Məhkəmə qərarları › İş №1(010)-264/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-264/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-264/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxx 1981-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 15 fevral 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(010)-264/2024 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 26 iyun 2024-cü il tarixdə tutularaq 27 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda ailə-məişət münasibətləri zəminində qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 12 avqust 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanında birgə yaşadığı ögey anası Zərərçəkmiş şəxs spirtli içki almaq üçün ona pul verməkdən imtina etdiyinə görə, Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı taxta parçası ilə qəsdən zərbə endirərək sonuncuya sağ saidin hematoması və sıyrıqları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ögey anası olan Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Bir ildən artıqdır ki, işsizdir. Bundan əvvəl, mebel ustası kimi fəaliyyət göstərmişdir. Spirtli içki aludəçisi olduğundan 2023-cü ilin fevral ayında 17 günlük müalicə almışdır. 12 avqust 2023-cü il tarixdə spirtli içki qəbul etmiş və həmin gün saat 17 radələrində içkili vəziyyətdə evə gəlmişdir. Bu zaman evdə anası olmuşdur. Anası 75 yaşlı qadındır. Bir neçə dəfə insult keçirdiyindən bəzən öz-özünə qışqıraraq qeyri-adekvat hərəkətlər edir. Həmin gün o, yenə də bu cür hərəkətlər nümayiş etdirdiyindən o, anasından sakitləşməsini xahiş etmişdir. Anası yenə də onun sözlərinə məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Bu zaman o, içkili olduğundan və anasının bu hərəkətlərinə əsəbləri tab gətirmədiyindən onun qoluna yumruqla bir zərbə endirmişdir. Lakin, etdiyindən peşman olaraq onu öz çarpayısına əyləşdirmiş və bundan sonra, anası da sakitləşmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, spirtli içki aludəçisi olduğu üçün 2023-cü ilin fevral ayında 17 gün müalicə almışdır. 12 avqust 2024cü il tarixdə də spirtli içki qəbul etmiş və həmin gün saat 17 radələrində evə gəlmişdir. Bu zaman evdə anası olmuşdur. Hadisə zamanı spirtli içkinin təsirində olduğundan olanları dəqiq xatırlamır. Onun sərxoşluğu keçdikdən sonra, anası ona demişdir ki, spirtli içki almaq üçün ondan pul istəmiş, buna görə də, aralarında mübahisə yaranmış, onu itələdiyi üçün qolu masaya dəyərək yaralanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən ünvan anasına məxsusdur. Anası işləmir, təqaüdçüdür. Hadisə zamanı özü də işsiz olmuşdur. Anası ilə əvvəllər münasibəti pis olmamışdır. Törətdiyi əməldən çox peşmandır. Hazırda zərərçəkmiş şəxs olan anası ilə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. O, həmçinin anasına spirtli içki qəbul etməyəcəyinə və onun bir daha mübahisə etməyəcəyinə dair söz verdi. Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışmasını, buna görə də cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ögey oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Xalidi körpə vaxtında həyat yoldaşı övladlığa götürərək evə gətirmişdir. Kiçik yaşlarından qayğısına qalmış, əzab-əziyyətlə böyütmüşdür. Təxminən üç il müddətdir ki, Xalid spirtli içki aludəçisidir. Spirtli içki qəbul edərkən o, öz hərəkətlərinin mahiyyətini dərk edə bilmir. Dəfələrlə bunun onun sağlamlığına ciddi şəkildə zərər vurduğunu demiş və Xalid hər dəfə bu səbəbdən içkili vəziyyətdə olduqda, onunla mübahisə etmişdir. İçkili olmadığı vaxtlarda o, özünü çox normal aparır. 12 avqust 2023-cü il tarixdə, saat 17 radələrində yaşadıqları evdə olarkən Xalid yenə içkili vəziyyətdə evə gəlmişdir. Bu zaman ondan spirtli içki almaq üçün pul istəmiş, o isə Xalidə yaşlı qadın olduğunu, cəmi 300 manat pensiya aldığını və bu pulun onlara güclə çatdığını demişdir. Həmin vaxt Xalid özündən çıxaraq onunla mübahisə etməyə başlamış və o, Xalidin təkidlərinə baxmayaraq yenə də pulunun olmadığını demişdir. Xalid isə özündən çıxıb onun qoluna taxta parçası ilə bir zərbə endirmişdir. O, qorxaraq əli yaralı vəziyyətdə yaşadıqları binanın birinci mərtəbəsinə düşərək kömək üçün kiminsə gəlməsini gözləmişdir. Bu vaxt qardaşının oğlu Emin gəlib onu bu vəziyyətdə görərək 31-ci polis şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu spirtli içki qəbul edərək dəfələrlə döymüş, təxminən 10 dəfə bu barədə ərazi üzrə polis bölməsinə müraciət etmişdir. Xalid 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən aralarında telefon danışıqları olmuş, Xalid ona söz verərək bildirmişdir ki, artıq 3 aydan çox müddətdir ki, təcridxanada olduğundan spirtli içki qəbul etmədiyindən, sağalmışdır və spirtli içkini tərgitmişdir. Azadlıqda olacağı halda da, bir daha əsla spirtli içki qəbul etməyəcək və belə bir hal təkrarlanmayacaqdır. Əməlindən çox peşman olduğunu və onu bağışlamasını xahiş etmişdir. Buna görə də, təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə və onun həbsdən azad olunmasına etirazı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 15 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) Zərərçəkmiş şəxs tərəfindən 12 avqust 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ünvanlanan ərizədən görünür ki, onunla eyni ünvanda yaşayan ögey oğlu, tüfeyli həyat tərzi keçirən spirtli içki aludəçisi Təqsirləndirilən şəxs həmin gün yaşadığı evdə onu döyərək xəsarət yetirmişdir. (iş.v. 4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5” X10 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 12 avqust 2023-cü il tarixli, 725 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, müayinə olunanın deməsinə görə 12 avqust 2023-cü il tarixdə saat 09 radələrində oğlu Xaliq taxta parçası ilə bədəninə zərbələr vurmuşdur. Tibbi yardım üçün müarciət etməmişdir. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ saidin hematoması və sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 12 avqust 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (iş.v. 9-10) 15 fevral 2024-cü il tarixli, “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 18) 15 fevral 2024-cü il tarixli, “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış keçirilən yer ünvan 3 ünvanıdır. Mənzil 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Giriş qapısı pilləkənlərdən qalxarkən sağ tərəfdə yerləşir. Qapı taxtadandır. Giriş qapısı koridora açılır. Koridorun baş tərəfində qonaq otağı, sağ tərəfində mətbəx və sanitar qovşağı, sol tərəfində isə yataq otağı yerləşir. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən heç bir dəlil və ya sübut aşkar olunmadı. Hadisə yerini müşahidə edən videokamera aşkar edilmədi. (iş.v. 27-28) 17 fevral 2024-cü il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. (iş.v. 68-69) 17 fevral 2024-cü il tarixli, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, 12 avqust 2023-cü il tarixdə içki qəbul etmiş, həmin günü, saat 17 radələrində içkili vəziyyətdə evə gəlmişdir. Bu zaman evdə anası Zərərçəkmiş şəxs olmuşdur. Anası 75 yaşlı qadındır. Bir neçə dəfə insult keçirdiyindən bəzən öz-özünə qışqıraraq qeyri-adekvat hərəkətlər edir. Həmin gün anası, yenə də bu cür hərəkətlər nümayiş etdirdiyindən, o, anasından sakitləşməsini xahiş etmişdir. Anası, yenə də, onun sözlərinə məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Bu zaman o, içkili olduğundan və anasının bu hərəkətlərinə tab gətirdiyindən anasının qoluna yumruqla bir zərbə endirmişdir. Lakin etdiyi hərəkətdən peşman olaraq anasını öz çarpayısına əyləşdirmiş və bundan sonra o da sakitləşmişdir. (iş.v. 70-71) 18 mart 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. (iş.v. 81-86) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, həmin saatdan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 16 fevral 2024-cü il tarixdə, saat 09:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. 17 fevral 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(010)-264/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində əvvəlcə məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 22 may 2024-cü il tarixli qərarla barəsində olan qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə dəyişdirilməklə, axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 26 iyun 2024-cü il tarixdə tutularaq 27 iyun 2024-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. (iş.v. 42-43, 52-53, 79) Zərərçəkmiş şəxs tərəfindən 22 may 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki iş üzrə zərərçəkmiş şəxsdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməklə, ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən 19 avqust 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxslə bir evdə yaşadığından ona yenidən xəsarət yetirmə riski çoxdur. Odur ki, həyatı təhlükədədir. Səhhəti ilə bağlı məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs ağır həddə cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 80) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə tibbi ekspertizası rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X7 müdafiə etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aid edilir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X7 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 43, 321, 344- 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil X4 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X6 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar