Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-257/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Muradov Pərviz Namiq oğlu, Məhkəmə iclasının katibi: X1, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, 12 fevral 1978-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 çıxış edərək verdiyi xüsusi ittiham qaydasında şikayətə əsaslanaraq bildirmişdir ki, 2021-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla, Abşeron Rayon Vəkil bürosunda vəkil kimi fəaliyyət göstərir. 1991-ci ildən 2019-cu ilin sentyabr ayına kimi Azərbaycan Raspublikasının Daxili İşlər Orqanlarında fərqli regionlarda müxtəlif məsul vəzifələrdə işləmiş və xidməti zamanı həmişə insanların hörmətini qazanmağa çalışmışdır. 1-ci Qarabağ müharibəsi veteranı və istefada olan polis polkovnikidir. Hazırda da tanıyan insanların ona olan münasibətindən bilir ki, işlədiyi müddətdə həqiqətən də, insanların rəğbətini qazanmışdır. Bununla əlaqədardır ki, Respublikanın müxtəlif regionlarında yaşadığından onu tanıyanlar hüquqi yardım üçün ehtiyacları olduqda, ona müraciət edir və bacardığı köməkliyi müraciət edən şəxslərdən əsirgəmir. Qeyd edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaqı aparılan və hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs X6 ilə 07 mart 2024-cü il tarixdə bağlanmış vəkil müqaviləsi əsasında tərtib edilmiş həmin tarixli, ******* saylı vəkil orderinə əsasən təqsirləndirilən şəxsin hüquqları tərəfindən müdafiə olunduğu üçün xidməti vəzifəsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edir. 27 mart 2024-cü ildə Bakı Hərbi Məhkəməsində həmin iş üzrə saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmişdir. İclas zalında sədrlik edən hakim, iclas katibi, məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror, icra məmuru, zərərçəkmiş şəxs kimi hərbi hissənin nümayəndəsi, digər zərərçəkmiş şəxs-Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X7, onun nümayəndəsi Tahir adlı şəxs, təqsirləndirilən şəxs X6, dövlət vəsaiti hesabına təyin edilmiş, onun xanım müdafiəçisi və şahid X4 iştirak etmişlər. X11 sərbəst ifadə verərkən, eləcə də, ona suallar verərkən Elnarə Balayeva icazəsiz olaraq müdaxilə etmiş, ona etirazını bildirdikdə isə hündürdən danışmağını irad tutaraq ünvanına təhqiramiz ifadələr işlətmişdir. Qeyd edir ki, özündən asılı olmayaraq bir az ucadan danışır və bunu qəsdən etmir, sadəcə olaraq belə vərdiş etmişdir. Məhkəmə iclasında sədrlik edən E.Balayevaya xəbərdarlıq etsə də, o, həmin hərəkətlərini davam etdirmişdir. Nəhayət o, iş üzrə tərtib etdiyi vəsatəti məhkəməyə təqdim edərkən E.Balayeva onun ünvanına “heyvan” və “qanmaz” sözlərini dəfələrlə deməklə, təhqiredici ifadələri yüksək səslə, qışqıraraq təkrarlamışdır. Bu hal X7 tərəfindən ona qarşı edilən ilk hərəkət olmamışdır. Belə ki, hər dəfə məhkəmə iclası olmazdan əvvəl E.Balayeva, məhkəmənin inzibati binasının qarşısında onu gördükdə, onun eşidəcəyi səslə ünvansız nalayiq ifadələr işlədərək qarğışlar etmişdir. X2 məhkəmə iclasının keçirildiyi iclas zalında proses iştirakçılarının yanında nalayiq sözlərlə onu təhqir etməsi işgüzar nüfuzuna xələl gətirmiş, xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs, onun şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol vermişdir. Əlavə olaraq bildirdi ki, E.Balayevanın onu təhqir etməsi məhkəmə zalında aparılan fasiləsiz videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Həmin videodiski məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Həmçinin qeyd edir ki, iclasa sədrlik edən hakim Zeynal Ağayev tərəfindən də Elnarə Balayevaya xəbərdarlıq olunmuş, zəruri tədbir görüləcəyi zalda bildirilmişdir. Suallara cavab olaraq bildirdi ki, Elnarə Balayevanın qeydiyyat və yaşayış ünvanı Suraxanı rayonu ərazisi olduğundan, həmin xanıma əziyyət verməmək üçün müracətin Suraxanı rayon məhkəməsinə ünvanlamış, lakin hadisənin baş verdiyi yer Bakı Hərbi Məhkəməsinin inzibati binası olmuşdur. Həmin məhkəmə isə Yasamal rayonunun inzibati ərazisində yerləşir. Sonda isə bütün bunların nəzərə alınaraq, X7 barəsində qanunamüvafiq qaydada tədbir görülməsini və şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 çıxışında bildirmişdir ki, barəsində deyilənlərin heç biri ilə razı deyildir. Belə ki, qeyd olunan məhkəmə iclas zalında Nəsib Əliyevi təhqir etməsi kimi bir hal ümumiyyətlə baş verməmişdir. 27 mart 2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsində saat 12:00-a təyin edilmiş məhkəmə iclasında Nəsib Əliyev ona bir neçə dəfə səsini yüksəltmişdir. O, isə bunun qarşılığında N.Əliyevə “gedib evdə yoldaşına səsini qaldırarsan” ifadəsini işlətmişdir. Ona qarşı təhqir və ya böhtan hesab ediləcək heç bir ifadə işlətməmişdir. Bütün bunları nəzərə alaraq, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə tərəfindən baxılmamaqla ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 29 aprel 2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsinin sədrinə icraatlarında olan X3 Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı 27 mart 2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasının qeydə alınmış videoyazısının və həmin məhkəmə iclasının protokolunun, həmçinin məhkəmə iclasında X9 və X7 arasında baş vermiş münaqişə ilə bağlı məhkəmə tərəfindən görülmüş tədbirlər barədə məlumatın Suraxanı Rayon Məhkəməsinə təqdim edilməsi barədə məktub ünvanlanmışdır. Bakı Hərbi Məhkəməsinin sədri tərəfindən 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanan cavab məktubunda həmin münaqişə ilə bağlı məhkəmə tərəfindən hazırkı vaxtadək hər hansı bir tədbir görülmədiyi bildirilmiş, 27 mart 2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasının qeydə alınmış videoyazısı məhkəməyə təqdim edilmişdir. Bakı Hərbi Məhkəməsində X3 Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı 27 mart 2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxış iclasının qeydə alınmış videoyazısı olan 01 ədəd CD diskə Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasında baxış keçirilmişdir. Həmin videoyazıdan müəyyən olunur ki, sözegedən cinayət işi ilə bağlı məhkəmə iclası Bakı Hərbi Məhkəməsinin sədri, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilmişdir. Həmin məhkəmə iclasında tərəflərin yəni Elnarə Balayeva və Nəsib Əliyevin yüksək səslə birbirlərinin ünvanına müxtəlif ifadələr səsləndirmələri müəyyən olunsa da, həmin ifadələrin nə olması, iclasın videoyazısından aydın şəkildə eşidilməyərək müəyyən edilməmişdir. Məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev tərəfindən tərəflərə xəbərdarlıq edilmiş, prosesin gedişatı və məhkəmə iclası qaydalarının pozulması halı tərəflərindən bir daha təkrarlanacağı halda, şəxslər barəsində müvafiq qurumlara müraciət ediləcəyi bildirilmişdir. Bakı Hərbi Məhkəməsinin rəsmi internet saytından görünür ki, ünvan 9 ünvanıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Hazırkı iş üzrə tərəflərə bu hüquq izah olunsa da onlar tərəfindən barışıq olması Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin faktik hallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət materialı aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməldir. Belə ki, Bakı Hərbi Məhkəməsinin yerləşdiyi ünvan Yasamal rayonunun inzibati ərazisidir. Xüsusi ittiham qaydasında şikayətin verilməsinə isə əsas olmuş mübahisə məhz Bakı Hərbi Məhkəməsində keçirilmiş məhkəmə iclas zalında baş vermişdir. Buna görə də, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət materialı ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən həmçinin CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda imtina edir. Bu zaman CPM-nin 302.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə məhkəmə qərar qəbul edir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Göründüyü kimi CPM-də və Plenum Qərarında cinayətin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış və qeydiyyat ünvanı üzrə deyil, cinayətin törədildiyi yer üzrə baxılması qeyd olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət materialı Bakı Hərbi Məhkəməsinin ünvanının yerləşdiyi əraziyə görə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 299, 300, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət materialı ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilsin. Qərardan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-257/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-257/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver