Məhkəmə qərarları › İş №1(010)-254/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-254/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-254/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Göyçay rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məhkəmənin 11 avqust 2020-ci il tarixli qərarı ilə Göyçay rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 15 gün hissəsi Azərbaycan Respublikası CMnin 52-1.5-ci maddəsinə əsasən 01 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə əvəz edilmiş, 03 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 4(010)-88/2022 nömrəli qərarı ilə əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 16 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 03 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.770 qram, 0.575 qram və 0.899 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroini 30 manata əldə edib üzərində saxlayaraq daşımış, 17 fevral 2022-ci il tarixdə, saat 07:30-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən həmin 03 (üç) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.770 qram, 0.575 qram və 0.899 qram olmaqla ümumi təmiz çəkisi 2.244 qram olan öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda tanışı Seymurla olduğu zaman Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları yaxınlaşmış, üzərində bıçaq olduğuna görə polis əməkdaşları onu və Seymuru Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində polis əməkdaşları ona təzyiq göstərərək 03 ədəd bükümdə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımağı etiraf etməsini tələb etmişlər. Buna görə də o, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, videoçəkilişdən əvvəl polis əməkdaşlarının təqdim etdiyi 03 ədəd bükümdə narkotik vasitənin ona məxsus olduğunu bildirmiş və ibtidai araşdırma zamanı etirafedici izahatlar vermişdir. Sonda Təqsirləndirilən şəxs məhkəmədən təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 göstərdi ki, 17 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə “Fiat” markalı, ** AP *** dövlət qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsi ilə xidmət apararkən həmin ünvanda “Opel Astra” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağında bir nəfər şəxsin və həmin nəqliyyat vasitəsinin çöl tərəfində bir nəfər şəxsin olduğunu görmüşlər, həmin şəxslər özlərini şübhəli apardıqlarına görə yaxınlaşaraq özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərin olubolmadığını soruşmuşlar. Bu zaman həmin şəxslər qeyri-adekvat hərəkətlər edərək üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Buna görə də onlar həmin şəxsləri yaxınlıqda olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs və X4 olduğu müəyyən edilmişdir. Həmin şəxslərin barəsində qanuna müvafiq tədbir görülməsi məqsədilə o və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisinin adına raport tərtib etmişlər. Raportun araşdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X3 həvalə edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı 03 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 16 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatım olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 fevral 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 16 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatım olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasının qarşısında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin nəqliyyat vasitəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 17 fevral 2022-ci il tarixli, 6/991 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-194” dairəvi möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 büküm maddi sübut...” yazı və imzalar olan zərfdə 03 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.770 qram, 0.575 qram və 0.899 qram olmaqla, ümumi çəkisi 2.244 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 2.244 qram olan heroinin 0.15 qram (hər bir obyektdən 0.05 qram olmaqla) hissəsi tədqiqata sərf olunmuş, qalıq 2.094 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 24 fevral 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ yan cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 16 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatım olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmur. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 fevral 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasının qarşısında videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilir, baxış zamanı həmin nəqliyyat vasitəsindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və ya maddə aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X6 12 mart 2022-ci il tarixli, 650 saylı kommpleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual, imkanları normaya uyğundur. Əqli-intellektuallarına görə o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Hadisə baş verən vaxt psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 may 2022-ci il tarixli, 2624 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, 17 fevral 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının ona təzyiq göstərərək 03 ədəd bükümdə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımağı etiraf etməsini tələb etdiklərinə, buna görə də videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən, videoçəkilişdən əvvəl polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olduğunu bildirməsinə və ibtidai araşdırma zamanı etirafedici izahatlar verməsinə dair Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Çünki iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 və Şahid2 tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli raportdan görünür ki, onlar 17 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, ünvan 1 ünvanda xidmət apararkən həmin ünvanda “Opel Astra” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağında bir nəfər şəxsin və həmin nəqliyyat vasitəsinin çöl tərəfində bir nəfər şəxsin olduğunu görmüşlər, həmin şəxslər özlərini şübhəli apardıqlarına görə yaxınlaşaraq özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənədlərin olub-olmadığını soruşmuşlar. Bu zaman həmin şəxslər qeyri-adekvat hərəkətlər edərək üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Polis Şöbəsində qeyd edilən şəxslərin Təqsirləndirilən şəxs və X4 olduğu müəyyən edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs, müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi, özünün və müdafiəçisinin imzası ilə təsdiq edilmiş yazılı izahatından görünür ki, Təqsirləndirilən şəxs xeyli müddətdir inyeksiya yolu ilə narkotik vasitə istifadə etdiyini, narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən aldığını, sonuncu dəfə təxminən 16 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatım olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün 03 ədəd bükümdə narkotik vasitə heroin aldığını, onları daha sonra istifadə etmək üçün üzərində saxladığını, 17 fevral 2022-ci il tarixdə, saat 07:30-da Bakı şəhəri, ünvan 1 ünvanda olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirildiyini, orada videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilərkən, polis əməkdaşlarının təklifinə əsasən əynindəki şalvarın sağ yan cibində saxladığı 03 ədəd bükümdə olan narkotik vasitələri onlara təqdim etdiyini, sonuncular tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq “DVD” diskə köçürülmüş video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşları tərəfindən, baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində saxladığı 03 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan bir gün əvvəl, yəni 16 fevral 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə yalnız üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatım olmayan şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşdə olan Göyçay rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa, işdə olan Göyçay rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarından görünür ki, Göyçay rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 15 gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasi ilə əvəz edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyun 2022-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Göyçay rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdr. 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.094 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 2.094 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar