Məhkəmə qərarları › İş №1(010)-27/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-27/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-27/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə Atçılıq sovxozu, nömrəsiz fərdi evdə yaşayan, 19 – 21 dekabr 2023-cü il tarixləri üzrə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2023-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-496/2023 nömrəli iş üzrə 29 dekabr 2023-cü il tarixli qərarına əsasən əvvəli 29 dekabr 2023-cü ildən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış), Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qərarına əsasən «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş, Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 24 yanvar 2025-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev 56 ünvanda yerləşən, ictimai yer hesab edilən «Neftçilər» parkında əvvəllər qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə görüşüb azyaşlı övladının kimdə qalması məsələsini aydınlaşdırmaq istəyərkən uşağı vermək istəməməsini bəhanə gətirərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üstünə hücum çəkərək hüquqa zidd davranışı ilə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq Zərərçəkmiş şəxs ünvanına ucadan qeyri-etik, nalaiq ifadələr səsləndirib ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çox insanın mənafeinə toxunmada ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik etmiş və öz hüquqa zidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs üstünə hücum çəkib üzərində olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağından silah qismində istifadə edərək onun kürək, sinə və sol bud nahiyəsindən bir neçə dəfə qəsdən vurub sağlamlığına döş qəfəsinin ön səthinin bir ədəd, sağ kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna nüfuz etməyən (cəmi iki ədəd) və sol sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə ümumillikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə qurub Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 11, 80B ünvanda qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. Ölkədə pandemiya ilə əlaqədar karantin rejmi olduğundan nikahlarını rəsmiləşdirə bilməmişlər. Qeyri-rəsmi nikahlarından Sumeyra adlı qızı anadan olmuşdur. Zərərçəkmiş şəxs yaşadıqları evdən qaçdığına görə münasibətləri pozulmuş və ayrılmışlar, qızı Sumeyranı isə özündə saxlamışdır. Belə ki, Aytac özü uşağı onun yanında qoyub getmişdir. Hazırda da uşağına özü, anası ilə birlikdə baxırlar. 18 dekabr 2023-cü il tarixdə Aytac ona sms yazaraq qızlarını görmək istədiyini bildirmiş və Aytacın xahişinə müsbət cavab vermişdir. 19 dekabr 2023-cü il tarixdə saat 15:00 radələrində Aytac ona zəng etmiş və saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Neftçilər» istirahət parkında insanlar olmayan yerdə görüşüb qızı anası Aytaca göstərməyə razılaşmışlar. Zərərçəkmiş şəxs ilə görüşüb təxminən bir saat söhbət etdikdən sonra ona körpə qızının şəkillərini «instaqram» internet səhifəsində paylaşmasına görə irad bildirmişdir. Aytac isə uşağın şəkillərini «instaqram» internet səhifəsində paylaşmasına “yaxşı etmişdir” deyərək cavab vermişdir. Buna görə aralarında mübahisə yaranmış və Aytaca sonuncu xəbərdarlığı edərək, qızının şəkillərini «instaqram» internet səhifəsində paylaşmamağı tələb etmişdir. Aytac isə «paylaşsam nə edəcəksən» deyərək əl sumkasından siqaret çıxardıb çəkmək istəmişdir. Həmin vaxtı əsəbləşdiyi üçün özünü idarə edə bilməmiş və üzərində olan bıçağı çıxardıb Aytacı vurmuşdur. Həmin anda əsəbi olduğundan Aytaca bıçaqla neçə zərbə vurmasını xatırlamır, səhv etmirsə Aytaca 2-3 bıçaq zərbəsi vurmuş və sonuncu aldığı xəsarətlərdən yerə yıxılmışdır. Həmin vaxtı bıçaq əlindən yerə düşmüş, əyilib bıçağı yerdən götürəndə Aytac qışqırıb ətrafdakılardan kömək istəməsinə baxmayaraq parkda heckim olmamışdır. Bundan sonra özü könüllü olaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gedərək hadisəni törətməsini etiraf etmiş, Aytacı vurduğu bıçağı isə polisə təhvil vermişdir. Hadisə baş verən günü parkda onlardan başqa heç kim olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, onun tərəfindən xuliqanlıq hərəkətlərinin edilmədiyini, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin avqust ayından qeyrirəsmi olaraq ər-arvad münasibətində yaşamışlar və bu izdivacdan 2 yaşında bir qız övladları anadan olmuş, qızına Sumeyra adını qoymuşlar. Sonradan Təqsirləndirilən şəxs ona əziyyət verdiyinə görə 04 may 2023-cü il tarixdə Ramildən ayrılmışdır. Ayrılandan sonra körpə qızı atası Təqsirləndirilən şəxs himayəsində qalmışdır. Təqsirləndirilən şəxs yalnız bir dəfə körpə qızını onunla görüşə gətirmişdir. 19 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə danışıb razılaşmışlar ki, saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Neftçilər» parkına gəlib qızını da gətirsin və qızı ilə görüşməyə ona şərait yaratsın. Həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxslə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki yerləşən «Neftçilər» parkında görüşmüşlər. Amma Təqsirləndirilən şəxs körpə qızını görüşə gətirməmiş, buna görə də Ramildən qızını tələb etmişdir. Təqsirləndirilən şəxs mübahisə edib demişdir ki, qızı ona göstərməyəcək, qızını görməyəcəkdir. Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Ətrafda olan tanımadığı adamlarda Təqsirləndirilən şəxs onu söydüyünü eşib kənardan baxmışlar. Təqsirləndirilən şəxs kənardakıların söyüşü eşitdiklərini, söyüş söyməməsını demişdir. Təqsirləndirilən şəxs isə daha bərkdən onu söyməkdə davam etmişdir. Həmin vaxtı o, skamyada oturmuş vəziyyətdə olmuş və birdən Təqsirləndirilən şəxs onu sillə ilə vurmuş, sonra da cibindən çıxartdığı bıçaqla bir dəfə bədəninin sinə nahiyəsindən vurmuş, yerindən durub qaçmaq istəyəndə Ramil onu bir dəfə də bıçaqla arxadan kürəyindən vurmuş, oturduğu skamyadan bir-neçə metr aralanıb yerə yıxıldıqdan sonra isə Ramil yenə də ondan əl çəkməyib bıçaqla bir dəfə də sol tərəfindən vurmuşdur. Sonra polis əməkdaşları gəlmiş və təcili yardım çağırdıqdan sonra təcili yardım onu 3 saylı Şəhər Kliniki xəstəxanaya aparmışdır. Orada yaraları tikilib sarğılandıqdan sonra xəstəxananı tərk etmişdir. Sonda Zərərçəkmiş şəxs Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın əvəzinin tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin NH-nin sürücüsü Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü növbədə olmuşdur. Təqsirləndirilən şəxs 32-ci polis bölməsinə gələrək hadisə törətdiyini bildirmişdir. O, növbətçi hissəyə keçərək bu barədə rəisə məlumat vermişdir. Sonradan Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi Şahid1 zəng vuraraq birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə gələrək bir xanımın yerdə uzandığını və özündə olduğunu görmüşlər. Şahid1 Təcili və X3 Mərkəzinə zəng vurmuşdur. Təcili və X3 Mərkəzinin əməkdaşları gələrək onların köməkliyi ilə zərərçəkmiş şəxsi maşına mindirərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Hadisə baş verən günü qış ayı olduğuna görə hava qaranlıq idi və zərərçəkmiş şəxsin ətrafında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü əməliyyat qrupunda və 32-ci polis bölməsinin çöl hissəsində olmuşdur. Təqsirləndirilən şəxs 32-ci polis bölməsinə necə gəldiyini bilməmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi tərəfindən ona zəng gələrək «Neftçilər» parkında hadisə baş verdiyini bilmişdir. Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin NH-nin sürücüsü Şahid2 ilə parka gedərək görmüşlər ki, bir qız dizi yerdə özü isə skameykadan tutmuşdur. Soyuq ayları olduğuna görə ətrafda adam olmamışdır. O, Təcili və X3 Mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təcili və X3 Mərkəzinin əməkdaşları gəldikdən sonra zərərçəkmiş şəxsi maşına mindirərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Sonradan 32-ci polis bölməsinə qayıtdıqdan sonra təqsirləndirilən şəxsin 32-ci polis bölməsində olduğunu və hadisəni etiraf etdiyini görmüşdür. İbtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materiallar: Cinayət işin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 21 dekabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-496/2023 nömrəli iş üzrə 29 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 dekabr 2023-cü ildən hesablanmaqla 02 ay 20 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-94/2024 nömrəli iş üzrə 15 mart 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, yəni 09 aprel 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-241/2024 nömrəli iş üzrə 09 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə seçilmiş «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş, «ev dustaqlığı» növündə qətimkan tədbirinin tətbiqinə 23 aprel 2024-cü ildən başlanmışdır. Cinayət işin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 24 yanvar 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 10 yanvar 2024-cü il tarixli 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin bir ədəd, sağ kürəkaltı nahiyənin bir ədəd döş boşluğuna nüfuz etməyən (cəmi iki ədəd) və sol sağrının bir ədəd deşilmişkəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən 19 dekabr 2023-cü il tarixdə və şəraitdə bıcaqla vurulma nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2024-cü il tarixli 3-16-16/2-3/290 saylı məhkəmə ballistik ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 29 fevral 2024-cü il tarixli 563 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərnin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd soyuq silah hesab edilən bir tərəfi kəsici ucu deşici vassəyə malik olan ümumi təyinatlı ov bıçağı iş üzrə maddi sübur qismində tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə hadisənin baş verdiyi ünvanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yüngül bədən xəsarəti yetirilməsi ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilə bilməz. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi göstərilsə də, yəni xuliqanlıq cinayətinin qanunda təsbit edilmiş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin Təqsirləndirilən şəxs konkret hansı hərəkətlərində ifadə olunması göstərilməmiş, xuliqanlıq niyyətinin nədə ifadə olunması açıqlanmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ictimai qaydanın pozulduğu halda ibtidai araşdırma orqanı hadisənin baş verdiyi yerdə hadisəni görmüş şəxslərin dairəsi müəyyənləşdirməli, həmin gün orada olan digər şəxsləri iş üzrə şahid qismində dindirməli, bununla da ictimai qaydanın pozulması hallarının baş veribvermədiyini aydınlaşdırmalı olduğu halda bunu etməmiş, mübahisə tərəflərinin dindirilməsi ilə kifayətlənmişdir. İş üzrə şahid qismində tanınmış şəxslər isə hadisənin baş verdiyi günü ətrafda heç kimin olmadığını bildirmişlər. Beləliklə, ibtidai araşdırma orqanı tərəfindən ehtimal və mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması və silah qismində cib bıçağından istifadə etməklə qərəzli xuliqanlıq etməsi ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq əməlini törətməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayaraq Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmiş, onun tərəfindən ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətləri əsassız olaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qarşılıqlı şəkildə barışmasını və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlər məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş ekspert rəyi və digər iş materialları ilə sübuta yetirildi. Təqsirləndirilən şəxs həmin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan, bir ədəd soyuq silah hesab edilən bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra, aidiyyəti orqana təqdim olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 09 aprel 2024-cü il – 04 mart 2025ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs faktiki olaraq cəzasını çəkib qurtardığından məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan, bir ədəd soyuq silah hesab edilən bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra, aidiyyəti orqana təqdim olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar