Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-26/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Bərdə rayonu, Qaradəmırçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Xəzər rayon məhkəməsi tərəfindən “həbs” qismində qətimkan tədbiri seçilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat təxminən 08:30-da özgə əmlakını gizli talama məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq Y/S nömrəsiz ünvanda yerləşən tikilməkdə olan binanın içərisində Zərərçəkmiş şəxs məxsus bir ədəd 3.000 manat dəyərində “Hilti DD 200” markalı beton deşən aparat, bir ədədinin qiyməti 150 manata olmaqla iki ədəd 300 manat dəyərində həmin aparatın deşik açan ucluqları və 50 manata dəyərində 50 metr uzunluğunda elektrik naqilini oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3350 (üç min üç yüz əlli) manat dəyərində qeyd olunan əşyalarını gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və iki övladı vardır. Övladının biri xəstədir və ona dərman almaq üçün pul lazım olmuşdur. İşləyib pul qazanmaq üçün Bakı şəhərinə gəmiş, Bakı şəhərində müxtəlif tikintilərdə fəhlə işləmək üçün müraciət etsə də, heç kim ona iş verməmişdir. 01 noyabr 2021-ci il tarixdə iş axtarmaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binaya yaxınlaşmışdır. Həmin binanın giriş qapısı olmamışdır. Orada olan fəhlələrə yaxınlaşaraq iş axtardığını deyib kimin onu işə qəbul edəcəyini maraqlanmışdır. Fəhlələr də adını və soyadını bilmədiyi bir nəfəri göstərmişlər və o, həmin şəxsə yaxınlaşıb iş axtarmağını demişdir. Lakin, həmin şəxs fəhləyə ehtiyac olmadığını ona demişdir. Sonra həmin binadan çıxanda pilləkənin aşağı hissəsində olan beton deşən aparatı və yanında elektrik naqilini görmüşdür. Həmin binadan çıxıb getmişdir. Həmin günü iş axtarsa da tapa bilməmişdir. Pula ehtiyacı olduğundan Qaraçuxur qəsəbəsində tikilməkdə olan binanın girişindəki pilləkənin aşağı hissəsindəki betondeşən aparatı və elektrik naqilini oğurlayıb satmağı qərara almışdır. Axşam həmkəndlisi Şahid1 ilə görüşmüş və Zaura yalandan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binada fəhlə işlədiyini, orada pilləkənin aşağı hissəsində ona məxus betondeşən aparat və elektrik naqili olduğunu, gedib onları götürməkdə ona köməklik etməsini bildirmiş və Zaur da onunla razılaşmışdır. 02 noyabr 2021-ci il tarixdə Zaurla birlikdə gedib Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binaya getmiş və pilləkəninin aşağı hissəsində olan bir ədəd betondeşən aparat, iki ədəd həmin aparatın ucluğu və təxminən 50 metr uzunluğunda olan kabeli oradan götürüb getmişlər. Koroğlu metrostansiyasının yaxınlığına çatdıqdan sonra Zaurla sağollaşmışdır. Zaur çıxıb getmiş, o da həmin əşyaları Sabunçu rayonu ərazisində Sabunçu bazarı adlanan yerdə həmin əşyaları tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 300 manata satmışdır. Etdiyi hərəkətdən çox peşman olduğunu, zərərçəkmiş Zərərçəkmiş şəxs da dəymiş olan maddi ziyanı tamamilə ödədiyini bildirmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binanın qapısı olmadığı üçün həmin binaya qapı üçün nəzərdə tutulmuş yerdən daxil olmuşdur. Şahid1 onun oğurluq etməyi barədə məlumatı olmamışdır. Zaura yalandan həmin binada fəhlə işlədiyini və əşyalarını gedib götürməkdə ona köməklik etməsini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun doğma əmisidir və onunla birlikdə binalarda işləyir. Yəni o, usta kimi işləyir, əmisi Nadir isə onun yanında fəhləlik edir. Həm də o, peşə məktəbində təhsil aldığı üçün həftənin beş günü səhərdən günortaya kimi dərs gedir və əmisi səhər tezdən gəlib işini görür, o da günorta dərsdən çıxıb işə gedir və işini davam etdirir. 2021-ci ilin oktyabr ayında əmisi ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binada işləməyə başlamışlar. Həmin bina yeni tikilməkdə olduğu üçün qapısı olmamışdır. Həmin binada iş görmək üçün özünə məxsus “Hilti DD 200” markalı betondeşən aparatı, 2 ədəd həmin aparatın ucluqlarını və 50 metr uzunluğunda elektrik naqilini həmin binaya aparmışdır. Sonuncu dəfə 01 noyabr 2021-ci il tarixdə həmin alətlərlə işlədikdən sonra axşam qeyd etdiyi alətləri həmin binanın giriş hissəsində qapı olmayan yerdə pilləkənin yanma qoymuşlar ki, səhərisi gün oradan götürüb işlərini davam etdirsinlər. Bundan sonra onlar evə getmişlər. Səhərisi gün, yəni 02 noyabr 2021-ci il tarixdə dərsə getdiyi üçün əmisi tək həmin binaya işə başlamaq üçün getmişdir. Dərsdə olduğu üçün mobil telefonun səsini tam azaltmışdır. Günorta saatlarında dərs bitdikdən sonra mobil telefonuna baxdıqda əmisi Nadirin ona bir neçə dəfə zəng etdiyini görmüşdür. Əmisinə zəng etmiş və bu zaman əmisi bir gün əvvəl işlədikləri binanın birinci mərtəbəsində pilləkənin yanına qoyduqları ona məxsus olan 3000 manat dəyərində bir ədəd “Hilti DD 200” markalı betondeşən aparatın, hər biri 150 manat olmaqla, cəmi 300 manat dəyərində olan iki ədəd həmin aparatın dəmir materialdan olan ucluqlarının və 50 manat dəyərində olan 50 metr uzunluğunda elektrik naqilinin yerində olmadığını və oğurlandığını, ona zəng etsə də, dərsdə olduğu üçün zənglərinə cavab vermədiyinə görə özünün polisə zəng edib bu oğurluq barədə məlumat verdiyini bildirmişdir. Oğurlanmış qeyd etdiyi alətlər və elektrik naqili onun özünə məxsusdur və hadisə nəticəsində ona ümumilikdə 3350 manat miqdarında maddi ziyan dəymişdir. Həmin əşyalar onun özünə məxsus olduğu üçün əmisi onların qiymətini dəqiq bilməmiş və buna görə də, hadisə barədə ilk məlumat verərkən səhv bildirmişdir. Lakin, dəqiq olaraq hadisə zamanı oğurlanmış ona məxsus olan əşyaların ümumilikdə dəyərinin 3350 manat olduğunu bildirmişdir. Sonda həmin ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, buna görə də, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur və həmçinin həmkəndlisidir. 01 noyabr 2021-ci il tarixdə Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxsla əlaqə saxlamış və həmin günü axşam onlar görüşmüşlər. İbiş ona Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binada fəhlə işlədiyini, orada pilləkənin aşağı hissəsində ona məxus betondeşən aparat və elektrik naqili olduğunu, gedib onları götürməkdə ona köməklik etməsini bildirmişdir. İbişlə razılaşmış və 02 noyabr 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsində tikilməkdə olan beşmərtəbəli binaya daxil olmuşlar. Pilləkənin aşağı hissəsində olan bir ədəd betondeşən aparat, iki ədəd həmin aparatın ucluğu və təxminən 50 metr uzunluğunda olan kabeli oradan götürüb getmişlər. Koroğlu metrostansiyasının yaxınlığına çatdıqdan sonra, İbişlə sağollaşıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əşyaların özünə məxsus olmasını ona demiş, İbişin fikrinin həmin əşyaları oğurlamaq olmağından xəbəri olmamışdır. Bundan xəbəri olsaydı, İbişi də oğurluq etmək fikrindən yayındıracağını qeyd etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 8-11-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci blokunun girişidir. Belə ki, həmin bina yaşayış üçün nəzərdə tutulmuş, lakin tikinti işləri tam yekunlaşmamışdır. Vətəndaş Şahid2 Akif oğluna məxsus binanın blokunun girişində pilləkənlərin yanında qoyulmuş 01 ədəd “Hilti DD 200” markalı beton deşən aparat və 02 ədəd 50 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Cinayət işinin 131-135-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 14 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S nömrəsiz ünvanda yerləşən tikilməkdə olan binanın içərisində Zərərçəkmiş şəxs “Hilti DD 200” markalı beton deşən aparat, həmin aparatın deşik açan ucluqları və 50 metr uzunluğunda elektrik naqilini pilləkənin aşağı hissəsindən oğurlamışdır. İfadələrin yoxlanması gedişatında Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlinin baş verdiyi yeri əyani şəkildə dəqiq olaraq göstərdi. Cinayət işinin 136-cı vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli ərizəyə əsasən, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini və onunla barışdığını, buna görə də, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət, tələb və ya iddiasının olmadığını bildirmiş və ərizəsini nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 42-43-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-nin istintaq şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət işinin 71-94-cü vərəqlərində olan Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-126/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Məmməd oğlu Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına ünvanlanan 03 may 2022-ci il tarixli göstərişinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü icra edilməsi üçün göndərilmiş, eyni zamanda bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin 1(011)- 126/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Cinayət işinin 138-144-cü vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində Xətai rayon məhkəməsi tərəfindən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs və Şahid1 və Şahid2 ifadələri, hadisə yerinə baxış protokolu və ifadənin yerində yoxlanılması protokolu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1- ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət təqibi ilə bağlı rədd edilmiş xüsustalarla bağlı sənədlərin surəti Suraxanı rayon prokurorluğuna göndərilməsi, cinayət işi üzrə istintaq zamanı oğurlanmış əşyaların yerini müəyyən etmək mümkün olmadığından, oğurlanmış əşyaların dəyəri ilə bağlı zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi qiymətlərin əsas götürülməsi nəzərə alınması, istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olması nəzərə alınması, qərarın surəti iş üzrə prosessual tərəflərə göndərilməsi və qərarın surəti 24 saat müdətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cavanlığını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmamasını mümkün sayaraq, hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-126/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Məmməd oğlu Azərbaycan Respublikaıs CM-nin 180.2.2-ci maddəsi ilə təqsilli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-126/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin qeyri-mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzasının əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə 3350 (üç min üç yüz əlli) manat maddi ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı faktiki olaraq tutulduğu vaxtdan, yəni 27 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə 3350 (üç min üç yüz əlli) manat maddi ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 25 (iyirmi beş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri, 9 saylı vəkil bürosu vasitəsi ilə cəmi 150 (bir yüz əlli) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-26/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-26/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver