Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-267/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, 08 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi və tamah niyyəti ilə Bakı şəhərinə daimi qeydiyyata salacağı vədi ilə 14 may 2023-cü il tarixdə 500 manat, 20 may 2023-cü il tarixdə isə 300 manat olmaqla cəmi 800 manat pulu təqdim etdiyi bank kartının hesabına köçürtməklə, 15 iyun 2023-cü il tarixdə isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Araz marketin yanındakı Tural kafesində görüşərək Zərərçəkmiş şəxs əlbəəl alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs, ümumilikdə, 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayından Hövsan qəsəbəsində yerləşən “Tural” kafesində qulluqçu (ofisiant) kimi işləməyə başlamışdır. Həmin vaxtdan kafeyə Tapdıq adlı anket məlumatlarını bilmədiyi bir nəfər müştəri gəlib-gedirdi. Tapdıq ona ev alqı-satqısı ilə məşğul olduğunu, həmçinin müxtəlif sənədlər düzəltdiyini, insanların evlərə qeydiyyata alınmasına köməklik etdiyini bildirmişdir. Bundan əlavə, Bəxtiyar adlı şəxs də kafeyə tez-tez gəlib-gedən müştərilərdən idi. Bir gün Bəxtiyargilin oturduğu masaya xidmət edərkən Bəxtiyarın bir nəfər qazi tanışının qeydiyyata alınmasını istədiyini eşitmiş, Bəxtiyara onun bir müştərisinin bu işlərə baxdığını və lazım olsa, ona kömək üçün deyə biləcəyini bildirmişdir. Bəxtiyar ondan nömrəsini istəmişdir ki, həmin o Qorxmaz adlı dostuna versin. O, nömrəsini Bəxtiyara vermiş, bundan bir müddət sonra Qorxmaz ona yazaraq nömrəni Bəxtiyarın verdiyini, özünün qazi olduğunu, rayon qeydiyyatı olduğunu və Bakıya qeydiyyata düşmək istədiyini bildirmiş, o isə həmin adama deyib xəbər edəcəyini bildirmişdir. Tapdıq kafeyə gəldiyi gün ona məsələni danışmışdır. Tapdıq ondan həmin adamın şəxsiyyət vəsiqəsini, hərbi biletini və qazilik kağızını istəmişdir. O, da Qorxmaza həmin sənədləri atmasını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs həmin sənədləri kompüterdə çap etmiş və Tapdığa vermiş, Tapdıq sənədləri ona verdikdən sonra, bu işin 500 manata alınacağını bildirmişdir. 14 may 2023-cü il tarixdə o, Tapdığın kartının şəklini çəkib Qorxmaza atmış və işin alınması üçün 500 manat göndərməsini bildirmişdir. Qorxmaz həmin gün 500 manat pulu Tapdığın kartına göndərmiş, bundan 6 gün sonra isə Tapdıq əlavə olaraq, 300 manat da lazım olduğunu bildirmişdir. O, həmin gün Qorxmaza bu barədə məlumat vermiş, sonuncu isə 20 may 2023-cü il tarixdə həmin karta 300 manat pul göndərmişdir. 15 iyun 2023-cü il tarixdə Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yanındakı “Tural” kafesində Qorxmazdan 100 manat şəxsən özü almışdır. Bundan sonra o, Tapdıqdan işin nə yerdə qaldığını soruşduqda sonuncu ona demişdir ki, ev sahibi rayondan gələn kimi düzələcək, lakin sonradan Tapdıq müxtəlif bəhanələrlə işi boynundan atmağa başlamış və yoxa çıxmışdır. 2023-cü ilin avqust ayında o, işdən çıxdığı üçün Qorxmazın pulunu özü də ödəyə bilməmiş, lakin Qorxmaza söz vermişdir ki, onun pulunu verəcək. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək X7 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsi iştirakçısıdır və cəsur döyüşçü, Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının işğaldan azad olunması ilə bağlı medalları vardır, müharibədən qayıtdıqdan sonra, Bakı şəhərinə qeydiyyata düşüb qazilərə verilən evlərdən özünə də ev verilməsini istəmişdir. Bəxtiyarı kənddən olan ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Belə ki, Bəxtiyar hərbidə işləyirdi. O, Bəxtiyara bu istəyi barədə məlumat verdikdə Bəxtiyar ona Təqsirləndirilən şəxs nömrəsini vermiş və ona kömək edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu ona adını demədiyi tanışı olduğunu, bu işi onun düzəldəcəyini bildirmiş, ondan Bakıda qeydiyyata düşmək üçün və hərbçilərə verilən evlərin siyahısına düşmək üçün 500 manat pul istəmiş, o isə 14 may 2023-cü il tarixdə Yasamal rayonu, M.Xiyabani küçəsindəki “Bravo” mağazasındakı ödəmə terminalından Aynurənin ona atdığı 4169-7387-5877-9114 nömrəli karta 500 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra isə, Aynurə ona zəng vuraraq işin alınmadığını və əlavə olaraq, 400 manat da lazım olduğunu bildirmiş, Aynurəyə üzərində 300 manat olduğunu dedikdə, sonuncu ona özünün 100 manat əlavə qoyaraq verəcəyini və 100 manatı ondan əlbəəl götürəcəyini bildirmişdir. Bununla razılaşmış və 20 may 2023-cü il tarixdə eyni qayda ilə həmin karta 300 manat məbləğində pul göndərmişdir. 15 iyun 2023cü il tarixdə isə Hövsan qəsəbəsində yerləşən “Araz” marketin yanındakı “Tural” kafesində Aynurə ilə görüşüb əlbəəl 100 manat vermiş, bir müddət sonra isə, Aynurə ona işin ləngidiyini, lakin düzələcəyini bildirmişdir. Qorxmaz Teymurov işin alınmadığını gördükdə Aynurədən pulunu istəmiş, o isə müxtəlif bəhanələr gətirərək onun nömrəsini bloka atmışdır. Aynurənin ona Tapdıq adlı şəxs barəsində heç bir məlumat vermədiyini bildirmişdir. Sonda isə Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanının, tamamilə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 08 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bundan əlavə, zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə 30 may 2024-cü il tarixdə teleqram ünvanlanmışdır. Həmin teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 4169-7387-5877-9114 nömrəli "xxxx" ASC kartı ona məxsusdur, təxminən bir il bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Tural” kafesində işləməyə başlamış, həmin kafeni qohumu X6 adlı şəxs işlətmiş, o isə həmin kafedə ofisiant kimi çalışmış, Təqsirləndirilən şəxs da həmin vaxtı kafedə xadimə olaraq işləmişdir. Münasibətləri pis olmamış, həmişə Təqsirləndirilən şəxs böyük kimi hörmətlə yanaşmış, işlədikləri müddət ərzində bir dəfə vaxtını dəqiq xatırlamadığı zamanda Təqsirləndirilən şəxs ondan özünə məxsus bank kartının nömrəsini istəmiş, o da kart məlumatlarını ona vermiş, təxminən bir neçə gün sonra isə Aynurə ona kartına pul köçdüyünü və həmin kartda olan pulu çıxarıb ona verməsini istəmişdir. O, isə özünün bank kartını sonuncuya vermiş və pulu özünün çıxarmasını, sonra isə kartını geri qaytarmasını bildirmişdir. Aynurə razılaşmış və kartı ondan götürmüş, səhəri gün isə işə gələn zaman kartını ona geri qaytarmışdır. Bundan bir neçə gün sonra isə, Aynurə yenidən ona yaxınlaşıb kartını istəmiş, yenidən kartını ona vermiş, eyni qaydada səhəri gün bank kartını Aynurə ona geri qaytarmışdır. Daha sonra bildirmişdir ki, bir müddət birlikdə işlədikdən sonra kafe bağlanmış və oradan ayrılmış, sonradan Təqsirləndirilən şəxs harada və nə işlə məşğul olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqında ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edimiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən il yarımdır ki, tanıyır. Təxminən il yarım bundan əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində “Gəncə” kafesində olan zaman avtomobilinin sığortasının bitdiyini öyrənmiş, həmin vaxtı orada olan daha əvvəldən tanımadığı və adını bilmədiyi şəxs onu Aynurə ilə tanış edərək sığorta işləri gördüyünü bildirmişdir. O, daha sonra Aynurə ilə görüşmüş və maşınının sənədləri ilə birlikdə 55 manat pulu Aynurəyə vermişdir. Aynurə ona məxsus “Niva” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortasını yerindəcə həll etmiş və ona bu barədə mesaj gəlmişdir. Bundan sonra Aynurəyə inanmağa başlamış və əlinin hər yerə çatdığını fikirləşmiş, onun nömrəsini götürüb lazım olduqda, əlaqə saxlamağa başlamışdır. Bundan sonra qazi dostu Zərərçəkmiş şəxs ona zəng edərək özünün Bakı şəhərinə evlərdən birinə qeydiyyata düşmək istədiyini bildirmiş, həmin vaxtı da ağlına Aynurə gəlmişdir. Qorxmaza Aynurə haqqında məlumat vermiş, sonuncunun nömrəsini Qorxmaza verərək özünün əlaqə saxlamasını və ona köməklik edə biləcəyini bildirmişdir. Bu söhbətdən bir qədər sonra, ona Zərərçəkmiş şəxs Aynurə ilə əlaqə saxlayıb ona sənədlərini düzəltməsi və Bakı şəhərinə qeydiyyata salması üçün pul ödənişi etdiyini öyrənmiş, baş vermiş hadisədən yekunda xəbəri olmuşdur. Teymurla Aynurənin söhbətlərində və pul məsələsində məlumatı və iştirakının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: 240900008 nömrəli cinayət işi 09 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X13 tərəfindən fakta görə X11 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmışdır.(iş.v. 1) X7 tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinə ünvanlanan 20 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, “Bəxtiyar” adlı şəxs vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs onu Bakı şəhərində daimi qeydiyyata salmaq üçün pul versə də, sonuncu vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır. (iş.v. 7) Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və X3 235 nömrəli vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs 3-cü qrup əlil olmaqla, Birliyin üzvüdür və vəsiqə 08 fevral 2025-ci il tarixədək etibarlıdır.(iş.v. 9) İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, 14 may 2023-cü il tarixdə 500 (beş yüz) manat, 20 may 2023-cü il tarixdə isə 300 (üç yüz) manat məbləğində vəsait 416973******9114 nörməli kart hesabına 4602 nömrəli terminaldan köçürülmüşdür. (iş.v. 20) İş materiallarına əlavə edilmiş +994(70)-219-73-74 saylı mobil nömrəsinin sahibi Aynur Əliyeva ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” sosial şəbəkəsi ilə olan yazışmalara dair çıxarışdan aşkar görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu Bakıya qeydiyyata salması üçün yalandan vəd verərək onun etibarından sui-istifadə etmiş və onun pulunu mənimsəmişdir. (iş.v. 21-33) 09 yanvar 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarla X7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 58-59) 13 yanvar 2024-cü il tarixli, “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs göstərməsinə əsasən ünvan 4 ünvanına gəlinmiş, sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək və onu aldadaraq təqdim etdiyi bank kartına Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsindəki “Bravo” mağazasındakı ödəmə terminalından, 14 may 2023-cü il tarixdə 500 manat, 20 may 2023cü il tarixdə 300 manat pul göndərmiş, sonda isə isə ünvan 4 ünvanında yerləşən adı “Tural” kafesi olan (hazırda adı Dəniz balıq evi) ünvanda Təqsirləndirilən şəxs ilə görüşərək əlavə olaraq əlbəəl 100 manat pul vermişdir. Həmin pullar da Təqsirləndirilən şəxs tərəfindən eyni niyyətlə alınmışdır. Fotoşəkillər protokola əlavə edilmişdir. (iş.v. 87-90) 09 yanvar 2024-cü il tarixli, “üzləşdirmə protokolu”ndan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs X7 ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 67-70) İş materiallarına əlavə edilmiş 10 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi 900 manat puldan 200 manat pulu təhvil almışdır. (iş.v. 83) İş materiallarına əlavə edilmiş "xxxx"ın ödəniş kartından çıxarışdan görünür ki, 416973******9114 nömrəli “Birkart” Şahid1 məxsus olmuşdur. (iş.v. 129-133) 15 mart 2024-cü il tarixli, “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı təsdiq etmişdir. (iş.v. 138-140) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə cəzası 07 il 06 aya endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinə tövsif edilərək cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarı ilə cəzasından 07 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Həmçinin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. 19 mart 2024-cü il tarixli, “toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 14 may 2023 və 20 may 2023-cü il tarixli qəbzlər sübut növü kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ifadələrin yerində yoxlanılması, üzləşdirmə protokollarını və cinayət işinin materiallarını tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə, hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkəti protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 10 iyun 1997-ci il tarixli Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 177.1, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156— 158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Zərərçəkmiş şəxs X7 08 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək X7 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, sonuncunun ondan şikayət və tələbinin olmadığını, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə, 900 manat təşkil edir və hazırkı gündə dəymiş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyası iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduğundan həmin əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir, bir övladı var, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, təqsirləndirilən şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs X5 qarşı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxs onunla barışdığından, ona dəymiş ziyan tamamilə ödənildiyindən, ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPMnin 156.4-cü maddəsinə əsasən xitam verilməli, 19 mart 2024-cü il tarixli, “toplanmış sübutların qiymətləndirilməsi barədə” qərarla sübut növü kimi tanınan 14 may 2023 və 20 may 2023-cü il tarixli qəbzlərin cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə cinayət işi materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilməklə bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. 19 mart 2024-cü il tarixli, “toplanmış sübutların qiymətləndirilməsi barədə” qərarla sübut növü kimi tanınan 14 may 2023 və 20 may 2023-cü il tarixli qəbzlərin cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-267/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-267/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver