Məhkəmə qərarları › İş №1(010)-256/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-256/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-256/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, 18 avqust 1986-cı ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 05 iyul 2021-ci il tarixdə, saat 00:15 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E 220 CDİ” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ şossesində, Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə saatda 60-70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməyərək, həmin vaxt onun hərəkət istiqamətinə nisbətdə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq orta tərəfi ilə vuraraq, nəticədə Zərərçəkmiş şəxs baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma, sağ baldır sümüklərinin qapalı sınığı, bədənin hematomaları, əzilmiş yaraları və sıyrıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və ölümlə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs baş beyinə qansızma nəticəsində inkişaf edən kəskin beyin ödemindən 05 iyul 2021-ci il tarixdə xəstəxanada ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Mercedes Benz E 220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2019-cu il tarixdə almış, lakin onu öz adına deyil, qaynanası X2 adına rəsmiləşdirmiş və sonuncu tərəfindən verilmiş etibarnamə əsasında həmin avtomobili idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olur. 04 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixə keçən gecə, təxminən saat 00:15 radələrində metronun “Əhmədli” stansiyasından üç nəfər müştəri götürüb Zığ-Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Qum adası yaşayış sahəsində müştərilərdən ikisi avtomobildən düşmüşlər. Bundan sonra Hövsan qəsəbəsi istiqamətinə təxminən 60-70 km/saat sürətlə hərəkət etdiyi zaman, qarşıda təxminən 150 metr məsafədə əks istiqamətdə olan markasını və dövlət qeydiyyat nişanına fikir vermədiyi bir avtomobilin dayandığını, bir neçə saniyədən sonra isə hərəkətini davam etdirdiyini, həmin avtomobillə aradakı məsafə çox olduğundan həmin avtomobildən sərnişinin düşübdüşmədiyini görməmişdir. Həm də həmin yolda işıq dirəkləri quraşdırılsa da işıqlar yanmadığından yol qaranlıq olmuşdur. O, hərəkətini davam etdirərkən qəflətən, təxminən 6-7 metr irəlidə yolun tən ortası ilə çəkilmiş uzununa ağ xəttin üstündə biri qadın və digəri isə kişi olmaqla iki nəfər piyadanın dayandığını görmüşdür. Onlar hərəkət etmədiyindən gözləyəcəklərini fikirləşib öz hərəkətini davam etmişdir. Həmin piyadalara çatan zaman kişi yanında olan qadının əlindən tutub onun hərəkət yoluna daxil olmaq istəmiş, lakin qadın əlini kişinin əlindən çəkdiyi üçün kişi tək hərəkət yoluna daxil olmuş və artıq həmin piyada ilə arada olan məsafə təxminən 1-2 metrə qədər azalmışdır. Həmin piyadanı vurmamaq üçün idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirmiş, eyni zamanda əyləci sıxmışdır. Lakin aradakı məsafə az olduğundan idarə etdiyi avtomobilin sol yan künc hissəsi ilə həmin kişi piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada avtomobilin alın şüşəsinə dəyib yerə düşmüşdür. İdarə etdiyi avtomobili dərhal saxlayıb həmin vurduğu piyadaya yaxınlaşmış, onu idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirmişdir. Habelə hadisə yerində olan qadın piyada, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış piyadanın həyat yoldaşı olduğunu bildirdiyinə görə həmin qadını da öz avtomobilinə əyləşdirib təcili olaraq Hövsan qəsəbəsində yerləşən 23 saylı poliklinikaya getmişdir. Lakin orada həkim olmadığını bildirərək xəstəni qəbul etməmişlər. Buna görə də oradan xəsarət almış piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmışdır. Orada, soyadını, adını və ata adını sonradan bildiyi Zərərçəkmiş şəxs müayinə olunmuş və təxminən bir saat sonra həkimlər sonuncunun öldüyünü bildirmişlər. Bir müddət sonra polis əməkdaşları xəstəxanaya gəlmiş, özünü polis əməkdaşlarına təqdim edərək idarə etdiyi avtomobillə piyadanı vurduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə bildirdi ki, 05 iyul 2021-ci il tarixdə Hövsan-Zığ yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun atasıdır. Atası Zərərçəkmiş şəxs analığı Şahid ilə X8 adlanan ərazidə özlərinə məxsus evdə yaşamışdır. Atasının ondan başqa yalnız 01 qız ovladı var ki, o da öz anası ilə birlikdə yaşayır. 04 iyul 2021-ci il tarixdə oğlunun hərbi xidmətdən gəlməsi münasibəti ilə atası Nadir və analığı Şövkət onlara gəlmişlər. Təxminən saat 24 radələrində hər ikisi onların evindən çıxıb öz evlərinə getmişlər. Gecə saat 00:30 radələrində analığı Şövkət ona zəng edib atasını Zığ-Hösan yolunda maşın vurduğunu, onu xəstəxanaya apardıqlarını bildirmişdir. Buna görə də o, dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına getmiş, ora çatdıqdan təxminən yarım saat sonra atası dünyasını dəyişmişdir. Məhkəmətibb ekspertizası müayinəsində sonra atasını Hövsan qəbristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, atası Hövsan qəsəbəsindən yaşadığı evə hansısa maşınla getmiş, yaşadığı evin yaxınlığında maşından düşüb yolun əks tərəfinə keçərkən Zığ istiqamətindən gələn “Mercedes” markalı avtomobil onu vurmuşdur. Həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs yas mərasimində iştirak etmiş, dəfn xərclərini qarşılamışdır. Sonda R.Zərərçəkmiş şəxs, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri ödədiyinə görə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, 05 iyul 2021-ci il tarixdə Hövsan-Zığ yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. X8 adlanan ərazidə özlərinə məxsus evdə yaşamışlar. 04 iyul 2021-ci il tarixdə Nadirin əvvəlki həyat yoldaşından olan oğlu Ruslanın oğlunun hərbi xidmətdən gəlməsi münasibəti ilə Nadirlə birlikdə Ruslanın Hövsan qəsəbəsində yaşadığı evə getmişlər. Təxminən saat 24 radələrində hər ikisi Ruslanın yaşadığı evdən çıxıb öz evlərinə getmək üçün taksiyə minmişlər. 04 iyul 2021-ci il tarixdən 05 iyul 2021-ci il tarixə keçən gecə, təxminən saat 00:15 radələrində yaşadıqları evin yaxınlığında taksidən düşüb evə getmək üçün yolun digər tərəfinə keçmək istəmişlər. Zığ istiqamətindən avtomobil gəlmədiyinə əmin olduqdan sonra yolu keçməyə başlamışlar, həmin vaxt Nadir ondan bir qədər irəlidə getmişdir. Yolun orta xəttinə qədər keçdikdən sonra avtomobil gəldiyini görüb hər ikisi yolun orta xəttinin üstündə dayanmışlar. Həmin vaxt Nadir qəflətən qaçaraq yolun ikinci zolağını da keçmək istəmiş, təxminən 3-4 addım atmışdır ki, sürətlə gələn həmin avtomobil yolun ortasında Nadiri qabaq orta hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən Nadir avtomobilin alın şüşəsinə dəyib yerə yıxılmışdır. Həmin avtomobilin sürücüsü dərhal avtomobilidən düşüb Nadirə yaxınlaşmış, eyni zamanda özü də Nadirə tərəf qaçmışdır. Yaxınlaşdıqda Nadirin hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. Nadiri həmin avtomobilin arxa oturcağna qoyub, əvvəlcə Hövsan qəsəbəsindəki təcili tibbi yardım stansiyasına aparmışlar. Lakin orada həkim olmadığını bildirərək Nadiri qəbul etmədiklərinə görə sonuncunu dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanaya çatdırıldıqdan təxminən yarım saatdan sonra Nadir dünyasını dəyişmişdir. Məhkəmə-tibb ekspertizası müayinəsində sonra Nadiri Hövsan qəbristanlığında dəfn etmişlər. Həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs yas mərasimində iştirak etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 17 oktyabr 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi, ünvan 1 ünvanın qarşısında hərəkət zolaqlarının sayı 01, örtüyünün eni 09 metr olan yolda baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 05 iyul 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ şossesində, yolun Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətində olan hissəsində baş vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 05 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin qabaq kapotunun orta hissəsinin əzildiyi, həmin hissədə lak-boyanın qopub töküldüyü, sağ qanadın orta hissəsində, kapota birləşən yerdə 10-15 sm ölçüdə batıq olduğu, habelə radiator barmaqlığının qırıldığı müəyyən edilmişdir. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli, 1/2145 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 06 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ şossesində, yolun Zığ qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətində olan hissəsini göstərərək, 05 iyul 2021-ci il tarixdə, təxminən gecə saat 00:15 radələrində idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdiyi zaman həmin yerdə yolu soldan sağa keçmək istəyən piyadanı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurduğunu bildirmişdir. İş materiallarında olan meyitin ekspertizasının 05 iyul 2021-ci il tarixli, 72 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma, sağ baldır sümüklərinin qapalı sınığı, bədənin hematomaları, əzilmiş yaraları və sıyrıqları həyatı olub, mərhumun xəstəxanaya daxil olmasından bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, 05 iyul 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqədədilər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə qansızma nəticəsində inkişaf edən kəskin beyin ödemi olmuşdur. Ölüm 05 iyul 2021-ci il tarixdə xəstəxanada baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik naddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2022-ci il tarixli, 8/528 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, **- GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəldilmiş hərəkətlər etməsini və yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.11-ci maddələrinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması cəzanı yüngülləşdirən hal hesab olunur. Cinayət işinə baxılarkən isə müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə mərhum Zərərçəkmiş şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar