Məhkəmə qərarları › İş №1(010)-260/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-260/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-260/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1949-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 18:42 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mitsubishi Pajero» minik markalı 10LN032 dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində arxa istiqamətə doğru 15 km/s sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olduğuna baxmayaraq bu tələblərə riayət etməyərək, arxaya doğru hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin arxa hissəsi ilə arxada dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq sidik kisəsinin cırılması ilə müşayiət olunmuş qarın və çanaq orqanlarının küt travması, sol bud-çanaq oynağı nahiyəsinin geniş ölçülü sıyrıqlı qançırı, penisin sıyrığı, xaya nahiyəsinin şişkinli qançırı (hematoması), sağ bud və baldır nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında özünə məxsus bağ evi var. 20 fevral 2022-ci ildə həmin bağ evində olub. Bu zaman arvadı, iki qızı, iki kürəkəni də orada olublar. Evin istilik cihazı olan kombi aparatı yaxşı işləmədiyindən bacısı oğlanları Eldar və Qulamhüseyn onlara gəlmişlər ki, onu təmir etsinlər. Qulamhüseyn kombini yoxladıqdan sonra evin həyətinə keçmişdir. Ona (təqsirləndirilən şəxsə) məxsus “Mitsubishi Pajero” markalı 10LN032 dövlət qeydiyyat nişanlı avtomobil də evin həyətində olub. Avtomobili nasaz idi. Belə ki, avtomobildən qara rəngdə tüstü çıxırdı. Bacısı oğlu Qulamhüseyn avtomobil ehtiyatlarının satışı ilə məşğul olub və avtomobil təmiri işindən anlayışı var idi. O, nasazlığı aradan qaldırmaq üçün avtomobilin mühərrikxanasına baxmış və orada nə isə iş görmüşdür. Sonra o (təqsirləndirilən şəxs), Qulamhüseynin təklifi ilə avtomobilin sükanı arxasına keçmiş və onu yoxlamaq üçün qaz vermişdir. Həmin vaxt Qulamhüseynin yanında qardaşı Eldar, həmçinin onun kürəkəni Şahid8 da olublar. Avtomobilin ötürücü qutusunun neytral vəziyyətdə olduğunu zənn edib qaz pedalını basmış, bu zaman avtomobil qəfildən arxaya doğru hərəkət etməyə başlamışdır. Eyni anda qışqırıq səsi eşitmiş və avtomobildən düşüb onun arxa tərəfinə keçdikdə görmüşdür ki, bacısı oğlu Qulamhüseyni avtomobilin arxa hissəsi ilə vurub. Qulamhüseyndən nə baş verdiyini soruşmuş, başa düşmüşdür ki, Qulamhüseyn avtomobillə divarın arasında sıxışıb qalıbdır. O, qarnında bərk ağrı olduğunu bildirmişdir. Sonra Eldar təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım avtomobili çox yubanmışdır. Sonra təcili tibbi yardım avtomobili gəlib Qulamhüseyni xəstəxanaya aparmışdır. Qeyd edir ki, hadisə axşamüstü baş verdiyindən avtomobilin ətrafındakılar aydın görünmürdü. O, avtomobili işə salanda Qulamhüseyn avtomobilin sağ tərəfində olub, onun avtomobilin arxasına keçdiyini isə görməyib. Həmçinin divarla avtomobil arasındakı məsafə də çox az olmuşdur. Avtomobilin arxa hissəsində əlavə təkər olmuş, Qulamhüseyn həmin təkərlə divarın arasında qalmışdır. Qulamhüseynin qardaşı Eldar təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım çox gec gəlmişdir. Qulamhüseyn onlarla danışa bilirdi. Qulamhüseynin bədəninin heç bir hissəsində görünə bilən xəsarət izi olmamışdır. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, bacısı oğlu Qulamhüseynlə çox yaxın münasibəti olub və onu öz övladı kimi qəbul edib. Lakin sonuncunun yaxınları ona icazə vermədiyindən Qulamhüseynin dəfn və yas mərasimlərində iştirak edə bilməyib. Eyni səbəbdən, yəni mərhumun yaxınları qəbul etmədiyinə görə dəfn və yas mərasimlərinə maddi yardım da göstərə bilməmişdir. Törətdiyi cinayət əməlinə görə çox peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. 20 fevral 2022-ci il tarixdə yaşadığı evdə olan zaman qaynı Eldarın həyat yoldaşı ona zəng edərək Qulamhüseynin şəxsiyyət vəsiqəsinin şəklini çəkərək Təqsirləndirilən şəxs böyük qızı Mətanətə göndərməyini xahiş etmişdir. Həmin vaxta qədər hadisə barədə məlumatı olmayıb. Qulamhüseynin şəxsiyyət vəsiqəsinin nə üçün lazım olduğunu soruşduqda isə onun 1 saylı Şəhər Klinik Xəstəxanasında olduğunu və ayağının əzildiyini bildirmişlər. Daha sonra saat 00:00 – 01:00 radələrində əri Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən axşam saatlarında xəstəxanada vəfat etdiyini öyrənmişdir. Səhəri günü mərhum həyat yoldaşının nəşini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediblər. Təqsirləndirilən şəxs ailəsi ərinin dəfn mərasimlərində iştirak etmək və maddi yardım göstərmək istəyiblər, lakin o, bundan imtina etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin bildirir ki, hadisə baş verdikdən sonra təcili tibbi yardıma zəng olunmuş, lakin təcili tibbi yardım avtomobili çox yubanmışdır. Həmin dövr ərzində mərhum yerdə uzanıqlı vəziyyətdə qalıb. Hesab edir ki, əgər Təqsirləndirilən şəxs və yaxınları həmin vaxt Qulamhüseyni öz avtomobilləri ilə xəstəxanaya çatdırsaydılar sonuncu sağ qalardı. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus “Mitsubishi Pajero” markalı avtomobilində nasazlıq olduğunu bildirmiş və yaxşı usta tapmağı xahiş etmişdir. Qulamhüseyn də dayısı Təqsirləndirilən şəxs hansısa ustanı məsləhət görmüş, həmin usta avtomobili təmir etmişdir. Üç gün sonra, yəni 20 fevral 2022-ci il tarixdə saat 18 radələrində qardaşı ilə birlikdə dayısı Təqsirləndirilən şəxs evinə gəlmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, usta avtomobilin nasazlığını tam aradan qaldırmayıb. Buna görə də, Qulamhüseyn avtomobilin mühərrikxanasına baxmış sonra dayısına demişdir ki, sükan arxasına əyləşib, avtomobili işə salsın. Beləliklə,Təqsirləndirilən şəxs avtomobilin sürücü oturacağına əyləşib mühərriki işə salmışdır. Bu zaman Qulamhüseyn avtomobilin arxa tərəfində olub. Qəfildən avtomobil arxaya hərəkətə başlayaraq Qulamhüseyni vurmuş, sonuncu avtomobillə divarın arasında sıxılıb qalmışdır. Nə baş verdiyini anladıqdan sonra Təqsirləndirilən şəxs avtomobili tez irəli sürdü. Sonra o (şahid) təcili tibbi yardım çağırmış, lakin tibbi yardım avtomobili çox gec gəlmişdir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 20 fevral 2022-ci il tarixdə əri ilə birlikdə atasıgilin yaşadığı ünvan 4 ünvanında yerləşən həyət evində olub. Digər qohumları da həmin evdə olmuşlar. Evdə olduğu vaxt qəflətən çöldən səs gəlmiş və onların hamısı çölə çıxmışlar. Məlum olmuşdur ki, atası idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobili arxaya verən zaman arxada dayanmış qohumları Qulamhüseyn avtomobilin arxası ilə divar arasında qalaraq xəsarət almışdır. Qohumlardan kimsə təcili tibbi yardıma zəng vurmuş və 01 saat 30 dəqiqə sonra təcili tibbi yardım həkimləri gəlmişlər. O, Qulamhüseynlə birlikdə təcili tibbi yardım avtomobilinə əyləşmiş və təcili tibbi yardım ilə ilkin olaraq travmatologiya xəstəxanasına getmişlər. Həmin xəstəxanada “UZİ” aparatının işləmədiyini dedikləri üçün onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına getmişlər. Bir qədər keçdikdən sonra həmin xəstəxanadan bildirdilər ki, Qulamhüseyn vəfat edib. Şahid həmçinin qeyd edir ki, mərhum hadisə vaxtı avtomobillə divar arasında qaldığına görə onlar Qulamhüseynin onurğasının sına biləcəyini düşünürdülər. Belə vəziyyətdə isə zərərçəkmiş şəxsi yerindən tərpətmək olmaz. Bu səbəbdən onlar travmatoloq həkimlə məsləhətləşib mərhumu yerə uzatmış və ixtisaslı tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobilinin gəlib mərhumu təhlükəsiz vəziyyətdə xəstəxanaya aparmasını gözləmişlər. İş üzrə şahid qismində dindirilmiş X3, Şahid4, Şahid6 və Şahid8 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 17 may 2022-ci il tarixli 8/1215 saylı rəyin nəticəvi hissəsindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 07 mart 2022-ci il tarixli 25 saylı ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, 1973-cü il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sidik kisəsinin cırılması ilə müşayiət olunmuş qarın və çanaq orqanlarının küt travması, sol bud-çanaq oynağı nahiyəsinin geniş ölçülü sıyrıqlı qançırı, penisin sıyrığı, xaya nahiyəsinin şişkinli qançırı (hematoması), sağ bud və baldır nahiyələrinin qançırları həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb aldığı qarın və çanaq orqanlarının zədələnməsi nəticəsində inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 21:20-də xəstəxanada baş vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ahıl yaşda olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və çox peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dayısı olmaqla aralarında yaxın münasibət olub. Təqsirləndirilən şəxs hadisədən sonrakı dövrdə mərhumun dəfn və yas mərasimində iştirak etmək, mərhumun ailəsinə maddi yardım göstərmək istəmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisinin buna razılıq verməməsi səbəbindən dəfn və yas mərasimlərində iştirak edə, həmçinin maddi yardım göstərə bilməmişdir. Təqsirləndirilən şəxs və hadisə yerində olmuş qohumları həmçinin bildirirlər ki, mərhumun hadisə vaxtı onurğasının sınmasından şübhələnirdilər. Bu səbəbdən onlar zərərçəkmiş şəxsi öz avtomobilləri ilə xəstəxanaya aparmaqdan, sonuncunun avtomobildə daşınması zamanı daha ağır xəsarət ala biləcəyini düşünərək ehtiyat etmiş və çağırdıqları təcili tibbi yardımın gəlməsini gözləmişlər. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar