bir nəfər kişi və bir nəfər qadın gətirilmişdir. Həmin vaxt məlum olmuşdur ki, həmin şəxslərdən biri, yəni kişi üzərində narkotik vasitə olmasını bildirməsi səbəbindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, qadın da onun yanında olduğu üçün polis şöbəsinə gətirilmişdir. Həmin şəxslərin üzərində şəxsi axtarış aparılacağı üçün axtarışda iştirak etmişdir. Həmin şəxslər Məmədov Əvəz Vəkil oğlu və Şahid4 olmuşlar. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və onun iştirakı ilə videçəkilişdən istifadə olunmaqla, Əvəzin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa, onu təqdim etməyi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün bir gün əvvəl Hövsan qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirişdir. Bundan sonra sonunjunun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imza olunmuşdur. Sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aparıldıqdan sonra xidməti otağa Şahid4 Məməd qızı gətirilmişdir. Xidməti otağa başqa bir vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Şahid4 hüquq və vəzifələri izah olunmudur. Sonra vəkilin və onun iştirakı ilə videçəkilişdən istifadə olunmaqla, Gülsurənin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunsuz əşya olduğu halda, onu təqdim etməsi təklif edilmişdir. Lakin Şahid4 üzərində qanunsuz heç bir əşya olmadığını demişdir. Buna baxmayaraq, Gülsurənin üzərində şəxsi axtarış aparılmış və paltarları yoxlanılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər evli olmuş və bir azyaşlı uşağı vardır. Sonradan boşanmış və qızı ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitə istifadə etmiş, lakin bir neçə ildir ki, narkotik vasitədən istifadə etmir. Təqsirləndirilən şəxs onun tanışıdır və onlar mütamadi olaraq görüşüb söhbət etmişlər. Əvəz ilə bir ay əvvəl tanış olmuş, onu tanışlarının vasitəsilə tanımış, belə ki, onların ortaq tanışları vardır. Əvəz əvvəl Hövsan qəsəbəsi ərazisində kirayədə yaşadığı evin sahibi ilə tanış olmuş və həmin evə gəlib-gəlmişdir. Həmin evdən köçdükdən sonra əşyalarını da oradan çıxarmış, lakin paltarları orada qalmışdır. Paltarlarımı götürmək üçün o, 13 mart 2021-ci il tarixdə həmin mənzilə getmiş, oraya çatdıqda Əvəzi görmüş və evdə qalan paltarlarını götürüb yaşadığı evə gəlməyə başlamışdır. Mənzildən çıxan zaman Əvəz də onunla birlikdə çıxmış və onlar birlikdə getməyə başlamışlar. Saat 17 radələrində onlar Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən “Şüşəli bazar” deyilən yerə çatdıqda, Əvəz ona tələsməsini və bir qədər tez getmək lazım olmasını demişdir. Bundan sonra onlar iti addımlarla getməyə başlamışlar. Həmin vaxt arxadan kimlərinsə onları səsləyib, onlarla dayanmaq istəmələrini eşitmişdir. Onlar dayandıqda, iki nəfər polis əməkdaşı onlara yaxınlaşmış və xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi xahiş etmişlər. O, özünü təqdim etmiş, Əvəz isə həyəcanlanıb, heç nə deməmişdir. Polis əməkdşaları Əvəzədən nə üçün onları gördükdən sonra iti addımlarla getməyi soruşmuş, lakin Əvəz onlara cavab verə bilməmiş və bir qədər gözləyib, üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onları yaxınlıqda yerləşən Polis Şöbəsinə dəvət etmişlər. Onlar da heç bir etiraz etməmiş, daha sonra onları həmin polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmaqla, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunsuz əşya olması barədə sual verilmiş və o, üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Həmin günü o, polis şöbəsindən buraxılmış və çıxıb yaşadığı mənzilə gəlmişdir. Polis şöbəsində məlum olmuşdur ki, Əvəzin üzərindən narkotik vasitə aşkar edilmişdir. O, heç vaxt Əvəzin narkotik vasitə almasını, satmasını və istifadə etməsini görməmiş, bu barədə ümumuyyətlə məlumatım olmamış və Əvəz ilə görüşən zaman, sonunjunun üzərində narkotik vasitə olmasını bilməmişdir. Belə ki, Əvəz ona üzərində narkotik vasitə olmasını deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini eşitməmiş və sonuncunun haradan narkotik vasitə almasını da bilməmişdir. İş materiallarında olan 13 mart 2021-cı il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 15 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Lənkəran rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3cü maddələri ilə təqsirli bilinərək 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07.01.2020-ji il tarixdə jəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 14 mart 2021-ci il tarixli 6/1041 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194” dairəvi möhür əksi olan , ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində kağız bükümdə təmiz çəkisi 0,418 qram qəhvəyi rəngli , tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi 18 iyun 2021-ci il tarixli 1948 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan Lənkəran şəhər İH başçısının Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 3 sentyabr 2021-ji il tarixli arayışdan müəyyən olur ki, Təqsirləndirilən şəxs ailə üzvləri anasından, həyat yoldaşından və iki azyaşlı uşaqlarından ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafediji izahatı, məhkəmə və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertizaların rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayət əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu, ailəli olduğu və himayəsində 2 azyaşlı uşağının olduğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 09 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,368 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,368 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-254/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-254/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver