Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-268/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1955-ci ildə, Ermənistanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, dalan 2, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 09 yanvar 2022-ci il tarixdə saat 19 radələrində "BCD" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan ’‘Hyundai Sonata” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə Suraxanı qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun sağından soluna keçmək istəyən velosipedçi Zərərçəkmiş şəxs hərəkət hissəyə daxil olub təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib, avtomobilin qabaq orta hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişə baş beyin toxumasının əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol baldır sümüklərinin qapalı, qəlpəli sınığı, sol yuxarı ətrafın qançırı, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib 20 yanvar 2022-ci il tarixdə xəstəxanada ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla uzun illərdir ki, avtomobil idarə edir. 09 yanvar 2022-ci il tarixdə saat 19 radələrində kürəkəni Şahid məxsus “Hyundai Sonata” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə, Mahal isə avtomobildə sərnişin qismində qabaq sağ oturacaqda olaraq Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə Suraxanı istiqamətinə hərəkət edirmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Hava yenicə qaranlıqlaşmış, həmin yerdə yol şəhər elektrik işıqları ilə işıqlandırılır, yol quru, görmə məsafəsinə kifayət qədər aydın olmuşdur. Avtomobili təxminən 40 km/saat sürətlə hərəkət etdirərək Suraxanı rayon məhkəməsi binasının qarşısından keçərkən, yolun sağ kənarından bir nəfər cavan oğlan, əlində mobil telefona baxa-baxa velosipedlə, yəni velosipedi idarə edərək hərəkət hissəyə daxil olmuşdur. O, hesab etmişdir ki, velosipedçi sağa dönüb yoluna davam edəcək, lakin o yolun digər hissəsinə keçməyə başlamış və hadisədən yayına bilməyib avtomobilin qabaq orta hissəsi ilə velosipedçini vurmuşdur. Dərhal avtomobili saxlayıb düşərək Mahalla birlikdə onu avtomobilə qoyub Sabunçu 3 saylı ŞKX-na aparmışdır. Daha sonra xəstəxanaya gələn polis əməkdaşlarına özünü və sənədlərini təqdim edib hadisəni o törətdiyini bildirmişdir. Məlum olmuşdur ki, həmin velosipedçi hadisə yerinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxsdur. Xəstəxanada yatdığı müddətdə ona bütün müalicə xərclərini ödəmiş, lakin göstərilən tibbi yardımlara baxmayaraq 20 yanvar 2022-ci ildə aldığı xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür. Bundan sonra da yasla bağlı bütün xərcləri ödəmiş, onun valideynləri ilə barışmışdır. Velosipedçini təxminən 50-60 metr məsafədən hərəkət hissəyə yaxınlaşdığı görmüş, onu öz hərəkət zolağında yolun orta xəttinə yaxın məsafədə vurmuşdur. Sonda, törətdiyi əmələ görə peşmançılığını bildirmiş, onun yaşını, səmimi peşman olduğunu nəzərə alınmasını, məhkəmədən ona daha yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X2 göstərmişdir ki, 09 yanvar 2022-ci il tarixdə Əmircan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə xəstəxanada ölmüşdür. O, 1994-cü il təvəllüdlü olmaqla subay olmuş, bir evdə yaşamışlar. Kamranın özünə məxsus velosipedi olmuşdur ki, həmin velosipedlə demək olar ki, hər gün evlərinin yaxınlığından keçən Səttar Bəhlulzadə küçəsinə çıxıb orada velosiped sürürmüş, 09 yanvar 2022-ci il tarixdə axşam saat 20:30 radələrində Sabunçu 3 saylı xəstəxanadan məlumat vermişlər ki, Kamranı maşın vurub, xəstəxanadadır. O, dərhal həmin xəstəxanaya getmiş, məlum olmuşdur ki, Kamran reanimasiya şöbəsində koma vəziyyətindədir. Orada məlum oldu ki, Kamran velosipedlə yolu keçərkən Suraxanı istiqamətinə hərəkət edən «Hyundai Sonata» markalı avtomobil onu vurmuşdur. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs özü onu xəstəxanaya gətirmiş və xəstəxanada imiş. Sonrakı günlərdə də sürücü Ələddin lazım olan bütün yardımları göstərmiş, lakin oğlu Kamran koma vəziyyətindən ayılmadan 20 yanvar 2022-ci il tarixdə ölmüşdür. Tibbi ekspertiza müayinəsindən sonra meyiti qəbul edib həmin gün də dəfn etmişlər. Sürücü Təqsirləndirilən şəxs bütün xərcləri ödəmişdir, ona qarşı heç bir şikayət və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2 aydır ki, "Hyundai Sonata “markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və öz adına rəsmiləşdirmiş, həmin vaxtdan da sürücülük vəsiqəsi olmaqla həmin avtomobili idarə edir. 09 yanvar 2022-ci il tarixdə qayınatası Təqsirləndirilən şəxs ilə birlikdə ona məxsus həmin avtomobillə Əmircan qəsəbəsindən yaşadığı Suraxanı qəsəbəsinə gedirmişlər. Həmin vaxt avtomobili qayınatası idarə edirmiş, özü isə ön sərnişin oturacağında əyləşmişdir. Qayınatası Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmaqla uzun illər sürücü işləmişdir. Saat 19 radələrində Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ilə təxminən 40 km/saat sürətlə Suraxanı qəsəbəsi istiqamətinə hərəkət edərək Suraxanı rayon məhkəməsinin inzibati binasına yaxınlaşarkən qəflətən yolun sağından məhkəmə binasının sol tərəfindən yola birləşən köməkçi yoldan bir velosipedçi oğlan hərəkət hissəyə çıxdı. Həmin anda getdikləri avtomobillə velosipedçinin arasında məsafə az olduğundan qayınatası avtomobili dayandıra bilməmiş və avtomobilin qabaq orta hissəsi ilə velosipedçini vurmuşdur. Dərhal avtomobili dayandırıb velosipedçiyə yaxınlaşmışlar, təcili yardıma zəng vurub məlumat vermiş, lakin təcili yardımı gözləmədən velosipedçini öz avtomobilinə mindirib Sabunçu 3 saylı ŞKX-na aparmışlar. Az sonra xəstəxanaya polis əməkdaşları gəldikdə qayınatası sənədləri təqdim edib hadisə barədə məlumat vermişdir. Məlum olmuşdur ki, həmin velosipedçi hadisə yerinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxsdur. Hər gün onun səhhəti ilə maraqlanıb lazım olan yardımları göstərmişlər, lakin buna baxmayaraq həmin velosipedçi 20 yanvar 2022-ci ildə xəstəxanada ölmüşdür. Ona məxsus həmin avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobilin hadisə nəticəsində ön şüşəsi sınmış, qabaq hissəsi cüzi əzilmişdir. Bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin materiallarının 5-7-ci vərəqələrində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yolnəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi istiqamətinə gedən yolda baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4 metr, yol örtüyünün eni isə 8 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, velosipedçi hərəkət zolağına daxil olduğu andan vurulana kimi 2,5 metr məsafə qət etmişdir. Cinayət işinin materiallarının 10-cu vərəqəsində olan 09 yanvar 2022-ci il tarixli, 1/141 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin materiallarının 60-61-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 22 may 2022-ci il tarixli protokola əsasən, 09 yanvar 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi ilə Suraxanı qəsəbəsi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olmuş, velosipedçi (sonradan adını bildiyi Zərərçəkmiş şəxs) yolun sağından, Suraxanı rayon məhkəməsi binasının sağından S.Bəhlulzadə küçəsinə hərəkət hissəyə daxil olub səndələməklə yolun soluna keçməyə başlamış, məsafə yaxın olduğundan heç bir tədbir görə bilməyib avtomobilin qabaq orta hissəsi ilə velosipedçini vurmuşdur. Təqsirləndirilən şəxs, velosipedçinin hərəkət zolağına daxil olduğu yeri və velosipedi vurduğu yeri göstərmiş, həmin məsafə ölçülərək müəyyən edilmişdir ki, velosipedçi hərəkət zolağına daxil olduğu andan vurulana kimi 2,5 metr məsafə qət etmişdir. Həmçinin müəyyən edildi ki, velosipedçinin vurulduğu yer Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsi 312 saylı ünvanın qarşısıdır. Cinayət işinin materiallarının 46-50-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 20 yanvar 2022-ci il tarixli 07 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - baş beyin toxumasının əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol baldır sümüklərinin qapalı, qələpəli sınığı, sol yuxarı ətrafın qançırı həyati olub, bərk küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış, olduğu açıq kəllə beyin travması nəticəsində baş-beyin toxumasının əzilməsi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə 3 saylı ŞKX-da baş vermişdir. Cinayət işinin materiallarının 64-67-ci vərəqələrində olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 01 iyun 2022-ci il tarixli 8/1306 saylı rəyindən görünür ki, “Hyundai Sonata” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarının 95-ci vərəqəsində olan 08 iyun 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş 04 fevral 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Cinayət işinin materiallarının 52-ci vərəqəsində olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Beləliklə, göstərilən sübutlarla Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri tam ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-268/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-268/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver