Məhkəmə qərarları › İş №1(010)-268/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-268/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-268/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq sovxozu, nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 19 may 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,061 qram, 0,633 qram, ümumi təmiz çəkisi 0,694 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 (on) manata şəxsi istifadəsi üçün əldə edib əynindəki qara rəngli cins gödəkcəsinin sol iç yan cibində saxlamaqla daşımış, 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən «Oba» marketin yaxınlığında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:25-dən saat 19:40-dək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins gödəkcəsinin sol iç yan cibindən həmin 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,633 qram, ümumi təmiz çəkisi 0,694 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, bədənindəki ağrılarla əlaqədar təxminən 3 ildir narkotik vasitələrin və psixotrop maddələrdən istifadə edirdi. 17 may 2021-ci ildə günün 2-ci yarısında Nəsimi rayonu, «Papanin» adlanan yerdə olarkən, orada tanımadığı bir şəxsi görüb, sifətindən narkoman olduğunu başa düşərək ona yaxınlaşıb şüşə kimi tanıdığı psixotrop maddə almaqda köməklik etməyini xahiş etdi. Həmin şəxs narkoman olduğunu etiraf edərək, ona şüşə kimi tanıdığı psixotrop maddə almaqda köməklik göstərəcəyini bildirərək, ondan pul istədi. O, da həmin şəxsə cibində olan 10 manat pulu verdi. Həmin şəxs dedi ki, orada gözləsin bir neçə dəqiqəyə gəlir. O, həmin şəxsi gözlədi və aradan 10-15 dəqiqə keçmiş həmin oğlan onun yanına qayıdaraq 02 ədəd bükümdə olan şüşə kimi tanıdığı psixotrop maddəni ona verib çıxıb getdi. O, da istifadə etməkdən ötrü əldə etdiyi iki büküm psixotrop maddəni əynində olan qara rəngli cins gödəkçəsinin sol iç yan cibinə qoyub yaşadığı Hövsan qəsəbəsinə gəldi. İstifadə etməyə müvəqqəti ehtiyacı olmadığına görə, aldığı iki büküm psixotrop maddəni özündə saxladı. 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşən «Oba» marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, şəxsiyyətini təsdiq edən sənədi onlara təqdim etməyini bildirdilər. Onun üzərində şüşə kimi bildiyi psixotrop maddə olduğundan, o, həyəcanlandı və polis əməkdaşları onun bu hərəkətini görüb, sorğu-sual etməyə başladılar. Sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etdilər. Orada xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə vidioçəkiliş aparmaqla üzərinə baxış keçirildi. Baxış zamanı əldə edib, üzərində saxlamaqla daşıdığı 02 ədəd bükümdə olan psixotrop maddə əynində olan qara rəngli cins gödəkçəsinin sol iç yan cibində aşkar edilərək tərtib edilmiş protokol ilə götürüldü və zərfə qablaşdırıldı. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Hilal oğlu bildirmişdir ki, 19 may 2021-ci il tarixdə iş yoldaşı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytunluq sovxozu adlanan ərazidə «Oba» marketin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişlər. Həmin şəxs özünün şübhəli hərəkətlərini, davranışını və danışığını davam etdirdiyi üçün onlar həmin şəxsi 30-cu PŞ-nə dəvət etmişlər. Şöbədə müəyyən olmuşdur ki, həmin şəxs xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra təqsirləndirilən şəxsin üzərinə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins gödəkcəsinin sol iç cibindən iki bükümdə ağ rəngli kristal şəkildə olan narkotik maddəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsdən aşkar olunmuş maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 20 may 2021-cı il tarixli 6/1977 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 194” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs aşkarlanmış...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram; 0,633 qram; ümumi təmiz çəkiləri 0,694 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir». 13 avqust 2021-cı il tarixli 6/3455 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 №60”, “ekspert Rəyi 6/1977» yazı və imzalar olan paketdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,021 qram və 0,593 qram olmaqla, ümumi təmiz çəkisi 0,614 qram ağ rəngli kristal şəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir”. 10 iyul 2021-ci il tarixli 2269 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, evli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,594 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli; iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı; iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 may 2021-ci ildən bu günədək həbsdə saxlanıldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,594 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar