Məhkəmə qərarları › İş №1(010)-255/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-255/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-255/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi, Şuşa şəhərciyi ev 63-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxnasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni təmiz çəkisi 0,362 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində gizlədərək saxlamış və 09 fevral 2022-ci il tarixdə saat 04:10 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 31-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,362 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, latın qrafikasında sərbəst yazıb oxumağı bacarır. Hər hansı ruhi əsəb xəstəxanasında qeydiyyatı olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi, Şuşa şəhərciyində ailəsi ilə birlikdə yaşayır. 09 fevral 2022-ci il tarixdə təxminən saat 04:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərinin xidməti vəsiqlərini göstərib və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və üzərimdə narkotik vasitə olduğu üçün qorxub özümü şübhəli aparmışdır. Buna görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasının otaqlarının birində ona hüquqlarımı izah etmişlər. Polis əməkdaşları üzərimdə olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Mən əynimdə olan qara idman şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümü təqdim etdim və həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəsini üzdən tanıdığı adını bilmədiyi iran vətəndaşından “onlayn” formada 20 manata alıb, saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirmişdir. Həmin narkotik vasitə onun gözünün qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı təziq və təsir olmamışdır. Həmin hallar vidomüşahidə vasitəsi ilə qeydə alınmış və həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman ona müdafiəçi dəvət etməklə təqdim etmişlər. Onun üzərində olan heroini təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadə verərək göstərmişdir ki, 2020-ci ilin may ayından DİO-da xidmətə başlamış və həmin vaxtdan Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri olaraq işləyir. Onun xidməti növbəli olaraq təşkil olunmuş, səhər növbəsi səhər saat 08 radələrindən axşam saat 20 radələrinə kimi, axşam növbəsi saat 20:00-dan səhər saat 09:00 radələrinə kimi olan müddət ərzində xidmətdə olur. O xidmətdə 5650 çağırışlı ** AP *** post patrul avtopatrul maşını ilə xidmət edir və onun xidməti ərazisi Suraxanı rayonu ərazisində 4-cü sektor olmaqla Yeni Suraxanı və Ramana qəsəbəsinin Suraxanı rayonuna aid olan hissəsində avtopatrul avtomobillə xidmət aparır və əksər halda o xidmətə Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri sürücü olaraq xidmət edən Şahid1 ilə çıxır. 09 fevral 2022-ci il tarixdə o iş yoldaşı olan Şahid1 ilə axşam növbəsində 5650 çağırışlı ** AP *** post patrul avtopatrul maşını ilə Surxanı rayonu Yeni Suraxanı qəsəbəsində olan 14 iyul küçəsində saat 04:10 radələrində xidmətdə olan zaman bir nəfər sonradan adı onlara Təqsirləndirilən şəxs kimi məlum olan şəxsin özünü şübəhəli aparması onların diqqqətini cəlb etmiş və o Şahid1 ilə avtopatrul avtomobilindən düşüb həmin şəxsə yaxışlaşmaqla özünü təqdim edib şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini, özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü X2 olaraq təqdim etmiş və yenə özünü şübhəli aparmış və buna görə onlar onu avtopatrul avtobobilinə əyləşdirib inzibati ərazisində xidmət etmiş olduqları 31-ci Polis bölməsinə gətirmişlər. Suraxanı RPİin 31-ci Polis şöbəsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkil Müdafiəçi dəvət olunmuş və ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs özünün xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmasını, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsi, Şuşa şəhərciyi ev 63-də yaşamasını bildirmişdir. İştirakçıları və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti ilə olacağını bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara idman şalvarın sol yan cibindən 01 (bir) ədəd bükümü təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin narkotik vasitəsini üzdən tanıdığı adını bilmədiyi iran vətəndaşından “onlayn” formada 20 manata alıb, özü qəbul etmək məqsədi saxlayıb gəzdirdiyini bildirmişdir. Ağrılarını azaltmaq üçün özü qəbul etmək məqsədi ilə almasını və özündə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü bir daha özü qəbul etmək məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, heroin qəbul etməsini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm qablaşdırılmışdır. Həmin kütlə qablaşdırılmış, bağlamalar baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar telefonda videoçəkiliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təziq və təsir olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və o cümlədən onun barəsində narkotik vasitələrinin satışı ilə məşğul olması ilə bağlı məlumat olmamışdır. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, asılılığı olmasına görə onun qəbul etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis nəfəri-sürücü Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 15-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə, saat 04:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-66-cı vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi” haqqında 10 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Raciv Almazovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirini seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 10 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 01 ədəd gümüş rəngli büküm təqdim etmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 33-37-ci vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2022-ci il tarixli 6/796 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 195” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkimi 0,362 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Cinayət işinin 103-104-cü vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 04 may 2022-ci il tarixli 2225 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-ci vərəqində olan “ diskə baxış keçirilməsi haqqında” 01 aprel 2022ci il tarixli protokoldan görünür ki, 09 fevral 2022-ci il tarixdə saat 04:55-dən 05:10-dək olan müddət ərizində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2, Suraxanı Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis nəfəri-sürücü Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya. bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2022-ci il tarixli qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilərək götürülmüş. Təhqiqatçı tərəfindən şəxsin üzərinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin görüntü diskdə qeydə almaqla materialla əlavə olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunmuşdur. Cinayət işinin 80-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd bükülmüş narkotik vasitə olan heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,362 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı 09-10 fevral 2022-ci il tarixində tutulduğu 01 (bir) gün müddət və 24 avqust 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 28 (iyirmi səkkiz) gün çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməklə hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 09-10 fevral 2022-ci il tarixində tutulduğu 01 (bir) gün müddət və 24 avqust 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 28 (iyirmi səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 il 11 (on bir) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,312 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar