Məhkəmə qərarları › İş №1(010)-267/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-267/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-267/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 4(007)-75/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq etmək qərarına gəldikdən sonra, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yanına gələrək aralarında olan cinayətkar razılaşmaya əsasən törədəcəkləri cinayət əməllərinin ifşa edilməsindən sığortalanmaq üçün özünün yaxınlıqda durub müşahidə etməsi, Əli İsmayılovun isə fərdi yaşayış evinin darvazasını döyərək evdə kiminsə olub olmamasını yoxlaması ilə bağlı rolların bölüşdürülməsinə dair aralarında razılaşdıqdan sonra, hasardan aşmaq yolu ilə fərdi yaşayış evinin həyətyanı sahəsinə düşüb mənzilin pəncərəsinin nəfəsliyini orada olan dəmir boru ilə mexaniki təsir göstərib açmaqla mənzilə qanunsuz daxil olduqdan sonra yataq otağında yerləşən güzgülü dolabın birinci çəkməcəsindən Zərərçəkmiş şəxs məxsus 100 manat pul vəsaiti, həmin dolabın ikinci çəkməcəsindən 01 ədəd 600 manat olan tək qaş qızıl üzük, dəyəri 700 ABŞ dolları olan mirvari qaşlı qızıl dəst, dəyəri 1667 manat olan “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, dəyəri 2500 mnat olan gül formalı brilliant qaşlı qızıl dəst, dəyəri 200 manat olan 01 ədəd gümüş qol saatı, dəyəri 210 manat olan gümüş dəst, dəyəri 120 manat olan qırmızı qaşlı bir cüt qızıl sırğa, 01 ədəd dəyəri 1200 manat olan qızıl boyunbağı, dəyəri 500 manat olan 01 ədəd firuzə qaşlı qızıl üzük, dəyəri 600 manat olan bir cüt qızıl sırğa, dəyəri 1400 manat olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd dəyəri 6000 manat olan gül formalı brilliant qaşlı qızıl dəstin və həmin dolabın üzərindən 01 ədəd dəyəri 450 manat olan “Honor X7B” markalı mobil telefonu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 16637 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əli İsmayılovu bir ay müddətdir ki, tanıyır. Əlinin tanımadığı qohumlarından biri onun yaşadığı ünvanın yaxınlığında qaldığından küçəyə tez-tez gəlib gedirmiş. Elə həmin vaxtlardan etibarən Əli ilə küçədə söhbətləşərkən tanışlıqları yaranmışdır. 12 noyabr 2024-cü il tarixdə saat 17 radələrində yenədə Əli ilə küçədə söhbətləşərkən bir-birilərinə son zamanlar maddi cəhətdən problemlərin çox olmasından və pul qazanmağın çətinliyindən şikayətlənirmişlər. Həmçinin hər ikisinin də pula ehtiyacları olduğunu bir-birilərinə bildirirmişlər. Bu zaman Əli ona küçələrdən metal əşyalar yığıb sataraq gəlir əldə edə biləcəklərini bildirib bu barədə ona təklif etmişdir. O da maddi imkansızlığından Əli ilə razılaşmışdır. Razılaşmaya əsasən Suraxanı rayonu Zığ qəsəbəsinə gedərək orada lazımsız metal tullantıları yığaraq taksi vasitəsi ilə metal qəbulu yerinə təhvil verib maddi gəlir əldə edəcəkmişlər. Bu qərardan sonra Əli ilə birlikdə ictimai nəqliyyat vasitəsi olan, nömrəsini xatırlamadığı marşrut ilə Zığ qəsəbəsinə yola düşmüşdür. Oraya çatdıqdan sonra Əli ilə birlikdə metal tullantılar tapmaq məqsədi ilə məhəllələri gəzmişlər. Bu zaman bir fərdi yaşayış evində işıqların yanmadığını görmüş və həmin fərdi yaşayış evinin həyətyanı sahəsində metal tullantılar ola biləcəyini güman etmişlər. Bu səbəbdən Əli həmin evin darvazasına yaxınlaşıb qapını döyərək cəftəsini aşağı-yuxarı hərəkət etdirib evdə kiminsə olub-olmamasını yoxlamışdır. Lakin, evdə heç kim olmadığından qapının və cəftənin səsinə reaksiya verən olmamışdır. Onlar da əmin olmuşlar ki, həqiqətən evdə heç kim yoxdur. Bunun ardından həmin gün saat 18 radələrində Əli ilə birlikdə darvazanın üzərindən tullanıb evin həyətyanı sahəsinə düşmüşlər. Orada həqiqətən də metal tullantıları olmuşdur. Lakin, bu vaxt evdə heç kim olmadığı üçün onlar daha dəyərli əşyalar tapa biləcəklərini güman edib razılaşaraq evin içərisinə daxil olmağa qərar vermişlər. Evin giriş qapısı bağlı olduğundan evin arxa hissəsinə keçib qonaq otağının pəncərəsinin dəmir barmaqlığının aşağı hissəsini evin həyətyanı sahəsində olan dəmir turba vasitəsilə sındıraraq oradan qonaq otağına daxil olmuşlar. Bu vaxt Əli əgər evin sahibi gələrsə qapını aça bilməsin deyə evin giriş qapısının digər kilidini də içəridən bağlamışdır. Daha sonra onlar birlikdə evin yataq otağına keçib oranı ələk-vələk edərək qiymətli əşya və ya pul vəsaiti axtarmağa başlamışlar. Yataq otağına daxil olduqda otağın sol tərəfində yerləşdirilmiş güzgülü dolabın çəkməcəsinə göz gəzdirərkən birinci çəkməcədə 100 manat pul vəsaiti tapmışdır. Həmin pul vəsaitini öz cibinə qoymuşdur. Dolabın ikinci çəkməcəsində isə içərisində qızıl zinət əşyaları olan bir qutu tapmışdır. Qutunun içərisindəki qızıl zinət əşyalarını birlikdə ciblərinə doldurub otaqdan çıxmaq istəyərkən Əli dolabın üzərindəki bir ədəd açıq göy rəngli mobil telefonu da götürmüşdür. Bunun ardından yataq otağından çıxıb getmək istəyərkən qonaq otağının yanında yerləşən uşaq otağına da göz gəzdirmişlər. Lakin, biraz baxdıqdan sonra həmin otaqda dəyərli bir əşya tapa bilməyəcəklərini güman edib evə daxil olduqları pəncərədən evin həyətyanı sahəsinə düşmüşlər. Həyətdə olan taxta nərdivan vasitəsilə hasardan aşıb fərdi yaşayış evini tərk etdikdən sonra isə nömrəsini xatırlamadığı ictimai nəqljyyat vasitəsi olan marşrut ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə yollanmışlar. Oradan başqa bir marşruta minərək Suraxanı dairəsi adlanan yerə gəlmişlər. Orada evdən oğurladıqları qiymətli qızıl zinət əşyalarını və su, siqaret, ərzaq aldıqdan sonra qalıq qalmış 66 manat pul vəsaitini hər birinə 33 manat olmaqla bərabər şəkildə bölmüşlər. 01 ədəd mobil telefonu isə Əli özünə götürmüşdür. Oradaca bir-birilərindən ayrılmışlar və o evə yollanaraq törətdiyikləri oğurluq əməli nəticəsində əldə etdikləri qızıl zinət əşyalarını yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində gizlətmişdir. 13 noyabr 2024-cü il tarixdə yaşadığı ünvana polis işçiləri gəlmişdir və o oğurluq əməlini törətdiyini səmimi etiraf etmiş və oğurladığı qızıl zinət əşyalarını könüllü surətdə onlara təhvil vermişdir. Sonda əməlindən peşman olduğunu, azadlıqda olarsa zərərçəkmiş şəxsə dəyən ziyanı işləyib ödəyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 noyabr 2024-cü il tarixdə saat 19 radələrində işdən evə qayıdanda, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə çatdıqda evin darvazasından içəri daxil olub evin giriş qapısını açmaq istəyərkən qapının heç cür açılmadığını görmüşdür. Bu səbəbdən oğlu Xəyal ilə əlaqə saxlayaraq ona köməklik etməsi üçün yanına çağırmışdır. Təxminən 20 dəq keçdikdən sonra oğlu Xəyal gəlmişdir. O, evin arxa hissəsində olan qonaq otağının pəncərəsinə nəzər salarkən onun dəmir barmaqlıqlarının qırıldığını və yerindən aralandığını görmüşdür. Bu vaxt o, elə güman etmişdir ki, evə naməlum şəxslər daxil olmuşdur. Oğlu Xəyal həmin qonaq otağının pəncərəsindən içəri daxil olub qapının içəridən bağlandığını müəyyən etmişdir. Xəyal qapını açmış və ardından o, içəri daxil olmuşdur. Onlar otaqları yoxlayarkən evin yataq otağının dağınıq vəziyətdə olduğunu görmüşlər. Yataq otağına baxarkən orada yerləşən dolabın çəkməcəsinə yerləşdirdiyi qutunun içərisində saxladığı dəyəri 01 ədəd 600 manat olan tək qaş qızıl üzük, dəyəri 700 ABŞ dolları olan mirvari qaşlı qızıl dəst, təxminən 12 il bundan əvvəl aldığı dəyəri 1667 manat olan “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, dəyəri 2500 manat olan gül formalı brilliant qaşlı qızıl dəst, 7-8 il bundan əvvəl aldığı dəyəri 200 manat olan 01 ədəd gümüş qol saatı, dəyəri 210 manat olan gümüş dəst, dəyəri 120 manat olan qırmızı qaşlı bir cüt qızıl sırğa, 01 ədəd dəyəri 1200 manat olan qızıl boyunbağı, dəyəri 500 manat olan 01 ədəd firuzə qaşlı qızıl üzük, dəyəri 600 manat olan bir cüt qızıl sırğa, dəyəri 1400 manat olan 01 ədəd qızıl boyunbağı, 01 ədəd dəyəri 6000 manat olan gül formalı brilliant qaşlı qızıl dəstin və 01 ədəd dəyəri 450 manat olan “Honor X7B” markalı mobil telefonun naməlum şəkildə və naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Hazırda ona məxsus bəzi əşyalar qaytarılmadığı üçün şikayətçidir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 12 noyabr 2024-cü il tarixdə saat 19 radələrində işdə olarkən anası Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq ünvan 3 ünvanında yaşadığı fərdi yaşayış evinin giriş qapısında problem olduğunu və qapını heç cür aça bilmədiyini demişdir. Bu səbəbdən o, dərhal işdən həmin ünvana yollanmışdır. Yolda olarkən anası yenidən onunla əlaqə saxlayaraq evin arxa tərəfində yerləşən pəncərənin dəmir barmaqlıqlarının yerindən aralandığını və sındığını bildirmişdir. O, oğurluq hadisəsinin olmasından gileylənib dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir.Təxminən 20 dəqiqə sonra həmin ünvana çatmışdır. Bu zaman həqiqətən anasının dediklərinin doğru olduğunun şahidi olmuşdur. Evin giriş qapısını açmaq üçün dəmir barmaqlığı qırılmış pəncərənin boşluq hissəsindən evə daxil olmuş və giriş qapının arxadan kilitləndiyini görüb qapını açmışdır. Daha sonra onlar anası birlikdə evə baxış keçirən zaman yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb evdə oğurluq hadisəsinin baş verdiyini güman etmişlər. Evdəki dəyərli əşyaların yerində olubolmamağını yoxlayarkən anasına məxsus qızıl zinət əşyalarının və 01 ədəd “Honor X7B” markalı mobil telefonun yerində olmadığını görmüşdür. Bu səbəbdən həqiqətən evdə naməlum şəxslər tərəfindən oğurluq hadisəsinin törəildiyindən əmin olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd tək qaş qızıl üzük, 03 ədəd sırğa və 01 ədəd üzükdən ibarət mirvari qaşlı qızıl dəst, 01 ədəd “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, 01 ədəd gül formalı brilliant qaşlı qızıl üzük, 01 ədəd gümüş qol saatı, 02 ədəd sırğa və 01 ədəd üzükdən ibarət gümüş dəst, 01 ədəd qızıl boyunbağı, 01 ədəd firuzə qaşlı qızıl üzük, bir cüt qızıl sırğa, 01 ədəd gül formalı brilliant qaşlı qızıl dəstin üzüyü, 01 ədəd kiçik qızıl qolbaq və 01 ədəd “Honor X7B” markalı mobil telefon Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuşdur. (i.v. 21-24); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); əşyanın tanınmasının aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş 01 ədəd tək qaş qızıl üzük, 03 ədəd sırğa və 01 ədəd üzükdən ibarət mirvari qaşlı qızıl dəst, 01 ədəd “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, 01 ədəd gül formalı brilliant qaşlı qızıl üzük, 01 ədəd gümüş qol saatı, 02 ədəd sırğa və 01 ədəd üzükdən ibarət gümüş dəst, 01 ədəd qızıl boyunbağı, 01 ədəd firuzə qaşlı qızıl üzük, bir cüt qızıl sırğa, 01 ədəd gül formalı brilliant qaşlı qızıl dəstin üzüyü, 01 ədəd kiçik qızıl qolbaq və 01 ədəd “Honor X7B” markalı mobil telefonu görünüşündən və rəngindən tanımışdır (i.v. 39-46); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 81); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (i.v. 102-103); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 105-107); ifadənin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılmışdır (i.v. 122-129); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5241-9/9384 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilən 13 adda malların hadisə baş verən tarixə, yəni 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8888 manat müəyyən edilir (i.v.177- 180); sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 şəxsiyyətini təsdiq edən hüquqi sənəd əldə edilərək onun Azərbaycan Respublikasının 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması məqsədilə cinayət işinin ayılması barədə qərar qəbul edilmiş, bir ədəd tək qaş qızıl üzük, 03 ədəd sırğa və 01 ədəd üzükdən ibarət mirvari qaşlı qızıl dəst, 01 ədəd “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, 01 ədəd gül formalı brilliant qaşlı qızıl üzük, 01 ədəd gümüş qol saatı, 02 ədəd sırğa və 01 ədəd üzükdən ibarət gümüş dəst, 01 ədəd qızıl boyunbağı, 01 ədəd firuzə qaşlı qızıl üzük, bir cüt qızıl sırğa, 01 ədəd gül formalı brilliant qaşlı qızıl dəstin üzüyü, 01 ədəd kiçik qızıl qolbaq və 01 ədəd “Honor X7B” markalı mobil telefon maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (177.2.1), yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3); xeyli miqdarda ziyan vurmaqla törədildikdə (177.2.4) — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi gənc olmasını, əməlindən peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu göstərilsə də, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu zamanı yetkinlik yaşına çatmadığından Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran hallar (müəyyən edilmir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəza çəkmə müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 4(007)-75/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut - əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdən 15 noyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 23 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 4(007)-75/2025 nömrəli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – bir ədəd tək qaş qızıl üzük, 03 ədəd sırğa və 01 ədəd üzükdən ibarət mirvari qaşlı qızıl dəst, 01 ədəd “Mikura” firmasına aid brilliant qaşlı qızıl qolbaq, 01 ədəd gül formalı brilliant qaşlı qızıl üzük, 01 ədəd gümüş qol saatı, 02 ədəd sırğa və 01 ədəd üzükdən ibarət gümüş dəst, 01 ədəd qızıl boyunbağı, 01 ədəd firuzə qaşlı qızıl üzük, bir cüt qızıl sırğa, 01 ədəd gül formalı brilliant qaşlı qızıl dəstin üzüyü, 01 ədəd kiçik qızıl qolbaq və 01 ədəd “Honor X7B” markalı mobil telefonun iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar