Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-263/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 avqust 1997-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində ""həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram və 0,320 qram olan, ümumı təmiz çəkiləri 0.532 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və 22 iyun 2021-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin qarşısında saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,532 qram olan kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nizami rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (ay) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Təxminən 2 ilə yaxındır ki, o, narkotik vasitə olan heroindən istifadə etmişdir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 22 iyun 2021-ci il tarixdə, saat 11 radlələrində o, özünün istifadə etməsi məqsədilə Xəzər rayonunun Binə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 10 manata iki büküm narkotik vasitə olan heroin almış, əldə etdiyi narkotik vasitə olan heroini əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. 22 iyun 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində o, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən «Araz» marketin qarşısı ilə piyada hərəkət edərkən, bir neçə nəfər mülkü geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb, onlar ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-nin inzibati otaqların birində hüquq və vəzifələrim ona izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa, onları təqdim etsin. O, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı iki büküm narkotik vasitə olan heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi iki ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və özünün istifadə etməsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbayjan Respublikası DİN Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkilidir. 22 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz otaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmiş, bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri NMB-nin rəisi polis mayoru Anar İbrahimov, üzvləri isə o, və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin olunmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış, həmin gün qrupun üzvləri ilə birlikdə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi «Araz» marketin qarşısına gəlmişdir. Saat təxminən 12:00 radələrində onlar qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb, ona yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq, xidməti vəsiqəsini göstərib özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş, bundan sonra onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs onun və Şahid2, dəvət olunmuş vəkilin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra, Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd siqaret kağızına bükülmüş bükümləri çıxararaq təqdim edərək bildirmişdir ki, təqdim etdiyi 2 (iki) ədəd siqaret kağızına bükülmüş bükümlər narkotik vasitə olan heroindir və bu vasitəni özünün istifadə etməsi məqsədilə 22 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsindən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 10 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm kütlə zərfin içinə qoyularaq, qablaşdırılaraq möhürlənmişdir. Tərtib edilmiş protokola və qablaşdırılaraq möhürlənmiş zərfə şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imza edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından müəyyən olur ki, 24.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 22.06.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 6/2540 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qr., 0,320 qr., ümumintəmiz çəkisi 0,532 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 6/2579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki iki ədəd bükümdə 0.432 qram olan kustar üsulla narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 14.07.2021-ci il tarixli, 2395 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs «tiryək» alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 1(007)-89/2021 saylı, 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 09 sentyabr 2021-ji il tarixli 21-1/3-7011 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs jəzasından 2 ay 2 gününü çəkmiş, çəkilməmiş hissəsi 1 il 9 ay 24 gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,332 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 1(007)-89/2021 saylı, 04.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 9 ay 24 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə iki günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 10 ay 27 gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,332 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-263/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-263/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver