Məhkəmə qərarları › İş №1(010)-256/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-256/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-256/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabunçu Rayon Məhkəməsinin 1(008)-361/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, 24 iyun 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş (cərimə cəzası isə ödənilməmiş qalıb), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-619/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 23 oktyabr 2022-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 4(010)-719/2022 nömrəli iş üzrə 20 dekabr 2022-ci il tarixli və 4(010)-32/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarları ilə həbsdə saxlama müddətləri uzadılmış) və 23 oktyabr 2022-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 29 saylı binanın dördüncü mərtəbəsindəki vətəndaş Zərərçəkmiş şəxs məxsus başqa saxlanc yeri kimi istifadə olunan dolabın qapısının üzərində olan qıfılı özü ilə apardığı vintaçanla açaraq və həmin yerə qanunsuz daxil olmaqla orada saxlanılan 01 ədəd 191 manat dəyərində “Samsung” markalı tozsoran, 01 ədəd 254 manat dəyərində “HOB BOCH” markalı dörd piltəli qaz sobası, 01 ədəd 271 manat dəyərində “HOB BOCH” markalı aspirator, 300 manat dəyərində 05 ədədli Türkiyə Respublikası istehsalı olan qazan dəsti, 01 ədəd 100 manat dəyərində Türkiyə Respublikası istehsalı olan böyük qazan, 01 dəst 450 manat dəyərində Türkiyə Respublikası istehsalı olan “Karaca” firmasına məxsus yemək dəsti, 02 ədəd ümumilikdə 250 manat dəyərində qaşıq-bıçaq-çəngəl dəsti, bir ədədi 80 manat olmaqla 02 ədəd 160 manat dəyərində xrustal meyvə qabları, şüşə materialdan hazırlanmış ümumi 200 manat dəyərində olan 02 ədəd meyvə və konfet qabları, 01 ədəd güldandan ibarət dəst, 500 manat dəyərində 12 ədəd kasa, bir ədəd “Tefal” markalı çaynik, 12 ədəd bulud və digər məişətdə istifadə olunan xırda əşyaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2.676 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, anası xəstə olduğundan və dərman almaq üçün maddi vəziyyəti yaxşı olmadığından 16 oktyabr 2022ci il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 29 saylı binaya getmişdir. Binanın bloklarından birinə girmiş və lift vasitəsilə 9-cu mərtəbəyə qalxmışdır. Liftdən çıxdıqdan sonra pilləkənlə aşağı düşərək oğurlayıb satmaq üçün hər hansı bir əşya axtarmış, 4-cü mərtəbəyə çatdıqda orada istifadə olmayan liftin qarşısında ön tərəfi taxta və dəmir barmaqlıqla tikilmiş saxlanc yeri görmüşdür. Sonra həmin yerin qapısında olan qıfıl asılmış halqanı əvvəlcədən özü ilə apardığı vintaçanla əyərək qırmışdır. Qapını açdıqdan sonra içəridəki rəflərdə istifadədə olmamış məişət əşyalarının olduğunu görmüş, həmin əşyaları binanın 3-cü mərtəbəsinə toplamış və qapının qıfılını əvvəlki vəziyyətinə gətirib binanın həyətinə çıxmışdır. Bir qədər uzaqlaşıb yoldan təsadüfən keçən gümüşü rəngli “Reno” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlatmış və onu “Koroğlu” metrostansiyasına aparmasını istəmiş, taksi sürücüsünə evdən əşyaları götürməli olduğunu bildirmişdir. Sürücü ilə razılaşdıqdan sonra birlikdə binanın həyətinə qayıtmış və sonuncuya onu gözləməsini deyib liftlə binanın 3-cü mərtəbəsinə qalxmışdır. Oradan üç dəfəyə olmaqla oğurladığı əşyaları sellofan torbada və iki ədəd karton qutuda aşağı düşürüb avtomobilə yerləşdirmişdir. Oradan “Koroğlu” metrostansiyasına getmiş və taksinin haqqını ödəyib ondan uzaqlaşmışdır. Sonradan isə başqa bir tanımadığı taksiyə oğurladığı əşyaları yığmış və onu Nərimanov rayonu, Montin qəsəbəsində dəmir yolunun yaxınlığında yerləşən ərzaq mağazasına aparmasını istəmişdir. Qeyd olunan yerə çatdıqdan sonra taksi sürücüsünə 4 manat yol pulu vermiş, əşyaları isə qeyd olunan mağazanın qarşısında saxlamış və bir qədər kənardan içki aldıqdan sonra geri qayıdıb həmin əşyaları götürmüşdür. Oradan bir qədər uzaqlaşıb “Zəfəran” hospitalın yaxınlığında səsləyərək əşyalar satdığını elan etmiş, əşyaları müxtəlif şəxslərə dəyər-dəyməzə sataraq ümumilikdə 375 manat pul əldə etmişdir. Əldə etdiyi pulu isə şəxsi ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Onun mənzili qeyd olunan binanın 4-cü mərtəbəsində yerləşir. 4-cü və 3-cü mərtəbələr arasında olan pilləkənin üzərində hazırda istifadə olunmayan liftin qarşısındakı taxta və dəmir materiallardan istifadə edilməklə hazırlanmış saxlanc yerindən 2010-cu ildən hazırkı vaxtadək istifadə edir. Həmin saxlanc yerinin üç tərəfi daş divar olmaqla ön hissəsi dəmir barmaqlıqlardan hazırlanmış, qapısı isə həmişə qıfılla bağlı olmuşdur. O, həmin yerdə evdə istifadə olunmayan əşyalarla yanaşı, qızı üçün aldığı istifadədə olunmamış cehiz əşyalarını da saxlamışdır. Belə ki, o, həmin yerdə qızı üçün cehiz olaraq və heç biri istifadə olunmamış 2021-ci ilin sentyabr ayından hazırkı vaxtadək aldığı 01 ədəd 191 manat dəyərində olan “Samsung” markalı tozsoran, 01 ədəd 254 manat dəyərində olan “HOB BOCH” markalı dörd piltəli qaz sobası, 01 ədəd 271 manat dəyərində olan “HOB BOCH” markalı aspirator, 01 ədəd 300 manat dəyərində olan 05 ədədli Türkiyə Respublikası istehsalı olan qazan dəsti, 01 ədəd 100 manat dəyərində olan Türkiyə Respublikası istehsalı olan böyük qazan, 01 dəst 450 manat dəyərində olan Türkiyə Respublikası istehsalı olan “Karaca” firmasına məxsus yemək dəsti, 02 ədəd ümumilikdə 250 manat dəyərində olan qaşıq-bıçaq-çəngəl dəsti, bir ədədi 80 manat olmaqla 02 ədəd 160 manat dəyərində olan xrustal meyvə qabları, şüşə materialdan hazırlanmış ümumi 200 manat dəyərində olan 02 ədəd meyvə və konfet qabları, 01 ədəd güldandan ibarət dəst, 500 manat dəyərində olan 12 ədəd kasa, bir ədəd “Tefal” markalı çaynik, 12 ədəd bulud və digər məişətdə istifadə olunan xırda əşyaları saxlamışdır. 16 oktyabr 2022-ci il tarixdə saat 16:30-da oğlu Şahid evdə olduğu zaman həmin saxlanc yerindən meyvə şirəsi götürmək üçün getdikdə saxlanc yerinin qapısının üzərində olan dəmir qıfıl olan halqanı qırmış naməlum şəxsin qeyd olunan məişət əşyalarını oğurladığını, həmin qıfılı da, yenidən yerinə asaraq çıxıb getdiyini aşkar etmişdir. Bu barədə oğlu ona bildirdikdən sonra o, həmin saxlanc yerə baxmış və qeyd olunan əşyaların oğurlandığını müəyyən etmişdir. Şahid DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdikdən sonra, ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət etmiş və bu barədə izahat vermişdir. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və müvafiq araşdırma aparılacağını bildirmişlər. Həmin oğurluq hadisəsi nəticəsində ona təxmini hesablamaya görə 2.676 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ödənilmədiyindən ondan şikayətçidir. Şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Yaşadığı mənzil qeyd olunan binanın 4-cü mərtəbəsində yerləşir. 4 və 3-cü mərtəbələr arasında olan pilləkənin üzərində hazırda istifadə olunmayan liftin qarşısındakı taxta və dəmir materiallardan istifadə edilməklə hazırlanmış saxlanc yerindən 2010-cu ildən hazırkı vaxtadək ailəsi tərəfindən istifadə edilir. Həmin saxlanc yerinin üç tərəfi daş divar olmaqla ön hissəsi dəmir barmaqlıqlardan hazırlanmış, qapısı isə həmişə qıfılla bağlı olmuşdur. Həmin yerdə anası Zərərçəkmiş şəxs evdə istifadə olunmayan əşyalarla yanaşı, bacısı üçün aldığı istifadə olunmamış cehiz əşyalarını da saxlamışdır. 16 oktyabr 2022-ci il tarixdə saat 16:30-da evdə olduğu zaman həmin saxlanc yerindən meyvə şirəsi götürmək üçün getdikdə həmin yerin qapısının üzərində dəmir qıfıl olan halqanı qırmış naməlum şəxsin orada saxlanılan məişət əşyalarını oğurladığını, həmin qıfılı da yenidən yerinə asaraq çıxıb getdiyini aşkar etmişdir. Bu barədə o, anasına bildirdikdən sonra sonuncu da həmin saxlanc yerə baxmış, qeyd olunan əşyaların oğurlandığını müəyyən etmişdir. O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdəkdən sonra ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət etmiş və bu barədə izahat vermişdir. Bundan sonra hadisə baş verdiyi ünvana polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmiş və müvafiq araşdırma aparılacağı bildirilmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə diskə baxış keçirilmiş, diskə baxış keçirilən zaman binanın həyətinə bir ədəd gümüşü rəngli “Reno” markalı dövlət qeydiyyat nişanı aydın görünməyən avtomobilin daxil olduğu, avtomobilin qabaq sağ qapısından bir nəfər ağ köynək və boz rəngli pencəkli şəxsin endiyi müəyyən edilmişdir. Bundan sonra həmin şəxs binaya üç dəfə daxil olub qayıtmaqla iki ədəd torba və qutularda gətirdiyi əşyaları qeyd olunan avtomobilin arxa sağ qapısını açmaqla içəri yığması, sonra isə özünün qabaq sağ oturacaqda əyləşməsi və avtomobilin oradan uzaqlaşması müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özünün olduğunu, avtomobilə yığdığı əşyaların isə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 29 saylı binanın 3-cü və 4-cü mərtəbələri arasında yerləşən saxlanc yerindən oğurladığı əşyalar olduğunu bildirmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 4(010)-619/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 oktyabr 2022-ci ildən hesablanmaqla 02 (iki) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-719/2022 nömrəli iş üzrə 20 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 23 yanvar 2023-cü il tarixinədək uzadılmışdır. Suraxanı Rayon Məhkəməsinin 4(010)-32/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 12 fevral 2023-cü il tarixinədək uzadılmışdır. 11 yanvar 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd CD disk və həmin diskə baxış protokolu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilərək bir ədəd CD disk cinayət işində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 1(008)-361/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, 24 iyun 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, lakin 3000 manat məbləğində cərimə cəzası ödənilməmiş qalmışdır. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sabunçu Rayon Məhkəməsinin 1(008)-361/2018 nömrəli iş üzrə 31 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 (üç min) manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilsin, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 3.000 (üç min) manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 oktyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar