Məhkəmə qərarları › İş №1(010)-256/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-256/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-256/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2002-ci ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Aşağı Öysüzlü ərazi dairəsi, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 13M, mənzil 100-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qardaşı Şahid3 arvadı Zərərçəkmiş şəxs Şahid3la yola getmədiyini əsas gətirərək irad tutmuş və Zərərçəkmiş şəxs buna cavab olaraq ondan evi tərk etməsini tələb etdiyinə görə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı yumruqla qəsdən sağ almacıq nahiyəsinə bir zərbə vurub yerə yıxaraq Zərərçəkmiş şəxs sağ almacığın yumşaq toxumasının hematoması və sıyrıqları, sol sağrının yumşaq toxumasının hematoması, başın ənsə nahiyəsinin və sağ bazunun qançırları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, Yeni Günəşli qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs qardaşı Zaurun həyat yoldaşıdır. Gülarə ilə əvvəllər münasibəti yaxşı olmuşdur. 17 oktyabr 2024-cü il tarixdə qohumu Köçəri və Zaurla görüşüb saat 19 radələrində Zaurgilin evinə getmişlər. Səbəbi o olmuşdur ki, Gülarə Zaurla yola getmirmiş, qardaşı Zaur da demişdir ki, evdən çıxıb gedəcək. Qardaşının evdən çıxmaq istəməsindən narazı olduğundan Gülarəyə bu barədə demişdir. Gülarə onunla mübahisə etmiş, söymüş, ona görə sonuncunu əli ilə itələmiş, ola bilsin itələyəndə döşəmə üzərinə yıxılmışdır. Zərərçəkmiş şəxs vurmamışdır. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətləri onunla bidirir ki, ona heç bir xəsarət yetirməmişdir. Gülarə əli ilə ona şillə vurmuş, lakin həmin vaxt məhkəmə-tibbi müayinəyə getməmiş, hal-hazırda bədənində heç bir xəsarət və ya xəsarət izi qalmamaşdır. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə vaxtı qardaşı Zaurun evində özü, Gülarə, Zaur, Zaurgilin yetkinlik yaşına çatmayan qızı Ayan olmuşlar. Qohumu Köçəri çölə çıxmış, evin içərisində deyildi, yanında olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirini qismən etiraf edir, ancaq, şikayətlər hamısı əsaslı deyil. Qarşı tərəfə yüngül xəsarət belə vurmamış, sadəcə itələmişdir. Qardaşı gəlib, onu yasdan aparıb, orada konfilikt yaşanıb, anlaşılmazlıq olub. Onu hadisə yerinə qardaşı aparıb, həmin vaxta kimi şəhid Zabilin adına olan yasda olmuşdur. Qardaşı onu yasdan ailəsində problemləri olmas səbəbi ilə gəlib aparmış, ayrı kirayə evə çıxacağını bildirmişdir. Həmin vaxt içki içməmişlər. Onun Gülarə ilə münasibətləri yaxşı olmasa da, aralarında düşmənçilik münasibəti olmayıb. O, qardaşından 20 saniyə fərqlə evə girmiş, həmin vaxt qardaşının qızı da orada olmuş, Wifi pulunu ödəməyə getmişlər. Onlar Zaur haqqında söhbət etmişlər, o, Gülarənin sinəsindən 1 dəfə itələmiş, Gülarə də yıxılmış, o, Köçəri və Zaur Gülarəyə kömək edərək qolundan tutub qaldırmışlar. Onlar arasında olan mübahisə 15 dəqiqə çəkmişdir, Gülarə də çöldə ona 1 şillə vurmuşdur, buna Köçəri də şahid olmuşdur. O, Polis İdarəsində Gülarədən üzr istəmiş, Gülarə isə onunla barışmamış, 5000 pul istəmişdir. Hətta birbaşa da istəyib, bunu müstəntiq Ayaz Meydanov da demişdir. O, əməlindən peşman olduğunu, həmin vaxt içkili olmadığını, sadəcə Qarabağ müharibəsində iştirak etdiyi üçün əsəblərinin pozulduğunu, özünü itirdiyini bildirmiş, bu səbəbdən, ola bilsin ki, Gülarəni bərk itələmiş, o da nəticədə yıxılmışdır. O, əməlindən peşman olduğu üçün barışığa cəhd etmiş və üzr istəmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 ildir ki, Şahid3 ilə ailə qurmuşlar, nikahdan 14 yaşlı qızı Şahid1 doğulmuşdur. Yoldaşı ilə münasibəti çox da yaxşı olmamış, lakin pis də demək olmaz. Zaurun qardaşı Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmamışdır. Hər-hansı bir Zaurla aralarında olan söz-söhbət olduqda Elvin buna qarışıb onunla mübahisə etmiş, lakin davaları olmamışdır. 17 oktyabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində evdə qızı Ayanla olduğu zaman Zaur, qardaşı Elvin və onların atalarının əmisi oğlu Köçəri onlara sərxoş vəziyyətdə gəlmişlər. Zaurla qızı Ayan ödəniş terminalından internet borclarını ödəməyə getmişər. Elvin və Köçəri də evin həyətində gözləmişlər. Köçəri dəvət etmiş, sonra qızı və Zaur qayıtmışlar. Köçəri ona irad tutmuşdur ki, nə üçün Zaurla mübahisə edir, mehriban yaşamır. Köçəriyə cavab vermişdir ki, “ailədirlər özləri bilərlər, ailə işlərinə qarışmasın”. Bu zaman Elvin Köçəriyə «bu cındır və əxlaqsızdır, onunla nə söhbət edirsən» demişdir. Elvindən soruşmuşdur ki, “bu sözləri onamı deyir?”. Elvin “bəli” deyib ona nalayiq söyüşlər söymüş, Elvinə «bu sözləri mənə demək üçünmü gəlib, çıx bayıra» demişdir. Elvin isə ona cavab vermişdir ki, bu ev onlarındır, yəni Elvingilindir. Elvin ona irad tutmuşdur ki, vicdanı olsa bu evdə yaşamaz, 6 aydır ki, əri ona əlini vurmur, digər murdar sözlər demişdir. Elvin nalaiq söyüşlər söyməyi davam edərək demişdir ki, qazidir, hər yerdə sözü keçir, “evi onlardan alacaq”. Elvinə dedi də ki, “ay Allah o, keçirtdiyini sənin arvadı keçirtsin”. Bunu deyəndə Elvin onun sağ gözünün altına bir dəfə yumuruqla vurmuş, o, zərbədən döşəmə üzərinə yıxılmış, başının arxa hissəsi divanın küncünə, oturduğu yer isə (sağrısı) stula (taburetkaya) dəymişdir. Huşunu itirmiş, Zaur onu döşəmədən qaldırdıqda ayılıb görmüşdür ki, qızı Ayan ağlayır. DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bu hadisə vaxtı evdə o özü, yoldaşı Zaur, qızı Ayan, yoldaşının qardaşı Elvin və qohumu Köçəri olmuşlar, başqa heç kim olmamışdır. Qonşular bu hadisəni görməmişlər, gecə olmuş, hadisə evin içərisində olmuşdur. Barəsində olan məhkəmə-tibbi ekspertizasının 864 saylı xx.xx.2024-cü il tarixli rəyində göstərilən bədən səthində sağ almacıq toxumasının hematoması və sıyrıqları, sol sağrının yumşaq toxumasının hematoması, başın ənsə nahiyəsinin və sağ bazunun qançırları kimi bədən xəsarətlərini ona Elvin yetirmişdir. Sağ almacıq toxumasının hematoması və syırıqlarını Elvin yumuruqla gözünün altına vuraraq yetirmiş, sol sağrının yumşaq toxumasının hematoması və sıyrıqları həmin zərbədən yıxılanda stula dəyərək almış, başın ənsə nahiyəsinin və sağ bazunun qançırlarını da həmin zərbədən yıxıldıqda divanın küncünə dəyərək almışdır. Hadisə zamanı özü Elvini vurmamış, Elvinə əli dəyməmişdir. Onun Elvini vurmağı barədə deməklə Elvin ona şər atır ki, məsuliyyətdən yaxa qurtarsın. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşu 3 kq pomidorun 1 manata satıldığını dediyi üçün axşam vaxt pomidor almağa getmiş, gələndə isə qızı ağacın altında 2 nəfər olduğunu, onların da Elvin ilə Köçəri olduğunu demişdir. O, ərk etmiş, onlar da ona pis sözlər deyərək qürurunu tapdalamışlar. Onlar demişlər ki, “vicdanın, əxlaqın olsa, bu evdən çıxıb gedərsən, utanmırsan, 6 aydır ərin sənə əlin vurmur, flankəslərlə gəzir”, o isə “rədd ol” demişdir. Yoldaşı Zaur bir dəfə evlənib, ayrılıb. Onlar ölü yerinə bəlkə də gediblər, oradan çıxanda harasa gediblər, çünki gələndə içkili idilər. Telefonda vurduğu şəkillər var. Köçəri onu evə çağırmayacağını bildirmiş, o da qohumdur, ilk dəfədir deyə gəlməsini demişdir, ancaq, kaş çağırmazmış. Köçəri və Elvin onun üstünə düşüblər. Elvin də danışığına fikir verməsini demişdir. Üçü də içkili olmuşlar, Köçərinin öz arvadı da başın götürüb, qaçmışdır. O, “həyatım sənə xoş gəlirsə, mən keçirdiyimi sənin gələcəkdəki arvadın görsün” demişdir. Onun vurması nəticəsində tabletka yan hissəsinə keçmiş, özündən getmiş, ayılanda qızının ağladığını görmüşdür. Həmin vaxt vurması nəticəsində almacıq sümüyü zədələnib, hələ də gözündən yaş gəlir. Hadisə olandan sonra 102 xidmətinə yığıb məlumat vermiş, öz ailəsi gəlmişdir. Elvinin ata-anası bu nə məsələdir deyə gələrdilər, ancaq qonşular eşidib, ona görə gəlməmişlər. Elvin ona “ananın görün belə-belə edim” demiş, o da qarşılığında “bacının goru belə-belə olsun” demişdir. Hadisə olan vaxtı evə piyan şəkildə gəlmişlər, o, öz yoldaşı Zaura Elvinə dediklərini təkrarlayanda yoldaşı deyilənləri inkar edib, “öz ailə işimizdir” dediyini bildirib. Təqsirləndirilən şəxs onların evinə tez-tez gəlmirmiş, hadisə olanda onu sinəsindən vurmayıb, üzündən vurub, əli sinəsinə dəyib, vurmağının nəticəsində özündən gedib. Artıq ayılanda üzünün qan olduğunu görmüş və qaçıb 102 xidmətinə zəng edib. Bu vaxtadək onun qapısını kimsə açmayıb, heçnə deyən olmayıb, son 3-4 gündür ki, qayınatası gəlir. Hazırda ondan şikayətçidir, barışmır, heç vaxt pul istəməyib. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, qeyd edilən ünvanda valideynləri ilə yaşayır. 17 oktyabr 2024-cü il tarixdə saat 19:00 radələrində anası Gülarə ilə evdə olmuşdur. Bu zaman atası Zaur, əmisi Təqsirləndirilən şəxs və atasının əmisi oğlu Köçəri sərxoş vəziyyətdə gəlmişlər. Sonra atası ilə gedib internet pulunu ödəyib evə qayıtmışlar. Evə gələndən sonra Elvin anası ilə mübahisə etməyə başlamış, anasına deyirmiş ki, nə üçün evdən çıxıb getmir, atası anası ilə yaşamaq istəmir və s. Elvin onun anasını nalayiq söyüşlərlə təhqir etmişdir. Anası Elvinin söyüşlərinə cavab qaytararaq evdən çıxıb getməyini istəmiş, Elvin isə cavab vermişdir ki, ev onlarındır, yəni Elvingilindir, anası çıxmalıdır. Aralarında mübahisə olmuş, mübahisə zamanı Elvin anasının sağ gözünün üzərinə yumuruqla bir dəfə vurmuş, zərbədən anası yıxılmış, başının arxa hissəsi divanın küncünə, oturduğu yer isə (sağrısı) stula dəymişdir. Anası yıxılanda huşunu itirmişdir. Atası və Köçəri anasını döşəmədən qaldırmışlar. Özü hadisədən qorxub ağlamışdır. Sonra anası DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bu hadisə vaxtı evdə özü, anası, atası Zaur, əmisi Elvin və atasının əmisi oğlu Köçəri olmuşlar, başqa heç kim, o cümlədən qonşular olmamışlar. Hadisə zamanı əmisi Elvin anasına qarşı nəlayiq söyüşlər işlədirmişdir. Ancaq anası Elvini vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi izahatına əlavə olaraq bildirdi ki, ilk dəfə əmisi anasını vuranda onlar çöldə olmuşlar, o isə atası ilə internet pulunu ödəməyə getmişdir. Daha sonra əmisi anasının üzünə əli ilə vurmuş, bu zaman atası da görmüşdür. Anası ayılandan sonra polisi çağırmış, polis gələndə əmisi də orada olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında göstərmişdir ki, 20 ildir ki, Bülbülə qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs ilə 15 ildir ki, ailə qurmuşdur. Nikahdan bir övladları - Şahid1 doğulmuşdur. Təqsirləndirilən şəxs onun qardaşı, Şahid2 isə atasının əmisi oğludur. Gülarə ilə münasibəti yaxşı olmuş, hər ailədə olduğu kimi ailələrində də hərdən söz-söhbət olurmuş, lakin ümumən münasibətləri yaxşı olmuşdur. 17 oktyabr 2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs və Şahid2 ilə axşam kafedə yeyib içmiş, üçü də sərxoş vəziyyətdə saat 19 radələrində onun evinə gəlmişlər. Qızı Ayanla yaxında olan dükanda internetin pulunu ödəniş edib qayıtmışdır. Gələndə Elvin və Köçəri evdə olmuşlar. Elvin onun həyat yoldaşı Gülarə ilə mübahisə edirmiş. Mübahisələrinin səbəbi o idi ki, Elvin Zərərçəkmiş şəxs irad tuturmuş ki, nə üçün yoldaşı ilə dalaşır. Həmin vaxt yoldaşı ilə aralarında söz söhbət olmuşdur. Gülarə ilə Elvini sakitləşdirmək istəmiş, lakin Elvin mübahisə zəminində əli ilə yoldaşının sifətinə vurmuş və yoldaşı Zərərçəkmiş şəxs döşəmə üzərinə yıxılaraq bədən xəsarətləri almışdır. Gülarə ani huşunu itirmiş, Köçəri ilə Gülarəni döşəmə üzərindən qaldırmışlar. Bundan sonra dava olmamışdır. Gülarə Elvini vurmamışdır. Həmin hadisə zamanı evdə özü, Gülarə, Elvin, yetkinlik yaşına çatmayan qızı Ayan və Köçəri olmuşlar, başqa heç kim, o cümlədən, qonşular olmamış və hadisə yerinə gəlməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında göstərmişdir ki, biri qardaşı, digəri isə ailəsidir. Onlar 4-5 il ərzində söz-söhbətləri olmuş, ancaq bu vaxt ərzində heç döyməmişdir. Həmin gün üçü də içkili olmuşlar. Taksi ilə gəlmişlər. Qardaşına öz razılığı ilə əşyalarını yığmalarını, başqa yerdə gedib qalacağını demişdir. Onlar Suraxanı rayonu ərazisində zəngləşərək oturub çörək yemişlər, həmin vaxt qızı olduğunu, öz kostyumunu götürüb evdən çıxacağını bildirmişdir. Həmin gün saat 15:00-16:00 aralığında hava qaralmamış zəng edib qardaşına demişdir ki, paltarlarını yığsınlar evdən gedəcəklər. Onlar oturub yemək yeyəndə 3 nəfərə 750 ml araq içmişlər. Onlar zəngləşəndə qardaşı Elvin ilə Köçəri birlikdə gəlmiş, ancaq haradan gəlmişlər bilmir. Qardaşı Elvin ona əşyalarını yığmağı deyəndə, evdə söz-söhbət olmuş, qardaşı ilə yoldaşı bir-birini söymüşlər. Daha sonra qardaşı yoldaşını itələmiş, gözünün altı belə olmuşdur. Sonradan yoldaşı demişdir ki, “gözümün altı qaralıb”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, 17 oktyabr 2024-cü il tarixdə qohumu Elvinlə sonuncunun qardaşı Şahid3gilin evində olduğu zaman Zaurun həyat yoldaşı Gülarə ilə Elvin Əsədzalə arasında mübahisə olmuş və o, evin çölündə olduğu zaman evdə səs eşidib evə gəldikdə Gülarə demişdir ki, Elvin onun sifətinə əli ilə vurmuşdur. Elvin sonra çıxıb getmişdir. Həmin hadisə zamanı Gülarə Elvini vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, Elvin onun əmisinəvəsidir, onlar 17-si yas yerində görüşmüşlər, ancaq hansı ayın 17-si olması yadında deyil. O, 16:00-da yas yerində olmuş, 10 dəqiqə yas yerində qalmış, 1 saat Zauru gözləmiş, sonra Zaurgilin evinə getmişdir. Zaurgilin evinə gedəndə saat 18:00- 19:00 aralığı olmuşdur. Ora getmədən kafedə oturaraq çay içmişlər, həmin vaxt içki içməmişlər. O, orada olanda söz mübahisəsi olmuş, bu zaman özü evdən çölə çıxmışdır. Onlar 1-2 gün əvvəl Tovuza getmişlər, bu zaman Zaur ailəsində problem olduğunu, onları barışdırmağımızı istəmişdir. Onlar Zaurgilin evinə getmişlər, orada yemək yeməmişlər, ailənin dağılmamasını, mübahisə olmamasını demiş, ancaq Gülarə xanım “siz qarışmayın” dediyi üçün sözünü eşidilmədiyi düşünmüş və evdən çölə çıxmışdır. Hadisə olan vaxt Gülarə xanım ilə Elvin bir-birini söymüşlər, xanım Elvinin bacısının goruna söymüşdür. Xanım yarı oturaq vəziyyətdə olmuş, üstündə qan görməmişdir, Ayanla birlikdə xanıma su vermişlər. Gülarə xanım evdən çıxanda 102 xidmətinə zəng vuracağını, onu təhqir edib söydüklərini deyəcəyini bildirdi. Mübahisə olmadan əvvəl evdə o, Zaur, Elvin, Gülarə xanım və qızı Ayan olmuşdur, 10-15 dəqiqə söz davası olmuş, mübahisənin yarısında isə o çölə çıxmışdır. O, içəri girəndə xanım Elvinin onu vurduğunu demişdir, içəri girib xanımı qolundan tutub kömək etmiş, xanım da halının pis olduğunu bildirmişdir. O, 18:00-da Zaurgilə getmiş, 19:00-da da oradan çıxmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarının 56-59-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 76-78-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 20-22-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsi tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 864 nömrəli ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ almacığın yumşaq toxumasının hematoması və sıyrıqları, sol sağrının yumşaq toxumasının hematoması, başın ənsə nahiyəsinin və sağ bazunun qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Cinayət işinin materiallarının 91-92-ci vərəqində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 105-ci vərəqində olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarının 72-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarının 9-cu vərəqində olan kserosurətdən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmuş və İİ Qarabağ müharibəsində iştirak etməsinə görə “vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı verilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarını, o cümlədən ekspert rəyini, zərərçəkmiş şəxsin ifadəsini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, vətən müharibəsi iştirakçısı olduğu və onun, İİ Qarabağ müharibəsində iştirak etməsinə görə “vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medallarının olduğu kim halları məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudıaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar