Məhkəmə qərarları › İş №1(010)-260/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-260/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-260/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 24 iyun 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 aprel 2023-cü il tarixdə saat 17:00 radələrində kirayə qalacağı Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanından 01 ədəd 8 kq tutumlu, 1.200 manat dəyərində «Samsung» markalı paltaryuyan maşını, 01 ədəd 120 kv-lıq 1.200 manat dəyərində “Daikin» markalı kondisioneri, 02 ədəd 2x3 ölçülü 200 manat dəyərində pərdəni və 4 metr uzunluğunda 250 manat dəyərində kondisioner üçün nəzərdə tutulmuş mis borunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.850 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü Abşeron rayon, Saray qəsəbəsində yaşasa da Bakı şəhərində işləmək üçün qərara gəlmişdir ki, Bakı şəhərində yaşamaq üçün kirayə ev tutsun. Bu məqsədlə 20 aprel 2023-cü il tarixdə tanışı Eminlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, «D» yaşayış massivi, “Xəzər İnşaat” yaşayış kompleksinə gəlmiş və orada sonradan adının Əhməd bildiyi komendantdan binalardan kirayə mənzil verilibverilməməsini soruşmuşdur. Həmin vaxt komendant Əhməd Nazim adlı şəxsin mənzilini kirayə verdiyini bildirib ev sahibinə zəng edib dəvət etmişdir. Həmin gün ev sahibəsi Sevil və onun atası Nazim Abudunovla görüşüb mənzilə baxmağa qalxmış və mənzilə baxdıqda mənzilin kirayə haqqının 350 manata razılaşmışlar. O, həmin vaxt 200 manat beh verib təxminən 1 həftəyə evə köçəcəyini, qalan pulu da köçüb yaşayanda verəcəyinə razılaşmışlar. Mənzilin açarı komendant Əhməddə qalmış və o, köçəndə açarı Əhməddən götürüb köçməli olmuşdur. Bir neçə gün o, daha ucuz mənzil tapdığından qərara gəlmişdir ki, həmin mənzilə gedib paltar yuyan maşını, kondisioneri və digər əşyaları oğurlasın. Bu məqsədlə o, 27 aprel 2023-cü il tarixdə kirayə tutduğu mənzilə gəlmiş və evə köçəcəyini deyib komendant Əhmədə özünə aid sənədləri verib açarı almış və mənzilə qalxmışdır. O, qapını açarla açıb mənzilə daxil olmuş və paltaryuyan maşını, kondisioneri, 02 ədəd pərdəni və kondisionerin borusunu söküb həmin gün hissə-hissə olmaqla xatırlamadığı taksi avtomaşını ilə aparıb xatırlamadığı şəxslərə satıb ümumilikdə 800 manat pul əldə etmişdir. Həmin pulları şəxsi ehtiyacına xərcləmişdi. Sonradan oğurlanmış əşyaların yenisini alıb qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, maddi ehtiyac olduğu üçün ona məxsus ünvan 3 ünvanda yerləşən mənzilini kirayə vermək qərarına gəlmişdir. Təxminən 20 aprel 2023-cü il tarixdə yuxarıda göstərilən ünvanın komendantı Əhməd adlı şəxs atası Şahid1 zəng edərək evə baxmaq üçün gələnlərin olduğunu bildirmişdir. O da atası ilə birgə evə getmiş və həmin zaman 2 nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxs evə baxdıqdan sonra Təqsirləndirilən şəxs adlı şəxslə onlar arasında 350 manat razılaşma olmuş və müqavilə bağlamağı təklif etmişlər. Lakin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onlara müqaviləni hələ bağlamamağı ailəsi və əşyaları ilə birlikdə mənzilə gəldikdə müqavilə bağlayacağını bildirib 200 manat beh verib getmişdir. Təxminən bir həftədən sonra Təqsirləndirilən şəxs komendanta yaxınlaşaraq özünə aid sənədləri təqdim edib və əşyalarını yerləşdirmək məqsədi ilə evin açarını götürüb evə daxil olmuşdur. Təxminən 3 gündən sonra atası Şahid1 Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda Təqsirləndirilən şəxs 2-3 günə tam olaraq mənzilə yerləşib müqaviləni bağlayıb pulun qalan hissəsini də verəcəyini bildirmişdir. Təxminən 2-3 gündən sonra yenə də Təqsirləndirilən şəxs atası zəng etsə də Təqsirləndirilən şəxsla əlaqə yaratmaq mümkün olmamışdır. Buna görə də o, və atası kirayə verdiyi evin həyətindəki komendant Əhmədlə birlikdə evə qalxan zaman evdə heç kimin olmadığını və ona məxsus olan 1.200 manat dəyərində 8 kiloqram tutumlu “Samsung” markalı paltaryuyan maşının, 120 kv/metr olan 1.200 manat dəyərində “Daikm” markalı kondisionerin, 2 ədəd 200 manat dəyərində pərdənin və 250 metr dəyərində 4 metrə uzunluğunda kondisionerin mis borusunun yerində olmadığını aşkar etmişlər. Onlar dərhal Təqsirləndirilən şəxs zəng vurmuş və Təqsirləndirilən şəxs telefona cavab verərək əşyaların yerinə gətirib qoyacağına söz vermişdir. Lakin Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamışdır. Mənzilindən oğurlanan əşyalar ona məxsusdur. Ona məxsus olan 1.200 manat dəyərində 8 kiloqram tutumlu “Samsung” markalı paltaryuyan maşının, 120 kv/metr olan 1.200 manat dəyərində “Daikm” markalı kondisioner, 2 ədəd 2x3 ölçülü 200 manat dəyərində pərdənin və 250 metr dəyərində 4 metrə uzunluğunda kondisionerin mis borusu oğurlanmış, ümumilikdə 2.850 manat maddi zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid1 ifadəsində bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs maddi ehtiyacı olduğu üçün ona məxsus ünvan 3 ünvanda yerləşən mənzilini kirayə vermək qərarına gəlmişlər. Təxminən xx.xx.2023-cü il tarixində yuxarıda göstərilən ünvanın komendantı olan Əhmədə bu barədə bildirmiş və istəyən olarsa ona məlumat verməsini demişdir. Bir müddət sonra Əhməd ona zəng edərək evə baxmaq üçün gələnlərin olduğunu bildirmişdir. O, da qızı Sevillə birgə evə getmiş və həmin zaman 2 nəfər şəxsin olduğunu görmüşlər. Həmin şəxs evə baxdıqdan sonra Təqsirləndirilən şəxs adlı şəxslə aralarında 350 manat razılaşma olmuş və müqavilə bağlamağı təklif etmişlər. Lakin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs onlara müqaviləni hələ bağlamamağı ailəsi ilə əşyaları ilə birlikdə mənzilə gəldikdə müqavilə bağlayacağını bildirib 200 manatda beh verib getmişdir. Təxminən 1 həftədən sonra Təqsirləndirilən şəxs komendanta yaxınlaşaraq özünə aid sənədləri təqdim edib və əşyalarını yerləşdirmək məqsədi ilə evin açarını götürüb evə daxil olmuşdur. Təxminən 3 gündən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda Təqsirləndirilən şəxs 2-3 günə tam olaraq mənzilə yerləşib müqaviləni bağlayıb pulun qalan hissəsini də verəcəyini bildirmişdir. Təxminən 2-3 gündən sonra yenə də Təqsirləndirilən şəxs zəng etsə də əlaqə yaratmaq mümkün olmamışdır. Buna görə də 03 may 2023-cü il tarixdə o, və qızı kirayə verdikləri evin həyətindəki komendant Əhmədlə birlikdə evə qalxan zaman evdə heç kimin olmadığını və qızına məxsus olan 1.200 manat dəyərində 8 kiloqram tutumlu “Samsung”markalı paltaryuyan maşının, 120 kv/metr olan 1200 manat dəyərində “Daikm” markalı kondisionerin, 2 ədəd 200 manat dəyərində pərdənin və 250 metr dəyərində 4 metrə uzunluğunda kondisionerin mis borusunun yerində olmadığını aşkar etmişlər. O, dərhal Təqsirləndirilən şəxs zəng vurmuş və Təqsirləndirilən şəxs telefona cavab verərək əşyaların yerinə gətirib qoyacağına söz vermişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində qızına ümumilikdə 2.850 manat maddi zərər dəymişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş proses iştirakçılarının ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan AZ-İ seriyalı 957007 nömrəli 09 iyun 2014-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 09 iyun 2014-cü il tarixdə nikah bağlanаraq bu barədə Sumqayıt nikah evinin akt qeydləri kitabında 142 saylı qeyd aparılmışdır. İş materiallarına olan AZE seriyalı 18488968 nömrəli və AZE seriyalı 18488953 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahlarından 14 iyul 2014-cü ildə Ağalı Yağmur Təqsirləndirilən şəxs qızı və 22 iyun 2016-cı ildə Ağalı Temuçin Təqsirləndirilən şəxs oğlu adlı uşaqları doğulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 yanvar 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin məktubundan və axtarışda olan şəxsin protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü ildə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM_nin 177.2.3 və 180.1-ci maddələrinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixindən bu günədək həbsdə saxlanıldığı 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar