Məhkəmə qərarları › İş №1(010)-262/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-262/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-262/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, 13 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 1,223 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin alaraq əldə edib, əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxlayıb, daşımış və 11 yanvar 2022-ci il tarixdə saat 15.30 radələrində Suraxanı RPİ- nin 32-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 18 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,223 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb əldə edərək istifadə etmişdir. 01 yanvar 2022-ci il tarixdə yaşadığı evin arxasında yəni Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda gəzən zaman bir ədəd büküm tapmış və onu açdıqda içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu görmüşdür. O, həmin bükümü götürüb sonra istifadə etmək üçün üzərində saxlamış, lakin sonradan yadından çıxdığı üçün istifadə etməmiş və üzərində qalmışdır. 11 yanvar 2022-ci il tarixdə saat 15:30 radələrində yaşadığı evdən çıxıb məhəllədə yerlıəşən mağazaya gedən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu üzərində narkotik maddələr saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. 32ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ondan həmin bir ədəd bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyim barədə soruşmuşlar. O isə həmin bükümün içərisində olan maddənin heroin kimi tanıdığı narkotik maddə olduğunu, onu təxminən 10 gün əvvəl Surxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə heroini yerdən tapıb götürdükdə satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün götürmüş və üzərində saxlamışdır. Lakin yadından çıxdığı üçün ondan istifadə etməmiş və üzərində qalmışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Hazırda mobil telefondan istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 11 yanvar 2022-ci i tarixdə “Zöhrab” adlı şəxsin narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:30-da ünvan 5 ünvanının qarşısında xarici əlamətlərindən “Zöhrab” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ondan özünü təqdim edilməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 32-ci Polis Bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçi dəvət edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkdan tapdığını və öz şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 31-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə, saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin 4(010)- 27/2022 saylı 13 yanvar 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri seçilməsindən imtina olunması, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad edilməsi və qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin 79-cu vərəqində olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 36-37-ci vərəqələrində olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 44-48-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/206 saylı 13 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,223 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 117-118-ci vərəqələrində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1832 saylı 15 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən parkda yerdən tapdığını və sonra özünün istifadə etməsi üçün götürüb üzərində saxladığını bildirməsi, həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 114-116-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,223 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmamasını mümkün sayaraq, hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 11-13 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Orucov X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 11-13 yanvar 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,173 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar