Məhkəmə qərarları › İş №1(010)-269/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-269/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-269/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Kia Forte” minik markalı 99 ТВ 116 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ilə «Aura» şadlıq sarayı tərəfdən üzü «Tatlı un» məmulatları şirniyat evi istiqamətində hərəkətdə olarkən «Bazar Store» marketin yaxınlığında ehtiyatsızlıqdan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci həssəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsininin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməmiş və hərəkəti istiqamətində yolu sağdan sola keçmək istəyən piyadaçı Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ona hematoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan ağ ciyərin kontuziyası (əzilməsi), sağ körpücük sümüyünün, solda l-ll-lll- İV-V-Vİ qabırğaların, sağda l-ll-lll-İV-V- Vİ-Vİİ qabırğaların, D7 (yeddinci döş) fəqərəsinin xətti sınığı, hər iki bazu oynağı başını əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan bazu sümüklərinin qapalı sınığı, sağ gözyuvası ətrafı nahiyənin hematoması və sağ orbita inferior (göz yuvasının aşağı damı) divarının minimal yerdəyişmiş sınığı, sağda maksilyar sinus (əng cibi) ön divarının xətti sınığı ilə müşayiət olunan sağ yanağın yumşaq toxumasının hematoması, başın skalp şəkilli əzilmiş-cırılmış yarası, alının, burunun sıyrıqları, sağ əlin arxa səthinin, sol baldırın və sol aşıq-baldır oynağının bayır səthinin qançırları ilə muşaiyət olunan xəsarətlər yetirmiş və Valeri Rəfixanov almış olduğu xəsarətlərdən 21 sentyabr 2023-cü il tarixdə xəstəxanada ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünə məxsus “Kia Forte” minik markalı 99 ТВ 116 dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobili idarə etmk üçün sürücülük vəsiqəsi vardır. 18 sentyabr 2023-cü il tarixdə saat təxminən 12:00 radələrində o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ilə «Aura» şadlıq sarayı tərəfdən üzü «Tatlı» un məmulatları şirniyat evi istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt o, «Bazar Store» mağazasının yaxınlığına çatan zaman hərəkəti istiqamətində yolun sağ tərəfində yol kənarında iri tutumlu avtobus dayanmışdır. O avtobusu keçdikdən sonra qəfildən avtomobilinin alın şüşəsinə nəsə dəydiyini hiss etmiş və avtomobili dərhal saxlayaraq avtomobildən düşmüşdür. O, avtomobildən düşərək hadisə yerinə TTY biriqadasının çağırılması üçün telefonunu tanımadığı şəxslərə vermiş, həmin şəxslər TTY biriqadasını çağırmışlar, lakin TTY briqadası gecikdiyindən hadisə yerinə toplaşmış tanımadığı insanların köməyi ilə həmin kişini öz avtomobilinə mindirmiş və onun avtomobilini tanımadığı bir şəxs idarə edərək xəsarət almış şəxsi “Bakı Medikal Plaza” xəstəxanasana aparmışlar. Həmin şəxs müayinə olduqdan sonra isə KTM xəstəxanasına aparmışdır. Orada xəsarət almış şəxs müalicə olurmuş, lakin buna baxmayaraq 21 sentyabr 2023-cü il tarixdə saat 08:00 radələrində ona məlum olmuşdur ki, xəsarət almış şəxs xəstəxanada vəfat etmişdir. O, hadisədən sonra xəsarət almış şəxsin müalicəsinə ümümilikdə 2.000 manatdan artıq pul xərcləmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, o, ailəsi və atası Zərərçəkmiş şəxs Rəhim oğlu ilə birlikdə yaşayır. Onların evi iki mərtəbəli olduğundan atası evin ikinci mərtəbəsində tək yaşayırdı və evə giriş isə ayrı yerdən olmuşdur. Ona görə də atasının evə nə vaxt gəldiyini və nə vaxt getdiyini bilməmişlər. Buna baxmayaraq demək olar ki, atası uşaqlara baş çəkmək üçün onların evinə düşürmüş. 20 sentyabr 2023-cü il tarixdə saat 12:00 radələrində həyat yoldaşı ona zəng edərək bildirmişdir ki, atası Valeriy bir neçə gündür ki, görsənmir. Bundan sonra o, qardaşı ilə əlaqə saxlayaraq bildirmişdir ki, gedib evə baxsın və harada olması barədə ona məlumat versin. O, isə Qusar rayonunda olmuşdur. Qardaşı da evə baxdıqdan sonra evdən səs gəlmədiyini ona bildirmişdir. 21 sentyabr 2023-cü il tarixdə o, DİN-nin 102 zəng mərkəzinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra FHN-nin əməkdaşları gəlmiş və evin pəncərəsini açıb evə baxdıqdan sonra məlum olmuşdur ki, atası evdə yoxdur. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gələrək bu barədə məlumat vermiş və ona bildirmişlər ki, atasını avtomobil vurmuş və xəsarət almışdır. Ona görə də atasını xəstəxanaya yerləşdirmişlər. Atasının xəstəxanada olması barədə ona şəkilini göstərmişlər və o, atasının şəkilindən tanımışdır ki, həmin şəxs atasıdır. Onu Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərmişlər ki, orada ona bu barədə məlumat verəcəklər. Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində bilmişdir ki, atasını avtomobil vuraraq xəsarət yetirmiş və atası almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı və məhkəmə iclasında ərizələrlə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 122 saylı rəyindən görünür ki, mərhum Naməlum kişi - (Zərərçəkmiş şəxs) meyitinin məhkəmə-tibbi ekspertizasına, adına tərtib edilmiş tibbi sənədlərə (X11-klinikasının müayinə protokolları, KTM-də adına açılmış stasionar xəstənin tibbi kartasının kserosurəti), əlavə müayinələrin cavabına, ilk məlumata və qərardad qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirlər: mərhum Naməlum kişinin - (Zərərçəkmiş şəxs) meyiti üzərində hematoraksla (döş boşluğuna qanın yığılması) müşayiət olunan ağ ciyərin kontuziyası (əzilməsi), sağ körpücük sümüyünün, solda l-ll-lll-İV-V-Vİ qabırğaların, sağda lll-lll-İV-V-Vİ-Vİİ qabırğaların, D7 (yeddinci döş) fəqərəsinin xətti sınığı, hər iki bazu oynağı başını əhatə edən yumşaq toxumanın hematoması ilə müşayiət olunan bazu sümüklərinin qapalı sınığı, sağ gözyuvası ətrafı nahiyənin hematoması və sağ orbita inferior (göz yuvasının aşağı damı) divarının minimal yerdəyişmiş sınığı, sağda maksilyar sinus (əng cibi) ön divarının xətti sınığı ilə müşayiət olunan sağ yanağın yumşaq toxumasının hematoması, başın skalp şəkilli əzilmiş-cırılmış yarası, alının, burunun sıyrıqları, sağ əlin arxa səthinin, sol baldırın və sol aşıq-baldır oynağının bayır səthinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə yol-nəqliyyatı hadisəsi şəraitində mərhumun xəstəxanaya (X11 klinikası, xx.xx.2023-cü il saat 13.30) daxil olmasından az əvvəl piyada qismində avtomaşın vurması nəticəsində törənmişlər. Dərəcəsinə görə, ümumilkdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Naməlum kişinin - (Zərərçəkmiş şəxs) ölümünə səbəb yuxarıda qeyd edilən çoxsaylı xəsarətlər fonunda hematoraksla (döş boşluğuna qanın yığılması) və hər iki tərəfdə qabırğaların, körpücük sümüyünün çoxsaylı sınıqları ilə müşayiət olunan ağ ciyərin kontuziyası (əzilməsi) olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cu il tarixdə saat 08.00-da baş vermişdir.Mərhum Naməlum kişi -(Zərərçəkmiş şəxs) meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-8/3664-4/2005 saylı rəyindən görünür ki, kkspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə qeydə alınmış videoyazılardakı görüntülərə görə yolun sağ tərəfində dayanmış avtobusun qabaq hissəsi ilə Kia Forte makarlı 99 ТВ 116 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında olan məsafəni müəyyən etmək mümkün olmadı. İş materiallarında olan diskdəki videogörüntülərə əsasən piyada yolun sağ səkisindən hərəkət hissəsinə daxil olduğu andan dayanmış sərnişin avtobusun qarşısından çıxana kimi yerişlə hərəkətdə olmuş, avtobusun qarşısından çıxıdıqdan sonra isə hərəkət tempini artırmışdır. Piyada yolu keçərkən iti qaçışla hərəkətdə olmamışdır. Qeyd olunan vəziyyətdə Kia Forte markalı 99 ТВ 116 dövlət qeydiyyat naşanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yolu sağdan sola doğru keçən piyadanın hərəkət hissəsinin sağ kənarında dayanmış sərnişin avtobusunun qarşısından çıxdığı andan deyil, ondan əvvəl sürücünün görünüş dairəsinə düşdüyü andan yaranmışdır. Piyadanın yolun sağ səkisindən hərəkət hissəsinə daxil olduğu andan dayanmış sərnişin avtobusun qarşısından çıxana kimi iti yerişlə, avtobusun qarşısından çıxdıqdan sonra isə vurulmaya kimi adi qaçışla hərəkətdə olması şəraitində istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kia Foorte markalı 99 ТВ 116 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan yol-nəqliyyat hadisəsini qeydə almış video kameranın qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, əks olunan yer Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Buta” aptekin qarşısından keçən yol hissəsidir. Görüntüdə qeyd olunan saat 12:01-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi ilə Aura şadlıq sarayı tərəfdən üzü “Tatlı un” məmulatları şirniyyat evi istiqamətində hərəkətdə olan markası, rəngi və dövlət qeydiyyat nişanı bilinməyən avtomobilin hərəkəti istiqamətində yolun sağ tərəfində dayanmış avtobusun qarşısından piyadaçının iti qaçışla yola doğru hərəkət etdiyini və həmin avtomobilin qabaq hissəsi ilə vurulduğunu və avtomobilin hadisədən sonra dərhal dayandığı və sürücünün avtomobildən yerə düşdüyü görünür. Həmin dayanmış avtobusdan qarşıda yolun sağ tərəfində park halında 3 avtomobil dayanmış, daha sonra isə piyadaçını vurmuş həmin avtomobilin arxa hissəsi ilə yol kənarında dayanmış avtobusun qabaq hissələri arasında olan məsafədən çəpinə kiçik tutumlu yük avtomobili keçir, qarşıdan gələn nəqliyyat vasitələri hadisəni görərək sürətlərini azaldıllar. Daha sonra hadisə yerinə bir neçə insan toplaşır. Görüntünün sonunda saat 12:02 göstərir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli, 2/33827 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində qeyd olunan maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına olan AZ-İİ seriyalı 759576 nömrəli «doğum haqqında» şəhadətnamənin və AZE seriyalı 12173005 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2009-cu il təvəllüdlü X2 adlı uşağı vardır. İş materiallarında olan AZ-İ seriyalı 241405 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Təqsirləndirilən şəxs arasında olan nikah 18 iyul 2016-cı ildə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu rayonu N.İsmayılov adına 80 nömrəli məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə 9-cu sinifdə təhsil alır. İş materiallarında olan Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə olub boşanıb, bir övladı var. Bərdə rayon İHB-nın Kələntərli İƏD-si üzrə nümayəndəliyinin Kələntərli kəndində rəsmi qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində kənddə özünü nizamlı bir sakin kimi aparmış, qonşular və kənd ağsaqqallarının dərin hörmətini qazanmışdır. Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyində Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmətlə yanaşmışdır. Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyinə Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkumluğu yoxdur. İş materiallarında olan AZ-İİ seriyalı 381616 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 21 sentyabr 2023-cü ildə ölmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq və razılıq əldə etməsini, o cümlədən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsi və ya aradan qaldırılmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və təkbaşına olaraq uşağı böyütməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 21 – 23 sentyabr 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar