Məhkəmə qərarları › İş №1(010)-268/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-268/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-268/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Xatirə Xanbala qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, 208 nömrəli tam orta məktəbdə mühafizəçi vəzifəsində işləyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 07 mart 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs, 03 fevral 2025-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, ünvan 3 evin qarşısına gedib boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə danışıb barışmaq istədiyini bildirdikdə sonuncu barışmaq istəmədiyini dediyindən əsəbləşərək əli ilə qəsdən onun baş nahiyəsinə bir neçə dəfə vuraraq ona baş beyin silkələnməsi ilə müşayət olunan alın-təpə nahiyəsinin şişkinliyi, sol əlin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq və ilkin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladları vardır. Hadisə baş verən vaxtlar, Gülnarə, xasiyyətlərinin uyğun gəlmədiyini, onun evə maddi yardım göstərmədiyini deyərək ondan boşanmaq istədiyini bildirmiş, o da bu təklifə razılıq verməmişdir. Sonradan Gülnarə boşanmaları üçün məhkəməyə müraciət edərək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yaşayan bacısının evinə getmişdir. 03 fevral 2025-ci il tarixdə, saat 06 radələrində o, həyat yoldaşının bacısı ilə birlikdə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən nömrəsiz evin qarşısına gedərək həyat yoldaşını gözləmişdir ki, onu məhkəmədən boşanmaq barədə ərizəsini geri götürməsinə razı salsın. Söhbət edərək yolüstü keçidə qədər birlikdə getmişlər. Orada Gülnarəni kənara çəkmək üçün qolundan tutmuş və keçiddə bir müddət söhbət etmişlər. Gülnarə onunla barışmaq istəmədiyini, avtobusa gecikdiyini bildirmişdir. O, Gülnarənin barışmaq istəmədiyini görüb onun çiynindən yüngül vuraraq getməsini demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt yanlarında heç kim olmamış, yalnız Gülnarə ilə özü olmuşdur. Zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Gülnarənin yanına görüş üçün getdiyi gün sonuncunun bədəni üzərində xəsarətləri olduğunu da görməmişdir. Gülnarənin qolundan tutub söhbət etmək üçün kənara çəkmiş, həmin vaxt zərərçəkmişin gödəkçəsi cırılmışdır. 06 fevral 2025-ci il tarixdə izahat verən zaman zərərçəkmiş şəxsə xəsarət yetirməsini etiraf etməsi barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, o, izahat verməmiş, Gülnarəyə xəsarət yetirməmişdir. Sonuncu məhkəmə iclası zamanı isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yekun protokolda qeyd edilmiş əməli o, törətmiş, Zərərçəkmiş şəxs həmin xəsarətləri o yetirmişdir. Özünü tam təqsirli bilir və törətdiyi əməldən peşmandır. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, bununla bağlı zərərçəkmiş şəxsin notarial qaydada ərizə verməsini nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə baş verən zaman boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Təqsirləndirilən şəxslə 2010-cu ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç övladları vardır. Son zamanlar Ravil ilə xasiyyətlərinin uyğun gəlmədiyini, onun evə maddi köməklik etmədiyini və münasibətlərinin soyuduğunu görüb boşanmaq qərarına gəlmişdir. Lakin Ravil onunla boşanmaq istəmədiyini bildirmişdir. Boşanmaq üçün məhkəməyə müraciət edərək müvəqqəti bacısının yaşadığı ünvan 3 evə gedərək orada bacısı ilə qalmağa başlamışdır. Hazırda rəsmi olaraq boşanmışlar, Ravil birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. 03 fevral 2025-ci il tarixdə, saat 06 radələrində evdən çıxıb işə getmək istəyərkən küçədə Ravilin dayandığını görmüşdür. Ravil ona yaxınlaşaraq alimentdən imtina etməsini tələb etmişdir. Ravilin təklifindən imtina edərək yoluna davam etmək istədikdə, Ravil onun qolundan tutaraq əlləri ilə onun baş nahiyəsindən dəfələrlə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, Ravil isə bundan sonra oradan çıxıb getmişdir. O, da işə getmiş, axşam işdən qayıdan zaman isə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə müraciət edərək Ravildən şikayət etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri olmuşdur. Belə ki, çox vaxt uşaqlarla bağlı mübahisə etmişlər. 03 fevral 2025-ci il tarixdə baş vermiş mübahisənin səbəbi isə o olmuşdur ki, məhkəmənin qərarına əsasən hər üç övladı öz himayəsindədir. Ravil isə onun alimentdən imtina etməsini tələb etmişdir. Hadisə zamanı yanlarında Ravil və özündən başqa heç kim olmamışdır. Ravil hadisə baş verdiyi gün spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxsə qarşı hazırda şikayət və tələbi yoxdur. Övladlarının atası olduğu üçün onu bağışlamışdır. Ondan uzaq olmasını və görüşməməsini istəyir. Xəsarətləri qollarında və başında olmuş, boğazından tutaraq onu boğmağa çalışmış və gödəkçəsindən yapışdığı üçün cırılmışdır. Hadisə barədə DİN-in 102 xidmətinə məlumat verməmişdir. İşdən çıxdıqdan sonra, 31-ci polis şöbəsinə gedib müraciət etmişdir. Zərərçəkmiş şəxs 13 mart 2025-ci il tarixli yazılı qaydada məhkəməyə təqdim etdiyi və 07 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. R.Rafiqoviçə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Əliyeva X7 RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanladığı 07 fevral 2025-ci il tarixli ərizədə əri Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, saat 06:00 radələrində ünvan 3 ünvanın qarşısında onu döyərək müxtəlif bədən xəsarətləri yetirməsini bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v.1) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 07 fevral 2025-ci il tarixli, 94 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin şişkinliyi, sol əlin qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, alınma müddətləri şəxsin özünün qeyd etdiyi 03 fevral 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən yetirilməsi nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. (iş.v.17-18) Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixli ərizələri ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.19-20) 07 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elnur Mənsimov tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (iş.v. 21) 08 fevral 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.23-24) Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 fevral 2025-ci il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən aşağıdakı ailə tərkibi ilə ünvan 1 ünvanında qeydiyyatdadır: arvadı Zərərçəkmiş şəxs xx.xx.1980-ci il təvəllüdlü; oğlu X12 xx.xx.2012-ci il təvəllüdlü; qızı X5 21 05.2013-cü il təvəllüdlü; qızı X3 xx.xx.2017-ci il təvəllüdlü. (iş.v.55) Suraxanı RİHB-in Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Ailəlidir, üç azyaşlı övladı var. Bu ünvanda yaşadığı müddətdə onun barəsində Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qonşular tərəfindən şikayət daxil olmamışdır. Xasiyyətnamə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v.56) İş materiallarına əlavə edilmiş 02 ədəd foto çıxarışda, Zərərçəkmiş şəxs yırtılmış gödəkçəsinin fotoşəkili əks olunmuşdur. Həmin fotoşəkillər iş üçün əhəmiyyət kəsb edən hallar barədə məlumat verdiyindən iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli sorğusuna X14 X15 tərəfindən ünvanlanmış 04 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs cərrahi təcili tibbi yardım şöbəsinə 07 fevral 2025-ci il tarixdə, saat 17:45-də “baş, boyunun küt travması” diaqnozu ilə ambulator müraciət etmişdir. №1077. Küçə travması. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tələbnamədə həmçinin Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı da olmamışdır. (iş.v.54) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan aşağıdakı hallar yüngül xəsarətlərə aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını ətraflı tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Həmçinin cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə, məhkəməyə ərizə ilə müraciət edərək həyat yoldaşı Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, buna görə də barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs 13 mart 2025-ci il tarixli yazılı qaydada məhkəməyə təqdim etdiyi və 07 aprel 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. R.Rafiqoviçə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Plenum Qərarına əsasən müəyyən edilir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ**********0000002944, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar